XXI əsrin sona çatan üçüncü ili Ölkəmizin həyatında bir sıra mühüm hadisələrlə yadda qalmışdır. Xüsusilə 2003-cü il oktyabr ayının 15-də Azərbaycan xalqı mühüm tarixi hadisənin şahidi oldu. Müstəqil Azərbaycan Respublİkasında azad və ədalətli prezident seçkiləri keçirildi. Olduqca demokratik və şəffaf keçirilən bu seçkidə Azərbaycan xalqı öz seçimini etdi. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev cənablarını özünə prezident seçdi. Böyük üstünlüklə verilən səs çoxluğu bir daha təsdiq etdi ki, Azərbaycan xalqının böyük etimad və məhəbbətini qazanmış cənab İlham Əliyevi xalq birmənalı şəkildə dəstəkləyir və onu sevir. 2003-cü il Azərbaycan Dövlət Tibb Universitetinin həyatında bir də onunla əlamətdardır ki, bünövrəsi görkəmli dövlət xadimi, böyük alim Əziz Əliyev tərəfindən qoyulmuş "Təbib" qəzetinin 70 yaşı tamam oldu. Demək mümkündür ki, həyata "Tibbi qadro uğrunda" adı ilə qədəm qoyan "Təbib" qəzeti 70 ildir ki, Azərbaycan Dövlət Tibb Universitetinin professor-müəllim heyəti ilə, tələbələrlə, aspirantlarla birlikdə yaxın dost, məsləhətçi kimi çiyin-çiyinə yol gəlir. Bu illər ərzində qəzet sözün əsl mənasında universitetin güzgüsünə çevrilmişdir.
Hər bir mətbu orqan özü-özlüyündə yaşadığı dövrün, əhatə etdiyi mühitin, həm də öz əhatə da-irəşində tarixi salnamədir.
Öz əsasını 1919-cu ildə yaranmış Bakı Dövlət Universitetindən götürən tibb institutu 1930-cu ildə yaranmışdır. 1932-1938-ci illərdə tibb institutuna rəhbərlik etmiş böyük ictimai-siyasi xadim, dövlət xadimi Əziz Əliyev tibb universitetinin inkişaf etməsinə böyük əmək sərf etmişdir. 0 dövrdə 3 fakültənin, 10-dan artıq kafedranın açılması, Azərbaycan dilində dərsliklərin nəşri, milli dildə dərslərin təşkili və bu gün hamı-mızın qürur duyduğumuz Tibb Universiteti şəhərciyinin əsası Əziz Əliyev tərəfindən qoyulmuş-dur. Sevindirici haldır ki, bu gün yubileyinə toplaşdığımız "Təbib" qəzeti də görkəmli alimin şəxsi təşəbbüsü, böyük qayğısı ilə hə-yat vəsiqəsi almışdır.
Rəsmi qaydada çap mətbuatı kimi 1933-cü ilin 16 dekabrında ilk sayı işıq üzü görən "Tibbi qadro uğrunda" qəzetinə qədər institutda bir neçə sayda divar qəzeti buraxılmışdır. Lakin günü-gündən böyüməkdə və inkişaf etməkdə olan bir ali məktəb üçün divar qəzeti səviyyəsində mətbu orqanla kifayətlənmək olmazdı. Bütün bunları Əziz Əliyev kimi böyük şəxsiyyət görməyə bilməzdi. Məhz bir sıra çətinliklərə baxmayaraq başlıca prinsip və xüsusiyyətlərini, məzmununu, fəaliyyətinin formalarını işləyib hazırladıqdan sonra o, "Tibbi qadro uğrunda" qəzetinin çapına nail oldu. Belə bir qəzetin rəsmi qayda-da çapa başlaması nəinki institutun əməkdaşları tərəfindən, eləcə də respublikanın bütün tibb ictimaiyyəti tərəfindən böyük fərəhlə qarşılandı.
Qəzetin ilk sayında və bundan sonrakı saylarda dərc olunan yazıların müəllifləri əsasən qeyri azərbaycanlılardır. Eyni zamanda professor və müəllimlər heyətinin tərkibində milli kadrların azlığı diqqəti cəlb edir. Dərc olunan yazılardan hiss olunur ki, institut rəhbərliyini belə bir vəziyyət dərindən düşündürür və gələcəkdə bu sahədə qəzetin də üzərinə mühüm vəzifələr düşür.
Z.Məmmədovun redaktorluğu ilə nəşrə başlayan "Tibbi qadro uğrunda" qəzeti adından da göründüyü kimi elə ilk sayından etibarən milli kadr uğrunda güclü fəaliyyətə başlayır. İnstitut rəhbərliyinin təşəbbüsü ilə sadə zəhmət adamlarının övladlarını, xüsusilə, qızları tibb institutuna cəlb etmək üçün bütün imkanlardan istifadə olunmağa başlayır. Demək olar ki, bu təşəbbüs tibb institutunda milli kadrların yetişdirilməsi sahəsində dönüş nöqtəsinə çevrilir.
Bu dövrdə işıq üzü görən qəzetin səhifələrini vərəqlədikcə istər-istəməz milli iftixar hissi keçirməmək mümkün deyildir. Xüsusilə, Əziz Əliyevin milli kadr uğrunda apardığı ardıcıl iş qəzetin hər sayında diqqəti cəlb edir.
"Tibbi qadro uğrunda" qəzeti müntəzəm olaraq institut rəhbərliyinin diqqət mərkəzindədir. Qəzetin operativliyi, günün aktual problemlərinin şərhi şəxsən direktor tərəfindən tənzimlənir. Qəzet təlim-tərbiyə işinə xüsusi qayğı göstərir, nizam-intizamı olmayan tələbələri tənqid edir.
Həmin dövrdə biz qəzetin səhifələrində institutun professorlarından Əziz Əliyevin, İ.İ.Şirokoqorovun, M.A.Topçubaşovun, Trubinin, Luqovun və başqalarının imzalarına daha çox rast gəlirik.
Qəzet 1937-ci ilin 20 mart tarixli sayında Azərbaycan SSR-in ilk konstitusiyasının mətnini dərc etmişdir. Demək mümkündür ki, qəzet öz dövrünün, zamanın nəbzini tuta bilmiş və günün tələbləri ilə həmahəng səslənmişdir.
1937-ci ilin 20 noyabrından etibarən "Medisina qadrları uğrunda" adı altında öz fəaliyyətini davam etdirən qəzet indi daha fəal, mübariz müxbirlərə və redaksiya funksiyasına malik idi.
Fəallığı gündən-günə yüksələn qəzet bu dövrdə tibb institutu ictimaiyyətinin sevimli mətbu orqanına çevrilmişdi. "Medisina qadrları uğrunda" qəzeti 1940-cı ilin mart ayından kiril əlifbası ilə nəşrə başlayır. 1941-ci ilin may ayına qədər 12-ci sayı işıq üzü görən qəzetin nəşri iyun ayında İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdır.
Sonralar müxtəlif fasilələrlə işıq üzü görən qəzet 1963-cü ildə divar qəzeti kimi buraxılmış, 1966-cı ildə Püstəxanım Yüzbaşinskayanın redaktorluğu ilə nəşrini yenidən davam etdirməyə başlamışdır.

Qəzet 1969-cu ildə "Tibb kadrları uğrunda" başlığı altında fəaliyyətini davam etdirir. Bu dövrdə fakültələrin, kafedraların, qabaqcıl professor və müəllimlərin həyat və fəaliyyəti geniş şəkildə işıqlandırılır. Professor İbrahim Topçubaşovun haqqında yazılan məqalə, professor K.Balakişiyevin rəhbərliyi altında 1938-çi ildə anatomiya muzeyinin SSRİ məkanında ən yaxşı muzeyə çevrildiyindən bəhs edən və "Azərbaycanın orta əsr tibb alimləri" başlıqlı yazıları istər elmlik nöqteyi nəzərdən, istərsə də tarixi yöndən olduqca maraqlı və səciyyəvidir.
Uzun illərdən bəri tibb kadrları uğrunda aparılan mübarizə 1960-1970-ci illərdə öz yüksək bəhrəsini verdi. Azərbaycan alimlərinin səsi-sorağı beynəlxalq konfranslarda elmin yüksək dərəcəli korifeylərinin çıxış elədiyi tribunalardan gəlməyə başladı.
Azərbaycan Tibb İnstitutunun "Tibb kadrları uğrunda" qəzeti 1990-cı ilin sentyabr ayından "Təbib" başlığı altında fəaliyyətini da-vam etdirir. Lakin 1995-1996-cı illərdə qəzetin fəaliyyəti zəifləyir və müvəqqəti olaraq nəşri dayanır.
Təbii haldır ki, böyük tarixi ənənəsi olan bu qəzetin nəşr olunması universitet rəhbərliyini düşündürməyə bilməzdi. Bu məsələyə böyük əhəmiyyət verən Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov qəzetin fəaliyyətini bərpa etmək üçün böyük qayğı və təşəbbüs göstərdi. "Təbib" qəzeti 1997-ci ilin iyun ayından yeni redaksiyada nəşrə başladı. "Təbib" qəzetinin spesifik mətbu orqan olduğunu nəzərə alsaq, ixtisaslı jurnalistlər olmadan qəzetin işıq üzü görməsi bu vəzifəni xeyli çətinləşdirirdi. Redaksiyanın yeni kollektivi çox keçmədi ki, bu çətinliyi aradan qaldırmağın müvafiq yollarını müəyyənləşdirdi. Elmi məqalələr çox vaxt ixtisaslı tibb işçilərinə redaktə üçün həvalə edildi və özünü müsbət mənada doğrultdu. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, xüsusilə, ümummilli liderimiz, möhtərəm Heydər Əliyevin prezidentliyi dövründə azad fikrə, azad sözə geniş meydan açıldı. Bu gün demokratik yolla inkişaf edən Azərbaycanımızın çoxşaxəli mətbuat sistemi sırasında "Təbib" qəzeti də azad surətdə fəaliyyət göstərir.
Ayda iki dəfə işıq üzü görən "Təbib" qəzeti sözün əsl mənasında Tibb Universitetinin güzgüsü rolunu oynamaqdadır. Universitetin ictimai həyatını, elmi yenilikləri, görkəmli alimlərin yubileylərini, dünya tibb elmində baş verən son məlumatları öz oxucularına çatdırmaqda qəzet böyük iş aparır. Qəzetin səhifələrində özünə ardıcıl yer qazanmış həkim məsləhətləri, xalq təbabətindən nümunələr, tanınmış alimlərin ayrı-ayrı xəstəliklərlə bağlı çıxışları təkcə tibb ictimaiyyəti, tələbələr arasında deyil, həmçinin geniş xalq kütləsi tərəfindən rəğbətlə qarşılanır, "Təbib" qəzeti təkcə tibb universitetinin həyatı ilə məhdudlaşan bir çərçivədə deyil, Azərbaycan səhiyyəsi ilə bağlı aktiv yazılara da mütəmadi yer ayırır.
"Təbib" qəzetinə Tibb Universitetinin salnaməsi desək heç də yanılmarıq. Son bir neçə ilin qəzet toplusunu vərəqlədikdə qarşımızda universitet dünyasının xoş bir mənzərəsi canlanır. Gələcək tədqiqatçılar üçün bu qəzetin nə qədər dəyərli və əhəmiyyətli olduğu aydın hiss olunur.
"Təbib"in son beş ildə çapdan çıxmış bir neçə sayı qarşımızdadır. Biz burada Böyük Elmi Şurada baxılmış məsələlərdən başlamış gündən-günə inkişaf edib böyüməkdə olan universitet şəhərciyində aparılan tikinti-abadlıq işlərinin səviyyəsinə, yataqxanalarda tələbələrə göstərilən xidmətə qədər bilgilərlə məlumatlanırıq.
Buraxılış gününün hər il universitetimizdə bayrama çevrildiyinin şahidi oluruq. Dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərlə tanışlıq, qəzetin tələbə həmkarlar təşkilatı ilə birlikdə vaxtaşırı keçirdiyi "milli mənəvi dəyərlərimiz"lə bağlı məqalələr və müxtəlif sahələrdən bəhs edən çeşidli yazılar universitet həyatının tarixə çevrilmiş, saatlarından, günlərindən xəbər verir.
"Təbib"in səhifələrində biz müntəzəm olaraq görkəmli alimlərin keçirilən yubileyləri haqda geniş məlumat əldə edirik. Akademik Cahangir Abdullayevin anadan olmasının 100, AMEA müxbir üzvü Aqil Əliyevin 75, professor Tamerlan Əliyevin 80, Dünya şöhrətli akademik A.Xomenkonun 75 illik yubileyləri və başqa yubileylər dediklərimizə əyani sübutdur.
Qəzet həmişə həmkarlar ittifaqı təşkilatlarında, fakültə və kafedralarda olan yeniliklərə böyük diqqət yetirmişdir. Təlim-tərbiyə və təhsil, imtahanların gedişi və nəticəsi vaxtlı-vaxtında işıqlandırılmışdır.
Bundan başqa qəzet öz səhifələrində oxucularımızın yaradıcılığına, yeni nəşrlər haqda rəylərə ardıcıl olaraq yer ayırır, idman həyatını diqqət mərkəzində saxlayır.
Həmişə universitet rəhbərliyinin, xüsusilə universitetin rektoru, akademik Əhliman Əmiraslanovun diqqət və qayğısını hiss edən "Təbib" qəzeti redaksiyası bu gün yetkin bir kollektivlə, komplektləşmiş və lazımi texniki avadanlıqlarla təchiz edilmişdir.
Bildiyimiz kimi hər hansı bir mətbu orqan kollektiv əməyin məhsuludur. Bu sahədə jurnalistlik səriştəsi ilə seçilən fəal müxbirlər "Təbib"in keyfiyyətli, maraqlı və məzmunlu çıxması üçün redaksiyada işin təşkilinə yaxından köməklik göstərirlər. Onlardan Əkrəm Zeynalovun, Elmira Bünyadzadənin, Saşa Əliyevin, Sərvər Alimetovun, Nijad Mikayılzadənin, Məfkurə Hüseynovanın, Məhərrəm Bəşirovun, Ramin Babaoğlunun, Mütəllim Həsənovun və başqalarının adlarını iftixarla çəkmək istərdik.
Kamillik dövrünü yaşayan "Təbib" qəzeti 70 illik fəaliyyəti dövründə müəyyən çətinliklərlə də üzləşmişdir. Əldə edilən nailiyyətlər, və müvəffəqiyyətlərlə yanaşı qəzet mövcud nöqsanlardan və çatışmamazlıqlardan da xali deyil. Qəzet hələ də istənilən səviyyəyə yüksələ bilməmişdir. Əsasən "Təbib"in səhifələrində tənqidi yazılara az yer verilir. Əlbəttə, yaradacı kollektiv gələcəkdə mövcud çatışmazlıqları aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edəcəkdir.
Günün aktiv məsələlərinə diqqətlə yanaşan "Təbib" qəzeti bu gün ali məktəb qəzetləri arasında ən çox kütləvi tirajla nəşr olunan mətbu orqandır.
Bu gün Azərbaycan Dövlət Tibb Universitetinin ictimaiyyəti öz əhatə dairəsində tarixi salnamə rolunu oynayan "Təbib" qəzetinin 70 illik yubileyini qeyd edir. Universitet rəhbərliyinin daimi qayğısı və diqqəti ilə əhatə olunmuş "Təbib" ötən illər ərzində olduğu kimi yenə də Tibb Universitetinin elmi pedaqoji, ictimai-siyasi həyatında və təlim-tərbiyə sahəsindəki müvəffəqiyyətlərdə mühüm rol oynayacaqdır. Bu günümüzdən sabaha işıq salan, uğurlarımızı, nailiyyətlərimizi öz səhifələrində əbədiləşdirən bu mətbu orqan bundan sonra da gələcəyə yol gedən dilmancımıza çevriləcəkdir.