AZ RU EN WEBMAIL
Fəlsəfədən doktoranturaya qəbul proqramı

Fəlsəfə – xüsusi ictimai şüur forması, insanın dünyagörü­şünün əsasıdır. Fəlsəfə varlığın və idrakın ümumi prinsiplərini, insanın dünyaya münasibətini öyrənir. Təqdim olunan proqram “Fəlsəfə” fənnindən doktoranturaya qəbul üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasən bütün ixtisaslar üzrə doktoranturaya qəbul qayda­larında “Fəlsəfə”dən imtahan verilməsi nəzərdə tutulmuşdur. Sözsüz ki, başqa fənlərdə olduğu kimi, “Fəlsəfə”dən də verilən qəbul imtahanı müəyyən proqram əsasında aparılmalı, bütün imtahan sual­ları da həmin proqrama müvafiq olaraq tərtib olmalıdır. Bunu nəzərə alaraq ATU-nun “İctimai fənlər” kafedrası müvafiq proqram tərtib etmişdir.

Proqram tərtib edilərkən, dok­torantura pilləsinə verilən tələblər nəzərə alınmış və üstünlük fəlsəfənin, daha çox təbabətin fəlsəfəsinə verilmişdir.

Proqramı bakalavr səviyyəsindən fərq­ləndirən əsas cəhət onun magistratura səviyyəsinin qarşısında qoyulan tələblərə müvafiq olmasıdır.

Proqramın əsas məqsədi doktoranturaya iddiaçının ümumi dünyagörüşünü, nəzəri-metodoloji hazırlığını, seçdiyi elm sahəsində fəlsəfi düşüncələrini aşkar etməkdən ibarətdir.

 

 

I  HİSSƏ

FƏLSƏFƏ  TARİXİ

FƏLSƏFƏNİN PREDMETİ VƏ BİLİKLƏR SİSTEMİNDƏ YERİ

            Fəlsəfə biliyin və mənəvi mədəniyyətin ən qədim sahələrindən biridir və onu öyrənməyin əhəmiyyəti. Fəlsəfə “fikirlərdə əhatə olunan dövrdür”. Fəlsəfə -  dünyagörüşünün nəzəri əsasıdır.

            Dünyagörüşü anlayışı, onun məzmunu və əsas səviyyələri. Dünyaduyumu və dünya anlamı. Fəlsəfi dünyagörüşünün səciyyəvi cəhətləri.

            Dünyagörüşünün fəlsəfəyə qədərki tarixi formaları. Miflər ilk dünyagörüşü formasıdır. Dini dünyagörüşünün əsas cəhətləri. Dinin mənəvi mədəniyyətin tərkib hissəsi kimi fəaliyyəti və inkişafı. Din ilə fəlsəfənin oxşar və fərqli cəhətləri.

            Fəlsəfə insanların həyat startegiyasıdır. Fəlsəfənin əhatə etdiyi problemlər, onların spesifik təbiəti. “Dünya-insan” münasibətləri fəlsəfənin əsas predmetidir. Fəlsəfi   biliklərin ümummədəniyyət sistemində yeri.

            Fəlsəfi cərəyanların müxtəlifliyi. Materializm və idealizm, onların müxtəlif növləri. Fəlsəfədə metod məsələsi:  dialektika və metafizika.

            Fəlsəfənin funksiyaları. Fəlsəfənin dünyagörüşü funksiyaları: humanist, sosial-aksioloji, inikas informasiya və tərbiyəvi. Fəlsəfənin metodoloji funksiyaları: evristik, əlaqələndirici, inteqrativ və məntiqi-qnoseoloji. Fəlsəfə və elm. Elmi – fəlsəfi dünyagörüşü anlayışı.  Fəlsəfə və            təbiətşünaslıq elmləri. Fəlsəfə ilə humanitar elmlərin qarşılıqlı əlaqəsi.

            Fəlsəfədə milli və ümumbəşəri. Hər xalq öz fəlsəfəsini yaradır. Milli prinsip milli özünüdərkin nəzəri əsasıdır. Milli müstəqillik və fəlsəfənin inkişafı üçün yeni şərait. Milli fəlsəfənin ümumdünya fəlsəfi fikir ilə qovuşması. Qərb və Şərq fəlsəfəsinin dialoqu.

 

 

FƏLSƏFƏNİN  YARANMASI  VƏ  İNKİŞAFININ  ƏSAS  MƏRHƏLƏLƏRİ

FƏLSƏFƏNİN YARANMASI ŞƏRAİTİ. QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ

            Fəlsəfənin meydana gəlməsi, onun mədəni-tarixi müqəddəm şərtləri. Fəlsəfənin yaranmasının ümumi qanunauyğunluqları və özünəməxsus cəhətləri.

            Şərq dünya fəlsəfəsinin beşiyidir. Qədim Misirdə və Babilistanda elmlərin inkişafı və ilkin fəlsəfi təsəvvürlərin formalaşması.

            Qədim Azərbaycanda fəlsəfi fikir. “Avesta” yaxın Şərq xalqlarının ilk mədəni abidəsidir. “Avesta” da irəli sürülən dünyagörüşün dualist xarakteri. Buradakı mütərəqqi ictimai-siyasi, etik və estetik fikirlər. Avestanın Azərbaycan xalqının ictimai fikir tarixində yeri və dünya mədəniyyətinə töhfəsi.

            Qədim Hindistanda fəlsəfənin yaranması: ortodoksal və qeyri-ortodoksal təlimlər. Qədim hind ədəbi abidələrində fəlsəfi təsəvvürlər. Caynizm təlimi. Çarvaklar fəlsəfəsi. Buddizm. Hind fəlsəfi təlimlərində varlıq, insan və idrak məsələləri.

            Qədim Çində fəlsəfənin təşəkkülü. Əsas fəlsəfi məktəblər. Konfusiçilik təlimi.  Moizmin varlıq və idrak  nəzəriyyəsi. Daosizm təliminin əsas cəhətləri.

            Qədim Şərq fəlsəfəsinin dünya fəlsəfi fikir tarixində rolu.

 

 

ANTİK  FƏLSƏFƏ

            Qədim yunan fəlsəfəsinin yaranması və inkişafının mərhələləri. Antik fəlsəfənin kosmosentrik xarakteri. Erkən naturfəlsəfi təlimlər. Pifaqor və pifaqorçuluq. Antik dialektikanın təşəkkülü. Efesli Heraklit. “Eleya məktəbi”. Parmenid və Zenon. Atomist təlimin meydana gəlməsi. (Levkipp və Demokrit)

            Yunan fəlsəfəsinin klassik dövrü: sofistlər və insan probleminə doğru dönüş. Sokratın fəlsəfəsində insan, onun şüuru və bilik problemləri. Onun bədən və ruh haqqında təlimi. Aristotelin fəlsəfəsi. Materiya və forma təlimi. Ruh və zəkaya dair baxışlar.

            Ellinizm dövrünün fəlsəfəsi. Epikur tərəfindən atomist təlimin inkişaf etdirilməsi. Epikurun hedonist etikası. Stoisizm fəlsəfəsi və onun nümayəndələri.

            Qədim Romada Lukretsiy Karın varlıq təlimi və idrak nəzəriyyəsi. Qədim Romada spektisizm, neoplatonizm və eklektizm təlimləri.

            Dünya fəlsəfi fikrinin inkişafında antik fəlsəfənin rolu.

 

 

ORTA  ƏSRLƏRDƏ  FƏLSƏFİ  FİKİR

            Orta əsrlər fəlsəfəsinin teosentrik xarakteri. Orta əsrlər fəlsəfəsinin əsas mərhələləri. Xristian dini ehkamlarının yaradılması və təbliği. Patristika M.Avqustinin təlimi. Orta əsrlər sxolastikası və onun mərhələləri. Ümumi anlayışların (universalilərin) təbiəti haqqında mübahisə: realizm və nominalizm. F.Akvinalının sxolastik təlimi. Orta əsrlər fəlsəfəsində təbiətə, insana,  zəkaya və iradəyə münasibət. İradə azadlığı. Tarix və yaddaş. Tarixin sakrallığı.

            Orta əsrlərdə Şərq fəlsəfəsinin xüsusiyyətləri. İslam şərqi fəlsəfəsinin nəzəri mənbələri. Ərəbdilli islam fəlsəfəsində varlıq və idrak məsələləri. İslam sxolastikası – kəlam. Cəbbarilər və qədərilər. Mötəzililik. Əşarilik (mütəkəllim). «İslam peripatetizmi (məşşaizm)». Əl-Kindi, Əl-Fərabi, Əl-Biruni, İbn-Sina, Ömər Xəyyam, Əl-Qəzali, «Müsəlman renessansı»: İbn-Ruşd, İbn-Xaldun, C.Rumi.

            Sufilik təlimi. «Vəhdət-əl-Vücud», «Fəna və Bəqa» təlimləri. İslam neoplatonizmi. İşraqilik təlimi. İslam panteizmi. Hürufilik.

            Orta əsrlərdə Azərbaycanda fəlsəfi və ictimai fikir: Ə.Bəhmənyar,  N.Gəncəvi, Ş.Sührəvərdi, M.Şəbüstəri, N.Tusi, İ.Nəsimi, M.Füzuli. Azərbaycan fəlsəfi və ictimai fikrində humanizm və digər mütərəqqi ideyalar. Orta əsrlər Azərbaycan fəlsəfi fikrinin müasir dövr üçün əhəmiyyəti.

     

 

İNTİBAH  FƏLSƏFƏSİ. YENİ  DÖVR  FƏLSƏFƏSİ

            İntibah dövrü fəlsəfəsinin antroposentrizmi. Humanizm və şəxsiyyət problemləri. İntibah dövrü naturfəlsəfəsinin panteizmi. N.Kuzanskiy. Heliosentrizm təlimi. N.Kopernik, C.Bruno, Q.Qaliley.

            Yeni dövr fəlsəfəsi.  Dinin, ehkamçılığın, orta əsrlər sxolastikasının tənqidi. Elmi inqilab və dünyanın mexaniki mənzərəsinin təşəkkülü (İ.Nyuton). Fəlsəfədə idrak metodu problemi (F.Bekon, R.Dekart). Empirizm və rasionalizm. T.Hobbsun, B.Spinozanın, V.Leybnitsin və C.Lokkun fəlsəfi təlimləri. C.Berklinin subyektiv idealizmi.

            Maarifçilik fəlsəfəsi. Fransız maarifçilərinin insan təlimi, ideyaları (Volter, Russo və s.) XVIII əsrin fransız materializmi (Didro, Holbax, Helvetsiy və başqaları). Maarifçilik fəlsəfəsində varlıq və idrak nəzəriyyəsi məsələləri.

 

 

KLASSİK  ALMAN  FƏLSƏFƏSİ.

 

MARKSİZM  FƏLSƏFƏSİ

            Klassik alman fəlsəfəsinin ümumi səciyyəsi, onun yarandığı tarixi şərait və sosial kökləri.

            İ.Kantın: substansiyadan subyektə, gerçəklikdən fəaliyyətə. Subyektin empirik və transendental səviyyələri. Kant tərəfindən elmi biliyin ümumiliyi və zəruriliyinin əsaslandırılması. Məkan və zaman hissiyyatın aprior formalarıdır. Dərrakə prinsip, onların idrakda rolu. Hadisələr və “özündə şeylər”, təbiət və azadlıq.

            Fixtenin fəlsəfəsi. “Mən”im fəaliyyətim bütün mövcudatın başlanğıcıdır. Fixtenin dialektikası.  Şellinqin naturfəlsəfəsi.

            G.V.Hegelin dialektik metodu və sistemi.

            L.Feyerbaxın fəlsəfi təlimi. Onun antropoloji materializmi.

            Marksizm fəlsəfəsi. Marksizmin yaranmasının tarixi şəraiti və ideya-nəzəri mənbələri. Marks və Engelsin dialektik və tarixi materializmi. Fəlsəfi fikir tarixində marksizmin tutduğu yerə münasibət məsələsi.

 

 

AZƏRBAYCANDA  MAARİFÇİLİK   FƏLSƏFƏSİ

            Azərbaycanda Maarifçilik fəlsəfəsinin spesifik cəhətləri və inkişaf mərhələləri. Azərbaycanda zadəgan maarifçiliyi. A.Bakıxanovun fəlsəfi baxışları.

            Azərbaycanda klassik maarifçilik. M.F.Axundovun fəlsəfi baxışları. H.B.Zərdabinin təbii-elmi və fəlsəfi baxışları. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda maarifçi və inqilabi demokratik fikir. (C.Məmmədquluzadə, M.Sabir, Ö.Nemanzadə, Ü.Hacıbəyov, N.Nərimanov). Azərbaycanın ictimai fikrində və mədəniyyətində milli istiqlal ideyaları (M.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov və b.)

 

 

XX  ƏSRİN ƏSAS  FƏLSƏFİ  CƏRƏYANLARI

            Qeyri-klassik fəlsəfənin formalaşması. Klassik fəlsəfəyə münasibət məsələsi. Qeyri-rasionallıq problemi. İradənin rolunun mütləqləşdirilməsi. A.Şopenhauer və F.Nitsşe. İrrasionalizm. A.Berqsonun «həyat fəlsəfəsi» təlimi. Dünyanın «duyğular prizmasından» izahı. (Max və Avenarius). Z.Freydin psixoanaliz təlimi. Qeyri-şüuri problemi.

            XX əsr fəlsəfəsində insana doğru dönüş. Eksistensial (ekzistensializm, personalizm və fəlsəfi antropologiya). Ekzistensializm və insan azadlığı problemi.

            Pozitivizm fəlsəfəsi. Pozitivizmin tarixi formaları. Neopozitivizm. Fəlsəfədə bilik və dil problemləri. Dilin dünya və insan şüuru ilə münasibətinin izahı.

            XX əsrin 60-70-ci illərinin əsas fəlsəfi cərəyanları. Strukturalizm. “Neqativ dialektika” konsepsiyası. “Cəmiyyətin tənqidi” nəzəriyyəsi. “Birölçülü insan” təlimi.

            XX əsrin 70-90-cı illərinin fəlsəfi məktəbləri: postpozitivizm, hermenevtika, tənqidi rasionalizm, elmin metodologiyası. İntuitivizm fəlsəfəsi. Modernizm nəzəriyyəsi. XX əsrdə şərqdə fəlsəfi fikir.

 

 

II  HİSSƏ

 

DÜNYANI FƏLSƏFİ  ANLAMAĞIN  ƏSASLARI

VARLIQ  HAQQINDA  FƏLSƏFİ  TƏLİM

            Varlıq fəlsəfəsinin əbədi və mərkəzi kateqoriyasıdır. Varlıq ən ümumi reallıqdır. Varlıq anlayışının həyati kökləri. Bütöv bir tam kimi götürülən dünyanın varlığı və buradakı konkret mövcudatların varlığı. Varlıq materiya ilə yanaşı olan şüur, ideya və digər qeyri-maddi obyektlərdir.

            Varlıq kateqoriyasının  “mövcudluq” ilə əlaqəsi. Varlıq və qeyri-varlıq.     

            Varlıq formalarının təsnifatı və onun əsas formalarının səciyyəsi. Əşya və proseslərin, təbiət hallarının varlığı. İnsanın varlığı. Mənəvi varlıq. Şüurun və qeyri-şüurun varlığı. Sosial varlıq fərdi və ictimai varlığın vəhdətidir. Kainat haqqında elmi və fəlsəfi təsəvvürlərin təkamülü.

 

 

MATERİYA  ANLAYIŞI. MÜASİR ELM  MATERİYANIN  QURULUŞU  HAQQINDA

            Varlıq və materiya anlayışının münasibəti. Substansiya anlayışı. Materiyanın elmi-fəlsəfi anlamının formalaşması. Materiya haqqında təsəvvürlərin təbii-elmi biliklərlə əlaqəsi. Təbiətşünaslıqda inqilab və mexanisizmin iflası. Dünyanın elektromaqnit və Kvant mexanikası mənzərəsinin formalaşması. Dünyanın maddi vəhdəti. Materiyanın məhvedilməzliyi. Kainatın “istilik ölümü” nəzəriyyəsinin əsassızlığı.

            Müasir elm materiyanın sistemli-struktur təşkili haqqında. Cansız təbiətdə materiyanın əsas struktur səviyyələri. Elementar hissəciklər və onların tərkibi haqqında müasir elmi təsəvvürlər. Fiziki vakuum dünya binasının ilkin təməlidir. Materiyanın kosmik səviyyəsi.

            Üzvi aləmdə materiya təşkilinin əsas səviyyələri. Hüceyrəyə qədərki səviyyə. Tək və çox hüceyrəli orqanizmlər. Orqanizmdən yüksəkdə duran səviyyələr. Biosfera və həyat.

            Sosial həyatda materiyanın struktur səviyyələri: fərd, ailə, kollektiv,  millət, dövlət və cəmiyyət. Metasosial səviyyənin mümkünlüyü.

            Materiya haqqında elmi təsəvvürlərin (fiziki, bioloji, astronomik və kosmoloji) təkamülü gedişində yeni-yeni struktur səviyyələrin aşkara çıxarılması imkanları.

 

 

HƏRƏKƏT.  MƏKAN  VƏ  ZAMAN

            Fəlsəfədə hərəkət anlayışı. Hərəkət və sükunət. Hərəkət dəyişilmə və sabitliyin, kəsilməzlik və kəsilənliyin vəhdətidir. Materiya ilə hərəkətin ayrılmazlığı. Energetizm təliminin əsassızlığı. Hərəkətin tipləri və formaları. Hərəkət formalarının keyfiyyət özünəməxsusluğu. Mexanisizmin və reduksionizmin tənqidi. Müasir elm və hərəkət formalarının təsnifatında yeniliklər.

            Məkan və zaman anlayışları. Məkan və zaman materiyanın mövcudluq formalarıdır. Məkan və onun əsas xassələri. Məkanın üçölçülüyü.

            Zaman anlayışı. Zamanın xassələri. Zamanın geridönməzliyi. Məkan və zaman sonluğu və sonsuzluğu problemi. Məkan və zamanın substansional və relyasion konsepsiyaları. Hərəkət ilə məkan və zamanın vəhdəti. A.Eynşteynin nisbilik nəzəriyyəsi və məkan – zaman haqqında təsəvvürlərin yeniləşməsi.

            Cansız təbiətdə məkan və zaman. Üzvi aləmdə məkan və zaman. Sosial həyatda məkan və zamanın özünəməxsusluqları.

 

DİALEKTİKANIN  ƏSAS KATEQORİYALARI

            Kateqoriya anayışı. Fəlsəfi kateqoriyalar ilə ümumelmi anlayışların nisbəti. Dialektikanın kateqoriyalarının qnoseoloji və metodoloji funksiyaları.

            Təkcə, xüsusi və ümumi kateqoriyaları.

            Mahiyyət və hadisə. Hadisə mahiyyətin ifadəsidir. Mahiyyət ilə hadisənin qarşılıqlı əlaqəsi. Zahirilik (görünüş) anlayışı. İdrakın hadisədən mahiyyətə doğru qanunauyğun yolu.

            Tam və hissə kateqoriyaları. Bütövlük prinsipi. Bütövlüyün əsas tipləri: qeyri-mütəşəkkil, mütəşəkkil və üzvi bütövlüklər. Sistem, struktur və element anlayışları. Sistemlərin növləri. Sistemli-struktur təhlil metodu. Onu tarixi yanaşma ilə əlaqələndirməyin zəruriliyi.

            Məzmun və forma anlayışları və onların vəhdəti. İnkişafda məzmunun aparıcı rolu. Formanın nisbi müstəqilliyi və onun məzmuna fəal təsiri.

            Səbəb və nəticə kateqoriyaları. Onların dialektikası. Səbəbiyyət əlaqəsi və funksional əlaqə. Birmənalı və ehtimali səbəb-nəticə əlaqələri. Səbəb və vəsilə (bəhanə). Determinizm prinsipi. Determinizmin tarixi formaları. Səbəbiyyət və məqsədəuyğunluq. Gerçəkliyin müxtəlif sahələrində determinizmin təzahürü xüsusiyyətləri.

            Zərurət və təsadüf kateqoriyaları. Onların daxili və xarici səbəblərlə əlaqəliliyi. Təsadüf zərurətin ifadə forması və tamamlanmasıdır. Üzvi aləmin təkamülündə təsadüflərin rolu. İctimai inkişafda təsadüflər, onların tarixi qanunauyğunluq ilə əlaqəsi. Fatalizm və taleyə inam.

            Zərurət və təsadüf kateqoriyalarının praktiki fəaliyyətdə rolu. Azadlıq və məsuliyyət.

            İmkan və gerçəklik, onların qarşılıqlı münasibətləri. İmkanın növləri: formal və real imkan. Ehtimal anlayışı. Ehtimal imkanın reallaşması dərəcəsidir. İmkanın gerçəkliyi çevrilməsində obyektiv şəraitin və subyektiv amillərin rolu.

 

 

DİALEKTİKANIN  ƏSAS  QANUNLARI.

            Dialektika universal əlaqəlar və inkişaf haqqında təlimdir. Ümumi əlaqə və qarşılıqlı təsir anlayışları. Qarşılıqlı əlaqələrin növləri. İnformasiya əlaqələrinin özünəməxsusluğu. Dialektikanın sistemi, onun əsas struktur elementləri. Dialektikanın prinsipləri.

            Obyektiv və subyektiv dialektika. Dialektik və metafizik təfəkkür metodları. Sofizm, eklektisizm, sxolastika və ehkamçılıq.

            Qanun anlayışı. Gerçəklik hadisələrinin qanunauyğun əlaqələri. Qanunların təsnifatı. Dinamik və statistik qanunlar.

            İnkişaf anlayışı. İnkişafın müxtəlif modelləri. Təbiətdə və cəmiyyətdə inkişafın özünəməxsusluğu, onları əlaqələndirməyin zəruriliyi.

            Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu. Kəmiyyət, keyfiyyət və ölçü anlayışları. Sıçrayış keyfiyyət dəyişmələrinin ümumi formasıdır. Sıçrayışın növləri.

            Əksliklərin vəhdəti və mübarizəsi. Bu qanunun dialektika sistemində aparıcı yeri. “Eyniyyət”, “fərq” və “əkslik” anlayışları. “Ziddiyyət” anlayışı. Ziddiyyətlərin növləri. Daxili ziddiyyətlər inkişafın mənbəyidir. Əksliklərin vəhdəti və mübarizəsi qanunun idrak prosesində və sosial fəaliyyətdə rolu.

            İnkarı inkar qanunu. İnkar kateqoriyası. İnkarın dialektik və metafizik anlamı. Dialektik inkar inkişafın zəruri şərti, yeni keyfiyyətə keçiddə köhnə ilə əlaqə momenti və varisliyin ifadəsidir. İnkişafın tsiklik xarakteri və spiralvari forması. Mürəkkəb sistemlərin inkişafının çoxplanlı xarakteri. İnkarı inkar qanunun gerçəkliyin müxtəlif sahələrində fəaliyyət xüsusiyyətləri.

 

 

FƏLSƏFƏDƏ  ŞÜUR  PROBLEMİ

            Şüur probleminin aktuallığı və mürəkkəbliyi. Fəlsəfədə şüur probleminin qoyuluşu. Şüurun materiya ilə münasibətlərinin tarixi, qnoseoloji, ontoloji və praksioloji səpgiləri.

            Ruh anlayışı. Ruh və şüur. Ruh və bədən, onların vəhdəti. İnikas və informasiya anlayışları, onların ümumi və fərqli cəhətləri. Materiyanın inkişafının müxtəlif səviyyələrində inikas formalarının keyfiyyətcə dəyişməsi. Cansız təbiətdə inikas. İnikasın bioloji forması. İnformasiya inikası, neyrofizioloji və psixiki inikas. Bioloji təkamül prosesində şüurun tarixi formalarının yaranması (qıcıqlanma, hissiyyat, psixika). Psixika inikasın ən yüksək formasıdır. Şüurun sosial şərtlənməsi, onun ictimai münasibətlər sistemindən asılılığı. Şüurun formalaşmasında və inkişafında əməyin, nitqin və dilin rolu.

            Şüur beynin xassəsidir. “Vulqar materializm”in əsassızlığı. Psixiki fəaliyyətin əsas prinsipləri. Birinci və ikinci siqnal sistemlərinin psixiki fəaliyyətdə rolu. Şüurun fəal və yaradıcı xarakteri.

            Şüur mürəkkəb sistemdir. Şüur və təfəkkür. Zəka və dərrakə. Ağıl və müdriklik. Şüur, mənlik şüuru və özünü dərketmə. Mənlik şüurunun formaları. Şüurluluq anlayışı. Şüur və emosiya. Şüur və iradə.

            Şüur və qeyri-şüuri (təltəlşüur). Qeyri-şüurinin daxili məzmunu. Qeyri-şüurinin davranışda rolu. Freydin psixoanaliz təlimi.

            Şüurun formalaşmasının mənbələri. Şüur və dilin vəhdəti. Obraz və işarə. İşarə sistemləri.

            Şüur gerçəkliyin inikasıdır. İdeal anlayışı. İdealın məzmunu və səviyyələri. Fərdləşmiş ideal və ictimai ideal. İdealda qnoseoloji və aksioloji tərəflər.

            Şüur və kibernetika. Təfəkkür proseslərinin kompüter texnikasının köməyilə formalaşdırılması və modernləşdirilməsi. Cəmiyyətin informatizasiyalı və kompüterləşdirilməsi ilə insanın şüuri fəaliyyətinin münasibəti. İnsan və kompüter sistemlərinin dialoqunun zəruriliyi.

 

 

İNSANIN  FƏLSƏFİ  ANLAMI

            Fəlsəfə və insanı öyrənən digər elmlər. İnsan mahiyyətinin çoxölçülü xarakteri.

            İnsanın mənşəyini şərtləndirən əsas amillər. İnsanın mənşəyində nitqin, dilin və şüurun rolu.

            İnsanın mənşəyi haqqında Teyyar de Şardenin təlimi.

            İnsanın mənşəyinə dair Darvinin təkamül təlimi. Əmək tələbatdan yaranır, genetik irsiyyətdən sosial varisliyə keçidi təmin edir. Sosial varislik ictimai münasibətlər sistemində baş verir. İnsan ictimai münasibətlərin obyekti və subyektidir.

            İnsanın mövcudluğu anlayışı. İnsan biopsixososial fenomendir. İnsanın mövcudluğuna dair ekzistensialist baxış. Fərd ilə cəmiyyət arasında əlaqə.

            İnsanda bioloji və sosial tərəflərin münasibəti. İnsanı biolojiləşdirən baxışların əsassızlığı. S.Uilsonun sosiobiologiya təlimi. İnsanın vulqar sosioloji izahının tənqidi. Antiutopik baxışlar. İnsanda bioloji ilə sosialın ayrılmaz vəhdəti.

            Antropologiyada rasionalizm. İnsanın varlığı və davranışı, onun şüurlu həyatının ifadəsidir. Antropologiyada şüurluluq ilə qeyri-şüurluluğun nisbəti (Z.Freyd, K.Yunq, P.Adler, E.From).

            İnsan ilə cəmiyyətin qarşılıqlı münasibətləri. İnsan və bəşəriyyət. İnsan və Kainat.

            İnsan həyatının mənası anlayışı. İnsan həyatının qiymətləndirilməsində pessimizm (A.Şopenhauer, N.Qartman). Həyatın mənasının  dini izahı.

            İnsanın ölümü və ölməzliyi. “Ölmək hüququ” ətrafında müasir mübahisələr. Paternalizm və antipaternalizm. Evtanaziyanın sosial-mənəvi mahiyyəti.

 

 

TƏBİƏT  VƏ  CƏMİYYƏT

            Təbiətin fəlsəfi anlamı. Təbii və süni mühit.

            Təbiət cəmiyyətin mövcudluğu və inkişafının daimi və zəruri şərtidir. Təbiət-cəmiyyət qarşılıqlı təsirinin tarixi inkişaf mərhələsindən asılılığı.

            Coğrafi determinizmin əsassızlığı. Geopolitika doktrinasının mahiyyəti. Geopolitikanın müasir anlamı. Azərbaycanın geopolitik mövqeyi.

            Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri.

            İnsan fəaliyyətinin planetar hadisəyə çevrilməsi və təbiət-cəmiyyət münasibətlərində baş verən dəyişikliklər. Müasir elmi-texniki tərəqqi və təbiət. Texnosfera ilə biosfera arasında ziddiyyətlərin kəskinləşməsi. Müasir ekoloji böhran təhlükəsi, onun texniki və sosial səbəbləri. Ekoloji problemin qlobal miqyas kəsb etməsi. Müasir Azərbaycanın ekoloji durumu. Xəzərin, Bakının və Sumqayıtın ekoloji vəziyyəti. Ekoloji problemin həlli yolları.

 

 

İDRAK  VƏ  ONUN  STRUKTURU

            Dünyanın dərkolunanlığı problemi. Aqnostisizmin əsassızlığı. İdrak insanın dünyaya sosial vasitələnmiş, tarixən inkişaf edən münasibətidir. İdrakın obyekti və subyekti.

            İnsanın nəzəri və praktiki fəaliyyətində idrakın rolu. İdrakın əsas formaları. İdrak və bilik. Bilik və informasiya. Biliyin məzmunu və strukturu. Hissi idrak və onun formaları. Duyğu, qavrayış və təsəvvürlərin idrak prosesində rolu. Hissi idrakın məhdudluğu və mücərrəd təfəkkürün zəruriliyi. Məntiqi idrakın əsas formaları. Anlayış, (mühakimə) və əqli nəticə – onların idrakda rolu.

            İdrakın hissi və rasional səviyyələrinin vəhdəti. Sensualizmin (Empirizmin) və rasionalizmin birtərəfliliyi. İdrakda izah etmə və anlama proseduraları.

            Həqiqət nəzəriyyəsi. Həqiqət, yanılma, səhv və yalan. Həqiqətin prosessual xarakteri. Həqiqətin obyektivliyi. Mütləq və nisbi həqiqətlər, onların qarşılıqlı münasibəti. Həqiqətin konkretliyi. Ehkamçılığın əsassızlığı. Həqiqətin evristik xarakteri.

            Həqiqətin meyarları. Praktika biliyin həqiqiliyinin əsas meyarıdır. Praktikanın strukturu və formaları.

            Biliyin idraki və praktiki tərəfləri. Bilik və dəyər.

 

 

ELMİ  İDRAK  VƏ  ONUN  METODLARI

            Elm idrakın spesifik formasıdır. Elmi idrakın səciyyəvi cəhətləri. Elm obyektiv və ictimai faydalı biliklər sistemidir. Elmin funksiyaları. Elmi-texniki inqilab anlayışı. Elm sosial institutdur. Elm koqnitiv və sosioloji fəaliyyətdir.

            Elmi biliyin strukturu və inkişaf dinamikası. Elmi idrakın empirik və nəzəri səviyyələri. Onların hissi və rasional pillələr ilə münasibəti. Elmi biliyin empirik və nəzəri mərhələlərinin daxili bölgüsü.

            Elmi biliyin əsasları. Tədqiqatın idealı və normaları. Dünyanın elmi mənzərəsi. Elmin fəlsəfi əsasları.

            Elmi idrakın əsas forma və vasitələri. İdeya, problem, hipotez, nəzəriyyə.

            Elmi idrakın məntiqi və metodologiyası. Elmi idrakın metodları anlayışı, onların təsnifatı. Elmi idrakın ümumiməntiqi metodları: analiz, sintez, mücərrədləşdirmə, induksiya, deduksiya, analogiya və modelləşdirmə.

            Elmi idrakın empirik tədqiqatlar səviyyəsinə məxsus metodlar: müşahidə, təsvir, ölçmə, müqayisə və eksperiment. Eksperimentlərin növləri. Elmi fakt və onun idrakda rolu.

            Nəzəri tədqiqatların elmi metodları. Müasir elmdə formallaşdırma və riyazi modelləşdirmənin yeri. Aksiomatik metod, onun inkişaf mərhələləri. Nəzəriyyənin yaradılmasında hipotetik-deduktiv metodun rolu. Mücərrəddən konkretə yüksəlmə elmi idrakın mühüm metodudur. Elmi tədqiqatlarda tarixi ilə məntiqin vəhdətinin zəruriliyi.

 

 

YARADICILIQ  VƏ  İNTUİSİYA.  ELMİN  ETİKASI

            İdrak prosesində rasionalla yanaşı, qeyri-rasionalın iştirakı. Yaradıcılıq anlayışı. Kəşf və ixtira zəkanın yaradıcı fəallığının mühüm formasıdır.

            Fəlsəfi fikir tarixində yaradıcılığa münasibət. Yaradıcılığın müasir elmi anlamı. Yaradıcılıq insanın öz işinə şəxsiyyətin, ruhunu höpdurmasıdır. Yaradıcılığın qeyri-adi və sehrli xarakteri.

            Özünüdərk və öz yardıcılıq şəxsiyyətin yaradıcılığının mühüm istiqamətidir.

            İntuisiya və itiağıllılıq yaradıcılığın ifadə formalarıdır. İntuisiyanın növləri və yaradıcılıqda rolu. İntuisiyanın baş vermə mexanizminin əsas mərhələləri. İtiağıllılıq və yaradıcılıq.

            Yaradıcılıq və intuisiyanın idrakda rolu. 

 

III HİSSƏ

 

SOSİAL  FƏLSƏFƏ

SOSİAL  İDRAKIN  SPESİFİKLİYİ.

CƏMİYYƏT  ÖZÜİNKİŞAFEDƏN  SİSTEMDİR.

            Sosial idrakın predmeti. Sosial idrak sosial reallığın cəmiyyət və onun inkişaf qanunauyğunluqlarının dərk olunmasıdır. İnsan sosial idrakın obyekti və subyektidir. Fəaliyyət sosial idrakın obyektiv əsasıdır. Sosial fəaliyyətin mahiyyəti və strukturu. Təbiət qanunları və ictimai qanunlar, onların ümumi və fərqli cəhətləri. Sosial idrakın əsas metodları: sistemli struktur təhlil, tarixi-genetik metod, substrat-hadisəvi metod və humanist-şəxsiyyət mövqeyindən təhlil metodu. Sosial idrakda həqiqətin özünəməxsusluğu. Sosial idrakın tarixi şərtlənməsi. Sosial idrak və dəyərlər.

            Sosial fəlsəfənin funksiyaları. Sosial fəlsəfənin ictimai elmlər üçün metodoloji əhəmiyyəti. Sosial fəlsəfənin yaranması və inkişafı.

            Cəmiyyət, birlik və sosial anlayışları. Cəmiyyətin təhlilində naturalist, idealist və materialist istiqamətlər.

            Sosial sistem anlayışı. Cəmiyyət mürəkkəb və öz inkişaf qanunauyğunluqlarına malik sistemdir. Cəmiyyətə sistemli yanaşma təsəvvürlərinin yaranması və inkişafı. Sosial sistemin açıq xarakteri. Onun yarımsistemləri arasında uyğunluq və qeyri-bərabərlik. Sosial sistemin təbii əsası və şərtləri.

            Cəmiyyət təkrar istehsaldır. Təkrar istehsalın növləri: maddi nemətlər istehsalı, insan nəslinin təkrar istehsalı, ictimai əlaqələrin və münasibətlərin təkrar istehsalı və mənəvi həyatın təkrar istehsalı. Əmək fəaliyyətində formalaşan ictimai münasibətlər sosial sistemin inkişafının substansional əsasıdı.

            Sosial-tarixi prosesdə qanunauyğunluq və təsadüfilük, şüurluluq və kortəbiilik. Cəmiyyət və idarəetmə. Sosial informasiya anlayışı. Sosial sistemin inkişafında idarəetmənin rolu.

 

 

İCTİMAİ  HƏYATIN  ƏSAS  SFERALARI.

            Cəmiyyəti sferalara ayırmağın elmi əsasları. İctimai fəaliyyətin növü və sosial əlaqələrin müvafiq forması anlayışları. İctimai həyatın əsas sferaları: iqtisadi, sosial, siyasi və mənəvi. Hər bir sferanın özünəməxsusluğu.

            Cəmiyyətin iqtisadi həyatı anlayışı. Maddi namətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı iqtisadi sferanın əsasıdır.  Mülkiyyət anlayışı. Mülkiyyət növlərinin müxtəlifliyi. Mülkiyyət və insanın özünüreallaşdırması. Xüsusi mülkiyyət və şəxsiyyətin fiziki və mənəvi qüvvələrinin reallaşması. İqtisadiyyatın mənəvi psixoloji dayaqları.

 

 

SOSİAL  SFERA  ANLAYIŞI

SOSİAL  SFERANIN  SPESİFİKLİYİ

            Cəmiyyətin sosial strukturu. Sinif, sosial təbəqə anlayışları. Sosial strukturda sinfin rolunu şişirdən marksist təlimin əsassızlığı. Müasir cəmiyyətin sosial strukturunda sinfin yeri. Sosial stratifikasiya təlimi.

            Sosial strukturda sosial-ərazi birliklərinin yeri. Müasir urbanizasiya prosesləri və cəmiyyətin sosial-ərazi strukturunda dəyişikliklər.

            İnsanların sosial-tarixi birlik formaları. Qəbilə, tayfa, xalq və millət. Millətin mahiyyəti və səciyyəvi əlamətləri. Müasir dünyada gedən milli proseslər. Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması və inkişafı. Milli mənlik şüuru və millətçilik.

            Cəmiyyətin sosial strukturunda ailənin yeri. Ailənin tarixi inkişafı. Ailənin müasir cəmiyyətdə funksiyaları. Ailə, nigah və sevgi münasibətləri.

 

 

CƏMİYYƏTİN SİYASİ SFERASI ANLAYIŞI

            Siyasətin ictimai həyatın digər sferalarına nüfuz etməsi. Siyasi sistemdə dövlətin yeri və rolu. Dövlətin əlamətləri, funksiyaları və idarə etmə formaları.

            Siyasi rejim anlayışı. Totalitar, avtoritar, liberal və demokratik siyasi rejimlər. Demokratik cəmiyyətin siyasi quruluşu. Müasir Azərbaycan cəmiyyətində demokratikləşmənin inkişafı.

            Hüquq anlayışı. Hüquq və sosial ədalət prinsiplərinin qorunması. Vətəndaşların hüquqları, vəzifələri və məsuliyyətinin qarşılıqlı əlaqəsi. Hüquqi dövlət. Demokratizm, qanunun aliliyi və şəxsiyyət azadlığı hüquqi dövlətin əsasıdır. Müasir Azərbaycan cəmiyyəti hüquqi dövlət quruculuğu yollarında.

            Hüquqi dövlət quruculuğu gedişində demokratikləşməni genişləndirməyin zəruriliyi.

            Siyasi hakimiyyət anlayışı. Hakimiyyətin bölünməsi ideyası və onun müasir cəmiyyətdə həyata keçirilməsi. Qanunverici, icra və məhkəmə hakimiyyəti formalarının vəhdəti.

            Müasir cəmiyyətin artmaqda olan siyasiləşməsi meyli. Kütlələrin siyasi həyatda iştirakının forma və vasitələrinin təkmilləşməsi. Siyasi partiyalar, ictimai-siyasi hərəkatlar və təşkilatlar. Onların demokratikləşmə prosesində iştirakı və rolu. Demokratiya və şəxsiyyətin azadlıq və ləyaqətinin qorunması.

            Siyasi aksiologiya. Siyasi fəaliyyətdə mənəvi-əxlaqi və ümumbəşəri normalara riayət etməyin zəruriliyi.

            Müasir Azərbaycan cəmiyyətinin siyasi sisteminin təkmilləşməsinin əsas istiqamətləri.

 

 

CƏMİYYƏTİN  MƏNƏVİ  HƏYATI  VƏ  ONUN  ÜNSÜRLƏRİ

            Mənəvi fəaliyyət cəmiyyətin ayrılmaz tərəfidir. İnsanların mənəvi dəyərləri yaratması və onları mənimsəməsi. İnsanlar arasında mənəvi münasibətlər və mənəvi ünsiyyət.

            Mənəvi tələbatlar mənəvi fəaliyyətin əsasıdır. Mənəvi tələbatların məzmunca obyektivliyi və zəruriliyi. Mənəvi istehlak və onun səviyyələri. Mənəvi münasibətlər intellektin və hisslərin mənəvi dəyərlərə münasibətidir. Mənəvi istehsalın, tələbatın, istehlakın və ünsiyyətin qarşılıqlı əlaqəsi.

            Cəmiyyətin mənəvi həyatında ictimai şüurun mərkəzi yeri. İctimai şüurun sosial təbiəti. İctimai şüur ilə fərdi şüurun qarşılıqlı vəhdəti və bir-birini zənginləşdirməsi. İctimai şüurun nisbi müstəqilliyi. İctimai şüurun inkişafında varislik. İctimai şüurun əsas struktur bölgüləri: adi şüur və nəzəri şüur, ictimai psixologiya və ictimai ideologiya. İctimai şüurun formaları. Kütləvi şüur və ictimai rəy.

            Adi şüurda sosial hadisələr və proseslərin inikasının sistemsizliyi.     

            Nəzəri şüurun məntiqi sistemliliyi və elmi əsaslılığı. Nəzəri şüurun subyekti. Nəzəri və adi şüurun əlaqəliliyi.

            İctimai psixologiya insanların öz həyatına və ictimai varlığına emosional və qismən də intellektual münasibətidir. İctimai psixologiyanın məzmununda gerçəkliyin inam, əqidə, əhval-ruhiyyə və sosial qaydalar formasında əks olunması. İctimai psixologiyanın qiymətləndirici və fəaliyyətə sövqedici funksiyaları. Praktiki fəaliyyətdə və idarəetmədə ictimai psixologiyanı nəzərə almağın zəruriliyi. İctimai psixologiyanın adi şüur ilə münasibəti.

            İctimai ideologiya böyük insan qruplarının və milli birliklərin əsas mənafeləri və tələbatının nəzəri səviyyədə ifadəsidir. İdeologiyanın nəzəri konseptual xarakteri. İctimai ideologiya və elm. İctimai ideologiyanın sosial-sinfi mahiyyəti. İdeologiyada milli ilə ümumbəşəri mənafelərin əlaqələndirilməsi. Azərbaycan cəmiyyətində vahid milli ideologiyanın yaradılmasının zəruriliyi.

            İctimai şüuru formalara ayırmağın meyarları. İctimai şüurun əsas formaları. Siyasi və hüquqi şüur. Onların mahiyyəti və cəmiyyətdə rolu. Əxlaqi şüur şəxsiyyətlərarası münasibətlərin könüllü tənzimləyicisidir. Əsas əxlaqi kateqoriyalar və normalar. Estetik şüurun mahiyyəti və ifadə formaları. İncəsənətdə gerçəkliyin obrazlı inikası. İncəsənətin funksiyaları və ictimai həyatda yeri. İncəsənətdə milli və ümumbəşəri.

            Dini şüurun spesifikliyi. Dini şüurun struktur bölgüləri. İslam dininin tarixi mövqeyi.

 

 

TARİXİ  PROSESİN  FƏLSƏFİ  TƏHLİLİ

            Fəlsəfi fikirdə tarixi prosesi dövrləşdirmək axtarışları. Tarixi prosesin obyektiv əsaslandırılması problemi. Hegel: tarixi proses dünya ruhunun öz-özünü dərk etməsi pillələridir. Yenikantçılar tərəfindən tarixi prosesin aksioloji izahı. Veberin ideal tiplər təlimi. Marksın ictimai-iqtisadi formasiya təlimi: müsbət cəhətləri və məhdudluğu. Bu təlimin cəmiyyətdə gedən ümuminteqrasiya proseslərin açmaqda acizliyi. Tarixi prosesə sivilizasiya mövqeyindən yanaşma metodologiyası. Onun tarixin bir mərhələsindən digərinə keçidin səbəbləri və mexanizmini aşkar edə bilməməsi. Tarixi prosesə formasiya və sivilizasiya baxımından yanaşmaları bir-birilə tamamlamağın zəruriliyi.

            Tarixi prosesin mənası problemi. K.Yaspers tarixi prosesin sxemi haqqında. Sosial dinamikanın müasir anlamı. Onun xətti və tsiklik tipləri. Tsiklik dəyişikliklərin sistemli – funksional və tarixi növləri. Tarixi prosesdə inqilab və təkamül formalarının münasibəti.

            İctimai tərəqqi anlayışı. Cəmiyyətin inkişaf istiqamətlərinin fəlsəfi fikirdə müxtəlif izahı. Bəşər tarixinin mənası və istiqamətinə dair müasir konsepsiyalar: kulturoloji yanaşma, ekzistensial baxış, antitarixilik.

            İctimai tərəqqinin meyarları. Sosial həyatın ayrı-ayrı tərəflərində inkişafın qeyri-bərabərliyi və tərəqqinin ümumi meyarlarını müəyyənləşdirməyin çətinliyi. Azadlıq ictimai tərəqqinin ümumi meyarı və məhsuludur.

            Dünya tarixi prosesinin vəhdəti və rəngarəngliyi. Müasir dövrdə ictimai tərəqqidə ümumbəşəri inteqrativ keyfiyyətlərin artması meyli.

 

 

TARİXİ  PROSESİN  SUBYEKTLƏRİ  VƏ  HƏRƏKƏTVERİCİ  QÜVVƏLƏRİ

            Tarixi prosesin subyektləri anlayışı. Ayrı-ayrı dövrlərdə bu anlayışın məzmununun dəyişkənliyi. Müasir dövrdə tarixin subyektləri anlayışının məzmununun genişlənməsi. Xalq, siniflər və sosial qruplar, millət və görkəmli şəxsiyyətlər sosial inkişafın əsas subyektləridir.

            Xalq anlayışı. Xalq anlayışının konkret tarixi xarakteri. Onun etniki və sosial-fəlsəfi anlamı. Xalqın tarixin yaradıcısı olmasını şərtləndirən əsas amillər. Xalq kütləsi cəmiyyətin həyatı üçün zəruri olan maddi nemətlərin yaradıcısıdır.

            Tarix xalqın öz qarşısına qoyduğu məqsədi həyata keçirməyə yönələn fəaliyyətidir. Sosial tələbatlar və mənafelər ictimai inkişafın əsas mənbələridir. Tələbatların növləri: təbii-bioloji və sosial tələbatlar. Mənafelər fəaliyyətə sövqedici güclü motivlərdir. Mənafelərin təsnifatı: şəxsi mənafelər. Xalq mənəvi mədəniyyətin, elmin və incəsənətin yaradıcısıdır.

            Xalq və kütlə. Kütlə psixologiyası, onun kortəbiiliyi.

            Tarixdə görkəmli şəxsiyyətlərin rolu. Xalq və görkəmli şəxsiyyətlər. Tarixi şəxsiyyətin əsas göstəricisi onun tarixin irəli sürdüyü başlıca vəzifələri dəqiq anlamasında və onu həyata keçirməyə xalqı səfərbər etməsindədir. Şəxsiyyətin hərəkət və fəaliyyətinin sosial-tarixi şərtlənməsi. Siyasi rəhbərin fəaliyyətinin əsas göstəriciləri. Görkəmli elm və mədəniyyət xadimlərinin tarixi prosesdə rolu. Xarizmatik tarixi şəxsiyyət problemi.

 

 

ŞƏXSİYYƏT  VƏ  SOSİAL  DƏYƏRLƏR

            Fərd, fərdiyyət və şəxsiyyət anlayışları. Şəxsiyyətin sosial mahiyyəti. Şəxsiyyətin tipologiyası. Şəxsiyyətin formalaşmasında sosial mühitin rolu.

            Cəmiyyət-şəxsiyyət münasibətlərinin tarixi formaları.

            Tarixi zərurət və şəxsiyyət azadlığı problemi. Şəxsiyyətin azadlığı, hüquq və vəzifələri ilə məsuliyyətinin vəhdəti. Demokratik cəmiyyət və şəxsiyyət azadlığı. Müasir cəmiyyətdə demokratikləşmənin genişləndirilməsi şəxsiyyət azadlığının zəruri şərtidir.

            Sosial dəyərlər,onların mahiyyəti və cəmiyyətdə rolu.

            Sosial dəyərlərin təbiəti və sosial şərtlənməsi. Dəyərlərin fövqəltarixi və əbədi izahının əsassızlığı. Sosial dəyərlərin təsnifatı. Qnoseoloji, etik və estetik dəyərlər. İnsan həyatının yüksək dəyərdir. Ümumbəşəri və milli dəyərlər. Azadlıq və milli müstəqillik ali dəyərdir.

            Aksiologiya və müasirlik. Tarixi keçmişə və milli ənənələrə hörmət mühüm dəyərdir. İslamın ümumbəşəri əxlaqi dəyərləri.

            Şəxsiyyətin sosiallaşması prosesində dəyərlərin rolu. Şəxsiyyətin malik olduğu dəyərlər sistemi onun sosial səmtləşməsinin mühüm amilidir. Dəyərləri qorumağın və inkişaf etdirməyin zəruriliyi.

 

 

MƏDƏNİYYƏT VƏ SİVİLİZASİYA HAQQINDA MÜASİR FƏLSƏFİ BAXIŞLAR

Mədəniyyət insan varlığının fundamental üsuludur. Mə­dəniyyət daxilində insanın özü yaradan və özü dərk edən möv­cudat kimi təşəkkülü baş verir.

Mədəniyyətin fəlsəfi anlamı. Mədəniyyətin izahına dair müxtəlif baxışlar. Mədəniyyət faktların yığımı deyil, onların yaradılması və mənimsənilməsi prosesidir. Ənənə mə­dəniy­yətdə varislik formasıdır, sosiomədəni stabilliyin amilidir, ya­radıcı fəaliyyətin zəmini və proqramıdır. Mədəniyyətin funk­siyaları: insanı bəşəriləşdirən funksiya-fərd mədəniyyətə sahib olmaq prosesinə şəxsiyyət olur, adaptasiya funksiyası – mə­dəniyyət cəmiyyəti dəyişikliklərə uyğunlaşdırır və başqa sivili­zasiyalarla qarşılıqlı əlaqəni təmin edir, qeyri-gentropik funk­siya-cəmiyyətin özünəməxsus keyfiyyəti olan bir fenomen kimi saxlanılmasına xidmət edir. Sivilizasiya sosial fəlsəfənin anla­yışıdır. Bu anlayış insanların sərvət sistemlərini və normalarını, onların gündəlik davranışlarını təyin edən mo­tivləri təsbit edir. Sivilizasiyanın izahına dair baxışlar: a) sivili­zasiya mədəniy­yə­tin sinonimidir; b) sivilizasiya lokal mədəniy­yətlərin inkişa­fında tənəzzül mərhələsidir; c) sivilizasiya bə­şəriyyətin barbar­lıqdan sonra gələn inkişaf mərhələsidir; d) sivilizasiya bu və ya digər regio­nun və yaxud etnosun inkişaf mərhələsidir. Ənənəvi sivilizasiya kapitalizmə qədərki ictimai quruluşlardır. Bu tip sivilizasiya yeniliyi sosial inkişafın əsası və məqsədi ki­mi inkar etməkdir və in­sanların fəaliyyətinin tipik sxemlərini, ünsiyyət formalarını, məişətin təşkilinin, mədəniyyət nümunə­lərinin tək­rar istehsalını əsaslandırmaqdır. İndustrial sivili­za­siya iri sə­na­ye istehsalı dövrü üçün xarakterik olan ictimai quruluş tipidir.

Postindustrial sivilizasiya – ABŞ və Qərbi Avropanın in­ki­şaf etmiş ölkələrində ictimai inkişafın müasir mərhələsidir. Bu mərhələ ekstensiv iqtisadiyyatdan intensiv iqtisadiyyata ke­çidə xarakterizə olunur, istehsalda informasiya texnologi­ya­sının rolu yüksəlir, şəxsiyyətin təhsil və peşə-ixtisas səviyyə­sinin in­ki­şafını söndürür. Həm mədəniyyət, həm də sivilizasiya nor­mativ təbiətə malikdir. Onlar arasında fərq bundan ibarətdir ki, sivilizasiya mədəniyyət prosesi üçün zəmin yaradır, onu tən­zimləyir.

Mədəniyyət öz növbəsində yeninin yaradıcısı olaraq sivi­lizasiyanın inkişafına şərait yaradır. Mədəniyyət və siviliza­siyaların qarşılıqlı münasibətləri. Qərb və Şərq sivilizasiyaları, onların özünəməxsusluqları.

 

 

QLOBALLAŞMA DÜNYANIN PROBLEMLƏRİ

Ümumbəşəri problemlər qlobal xarakterlidir, onların həlli beynəlxalq səviyyədə qüvvələrin birləşməsini tələb edir. Qlobal problemlər ancaq ayrı-ayrı adamların deyil, bütün bəşəriyyətin taleyi ilə bağlıdır, bu problemlərin dünya inkişafının obyektiv amilləridir və kimsə tərəfindən inkar edilə bilməz. Xüsusi, region, lokal problemlərdən fərqli olaraq qlobal problemlər mobillik xassəsinə çox az malikdir; Qlobal problemlər bir-biri ilə qarşılıqlı əlaqə və təsirdədirlər.

Qlobal problemləri üç qrupa ayırmaq olar: a) Döv­lətlər­arası beynəlmiləl xarakterli problemlər; nüvə mühari­bəsinin qarşısının alınması, yeni beynəlxalq iqtisadi əlaqələrin təşək­külü; b) Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı təsirdən yaranan problemlər: insanları enerji, yanacaq, içməli su və s. ilə təchiz etmək, buraya eləcə də ekoloji problemlər daxildir; c) İnsan cəmiyyət sistemi ilə bağlı olan problemlərdir; demoqrafik prob­lemlər, səhiyyə və təhsil problemləri. «Qlobal şüur», «noo­sfera» anlayışları və qlobal problemlərin əlaqəsi. Qlobal şüurda humanizm özünü müxtəlif xüsusiyyətlərdə; etik normalarda, sosial ideyalarda, mənəvi-ruhi dəyərlərdə, iradə azadlığında, şəxsiyyətin hüququna və ləyaqətinə hörmətdə, ədalət hissində və s. ifadə edir.

 

 

GƏLƏCƏYİN  FƏLSƏFİ  ÖYRƏNİLMƏSİ

            Qabaqgörənlik fəlsəfi idrakın mühüm tərəfidir. Adi uzaqgörənlik, intuitiv uzaqgörənlik və elmi uzaqgörənlik. Gələcəyin dövrləşdirilməsi. Gələcəyi öyrənməyin elmi meyarları. Sosial proqnozlaşdırmanın metodları: ekstrapolyasiya, tarixi analogiya, kompüter modelləşdirməsi, gələcəyin ssenarisinin hazırlanması və ekspert qiymətləndirmə. Bu metodların ayrı-ayrılıqda məhdudluğu və bir-birilə əlaqələndirilməsinin zəruriliyi.

            Sosial proqnozun məzmununda elmi-idraki və ideoloji tərəf.

            Sosial proqnozların məzmunu və təyinatına görə tiplərə ayrılması: axtarış xarakterli proqnozlar, normativ proqnozlar, analitik proqnozlar və mühafizəedici proqnozlar. Sosial proqnozların bu tiplərinin səciyyəsi.

            Bəşəriyyətin gələcəyi və real tarixi proses. Müasir elmi-texniki inkişaf və gələcəyin alternativləri. Bəşəriyyətin gələcəyinə pessimist baxışın əsassızlığı. Dünya miqyasında sosial tərəqqinin qarşısı alınmazlığı. Tərəqqinin ritminin artması, onun müasir dövrdə səciyyəvi cəhətidir.

            İnkişafın hüdudları və stimulları problemi. Sosial proqnozlaşdırmanın humanist missiyası.

            Bəşəriyyətin gələcəyi və qlobal problemlər. Qlobal problemlərin mahiyyəti və təsnifatı. Qlobal problemlərin yaranması səbəbləri. Qlobal problemlərin həlli yolları.

 

 

TƏBABƏT  ETİKASI  proqramı

ƏXLAQIN  MAHİYYƏTİ,  FUNKSİYALARI  VƏ  NORMALARI

Əxlaqın mahiyyəti və strukturu. Əxlaqi şüur.  Əxlaqın funksiyaları və normaları.

 

ETİK  BİLİKLƏR  VƏ  TƏBABƏT

 

            Etika əxlaq haqqında fəlsəfi elmdir. Təbabət əxlaq və hüquq prizmasında.                                         

Əxlaqi seçim, mənəvi məsuliyyət və peşə borcu. Etikada utilitarizm cərəyanı.               

Deontoloji etika                                                                          

 

TƏBABƏT  ETİKASI  TARİXİNDƏN

            Hippokratın tibbi praktikasında etik ideyalar. Qədim və Orta əsrlərdə Şərqdə həkimlik etikası. Avropa intibahı və Yeni dövrdə təbabət etikası.                         

İnsan və heyvanlar üzərində aparılan tibbi eksperimentlərin tarixi.                                                                 

 

            Təbabət etikasında ümumbəşəri sərvətlər.

            Xeyir və Şər: tibbi praktikada təzahürünün spesifikliyi. Həkimin professional fəaliyyətində azadlıq və məsuliyyət. Həkimin mənəvi və hüquqi azadlığı: risk etmək hüququ. Mənəvi məsuliyyət və həkimlik səhvi. Mənəvi seçimin tibbi praktikada məqsədləri və vasitələri problemi. Həkimin professional borcunun mahiyyəti nədir? Həkimlik şərəfi və pasiyentin ləyaqəti.

 

TƏBABƏT  ETİKASININ  PRİNSİPLƏRİ

            Təbabət etikası anlayışı haqqında. «Hər şeydən əvvəl – ziyan vurmamaq!», «Yaxşılıq və xeyirxahlıq etmək!» - həkimlik fəaliyyətində mühüm etik prinsiplərdir. Pasiyentin muxtariyyətinə hörmət prinsipi. Ədalət prinsipi.

 

HƏKİM,  DİGƏR  TİBB  İŞÇİLƏRİ  VƏ  XƏSTƏ  ARASINDAKI MÜNASİBƏTLƏRDƏ  ETİK  QAYDALAR

      Müalicə modelləri. Xəstəliyin mahiyyəti və müalicəsi. Elmi və «ənənəvi» təbabət. Etik qaydalar: a) Düzlük qaydaları; b) «Həkimlik sirri» - etik qayda ölçüsüdür; v) Məlumatlandırılmış razılıq qaydası.                                                            

      Xəstənin şəxsi həyatına həkimin müdaxiləsi. Həkimlik sirrinə («müqəddəs yalan») münasibətdə xəstənin inamı, həkimin taktikası. Həkimlik praktikasında onların «distansiyası» və «subordinasiyası» problemi. Həkim və xəstənin emosional kontaktı: etik səpgidə                       

 

SÜNİ  ABORTUN  ƏXLAQİ-ETİK  PROBLEMLƏRİ

      Süni abort problemi. Aborta münasibətdə əsas əxlaqi mövqelər. Müasir dünyada abort haqqında qanunvericiliklər.

 

YENİ  REPRODUKTİV  TEXNOLOGİYALAR:

 

 ETİK-HÜQUQİ PROBLEMLƏR  PRİZMASINDA

 

      Süni inseminasiya. Ekstrakorporal mayalanma. Yeni reproduktiv texnologiyalarına teoloci münasibət                

 

TRANSPLANTOLOGİYANIN  ƏXLAQİ

PROBLEMLƏRİ

      Transplantologiya əxlaqi cəhətdən doğrudurmu? Canlı donorlardan və meyiddən orqanlar köçürülməsinin əxlaqi problemləri.  Döl orqanların və liflərin transplantasiyasının  əxlaqi problemləri. Ksenotrpansplantasiya etik ölçülərdə.

 

TİBBİ  GENETİKA  VƏ  ETİKA

      Tibbi genetikanın əxlaqi problemlərinin spesifikliyi. Beynəlxalq «İnsan genomu» layihəsinin etik problemləri. Yevgenika. Gen terapiyasının əxlaqi problemləri                                         

 

ÖLÜM  VƏ  CANVERMƏ.  EVTANAZİYA

      Təbabət və ölüm problemi. Yeni tibbi texnologiyalar dövründə ölüm və canvermə. Palliativ yardım zamanı xospislərin fəaliyyətində  əxlaqi seçimi.                                                                       

 Ölümün müəyyənlədirilməsi: əxlaqi problemlər. Həyatı saxlayan müalicə və ondan imtina edilməsi. Evtanaziya və onun əxlaqi mahiyyəti                                        

      İnsanın ölmək hüququ. Ölümün meyarları problemi. Suisid problemi: əxlaqi-psixoloci aspekt.

      Evtanaziya: xeyirxahlıq yoxsa cinayətdir? Passiv və aktiv evtanaziya: leyhinə və əleyhinə. «Ləyaqətlə canvermə».

 

QİÇS  (SPİD):  ƏXLAQİ  ETİK  PROBLEMLƏR

      «Qiçs qorxusu» və təbabət etikasının tələbləri. Qiçs və tibb işçilərinin peşə riski.

 

 

ƏDƏBİYYAT

  1. T.Əkbərov. təbiət, insan, gözəllik. Bakı, 1966
  2. T.Əkbərov. Estetika və təbabət. B, 1977
  3. Ахмедов Г.М. Философия Азербайджанского прос­ве­щения. Баку, 1983.
  4. İsmayılov F. Müasir Qərb fəlsəfəsi. Bakı, 1991.
  5. Q.Əliyev, M.Cabbarov. Təbabətin etik və estetik problemləri. Bakı, 1992
  6. Şükürov A., Abdullazadə G. Azərbaycan fəlsəfəsi (qədim dövr), Bakı, 1993.
  7. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.
  8. Fəlsəfə. Dərslik. F.Ramazanovun redaktəsi ilə. Bakı, 1997
  9. Ə.Məmmədov. Dialektik idrak və ümumelmi tədqiqat metodları. Bakı, 1997
  10. Ə.İsmayılov, Q.Əliyev. Heydər Əliyev və milli ləyaqət fəlsəfəsi. B, 1998
  11. Ə.Məmmədov. Elmi idrak və onun inkişaf dialektikası. Bakı, 1998
  12. Zeynalov M. Fəlsəfə tarixi. Bakı, 1999
  13. Q.Əliyev. Metafəlsəfə: predmeti və vəzifələri. Bakı, 1999
  14. Fərhadoğlu M. Fəlsəfə. Bakı, 1999
  15. Paşayev V. Fəlsəfə. Bakı, 1999
  16. R.Mehdiyev. Философия. B., 2000.

      17. A.Nəcəfov. Həkimlik sənətinin mənəvi əsasları. Bakı, 1986

      18. A.Nəcəfov. incəsənət və səhhət. Bakı, 1989

      19. Spirkin A.Q. Философия. M., 2000.

      20. Q.Əliyev. Təbabət fəlsəfəsi. Bakı, 2000

      21. Hacıyev Z. Fəlsəfə. Bakı, 2002

      22. V.Paşayev. Fəlsəfə və sosial idrak. Bakı, 2002

     23. Q.Əliyev. H.Əliyev və milli mentalitet fəlsəfəsi. Bakı, 2003

     24.Ə.Namazova, Q.Əliyev. Təbabət etikası. Bakı, 2004

     25. İmanov H.R. Fəlsəfənin əsasları. Dərslik. B., 2007.

     26.Введение в философию. Под ред. И.Фролова. Учебник. М., 2009.

     27.Fəlsəfənin nəzəri əsasları: problemlər, anlayışlar, prinsiplər. Dərs vəsaiti, prof.Q.Əliyevin redaktəsi ilə. Bakı, 2015

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı