AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
15.01.2021
İgid əsgərlər arasında yeni dostlar qazanan həkim

44 günlük Vətən müharibəsi bizə xalqımızın qəhrəman oğullarını, qızlarını, fədakar həkimlərini tanıtdı. Hakimiyyətlə xalqımızın birliyi sayəsində  Qarabağ və ona bitişik ətraf rayonlar düşmən işğalından azad edildi. Heç şübhəsiz, torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan Tibb Universitetinin məzun və müdavimlərinin də xüsusi payı var. Onlar arasında canları qədər sevdikləri Azərbaycan uğrunda şəhidlik zirvəsinə yüksələnlər də, yaralı hərbçilərimizin həyatını xilas etmək üçün gecəsini gündüzünə qatan fədakar həkimlərimiz də oldu. Belə fədakar həkimlərdən biri də  ATU-nun Ümumi cərrahiyyə kafedrasının müəllimi, plastik rekonstruktiv və estetik cərrahiyyə üzrə mütəxəssis Adil Cümşüdovdur. O,  müharibə başlayan vaxt yaralı hərbçilərin müalicəsi ilə məşğul olmaq üçün könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Sentyabrın 29-dan etibarən Naftalan Xəstəxanasında və Gəncə Beynəlxalq Xəstəxanasında 10 gün ərzində yaralılara tibbi yardım göstərib, hərbçilər üzərində uğurlu mürəkkəb rekonstruktıv cərrahi əməliyyatlar icra edib. Belə ki, yuxarı və aşağı ətraflarda, baş-boyun və üz nahiyəsində zədələr almış hərbçilər təcili və planlı şəkildə əməliyyat olunublar. Sonra səhətti ilə bağlı Bakıya qayıdıb və Tədris Cərrahiyyə Klinikasında fəaliyyətə başlayıb. Cəbhə bölgəsində yaralılar üzərində apardığı təcili əməliyyatları müharibə bitdikdən sonra da planlı şəkildə adıçəkilən klinikada davam etdirib. Etdiyi əməliyyatları peşəkar həkim heyəti ilə mərhələli şəkildə aparmalı olub.

Cərrah A.Cümşüdov ölkəmizdə ilk dəfə uğurla həyata keçirdiyi əməliyyatlardan da söhbət açıb. Bildirib ki, Orxan adlı bir yaralı hərbçinin ciddi şəkildə zədələnmiş çənəsini, dodaqlarını, boynunu, dilaltı toxumalarını bərpa edib. Damar ayaqcıqlı olaraq baldırdan,  incik sümüyü,  əzələ və dərialtı toxumanı sərbəst fleb halında hazırlayaraq incik damarları ilə birlikdə götürərək boyun nahiyəsinə transfer edib. Sümüklə çənənin, əzələ ilə dilaltı hissəni, dərialtı toxuma ilə alt dodağı və boyunu bəpa olunub.  Köçürülən toxumanın qidalanması üçün götürülən pereneal arteriyanı mikrocərrahiyyə üsul ilə 10 dəfə böyüdərək qalxnabənzər vəzin yuxarı arteriyasına və venasına anastomoz edib. İstifadə etdiyi saplar saçdan nazik, tikdiyi damarlar isə 2 mm diametrində olub. Bu cür mürəkkəb əməliyyat isə inkişaf etmiş ölkələrin klinikalarında aparılan nadir əməliyyatlardan hesab olunur.

A.Cümşüdov hərbçilərlə bağlı onu duyğulandıran məqamlara da toxunub: “Hərbçilərimizin ruh yüksəkliyi məni olduqca qürurlandırdı. Əksər hərbçilər tez sağalıb cəbhəyə dönmələrini, işğalda olan torpaqlarımızın düşmən tapdağından azad olmasını istəyirdilər. Mən cəbhə bölgəsində bir əsgərin qopan barmağını mokrocərrah üsulla  əməliyyat edərək bərpa etmişdim. O, Şuşa uğrunda gedən döyüşlərdə yaralanmışdı.  Həmin əsgər əməliyyat edilməmişdən öncə bildirdi ki, həkim, dostum döyüş zamanı yaralandı. Onun üzü, çənəsi dağılmışdı. Sağ qalıb-qalmadığından xəbərim yoxdur. Görəsən, sağdırmı və ona tibbi yardım edildimi? O əsgərin dostu ilə bağlı nigarançılığı məni çox narahat etdi və bu fikrimdə qaldı. Onun qopmuş barmağını mokrocərrahiyyə yolla tikərək bərpa etdim.  Orxanı əməliyyat etdikdən təxminən 2 həftə sonra barmağını bərpa etdiyim əsgərin telekanalların birində danışığına rast gəldim.  Oradakı çıxışı zamanı da dostunun yaralandığını və onun sonrakı taleyindən xəbəri olmadığını həyəcanla söyləyirdi. Əsgərin şəklini çəkib Orxana göstərdim. Orxan həmin əsgəri tanıdı və  onun dostu olduğunu dedi. Bir daha duyğulandım. Qələbəmizə gedən yolun səbəblərindən birinin də  məhz yumruq kimi birliyimizdən keçdiyinin şahidi oldum. O anlar təbii ki, məndə xoş və kövrək duyğuların yaranmasına səbəb oldu.  Sevindirici haldır ki, belə birlik bizim  cəbhə bölgəsində fəaliyyət göstərən həkim yoldaşlarımızın arasında da var idi və bu gün də davam edir. Tədris Cərrahiyyə  Klinikasında travmatoloq, oftolmoloq, üz-çənə, ümumi cərrah və uroloqlar ilə birgə neçə yaralıya tam şəkildə yardım göstərə bildik.”

Hərbçilərimizlərlə bağlı onu  duyğulandıran və qürur verən xeyli məqamlar olduğunu da qeyd etdi A.Cümşüdov: “ Naftalanda olarkən unutmadığım bir hadisəni də sizlərlə  bölüşmək istərdim. Boyun nahiyəsindən yaralanmış  “Kobra” ləqəbli bir kəşfiyyatçı xəstəxanaya qəbul edilmişdi. Onun boynundan həm qəlpə, həm də giliz çıxartdım. Yaralar boyun nahiyəsindən eyni yerdə olduğundan bu, məni çox təəccübləndirdi. Ertəsi gün mən ondan “necə oldu ki, eyni yerdən yara aldın?”-deyə soruşdum.  Dedi ki, əvvəl qəlpə yarası alıb, vuruşu bir neçə saat davam etdirdim. Sonra eyni yerdən güllə yarası da aldım.  Amma əlimlə yaranın ağzını tutub, qanaxmanın qarşısını aldım, güllə ilə məni vuranın üstünə gedib, onu məhv etdim. Heyfimi çıxdım, həkim.                                       Onda bu qorxmazlığı, qəhrəmanlığı görəndə sinəm fərəh hissi ilə doldu. Onun gözlərində heç qorxu hiss etmədim.”

Adil həkim müharibə zamanı igid dostlar qazandığı üçün qürur hissi keçirir.  Onlarla daima əlaqə saxladığını və hal-əhval tutduğunu qeyd edir.

Cərrah A.Cümşüdov bizimlə söhbəti zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasında  bu vaxtadək 200-dən çox yaralı hərbçi üzərində mürəkkəb cərrahi əməliyyatların  icra olunduğunu, klinikada  həkimlərin əməliyyat aparmasına hər cür şərait yaradıldığını qeyd edib. Bildirib ki, müharibə zamanı alınan zədələr təbii ki, 2-3 ay ərzində sağalmır. Yaralıların reablitasiya dövrü bir müddət çəkir. Ona görə də, hərbçilərimizin reablitasiyası klinikamızda sonadək davam etdiriləcək.

 

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı