AZ RU EN WEBMAIL
Xəbərlər
14.09.2020
İcbari tibbi sığorta ilə bağlı güzəştlər kimlərə şamil olunacaq

“İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Tibbi xidmətlər və tariflər bu ilin yanvar ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib”. Bunu “Sağlam və sığortalı” proqramına əməkdar həkim, Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Tariyel Eyvazov deyib. Bildirib ki, icbari tibbi sığorta çərçivəsində vətəndaşlar əsasən təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator xidmət, stasionar xidmət, fizioterapevtik yarım və sair xidmətlərdən faydalana bilirlər:

 

“Xidmətlər sırasına cərrahi əməliyyatlar, o cümlədən həyati vacib-dəyəri yüksək əməliyyatlar da daxildir. Digər önəmli xidmət təcili peyvəndləmə əməliyyatlarıdır ki, bu da indiki müasir dövrümüzlə tam uyğunlaşır. Əgər koronavirusa qarşı peyvənd əldə olunarsa və tibbi sığorta da tətbiqlidirsə, artıq heç bir ödəniş etmədən peyvəndləmə mümkündür”.

 

ATU dosenti qeyd edib ki, “Tibbi sığorta haqqında” qanuna əsasən, Xidmətlər Zərfinin baza hissəsi üzrə adambaşına ildə 29 manat ödənilir. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək. Muzdlu işçilər üçün əməkhaqqının 4 faizi həcmində sığorta nəzərdə tutulur: sığortalı tərəfindən-hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən işçinin əmək haqqının 2 faizi. Digər insanlar təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə tibbi yardım ala biləcəklər.

Həkimin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi zamanı əhalinin müəyyən qrupuna güzəşt tətbiq olunacaq. Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığorta haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Söhbət işləməyən pensiyaçılar, əlilliyi olanlar, uşaqlar, aztəminatlı ailələr, işsizlik statusu olan şəxslərdən gedir:

“Yəni bu qrup insanlar icbari tibbi sığorta ödənişindən azad olunacaq və onların sığortaya cəlbini dövlət həyata keçirəcək. Bura ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar da daxildir. Amma onu da qeyd edim ki, bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur”.

Həkim “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarda bu ilin sentyabrın 8-də edilən dəyişiklikdən də söz açıb. O bildirib ki, sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat olub: “2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat olub. Bununla yanaşı, indeksləşmə də aparılır”.

 

T. Eyvazovun sözlərinə görə, dəyişikliyə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta üzrə sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub: “İcbari tibbi sığorta ölkədə mərhələli tətbiq edilir. Birinci mərhələdə icbari tibbi sığorta cari ilin yanvar ayından etibarən pilot layihə şəklində həyata keçirilir. İkinci mərhələ Gəncə və Gəncəbasar zonasını əhatə edəcək. Üçüncü mərhələ gələn ilin aprelində Bakı, Sumqayıt, Abşeron və digər bölgələrdə tətbiq ediləcək. Yəni, icbari tibbi sığortanın 2021-ci ilin aprel ayının 1-dək bütün ölkədə tətbiqi nəzərdə tutulub”. 

 

Xatırladaq ki, “Sağlam və sığortalı” proqramı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyilə icra olunan “İcbari tibbi sığortanın internet mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb. 

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı