AZ EN
ELM / Doktorantura şöbəsi

Azərbaycan Tibb Universiteti nəzdində 1930-cu ildən etibarən fəaliyyət göstərən və əvvəllər «Aspirantura», sonra «Aspirantura və klinik ordinatura», hazırda isə «Doktorantura» adlandırılan şöbə bu təhsil ocağında elmi-pedaqoji və elmi kadrların hazırlanması ilə məşğul olan qurumdur. 1930-cu ildə Bakı Dövlət Universiteti nəzdindəki tibb fakültəsi bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edildikdən sonra burada təhsil alan tələbələrin sayı ildən ilə artırdı; buna görə kafedraların elmi-pedaqoji işçilərinin də sayını artırmaq lazım gəlirdi. Yeni fakültələrin təşkil edilməsi isə əlavə kafedralar açılması zərurətini qarşıya çıxarırdı və həmin kafedralar da pedaqoji heyətlə təmin edilməli idi. Bütün bunlara görə, 1930-cu ildə institutda aspirantura şöbəsi təşkil edildi. Azərbaycan Dövlət Tibb İnstitutunun ilk aspirantları aşağıdakı şəxslər olmuşdur:

1. Muxtarov M. - patoloji anatomiya ixtisası
2. Əliyev Ə. - farmakologiya ixtisası
3. Məmmədov Z. - cərrahiyyə ixtisası
4. Abdullabəyov - diaqnostika ixtisası
5. Arutyunov - dəri-zöhrəvi xəstəlikləri ixtisası
6. Qarayeva - mamalıq və ginekologiya ixtisası
7. Baraqamov - hospital terapiya ixtisası
8. Zaquskina - hospital terapiya ixtisası
9. İsmayılov Ə. - fakultativ terapiya ixtisası
10. Quliyev M. - sinir xəstəlikləri ixtisası
11. Qurbanov G.R. - odontologiya ixtisası
12. Orucov İ. - fakultativ terapiya ixtisası
13. Mirzəyeva S.A. - fakultativ terapiya ixtisası
14. Zavodskov - fakultativ terapiya ixtisası
15. Saminskaya - uşaq xəstəlikləri ixtisası
16. İbrahimov F. - fiziologiya ixtisası
17. Muğanlinski R.C. - normal anatomiya ixtisası
İnstitutda tədris işləri Azərbaycan və rus dillərində keçildiyinə görə, aspirant hazırlığı da hər iki dildə aparılırdı. Buna görə aspiranturaya daxil olanların həm rus, həm də Azərbaycan dilini bilmələri tələb edilirdi, tələbələrin isə 2/3 hissəsinə dərslər Azərbaycan dilində, 1/3 hissəsinə isə rus dilində keçilirdi. Pedaqoji kadrların çatışmazlığı və aspirantların əksəriyyətinin maddi vəziyyətinin aşağı olması aspiranturada dərslərin keyfiyyətinə mənfi təsir göstərirdi. Çox vaxt onları kafedralarda əvəzçilik üzrə aspirantura hazırlığı ilə əlaqədar olmayan işlərə cəlb edir, bəzilərini isə aspiranturanı başa çatdırmadan assistent vəzifəsinə keçirirdilər. Bunun qarşısını almaq üçün 1933-cü ildən etibarən aspirantlara əvəzçilik üzrə işləmək qadağan edildi, onların təqaüdlərini təhsil səviyyələrindən asılı olaraq, diferensasiyalaşdırılmış şəkildə vermək qərara alındı. İnstitutda ordinatorların sayı da ildən-ilə artırılırdı. Bu, kafedralarda assistent vəzifəsində işləmək üçün kadrlar hazırlamağa şərait yaradırdı. 1930-cu ildə ATİ-nin 17 aspirantı olduğu halda, 1940-cı ildə onların sayı 42 nəfərə çatdırılmışdı və onlardan da 27 nəfəri azərbaycanlı idi.
30-cu illər üçün səciyyəvi olan maddi çətinlikdərlə əlaqədar, kafedralar elmi-texniki avadanlıqla kifayət qədər təchiz edilməmişdi, bəzi kafedralarda isə aspirant və dissertantlara elmi rəhbərliyi öhdəsinə götürə bilən kadrlar çatışmırdı. Bu, dissertasiya işlərinin böyük hissəsinin başa çatdırılmamasına səbəb olurdu. Buna baxmayaraq, dissertasiya müdafiə edərək alimlik dərəcəsi alan mütəxəssislərin sayı zəif sürətlə olsa da, artırdı. Müqayisə üçün qeyd edək ki, Bakı Universitetinin tibb fakultəsində onun mövcud olduğu 10 il ərzində 27 dissertasiya müdafiə edildiyi halda, Tibb İnstitutunun fəaliyyətinin ilk 10 ili ərzində burada 104 dissertasiya müdafiə edilmişdi (104 dissertasiyadan 51-i doktorluq, 53-ü isə namizədlik elmi dərəcəsi almaq üçün müdafiə edilmişdi). Müdafiə edənlərin 65 nəfəri azərbaycanlı həkimlər idi. 1930-cu ildə tibb institutunun 24 professoru arasında yalnız 1 nəfər azərbaycanlı olduğu halda, 1940-cı ildə burada çalışan 40 professordan 20 nəfəri azərbaycanlı olmuşdur. Ümumiyyətlə, professor-müəllim heyətinin 1930-cu ildə 37,7%-i, 1940-cı ildə isə 66,2%- i azərbaycanlılıardan ibarət olmuşdur. Azərbaycanlı mütəxəssislərin artması yerli əhalinin dilini bilən həkim kadrlarının tədris səviyyəsinə müsbət təsir göstərirdi. 1937-ci ildə keçirilən gənc tədqiqatçıların Ümumittifaq müsabiqəsində Azərbaycan Dövlət Tibb İnstitutunun gənc alimlərindən 21 nəfər iştirak etmişdir. Onlardan 8 nəfərin (Əziz Əliyev, A.Həsənov, S.Məmmədzadə, Novruzlu, Kovşar və b.) elmi işi mükafata layiq görülmüşdür.
XX əsrin 20-30-cu illərində Bakı Universitetinin tibb fakültəsində və Azərbaycan Dövlət Tibb İnstitutunda işləyərək doktorluq dissertasiyası müdafiə etmiş və professor elmi adına layiq görülmüş alimlərin əksəriyyəti uzun illər ərzində səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif kafedralara, Elmi-Tədqiqat müəssisələrinə, klinikalara rəhbərlik etmiş, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etmişlər. Onlardan M.M.Mirqasımov, M.A.Topçubaşov, Ə.M.Əliyev, C.Y.Hüseynov, A.S.Həsənov, Ü.S.Musabəyli, Ə.T.Əlibəyov, K.Ə.Balakişiyev, M.M.Əfəndiyev, H.K.Əliyev, M.M.Əfəndizadə, M.M.Mirsəlimov, İ.M.İsmayılzadə və b. alimlər Azərbaycan dilində tibb təhlilinin əsasını qoymuş, tibb elminin inkişafında xidmətlərinə görə, Azərbaycanın sərhədlərindən xeyli uzaqlarda da şöhrət qazanmışdılar.
Alimlik dərəcəsinə malik mütəxəssislərin hazırlanmasında aspirantura təhsilinin böyük rolu olmuşdur. 1930-2012-ci illərdə universitetin aspiranturasına 758 nəfər qəbul edilib. Aspirantlar arasında 63 nəfər xarici ölkə vətəndaşı olmuşdur. Aspirantura təhsilinin mühüm keyfiyyət göstəricisi sayılan təhsilin səmərəlilik göstəricisi son 10 ildə yüksək səviyyədə - 96,5% olmuşdur. Aspiranturanı bitirənlərin əksəriyyəti ATU-nun müvafiq kafedralarında işlə təmin edilmişdir. Yəmən (8 nəfər), Suriya (6 nəfər), Əfqanıstan (5 nəfər), Misir (5 nəfər), BƏƏ (1 nəfər), Türkiyə (14 nəfər) və İran (12 nəfər) vətəndaşı olan 47 nəfər aspiranturanı bitirərək, müvəffəqiyyətlə dissertasiya müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
1940-cı ildə şöbəyə «Aspirantura və klinik ordinatura» adı verilmişdir. 1940-2009-cu illərdə 693 gənc həkim təhsilini klinik ordinaturada davam etdirmişdir. Onlardan 43 nəfər xarici ölkə vətəndaşıdır. Klinik ordinaturada təhsil alan keçmiş müdavimlərin 280 nəfərdən çoxu təhsilini aspiranturada davam etdirmiş, 355 nəfər isə universitetdə müvafiq ixtisaslar üzrə işə qəbul edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli qərarına əsasən, «Aspirantura və klinik ordinatura» adı dəyişdirilmiş, «Doktorantura və dissertantura» şöbəsi adlandırılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Tibb Universitetinin doktorantura və dissertantura şöbəsi gündəlik fəaliyyətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010 - ci il 1 iyul tarixli 129 saylı qərarı ilə təstiq edilmiş, "doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları haqqında" əmrə istinad edir. Universitetin doktorantları vaxtaşırı olaraq, öz işləri haqqında şöbəyə hesabat verir, elmi-tədqiqat işlərinin nəticələri haqqında universitet və ümumrespublika konfranslarında məruzələr edirlər. Bu məruzələrin elmi əsərlər toplusu şəklində çap edilməsi doktorantlara dissertasiya fraqmentlərinin çapına dair qəbul edilmiş minimumu vaxtında başa çatdırmaq imkanı verir. Doktorantların və dissertantların 1990-2016-ci illərdə keçirilən universitetdaxili konfranslarında 216 nəfər məruzə etmişdir. Son 10 ildə respublika üzrə konfranslarda aspirantların 156 məruzəsi dinlənilmişdir.
Şöbəyə mövcud olduğu fəaliyyəti dövründə aşağıdakı alimlər rəhbərlik etmişlər.
Aspirantura şöbəsinə 1965-1972-ci illərdə t.e.n.F.Təhməzov, 1972-1977-ci illərdə t.e.n.B.S. Kiçikbəyov, 1977-1980-ci illərdə t.e.n.Z.Hüseynova, 1980-1989-cu illərdə t.e.n., dos. Q.Q.Hüseynov, 1989-2003-cü illərdə t.e.n.dos.K.M.Axundov, rəhbərlik edib, 2003-cü ildən indiyə qədər isə şöbəyə t.e.d., prof.H.K.Muradov rəhbərlik edir.

Şöbənin müdiri
Dissertantura hazırlığı üzrə qəbul üçün sənədlərin siyahısı
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün sənədlərin siyahısı
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün sənədlərin siyahısı
Azərbaycan Tibb Universitetinin 2016-ci il ərzində Doktorantura şöbəsində görülən işlərin nəticəsi və gənc elmi tibbi kadrların hazırlanmasının yaxşılaşdırılması barədə hesabatı
Universitetin əməkdaşları üçün tələb olunan iddiaçılıq sənədlərinin siyahısı
Azərbaycan Tibb Universitetinin dokturantura şöbəsinin 2016/2017-cü tədris ili üçün iş planı
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana For foreign students Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı