AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
05.11.2020
Ən geniş yayılmış ginekoloji xəstəliklər

ATU-nun həkimi miomaların yayılmasından və müalicəsindən danışır

Ginekoloji xəstəliklərin 30%-də uşaqlığın miomasına rast gəlinir. Bu, reproduktiv yaşda qadınlarda miometriyanın xoşxassəli hormonasılı şişidir. Bu geniş yayılmış xəstəliyin əlamətləri, müayinə və müalicə yolları haqqında ATU-nun  II mamalıq-ginekologiya kafedrasının assistenti Pərvin Hüseynova məlumat verib.

Həkim bildirir ki, orqanizmdə estrogenlərin ekskresiyası və metabolizminin pozulması, estrogen fraksiyalarının münasibətinin pozulması miometriyada morfoloji dəyişikliklərə səbəb olur. Hüceyrələrin hiperplaziyası və hipertrofiyası nəticəsində miometriyanın kütləsi artır: “Estrogenlərlə yanaşı, miomanın inkişafında progesteron da rol oynayır – lütein fazasında miomanın mitotik aktivliyini artırır, bundan əlavə böyümə faktorlarını induksiya edir. Hormonal aspektlərdən əlavə, miomanın inkişafında orqanizmin immun reaktivliyinin pozulması, xroniki infeksiya ocaqları, kiçik çanaq hemodinamikasının pozulması və irsi faktor rol oynayır”.

Xəstəliyin növlərinə gəlincə, mioma - fibroma və fibromioma kimi növlərə ayrılır. Bu, əzələ və ya birləşdirici toxumanın üstünlüyünə görə müəyyənləşdirilir.

Yerləşməsi ilə bağlı demək olar ki, uşaqlıq boşluğu tərəfə böyüyən və onu deformasiya edən (submukoz), qarın boşluğu tərəfə böyüyən (subseroz) və əzələ qatının dərinliyində yerləşən (intramural) miomalar mövcuddur.

Həkim P.Hüseynova bildirir ki, submukoz mioma üçün uzun sürən, çox qan itkisi ilə müşaiyət olunan (menorragiya), aybaşıarası dövrdə də davam edə bilən (metrorragiya), qarının aşağı nahiyyəsində ağrılar xasdır. “Qanaxmalar anemiyaya səbəb olur. Bu da sonsuzluq və hamiləliyin başa çatmamasına  gətirə bilər”.

Kiçik ölçülü subseroz miomalar uzun müddət biruzə verməyə bilər, lakin böyüdükcə şişin qidalanmasının pozulması əlamətləri meydana çıxır. Bu zaman  düyünün ayaqcıq ətrafında burulması riski artır. Miomanın ayaqcıq ətrafında burulması  və ya nekrozkaşması zamanı intensiv ağrılar olur, peritonun qıcıqlanma simptomu və «kəskin qarın» əlamətləri qeyd olunur.

Subseroz düyünlərin yerləşməsindən asılı olaraq, qonşu orqanların funksiyası pozula bilər – önə böyüməsi zamanı – dizurik əlamətlər, arxaya böyüməsi zamanı – düz bağırsağa təzyiq, defekasiyanın pozulması, uşaqlığın yan divarlarında yerləşməsi – hidroureter və hidronefroza sənəb ola bilər. Subseroz miomalar aybaşı funksiyasının pozulmasına nadir hallarda səbəb olur.

İnterstisial miomalar uşaqlığın böyüməsinə və yığılma fəaliyyətinin pozulmasına səbəb olur. Uzun sürən aybaşılar, bəzən menometrorragiyalar, anemiya xasdır.

Miomaların yarandığını necə bilmək olar? P.Hüseynova qeyd edir ki, kliniki təzahürsüz, kiçik ölçülü miomalar zamanı ildə bir dəfə USM nəzarəti olmaqla ginekoloqun dinamik müşahidəsi kifayətdur. Miomanın böyüməsinin profilaktikası məqsədilə isti proseduralardan, günəşlənmədən, masajlardan qorunmaq məsləhətdir.

“Aybaşı funksiyasının tənzimlənməsi məqsədilə sikliki vitamin terapiyası və ya KOK-lar təyin olunur. Miomanın böyüməsini tormozlamaq, menometrragiyanın  və anemiyanın müalicəsi məqsədilə progestagenlər istifadə olunur.  Cərrahi müalicə əsas müalicə üsuludur. Elə buna görədir ki, mioma səbəbilə əməliyyatlar ginekoloji əməliyyatların 45%-ni təşkil edir. Radikal əməliyyat – uşaqlığın ekstirpasiyası (uşaqlıq boynunun fon xəstəlikləri, düyünün boyun nahiyyəsində yerləşməsi, postmenopauza dövründə böyüməsi zamanı)  və ya supravaginal amputasiyası icra edilir.Orqanqoruyucu əməliyyatlar zamanı aybaşı və reproduktiv funksiyaları qorunur, çanaq orqanlarının sallanmasının və düşməsinin qarşısı alınır. Miomektomiya (yalnız miomatoz düyünlərin çıxarılması) uşaqlığın ölçüsündən, düyünlərin lokalizasiyasından, sayından, ölçülərindən asılı olaraq, müxtəlif üsullarla (laparotomik, laparoskopik və histerskopik) icra edilə bilər. Bəzən uşaqlığın defundasiyası icra edilə bilər.

Həkim miomaların erkən dövrdə aşkarlanması üçün qadınları ildə azı bir dəfə USM müayinəsindən keçməyə çağırır. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı