AZ RU EN WEBMAIL
1 saylı məşğələnin PLAN-KONSPEKTİ

“Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin

Mülki Müdafiə Rəhbəri-

Rektor _______________ prof. G.Ç.Gəraybəyli

“ 05 ” yanvar 2017-ci il

 

  

MM qüvvələrinə cəlb olunmayan əməkdaşlar ilə keçiriləcək

1 saylı məşğələnin

PLAN-KONSPEKTİ

Mövzu: Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri. Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası  vətəndaşlarının hüquqları (MM haqqında qanun-maddə 8,9).

 

Tədrisin məqsədi: Dinləyicilərə “Mülki Müdafiənin” mahiyyətini çatdırmaq, onlara Qanundakı vəzifə və hüquqlarını bildirmək

 

Keçirildiyi yeri:  Tədris sinfi

 

Vaxt: 1 saat.

 

Tədris sualları və təxmini vaxt bölgüsü:

 

Dinləyicilərin məşğələyə hazırlığının yoxlanılması - 5 dəq.

 

1- ci tədris sualı: Beynəlxalq Mülki Müdafiə Təşkilatı haqqında qısa məlumat – 15 dəqiqə;

 

2-ci tədris sualı: “Mülki Müdafiə Haqqında” Azərbaycan Respublikası Qanunu haqqında qısa məlumat - 10 dəqiqə;

 

3-cü tədris sualı: Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri. Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları (MM haqqında qanun-maddə 8,9) – 10 dəqiqə;

 

Məşğələyə yekun vurulması 5 dəqiqə.

 

Ədəbiyyat: 1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının  qanunu

                         2) H. Ocaqov. «Mülki Müdafiə»

 

Əyani vəsait:     Videoproyektor, stendlər və s.

 

1-ci tədris sualı: Beynəlxalq Mülki Müdafiə Təşkilatı

     1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı fransız Corc Sant-Pol “Cenevrə regionu Assosiasiyası” təşkilatını yaradır, sonralar o, Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrilir.

     “Cenevrə regionu” anlayışı altında müharibə zamanı əhalinin bəzi kateqoriyalı üçün (qadınlar, uşaqlar, xəstələr və qocalar) sığınacaq tapa biləcək neytral zona, yaxud açıq şəhər nəzərdə tutulurdu.

     “Cenevrə regionu”nun əsasını qoyanların məqsədi bu idi ki, bütün ölkələrdə hələ sülh dövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında qəbul edilmiş təhlükəsizlik zonaları və ya rayonları yaradılsın. Corc Sant-Pol bu fikri hələ 1929-cu ildə irəli sürmüşdü. Sonra bu ideya onun məqsədlələrində və müxtəlif konfranslardakı çıxışlarında daha geniş açıqlanmışdır. 1936-cı ildə “Cenevrə regionu Assosiasiyası”nın təşəbbüsü ilə Fransa parlamenti bu məsələ üzrə qərar qəbul etdi. Qərarda Millətlər Cəmiyyətinə təklif olunurdu ki, hərbi münaqişələr zamanı qorunmaq üçün hər bir ölkədə Millətlər Cəmiyyəti ilə razılaşdırılmış və təsdiq edilmiş qaydada müvafiq rayon, yer və zona yaradılması üçün imkanları öyrənsin.

     1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevrəyə köçürülmüş və müharibə dövründə mülki əhalinin və tarixi abidələrin mühafizəsi üzrə Beynəlxalq assosiasiya adı ilə yenidən qurulmuşdur. Generalın dostu və məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq etmiş, onun Baş Katibi olmuşdur. Məhz Henri Corcun təşəbbüsü ilə Assosiasiya tərəfindən 1936-cı ildə İspaniyada baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün- Madriddə və Bilbaoda, 1937-ci ildə Yaponiya və Çin münaqişəsində -Şanxayda bitərəf zona yaradıldı, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirildi.

     İkinci dünya müharibəsi zamanı döyüşən tərəflərdən heç biri ölkənin xeyrinə təhlükəsiz zona yaradılmasına razılıq vermirdi. Hələ Corc Sant-Pol öz məqalələrində dəfələrlə qeyd etmişdir: “Müharibəyə qədər, düşmən hücumunun başlanmasına qədər əhalinin vəziyyətini necə yüngülləşdirməyi müəyyən etmək vacibdir... Müharibə başlanandan sonra bu mümkün olmur”. O, diqqəti ən vacib məsələyə: müharibənin qarşısının alınmasına cəlb edirdi. Sonralar bütün sahələrdə əhalinin mühafizəsi ilə bağlı bu ideyalar onun ardıcılları tərəfindən davam və inkişaf etdirilmişdir. Henri Corc   1947-ci ildə “ Müasir müharibə və mülki əhalinin mühafizəsi” adlı kitabını “Müharibə zamanı, yaxud hərbi münaqişə dövründə mülki əhalinin və tarixi abidələrin qorunması üzrə Beynəlxalq Assosiasiyanın nəşri” qeydi ilə dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada “Cenevrə regionu” adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın layihəsi öz əksini tapmışdı. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin avqustunda çağrılan Cenevrə diplomatik konfransı sənədlərinin əsasını təşkil etdi. Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı və müharibə dövründə mülki əhalinin qorunması ilə əlaqədar dördüncü konvensiya qəbul olundu. Əgər “Cenevrə regionu” üzrə konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və qocaların mühafizəsi üzrə yararlı olan, tarixi və bədii dəyərlərə (abidələr, hətta şəhərlər) malik böyük zonalar yaratmaq nəzərdə tutulurdusa, indi diplomatik konfrans bu layihəni iki hissəyə böldü. Konfransda yaralı və xəstə əsgərlər üçün “Qırmızı Xaç” emblemi ilə mühafizə olunan hospital zonası və rayonu yaradılması təsdiq edildi və əlavə olundu ki, müharibə zamanı yaralanan mülki əhali üçün, eləcə də xəstələr, qocalar, əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar və rayonlar yaradılmalıdır. Həmin təhlükəsiz zonalara ağ fonda maili qırmızı xətlər olan nişanlar qoyulur. Ağ fon üzərində iki qırmızı xətt olan “Cenevrə regionu”nun emblemi indi Beynəlxalq Mülki Müdafiə Təşkilatının emblemində öz əksini tapmışdır.

     1954-cü ildə Berlində müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonalar və açıq rayonlar yaradılması məsələsi ilə əlaqədar Beynəlxalq Konfrans çağrıldı. Bu BMMT tarixində Mülki Müdafiə üzrə ilk Ümumdünya Konfransı idi.

Mülki Müdafiə üzrə ikinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağrıldı. Konfrans iştirakçıları qərara aldılar ki, “Cenevrə regionu” Beynəlxalq Assosiasiyası əhalinin və ətraf mühitin mühafizəsi ilə bağlı olan bütün məsələlərdə öz fəaliyyətini genişləndirsin və assosiasiyanı mülki müdafiə problemləri üzrə Beynəlxalq təşkilata çevirsin.

1958-ci ilin yanvarında “Cenevrə regionu” Beynəlxalq Assisiasiyası (qeyri hökumət təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrildi. Yeni statuslar ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyəti verdi. Təşkilatı vəzifələri də əhəmiyyətli dərəcədə genişləndirildi, qaçqınlar üçün təhlükəsiz zonalar yaradılması sahəsində öz işini davam etdirməklə yanaşı təşkilata həvalə edildi ki, milli Mülki Müdafiə orqanları ilə əlaqələr yaratsın, mühafizə sahəsində tədqiqat işləri aparılmasına nail olsun, əldə edilən müsbət təcrübənin yayılmasını təşkil etsin, fəlakətlərin qarşısının alınması sahəsində görülən işləri əlaqələndirsin.

BMMT-nın yeni statusuna müvafiq olaraq 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağrıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak edirdi. Onların arasında bu təşkilata üzv olmaq barədə ilk qərar qəbul edən  3 ölkənin: Misirin, İranın və Filippinin nümayəndələri var idi. Konfransın gündəliyinə: atmosferin radioaktivliyi (fonu), müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, mülki müdafiə işçilərinin Beynəlxalq statusu, mədəni irsin qorunması kimi məsələlər daxil edilmişdir.

Beynəlxalq MM Təşkilatı Baş Məclisinin qərarı ilə 1972- ci ildən etibarən hər il       1 mart bütün ölkələrdə Ümumdünya MM günü kimi qeyd edilir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

 

2-ci tədris sualı: “Mülki Müdafiə Haqqında” Azərbaycan Respublikası

Qanunu haqqında məlumat

“Mülki Müdafiə Haqqında” Qanun 420-1Q nömrəsi ilə 30 dekabr 1997-ci ildə qəbul edilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 700 saylı  18 aprel 1998-ci il tarixli fərmanı ilə tətbiq edilmişdir.

“Mülki Müdafiə Haqqında” Qanun 21 maddədən ibarətdir:

  1. Əsas anlayışlar;
  2. Mülki müdafiə haqqında qanunvericilik;
  3. Mülki müdafiənin təşkil edilmə prinsipləri;
  4. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
  5. Mülki müdafiənin məqsədi;
  6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri;
  7. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri;
  8. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri;
  9. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları;
  10. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması;
  11. Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği;
  12. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti;
  13. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin hüquqi və sosial müdafiəsi üçün təminatlar;
  14. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi;
  15. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası;
  16. Mülki müdafiənin əmlakı;
  17. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlərin maliyyələşdirilməsi;

            Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin səbəb və nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərin maliyyəşdirilməsi;

  1. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vasaitləri ehtiyatının yaradılması;
  2. Mülki müdafiə sahəsində maddi-texniki təminat;
  3. Mülki müdafiə sahəsində fəaliyyətin qanuniliyinə nəzarət;
  4. Vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti.

 

3-cü tədris sualı: Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri. Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları (MM haqqında qanun –maddə 8,9)

 

Bu sual dinləyicilərə “Mülki Müdafiə Haqqında” qanunda olduğu kimi çatdırılır:

Maddə 8. Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri.

Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri  vardır:

1)    mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə   

əməl etmək;

2)    fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;

3)    föbvqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;

4)    fövqəladə hadisələr  zamanı müəyyən  olunmuş davranış qaydalarına əməl etmək;

5)    ilk tibbi yardım göstərilməsi  qaydalarını öyrənmək və onu tətbiq  etməyi bacarmaq;

6)    mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;

7)    baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;

8)    mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.

 

Maddə 9.  Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları.

Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:

1)    fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;

2)    fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;

3)    fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırmasında müəyyən olunmuş qaydada iştirak etmək;

4)    mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət etmək  və ya yazılı təkliflər vermək;

5)    fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq;

6)    fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər alamq.

Bu maddənin birinci hissəsinin 6-cı bəndində nəzərdə tutulan müavinətlərin növləri və məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı