AZ RU EN
Azərbaycan Tibb Universitetinin
Tibb Fakultəsinin Bakı Dövlət Universitetinin nəzdnində yaranmasının
“100 illik yubileyinə”
həsr olunmuş konfrans

Sizi, Azərbaycanda ilk dəfə keçirilən “Bakı Dövlət Universiteti nəzdində Tibb fakültəsinin yaradılmasının 100 illik yubileyi”nə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.

Tədbir Azərbaycan Respublikası Prezidentinin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli 3384 nömrəli Sərəncamını əsas tutaraq  tədbirlər planındakı “Ali təhsil müəssisələrində Universitetin 100 illiyi münasibətilə tədbirlərin, silsilə elmi-praktik konfransların keçirilməsi” bəndinə uyğun olaraq keçirilir.

1919-cu ilin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universiteti təbiət, tarix-filologiya və tibb fakültələrindən ibarət idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu ilin 19 iyun tarixində Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil 2 fakültədən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) Tibb İnstitutuna çevrilməsi haqqında verdiyi 287/99 saylı qərarı ATU-nun yaradılmasında ilk addım olmuşdur.

Bu əlamətdar gün münasibətilə ATU-da 2019-cu ilin 18-19 aprel tarixlərində Azərbaycanda ilk dəfə “Bakı Dövlət Universiteti nəzdində Tibb fakültəsinin yaradılmasının 100 illik yubileyi”nə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.

 
Elmi-praktik konfransın mövzusu təbabətin aktual problemlərini əhatə edir. Konfransın məqsədi bu məsələlərlə bağlı indiyədək əldə edilən nailiyyətləri açıqlamaq və gələcək problemləri birgə müzakirə etməkdən ibarətdir. Konfransda yerli tibb mütəxəssisləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş ekspertlər məruzələrlə çıxış edəcəkdir. Konfransda ATU-nun yaradılması ilə bağlı sənədli filmin nümayişi də nəzərdə tutulmuşdur.

Konfrans 2019-cu ilin 18-19 aprel tarixlərində saat 09.00-da Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binasının Böyük akt zalında keçiriləcəkdir.