AZ RU EN WEBMAIL
Xəbərlər
18.01.2021
"Antropologiya morfologiyanın əsasları ilə" adlı dərs vəsaiti hazırlanıb

 

İnsanın özündən bəhs edən elm - antropologiya elmi ən mürəkkəb fiziki quruluşla yanaşı, bu quruluşda analoji şüuri fəaliyyəti və psixoemosional aləmi olan canlıdan, bəşər övladından bəhs edən elmdir.

 

"Antropologiya" anlayışını elmə gətirən Aristotel olub. Dahi filosof bu termini ilk dəfə işlədərkən insanın ruhi aləmini, onun psixi fəaliyyətini nəzərdə tutmuşdu. Lakin sonralar antropologiyanın böyüyüb inkişaf etməsi üçün fədakar və qorxmaz alimlərin tədqiqatlarına ehtiyac duyuldu. Artıq antropologiyada insanın cismani, eləcə də, orqanlarının quruluşunu dəqiq bilən, yəni onları təkcə təsvir edən deyil, həm də səbəb-nəticə əlaqələrini izah etmək iqtidarında olan alimlərə ehtiyac vardı. Anatomlar bu işin öhdəsindən layiqincə gələrək, müasir antropologiyanın özəyini yarada bildilər.

 

Sevindirici haldır ki, antropologiya haqda Azərbaycan dilində çap olunan böyük həcmli dərs vəsaitinin müəllifi məhz anatomlardır. Bu dərs vəsaiti "Antropologiya morfologiyanın əsasları ilə" adlanır. Vəsait əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski və həmin kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Anar Abdullayev tərəfindən yazılıb. Dərs vəsaitinin "Morfologiya" fəslini tibb üzrə fəlsəfə doktoru S.Şadlinskaya yazıb.

 

Antropologiya fənninin müasir proqramı əsasında tərtib olunan dərs vəsaiti ilk növbədə tələbələr üçün nəzərdə tutulub. "Antropologiya morfologiyanın əsasları ilə" kitabında Antropologiyanın söykəndiyi üç dayaq - antropogenez, morfologiya və etnik antropologiyanın uğurlu təhlili verilib. Alimlər ən son ədəbiyyat mənbələrindən və nəzəriyyələrindən tutmuş qədim mənbələrə qədər bütün materialların dərin analizini veriblər, bununla da müəllifi olduqları kitabı həm elmi-pedaqoji fəaliyyətlə məşğul olanlar, həm də tələbələr üçün olduqca əhəmiyyətli ediblər. Bu vəsait özündə ən müasir elmlərin - kibernetikanın, genetikanın, paleoantropologiyanın nəticələrini birləşdirir.

 

Əsərdə nitqin, təfəkkürün inkişafının insan skeleti, onun kəlləsi, dik yerişə keçməsi ilə əlaqəliliyi yüksək peşəkarlıqla vurğulanıb. Bu yazı üslubu ilə tanış olan hər bir oxucu, peşəsindən asılı olmayaraq kitabda yazılanları başa düşəcək. Müasir ədəbiyyat materiallarının böyük əksəriyyəti ana dilimizdə ilk dəfə məhz bu dərs vəsaitində verilib. Əsərin dili onun oxunaqlığını daha da artırır.

 

Kitabın daha bir gözəl məziyyəti - onun zəngin və çox keyfiyyətli illüstrativ materiallarıdır. Yüksək zövqlə seçilmiş, işlənmiş rəngli şəkillər dərs vəsaitinin oxunaqlığını artırır, onun mürəkkəbliklərini sadələşdirir. Kitab olduqca mürəkkəb problemlərin təhlilinə həsr olunsa da, oxucunu yormur.

 

Fəlsəfiliyi, psixolojiliyi ilə seçilən "Antropologiya morfologiyanın əsasları ilə" vəsaiti "Giriş"dən, 6 fəsildən və Ədəbiyyat siyahısından ibarətdir. "Giriş" bölməsində "müasir insan" anlayışı əsaslandırılıb. İnsan və təbiət münasibətləri yüksək ədəbi dildə təsvir edilib, insanın biliklərə sahiblənmək ehtiyacının nə qədər qədim köklərə malik olduğu göstərilib. Müəlliflər eləcə də, tarix və fəlsəfə sahələrində də yüksək peşəkarlığa malik olduqlarını nümayiş etdiriblər. "Giriş" Aristoteldən, Demokritdən, Dekartdan, Anaksaqordan gələn postulatların təhlili ilə başlayaraq müasir dövr ədəbiyyat məlumatlarının təhlilinə qədər üzvü bir zəncir şəklində qurulub. Müəlliflər antropologiyanın inkişaf tarixini həm də tənqidi nöqteyi-nəzərdən təhlil ediblər. Burada Foqtun səhv mülahizələrinin Petri tərəfindən ifşa olunması bir misal kimi olduqca yerinə düşüb. Çox maraqlıdır ki, cəmi 300 il bundan qabaq elmdə "eybəcər insan" adlı insan yarımqrupu da qəbul olunmaqda idi. Kitabda çox düzgün olaraq qeyd edilir ki, müasir antropologiya bu səhv mülahizələri silərək prosesin başa düşülməsi istiqamətində getmiş və ön plana kauzal aspekti çıxarıb.

 

I fəsil - "Antropogenezə müasir konseptual baxış" adlanır. Bu bölmədə olduqca ağır nəzəriyyələrin, hipotezlərin oxunaqlı bir dildə izahı verilmiş, təkamül prosesinin "əslində, daha effektiv davranış sistemlərinin ardıcıllığı kimi qəbul edilməli" olduğu göstərilmişdir. "Müqayisəli morfologiya" kimi sırf elmi və konkret paraqrafı oxuyarkən, hətta antropologiyadan çox uzaq olan insanlar da problemin kökünü dərk edə bilirlər. Burada J.Küvye, C.F.Mekkel kimi böyük alimlərin klassik fikirlərindən misallar gətirilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı