AZ RU EN WEBMAIL
Tibbdə bu gün
07.04.2021
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.

Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır.

İctimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif şüarlar altında keçirilib: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", "Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. Son illər həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, ”Qida məhsullarının təhlükəsizliyi”, “Diabetə qalib gələk”, "Depressiya: gəlin danışaq" şüarları altında keçirilib.

2021-ci ildə Ümumdünya Sağlamlıq Günü yeni növ koronavirus (COVID-19) pandemiyasını yayılması ilə mübarizə mövzusuna həsr edilib və “Daha ədalətli və daha sağlam dünyanın qurulması” şüarı ilə keçirilir. Heç də sirr deyil ki, COVID-19 pandemiyasından bütün ölkələr zərər çəkdi, lakin ən böyük zərbə pandemiyaya qədər iqtisadiyyatı zəif olan ölkələrə dəydi. Həmin ölkələrdə yaşayan əhali xəstəlikdən daha çox əziyyət çəkir və keyfiyyətli tibbi yardım ala bilmir.

Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Ölüm və xəstəliklərin çoxluğu, uzun ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır.

Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, tütünçəkmə, alkoqollu içkilər və narkotik maddələrin zərəri, profilaktik prosedurların təyini və s. kimi məsələlər daxildir.

Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı