AZ RU EN WEBMAIL
Tibbdə bu gün
29.10.2020
29 oktyabr - Ümumdünya İnsultla Mübarizə Günüdür

Hər il oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin günün yaranma tarixi 2004-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının insultu qlobal epidemiya elan etdiyi vaxtdan başlanıb və bundan iki il sonra İnsultla Mübarizə üzrə Ümumdünya Təşkilatı yaradılıb. Hazırda həmin quruma dünyanın 85 ölkəsindən 60 təşkilat və 3,5 min fərdi üzv daxildir və onlar insultla mübarizə aparan təşkilat və cəmiyyətlərdə çalışan alimlərdirlər.

İnsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş-beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir. Statistikaya görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və onların 6,7 milyonu ölümlə nəticələnir. Adətən bu xəstəliyə tutulanların üçdəbiri həyatını itirir, qalanları isə əlil olur. Lakin bununla belə insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım etməkdir.

İnsult əlamətləri çox sadədir: danışıq anlaqsız olur, güləndə ağız küncləri aşağı əyilir, koordinasiya pozulur, ətraflardan biri zəifləyir. Həmin əlamətlər təcili yardım çağırmaq üçün yetərlidir. Xəstəlik riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlara ehtiyac yoxdur. Bunun üçün sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq lazımdır. İnsultun yaranma riskini artıran üç əsas amil - hipertoniya, yüksək xolesterin və artıq çəkidir.

Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. İnsult keçirmə riski 55 yaşdan yuxarı olanlarda iki dəfə artır.

Lakin səhhətinə biganə qalmayan hər kəs sadə profilaktik tədbirlərlə 80 faiz hallarda bu xəstəlikdən qoruna bilər. Problemin qarşısını almaq üçün əsas profilaktik tədbir təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq, aktiv həyat tərzi sürmək və zərərli vərdişlərdən uzaq olmaqdır. Vaxtlı-vaxtında həkim müayinəsindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi olaraq açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək insanın fiziki qabiliyyətini artırmaqla yanaşı insult riskini də azaldır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı