AZ RU EN WEBMAIL
4 saylı məşğələnin PLAN-KONSPEKTİ

“Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin

Mülki Müdafiə Rəhbəri-

Rektor _______________ prof. G.Ç.Gəraybəyli

“ 05 ” yanvar 2017-ci il

  

 

MM qüvvələrinə cəlb olunmayan əməkdaşlar ilə keçiriləcək

4 saylı məşğələnin

PLAN-KONSPEKTİ

Mövzu: Fövqəladə hallar barədə xəbərdarlıq qaydası,” hamının diqqətinə” xəbərdarlıq  siqnalı. Mülki Müdafiə orqanlarının şifahi xəbərləri verilərkən əhalinin davranışı. Obyektdə verilən şifahi siqnallar zamanı fəhlə və qulluqçuların davranış qaydaları.

 

Məqsəd: Obyektin rəhbər heyətinin fövqəladə hallar zamanı rabitə və xəbərdarlığın təşkili barədə biliklərinin təkmilləşdirilməsi:

 

Tədris salları: 1. Mülki Müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili  prinsipləri;

                         2. Rabitənin və xəbərdarlığın təşkilində MM qərargahının rolu;

                         3. Rayonda və obyektdə rabitənin və xəbərdarlığın təşkili;

                         4. Xəbərdarlıq siqnalları və davranış qaydaları.

 

Keçirilmə vaxtı: 1 saat

 

Keçirilmə yeri: Tədris sinfi

 

Ədəbiyyat: 1. Mülki Müdafiə toplusu 1 saylı 1995-ci və 1996-cı illərin sayında;

                    2. Azərbaycan Respublikasının “MM haqqında” qanunu;

                    3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr   

                        tarixli 193 saylı qərarı;

                    4. MM üzrə normativ sənədlər.

 

1-ci ci tədris sualı: MM rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri.

       Mühafizə tədbirləri həyata keçirilərkən Mülki Müdafiə qüvvələrinə rəhbərlik üçün MM idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir.

       Rabitə-idarəetmə – sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən fövqəladə hadisələr yaranan dövrdə, çox böyük əhəmiyyət kəsb edir. Buna görə də MM-in bütün vasilələrində, obyektlərdə, rayon və şəhərlərdə, respublikada onların rəhbərlərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil edilir.

       MM-in rabitə sistemi mövcüd olan bütün rabitə qüvvələri və vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio, radio-rele və məftilli rabitə qovşaqlarından və stansiyalarından eləcə də MM qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.

       Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri tabelikdəkilərin fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını həmçinin sərəncəmların, siqnalların və mə’lumatların vaxtında verilməsi və qəbul olunmasını təmin etməkdən ibarətdir. Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qoşunlar, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.

       Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın e’tibarlı surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.

       Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır. Fövqəladə hallarda rabitə sisteminin sabitliyini artıran tədbirlərin həyata keçirilməsi, qərargah və xidmət işçilərinə texniki rabitə vasitələrini dəqiq işlətmək, onlara vaxtında və düzgün xidmət göstərmək qaydalarının öyrədilməsi, şəxsi heyətin və avadanlığın e’tibarlı müdafiəsinin təmin olunması da bu sahədəki əsas tədbirlərdəndir.

       Rabitənin təşkili üçün radio-telefon (məftilli rabitə), səyyar və siqnalla rabitə vasitələrindən istifadə olunur. Bunlara rabitənin növləri deyirlər.

       Radio və telefon növü ən mürəkkəb şəraitdə belə istənilən məsafədəki çoxlu orqanlarla eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan verir.

       Məftilli rabitə vasilərindən isə fövqəladə hadisələr dövründə Mülki Müdafiənin bütün strukturlarında geniş istifadə olunur.

       Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda isə hətta piyadalardan da istifadə edilə bilər.

       Siqnalla rabitə vasitələrindən – əhalini xəbərdar etmək, habelə göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və əl sirenalarından, siqnal raketlərindən, ye’ni işıq və səs siqnalı verən vasitələrdən ibarətdir.

       MM-in xəbərdarlıq sistemi də rabitə vasitələri əsasında təşkil olunmuşdur. Xəbərdarlıq sistemi dedikdə, MM orqanlarına əhaliyə siqnal və göstərişləri çatdıran üsul və vasitələrin vahid sistemi nəzərdə tutulur.

       Bu sistemə mərkəzləşdirilmiş xəbərdarlıq aparatları, radio-yayım (translyasiya) şəbəkəsi və sirenalar daxildir. Sistemin əsas vəzifəsi MM-in rəhbər heyətinə, qərargahlar və xidmətlərə idarəetmə orqanlarını, MM qüvvələrini, obyektləri müxtəlif hazırlıq səviyyələrinə keçirmək haqqında sərəncamları vermək, eləcə də bütün əhaliyə düşmən hücumu təhlükəsi, yaxud havadan basqın, zəhərlənmə, təbii fəlakət və qəzalar barədə siqnalları, xəbər və məlumatları qısa müddətdə çatdırmaqdır.

       Xəbərdarlıq müvafiq MM rəhbərinin, yaxud yuxarı qərargahın göstərişlərinə əsasən təşkil edilir. Xəbərdarlıq siqnalları bütün rabitə və yayım vasitələri ilə növbədənkənar verilir və yerli MM qərargahları tərəfindən təkrar etdirilir.

 

 

2-ci tədris sualı: Rabitənin və xəbərdarlığın təşkilində

MM qərarğahlarının rolu.

       Qərarğah bütün mühafizə işlərinin təşkilatçısı, mülki müdafiənin əsas idarəetmə orqanıdır. Etibarlı rabitə sisteminin yaradılmasına və xəbərdarlığın vaxtında təşkil edilməsinə məhz qərarğah cavabdehdir. Bu, onun ən vacib vəzifələri sırasına daxildir.

       Qərarğah rabitəni və xəbərdarlığı MM rəhbərinin qərarı və yuxarı qərarğahın rabitə haqqında sərəncamı əsasında təşkil edir. Rabitənin təşkilinə ümumi rəhbərlik şəxsən MM qərarğahının rəisinə həvalə olunmuşdur.

       O özünün tabeliyindəki rabitə qüvvələri və vasitələrinin vəziyyətini və imkanlarını bilməyə, rabitənin təşkili üzrə vəzifələri vaxtında müəyyənləşdirməyə və tabelikdə qərarğahlara, qüvvələrə rabitənin yaradılması barədə sərəncam verməyə borcludur.

       Rabitəni və xəbərdarlığı bilavasitə təşkil etmək və həyata keçirməkdən ötrü şəhərlərdə (rayonlarda, obyektlərdə) sülh dövründə mövcud olan müvafiq qüvvə və vasitələrdən istifadə etməklə rabitə xidməti və hərbiləşməmiş rabitə dəstələri yaradılır. Xidmətin rəisi vəzifəsinə-bazası əsasında xidmət yaradılan müəssisənin, bölmənin (rabitə qovşağı, telefon stansiyası və s.) rəhbəri təyin olunur. Belə xidmət yaratmaq üçün baza (rabitə qovşağı, telefon stansiyası və s.) olmayan obyektlərdə rabitə və xəbərdarlığın  təşkil vəzifəsi MM qərargahı rəisinin köməkçilərindən birinə həvalə edilə bilər. Xidmətin rəisi rabitə və xəbərdarlıq üzrə tədbirlərin planlaşdırılması, vaxtında həyata keçirilməsi, qüvvə və vasitələrin daim hazır saxlanması, avadanlığın təmir olunması üçün cavabdehdir.

3-cü tədris sualı: Rayonda və obyektdə rabitənin və

xəbərdarlığın təşkili

        Şəhərin (rayonun) ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna bütün mövcüd qüvvə və vasitələri, o cümlədən də dolayı rabitə xətlərini bir mərkəzdə (MM rabitə xidmətlərində) cəmləşdirmək onlara rəhbərliyi mərkəzləşdirilmiş halda planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks halında istifadə etməklə nail olmaq mümkündür.

       Şəhərin (rayonun) rabitə xidməti imkan verməlidir ki, MM rəhbərləri öz idarəetmə məntəqələrindən tabelikdəki təşkilatların və MM xidmətlərinin başçıları ilə yuxarı və qarşılıqlı fəaliyyət gösrən MM qərargahları ilə, eləcə də ərazi MM dəstələrinin komandirləri kəşfiyyat orqanları, əhalini köçürmə (qəbuletmə), nəqliyyata mindirmə (düşürmə) məntəqələri ilə etibarlı əlaqə saxlaya bilsin, həmçinin, hər cür təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün əhalini vaxtında xəbərdar etmək mümkün olsun.

       Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda) olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə qovşağını (rabitə vasitələrini) və MM dəstələrinin rabitə vasitələrini özündə cəmləşdirir.

       İri müəssisələrin rabitə qovşaqlarında adətən, istehsalat avtomat-telefon stansiyası (İATS), radioyayım qovşağı, texnoloji rabitə xətləri (sexlərlə, şöbələrlə dispetçer rabitəsi) olur.

       Obyektlərin idarəetmə məntəqələrindəki rabitə qovşağında isə kommutator (telefon stansiyası), radiorabitə vasitələri (əsasən ultraqısadalğa radiostansiyaları), siqnal vasitələri, vacib obyektlərdə isə həmçinin son bloku xəbərdarlıq aparaturu olmalıdır.

       MM qüvvələrinin rabitə vasitələri-müxtəlif tipli telefon aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansiyalarından və tabel üzrə verilən digər avadanlıqdan ibarətdir.

       Müəllim qeyd edir ki, obyektlərdə də rabitənin adları çəkilən bütün dörd növündən aşağıdakı qaydada istifadə olunur:

       Məftilli rabiətə – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə: obyektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə rəisləri və obyektin MM xidmətləri ilə əlaqə saxlamaq mümkündür.

       Radiorabitə – obyektdə, adətən MM rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.

       Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda – əsas rabitə növü kimi istifadə edilir.

       Siqnalla rabitə vasitələri – sirenalar, siqnal raketləri və bayraqcıqları həm xəbərdarlıq üsün, həm də MM-in sərəncəm və komandalarını çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir.

       Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də MM qüvvələrində rabitə qrupları və manqaları yaradılır. Bunlardan təşkilati strukturu, şəxsi heyətinin sayı və avadanlıqla təchizat normaları yuxarı MM rəhbərləri tərəfindən müəyyən edilir.

       Müəllim rabitə bölmələrinin təşkilati quruluşunu sxemlərdə izah edir, onların təchizatındakı əsas rabitə vasitələrinin nümunələrini göstərib, qısa taktiki-texniki göstəriciləri ilə dənləyiciləri tanış etdikdən sonra deyir ki, obyektin rabitə sistemi MM-in bütün fəaliyyət mərhələlərində – yəni müəssisənin daimi yerləşdiyi yerdə və xilasetmə işləri aparılan sahələrdə obyekt rəhbərini etibarlı rabitə ilə təmin etməlidir. Məsələn, müəssisənin daimi yerində MM-ə hazırlıq səviyyələrinə keçirilərkən rabitə burada əvvəlcədən düzəldilmiş idarəetmə məntəqəsindən təşkil edilir.

       Məntəqədə aşağıdakı rəbitə vasitələri olmalıdır:

- obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar;

- nazirliyin (şirkətin) eləcə də rayonun (şəhərin) MM qərargahı digər təşkilatları ilə   

   telefon rabitəsi;

- müəssisənin sığınacaqları, «Hava həyacanı» siqnalı üzrə işini dayandırmayan  

     sexləri, eləcə də MM qüvvələri, o cümlədən də müşahidə postu ilə bilavasitə,  

     yaxud, obyektdəki ATS vasitəsilə telefon rabitəsi;

- rayonun köçürmə (qəbuletmə), toplanış, nəqliyyata mindirmə (düşürmə)   

     məntəqələri ilə – şəhərin ATS-i vasitəsilə telefon rabitəsi;

- obyektin şəhərdənkənar zonadakı operativ qrupu ilə sifariş sistemi qaydasında

      telefon rabitəsi;

- yerli MM qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə radio rabitəsi.

        Digər hallarda da rabitənin müxtəlif növlərindən kompleks surətdə istifadə edilir. Sonra müəllim xəbərdarlığın təşkili sxemini izah edir.

 

4-cü tədris sualı: Xəbərdarlıq siqnalları və davranış qaydaları

        MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir:

        Xəbərdarlıq siqnallarının həm respublika MM idarəsi tərəfindən verilib, regional şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri tərəfindən verilə bilər. Birinci halda – respublika MM idarəsindən, yaxud onun regional şöbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.

       Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir.

       Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərindən müvafiq MM rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır.

       İstehsal, sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə paralel nazirliyin MM qərargahları xəbər verirlər. Obyektlərdə isə öz növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir.

       Xəbərdarlıq sxemi obyektdə rəhbər heyətin, MM qüvvələrinin və digər işçilərin iş və işdənkənar vaxt xəbərdar edilməsi qaydasını müəyyən edən sənəddir.

       Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin MM-ni mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem obyektin özündə də yaradıla bilər.

       Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (MN-MÇA) və rabitə xətlərindən (kanallarından) ibarətdir.

       S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən eşidilir. S-28 sirenası isə sənaye müəssisələrinin səs-küylü sexlərində qoşulur. Məsafədən idarəetmə və məcburi çağırmış P-160 aparaturu elektrik sirenalarının mərkəzdən işə qoşulmasını, xəbərdarlıq siqnalları vermək üçün radioyayım qovşağı proqramının məsafədən məcburi surətdə dəyişdirilməsini, eləcə də rəhbər heyətin iş və mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin edir.

        Aparatura saz telefon şəbəkəsinin danışlıq gedən və ya baş xətləri üzrə işləyir.

        Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, obyektlərdə təhlükə yarandığı barədə «Hamının diqqətinə!» xəbərdarlıq siqnalını əhaliyə çatdırmağın vahid sistemi yaradılır.

       Sonra müəllim qeyd edir ki, təbii fəlakət və qəza baş verən, yaxud, belə təhlükə yaranan hallarda, habelə düşmən basqını barədə əhalini xəbərdarlığın əsas üsulu radio və televiziya vasitəsilə şifahi xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı elan edilməlidir. Müəllim əldə olan xəbərvermə vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar yazılmış maqnitofon lentindən, vallardan istifadə etməklə siqnalı, eləcə də «Hava həyəcanı», «Hava həyəsanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təhlükəsi», həmçinin müxtəlif təbii fəlakət və istehsalat qəzaları barədə xəbərlərin məzmununu dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarını imkan dairəsində izah edir.

        Sonra o, qeyd edir ki, təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həmçinin lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.

       Lokal xəbərdarlıq sisteminin quraşdırılması sxemi və iş prinsipi, məsələn, kimyəvi təhlükəli müəssisələrdə belə ola bilər: kimyəvi təhlükəli obyektin radiotranslyasiya (radioyayım) qovşağı-buradan yaşayış məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə vasitələri – elektrik sirenaları, küçələrdəki səsucaldan cihazlar və mənzillərdəki radio reproduktorlar. Burada elektrik sirenaları ancaq «Hamının diqqətinə!» siqnalını vermək, küçə və mənzil radio reproduktorları isə hadisə şifahi xəbər və məlumatları, eləcə də davranış qaydalarını elan etmək üçündür.

        Təhlükə barədə siqnal və məlumatlar obyektin radioyayım qovşağından ya bilavasitə, ya da şəhərin (rayonun) mərkəzi radioyayım qovşağı vasitəsilə verilə bilər. Güclü qəzalar zamanı şəhərin lokal xəbərdarlıq sistemi ilə əhatə olunmamış rayonlarda əhalini xəbərdar etmək və onların zəhərli zonaya girməsinin qarşısını almaq məqsədilə səs ucaldan səyyar vasitələrdən də istifadə etmək mümkündür.

        Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon stansiyalarında quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çatdırmaq daha məqsədə uyğundur.

        Müəllim izah edir ki, lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir: «kimyəvi təhlükəli obyektdə güclü, təsirli, zəhərli maddələrin ətrafa yayılması ilə baş verən qəza hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında birtipli təlimat» mövcuddur. Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar yaranarkən müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin 2.5 km-dək radiusda yerləşən digər müəssisələrin, idarə və təşkilatların rəhbərlərinə, eləcə də əhaliyə xəbər vermək üçün müstəqil olaraq qərara gəlmək səlahiyyətinə malikdir. Deməli, o, belə hallarda heç bir əlavə göstəriş gözləmədən müəssisənin rəhbərliyinə, işçilərinə, qəza xidmətlərinin (qazdan xilasetmə, yanğınsöndürmə, tibb xidmətlərinin) növbətçilərinə MM qüvvələrinə, digər idarə və təşkilatların rəhbərlərinə yerli hökumət orqanlarına, şəhərin (rayonun) fövqəladə hallar komissiyası və MM qərargahlarının növbətçisinə, habelə əhaliyə xəbər verməlidir. MM qərargahı əvvəlcədən yazılmış siqnalı və xəbərlərin mətnlərini texniki vasitələrlə elan edərək, bundan sonrakı davranışı nizama salır. Adətən, xəbər və göstərişlərin mətnlərini proqnoz məlumatları əsasında müxtəlif variantlarda tərtib edib qərargahların operativ növbətçilik otaqlarında saxlayırlar.

 

        Məşğələyə yekun vurulması (məşğələnin araşdırılması).

 

        Mülki Müdafiə İdarəsi idarəetmə prosesində məlumatların toplanması və sistemləşdirilməsi, sərəncamların, siqnalların tez və dəqiq çatdırılması üçün texniki vasitələrdən geniş istifadə etməyə çalışmalıdır. Kiçik şəhərlərin, kənd rayonlarının və obyektlərin MM qərargahlarında bu məqsədlə vahid formalı formalaşdırılmış sənədlərdən, operativ vəziyyətin dəyişməsi, göstərilən maqnit əsaslı iş xəritəsindən kodlaşdırılmış danışıq və siqnal cədvəllərindən, zəhərlənmə zonaların xəritələrdə qeyd etmək üçün şablonlardan, müxtəlif sənədlərin blanklarından və idarə prosesini sürətləndirən digər sadə vasitələrdən istifadə olunur.                                         

Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili.

        FH komissiyası Respublikanın inzibati-ərazi bölgüsünə və sahə idarəetmə orqanlarının strukturuna müvafiq olaraq ərazi üzrə respublikanın şəhər, rayon və digər yaşayış məntəqələrini, istehsalat sahələri üzrə bütün nazirlikləri, baş idarələri və hər cür sosial obyektlərini əhatə edir: 1) rəhbər orqanlar; 2) gündəlik idarəetmə orqanları; 3) ətraf mühitə və təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr: fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün qüvvə və vasitələr: rabitə və xəbərdarlıq sistemi və digər lazımi maddi-texniki vəsaitlər müəyyən edilmişdir.

        Komissiyanın əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  1. Fövqəladə halların qarşısını almaq və onların nəticələrini zəiflətmək məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək;
  2. Ətraf mühitə və təhlükə potensialı obyektlərdə daimi müşahidə və nəzarətin təşkil edilməsi, fövqəladə hallarda baş verə biləcək vəziyyətin proqnozlaşdırılması və qiymətləndirilməsi;
  3. Fövqəladə hallar yaranarkən idarəetmə orqanlarının, qüvvə və vasitələrin fəaliyyət göstərməyə daim hazır olmasını təmin etmək;
  4. Fövqəladə hallara qarşı profilaktika tədbirləri görmək, qüvvə və vasitələri saxlamaq və təchiz etmək, xilasetmə işləri aparmaq və zərər çəkmiş əhaliyə yardım göstərmək üçün lazımi maliyyə, maddi-texniki vəsait ehtiyatları yaratmaq;
  5. Fövqəladə hallar ehtimalı barədə xəbər və məlumatlar toplamaq, elə halların nəticələrinin aradan qaldırılmasına kömək göstərmək, sahəsində digər rayonların, regionların fövqəladə komissiyaları ilə qarşılıqlı fəaliyyəti təşkil etmək;
  6. Fövqəladə hallar yaranərkən və onların nəticələri aradan qaldırılarkən fəaliyyətə rəhbərlik etmək və s.

        Fövqəladə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sisteminin gündəlik idarəetmə orqanları aşağıdakılardan ibarətdir:

  1. Fövqəladə hallara görə bütün səviyyədən onlar ərazi komissiyalarının növbətçi xidmətləri (deməli, bütün komissiyalar yanında növbətçi xidmətlər olmalı, onlar fəaliyyətə daim hazır halda saxlanmalıdır);
  2. Nazirliklərin, baş idarələrin, sənaye və sosial təyinatlı obyektlərinin növbətçi-dispetçer xidmətləri (belə xidmətlər təhlükə potensiallı bütün obyektlərdə olmalıdır);
  3. Bütün səviyyədən olan Mülki Müdafiə qərargahları;
  4. Respublikanın əhəmiyyətli xilasetmə qüvvələrinin və digər qüvvələrin növbətçi xidmətləri.

        Beləliklə, fövqəladə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət sisteminin rəhbər orqanları (komissiyalar) və saydığımız bu gündəlik idarəetmə orqanları onun idarəetmə sistemini təşkil edir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı