AZ RU EN WEBMAIL
8 saylı məşğələnin PLAN-KONSPEKTİ

 “Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin

Mülki Müdafiə Rəhbəri-

Rektor _______________ prof. G.Ç.Gəraybəyli

“ 05 ” yanvar 2017-ci il

 

  

MM rəhbər heyəti ilə keçiriləcək

8 saylı məşğələnin

PLAN-KONSPEKTİ

Mövzu: Obyektdəki mülki müdafiə qurğuları, onların avadanlığı, saxlanılması,  istifadə olunması və istismarı.

 

Tədrisin məqsədi: Dinləyicilərin mülki müdafiənin mühəndis mühafizə qurğuları, onların fondunun yaradılması yolları, xüsusi avadanlıqları, onun istismarı qaydası, dinc dövrdə qurğuların saxlanılması, istismar edilməsi,adamların qəbulu üçün hazır vəziyyətə gətirilməsi və zədələnmələrin aradan qaldırılması qaydaları ilə tanış etmək.

Vaxt: 1 saat.

 

Tədris sualları və təxmini vaxt bölgüsü:

 

Dinləyicilərin məşğələyə hazırlığının yoxlanması 5 dəq.

 

1-ci tədris sualı: Mühəndis mühafizə qurğuları:, sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar, sadə daldalanacaqlar-10 dəq.;

 

2-ci tədris sualı: Mühafizə qurğularının xüsusi avadanlığı, onun istismar qaydası –10 dəq.;

 

3-cü tədris sualı: Dinc dövrdə sığınacaqların saxlanılması, onların istismar edilməsi və adamların qəbulu üçün hazır vəziyyətə gətirilməsi qaydaları- 10 dəq.;

 

4-cü tədris sualı: Sığınacaqlarda zədələnmələrin aradan qaldırılması- 10 dəq.

 

Məşğələyə yekün vurulması 5 dəq.

 

Ədəbiyyat:   1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanunu

                     2)  Kammerer «Mülki Müdafiə qurğuları»

Əyani vəsait: Videoproyektor, prezentasiyalar, stendlər.

Əyani vəsait: Videoproyektor, prezentasiyalar, stendlər.

 

1-ci tədris sualı: Mühəndis mühafizə qurğuları

       Dərsin əvvəlində müəllim izah edir ki, mülki müdafiəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan dövlət büdcəsi və yerli büdcələrin vəsaiti hesabına avadanlıq və rabitə vasitələri ilə təchiz edilmiş binalara və qurğulara mülki müdafiənin daşınmaz əmlakı deyilir.

       Düşmənin hava hücumu zamanı mühafizə olunmağın üsullarından biri də adamların mühafizə qurğularında daldalanmasıdır. Mühafizə qurğularına kollektiv mühafizə vasitələri də deyilir. Bunlar bir qrup adamın birgə, kollektiv halında qorunması üçündür. Qoruyucu xassələrinə, istifadə edilməsi məqsədinə görə mühafizə qurğularının müxtəlif növləri olur.

       Böyük şəhərlərdəki sığınacaqlar adamları hər cür silahların bütün təsirindən qoruya bilir.

       Kənd yerlərindəki radiasiya əleyhinə daldalanacaqları isə adamları əsasən radioaktiv zəhərlənmədən, eləcə də düşmənin top-mərmi atəşlərinin təsirindən qorumaq üçündür.

       Bunlardan əlavə evlərin zirzəmilərində, binaların yeraltı hissələrində, xüsusi olaraq düzəldilən üstü örtülmüş və ya açıq xəndəklərdə və s. belə yerlərdə gizlənmək və qismən mühafizə olunmaq mümkündür.Bunlara sadə daldalanacaqlar deyilir. Belə daldalanma yerləri xüsusən sərhədboyu rayonlarda hər bir ailə üçün olmalıdır.

 

2-ci tədris sualı: Mühafizə qurğularının xüsusi avadanlığı, onun

istismar qaydası.

       Sığınacaq adətən, adamlar yerləşən əsas otaqlardan və yardımçı otaqlardan ibarət olur. Əlavə sığınacaqda tambur (dəhliz), ventilyasiya (havadəyişmə), su təchizatı, kanalizasiya, elektrik təchizatı və qızdırma sistemləri olur.

Dəhliz (tambur) sığınacağın giriş yolunun qarşısında düzəldilir. Bu, qurğuya girib-çıxarkən onun adamlar yerləşən otaqlarına çöldən zəhərli hava keçməsinin qarşısını almaq üçündür. Dəhlizdə iki qapı düzəldilir: çöl qapıya qoruyucu-kipləşdirici, içəri qapıya isə kipləşdirici qapı deyilir. Çöldəki hava zəhərli olarkən sığınacaqdan çıxmaq lazım gəldikdə, adamlar əvvəlcə dəhlizə çıxaraq kipləşdirici içəri qapını çəkib kip örtməli, ancaq sonra qoruyucu çöl qapıdan dəhlizə çıxmalıdır, yəni binaya girib-çıxarkən hər iki qapını eyni zamanda açmaq olmaz.

Sığınacağın qəza (ehtiyat) çıxış yolunun ağzında da qoruyucukipləşdirici qapaqlar düzəldilir.

       Dinləyicilər sığınacağın ventilyasiya sistemi ilə tanış edilərkən müəllim onlara havaçəkən tərtibatı, soyuducu və qazəleyhinə süzgəclərin yerini, süzücü-ventilyasiya aqreqatının, havapaylayıcı və havasorucu tərtibatları və sistemin digər avadanlıqlarını göstərib onların təyinatını qısa izah edir.

       Havaçəkən tərtibatlar – çöldən havanı sorub süzgəclərəsüzücü-ventilyasiya aqreqatına vermək üçündür. Sığınacaqda adətən iki belə tərtibat olur.

       Əsas tərtibatın havaçəkən kanalı – qəza çıxış yolunda, ehtiyat tərtibatındakı isə qoruyucu-hermetik klapanla birlikdə pilləkən meydançasında yerləşdirilir.

Tozəleyhinə süzgəclərin təyinatı – sığınacağa verilən havanı radioaktiv tozdan təmizləməkdir.

       Süzücü-ventilyasiya aqreqatı – çöldən havanı çəkmək, hər cür zəhərli maddələrdən təmizləyib otaqlara vermək və içəridə çöldəkinə (atmosfer təzyiqinə) nisbətən bir qədər artıq təzyiq yaratmaq üçün nəzərdə tutulub. Aqreqatın ən əsas hissələri klapanlar, baraban formalı uducu süzgəclər, elektrik-əl ventilyatorudur.

Süzücü-ventilyasiya aqreqatı əsasən iki rejimdə işləyə bilər: təmiz ventilyasiya rejimində – çöldən təmiz havanı içəriyə sormaq üçün və süzücü-ventilyasiya rejimində – çöldəki zəhərli havanı süzgəclərdə təmizləyib içəriyə sormaq üçündür.

Havapaylayıcı tərtibat – təmiz havanı sığınacağın otaqlarına verən nazik divarlı borular sistemindən ibarətdir.

       Havasorucu tərtibat – işlənmiş havanı sığınacaqdan kənar edən qurğudur.

       Bundan sonra sığınacağın su təchizatı, elektrik təchizatı, kanalizasiya və istilik sisteminin avadanlıqları da bu qayda üzrə dinləyicilərə göstərilib izah edilir.

İçməli və digər ehtiyaclar üçün su, sığınacağa su kəmərindən verilir, həm də burada xüsusi qablarda su ehtiyatı saxlanılır.

       Sığınacağın otaqlarını işıqlandırmaq üçün akkumulyatorlardan və digər vasitələrdən istifadə edilir.

       Əsas otaqlarda adamlar oturmaq üçün kürsülər və növbə iə uzanmaq üçün 2-3 mərtəbəli taxtlar olur.

       Sığınacağa həmçinin reproduktor, telefon qoyulur, yanğın söndürən avadanlıq, qəza işləri üçün alətlər və s. yerləşdirilir.

       Radiasiya daldalanacaqlarının daxili avadanlığını plakatda göstərərkən müəllim izah edir ki, hər bir daldalanacaq, adətən, adamlar oturan əsas otaqdan, dəhlizdən giriş yerindən ibarət olur.

       Əsas otaqda havanın dəyişdirilməsi üçün süzgəcli-sorucu tərtibat düzəldirlər. Burada da adamların oturması üçün skamya və taxtlar yerləşdirirlər: bunların sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Ərzaq məhsullarını və su qablarını saxlamaq üçün sığınacağın divarlarında rəflər də düzəldirlər.

       Bundan sonra müəllim, dinləyiciləri sadə daldalanacaqların mövcud olan müxtəlif növləri ilə tanış edir.

       Plakatdan istifadə edərkən deyir ki, bunlar gördüyünüz üstü açıq xəndəklərdən, üstü örtülü səngərlərdən, həmçinin havadan basqın zamanı müvəqqəti qorunmaq üçün yararlı olan digər tikililərdən və yerlərdən ibarətdir. Onlar ancaq mühafizə üçün yardımçı vasitə sayılır, çünki belə yerlər adamları zəhərləyici və radioaktiv maddələrdən mühafizə edə bilmir.

       Belə daldalanacaqlar əsas kollektiv mühafizə vasitələri kifayət qədər olmayan hallarda qısa müddətdə düzəldilməlidir.

 

3-cü tədris sualı: Dinc dövründə sığınacaqların saxlanılması, onların

istismar edilməsi və adamların qəbulu üçün hazır vəziyyətə

gətirilməsi qaydaları.

 

       Mühafizə qurğularından sülh dövründə istifadə edilməsi.

       Sığınacaqların xalq təsərrüfatının ehtiyacı üçün istismar, istifadə edilməsi, saxlanılmasına nəzarət və yoxlanması üçün aşağıdakı metodiki məsləhətlər verilir.

       Ümumi məlumat.

       Mühafizə qurğularının vəziyyətini yoxlayarkən «Tikilib istifadəyə verilmiş mühafizə qurğularının qəbul edilməsi və onlardan dinc quruculuq dövründə istifadə edilməsi» 3.01.09.84 SN i P (inşaat normaları və qaydaları) sənədinin tələbləri, o cümlədən «Mühafizə qurğularının müharibə (hərbi) dövründə istismar edilməsi» təlimatından irəli gələn tələblər gözlənilməlidir. Bununla əlaqədar olaraq əsas diqqət mühəndis texniki qurğuların saxlanması, istismarı və hazır vəziyyətə gətirilməsi tələblərinin yerinə yetirilməsinə verilməlidir.

       Yoxlamaya daxildir:

- qoruyucu konstruksiyaların və mühafizə tərtibatlarının vəziyyəti, otaqların

   vaxtında təmiri və qurğuların texniki xidməti;

- layihə tələblərinə uyğun olaraq təsərrüfat ehtiyacı üçün otaqların istifadə

  edilməsinin icrası;

- müqaviləyə uyğun olaraq icraçılar tərəfindən mühafizə qurğusunun əhalini qəbul     

- etmək üçün hazır vəziyyətdə olması;

- mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi planının reallığı;

- texniki-istismar sənədlərinin mövcudluğu;

- mühafizə qurğularının giriş qapılarının açarlarının düzgün saxlanması;

- məsul şəxslərin öz vəzifə borclarını mənimsəməsi və əhalini sığınmaq üçün qəbul

   etməyə hazırlıq;

- sığınacağa xidmət edən dəstə və manqaların şəxsi heyəti qurğunun istismarı,

  saxlanma qanunlarının bilməsi, tabel cihazlardan və alətlərindən istifadə etmək  

  qabiliyyəti.

       Yoxlanış zamanı müəyyən olunmuş çatışmamazlıqlar və təkliflər tərtib olunmuş aktda öz əksini tapmalıdır, o cümlədən sığınacağın saxlanılmasına nəzarət jurnalında qeydiyyat aparılmalıdır.

       Sığınacaqda praktiki yoxlanış zamanı aşağıdakılara nəzarət etmək lazımdır:

- qoruyucu konstruksiyaların və mühafizə qurğularının vəziyyəti;

- qurğunun hermetikliyi və ventilyasiya sisteminin işi;

- elektrik təchizatı, su təchizatı və kanalizasiya sisteminin vəziyyəti.

       Mühafizə qurğularının saxlanılması üzrə şəxsi heyətin vəzifələri.

       Sığınacaq və daldalanacaqların saxlanılmasına cavabdeh olan müəssisə, idarə və evlər idarəsi rəhbərləri sığınacaq və daldalanacaqlara xidmət etmək üçün manqalar yaradırlar.

       Hər bir sığınacaq və ya hər bir daldalanacaq üçün 7-9 nəfərdən ibarət bir manqa təşkil edilir. Adətən, manqanın komandiri sığınacaqın komendantı sayılır.

       Komendant manqanın şəxsi heyəti ilə birlikdə sığınacağın kipliyinin yoxlanmasında iştirak edir. Sığınacağın lazımi qaydada və əhalini qəbul etmək üçün həmişə hazır vəziyyətdə saxlanmasını təmin edir, əhəlini qəbul edir, habelə buradakı bütün avadanlığın qorunub saxlanmasına və saz olmasına məsuliyyət daşıyır.

       Manqa, müəyyən olunmuş siqnal üzrə dərhal sığınacağa gəlir: komendant adamların qəbul olunması üçün sığınacaqların qapılarını açır və postlar təşkil edir.

1№-li post (ikinövbəli, gecə-gündüz növbə çəkən).

       Sığınacağın giriş yolu ağzında qoyulur. Növbətçilər xarici qapıları açır, adamlar içəri dolarkən qayda-qanuna riayət olunmasına nəzarət edir, sığınacaq adamla dolduqdan sonra və ya «Mühafizə qurğularını bağlayın!» siqnalı üzrə qapıları bağlayır və özləri içəridə qapıların yanında dururlar. Xarici qapıya «Sığınacaq doludur!» elanı asılır və ən yaxındakı sığınacaqların ünvanı göstərilir.

2№-li post (ikinövbəli, gecə-gündüz növbə çəkən).

Süzücü-ventilyasiya aqreqatını işə hazırlamağa, işə qoşmağa və onun işini tənzimləməyə, kipliyin vəziyyətinə nəzarət etməyə, qəza işıq vasitələrini yoxlamağa, qəzahavaaparıcı boruların qoruyucu-kip klapanlarını bağlamağa və ya açmağa borcludur.

       3№-li post (ikinövbəli, gecə-gündüz növbə çəkən).

       Növbətçi işıqı yandırmalı, qəza çıxış yolunun qapaqlarını, su, kanalizasiya və isitmə şəbəkələrini bağlamalıdar.

       Qəza baş verdikdə və ya sığınacaq zədələndikdə manqanın şəxsi heyəti onun aradan qaldırılmasında iştirak edir, habelə zərər çəkmiş adamlara ilk yardım göstərir.

       Mühafizə qurğusunun sənədləri.

       Mühafizə qurğusunda aşağıdakı sənədlərin olması tələb olunur:

1. Mühafizə qurğusunun pasportu.

2.  Mühafizə qurğusundan müharibə dövründə istifadə etmək üçün təlimat.

3.  Mühafizə qurğusunun saxlanılmasına nəzarət jurnalı.

4.  Mühafizə qurğusunun planı.

  1. Mühafizə qurğusunda olan avadanlığın, alətlərin və əmlakın siyahısı.
  2. Hava təminatının istismar sxemi.
  3. Enerji təminatının istismar sxemi.
  4. Su təminatının və kanalizasiya sisteminin istismar sxemi.
  5. Dizel elektrik stansiyasına xidmət etmək üçün təlimat.
  6. Süzücü-ventilyasiya avadanlığına xidmət etmək üçün təlimat.
  7. Fərdi mühafizə vasitələrindən istifadə etmək üçün təlimat.
  8. Mülki Müdafiə xəbərdarlıq siqnalları.
  9. Telefonların siyahısı.
  10. Mühafizə qurğusunda mikroiqlimin və havadakı qaz tərkibinin göstəricilərinin qeydiyyat jurnalı.
  11. Yaranmış radioaktiv, kimyəvi, bakterioloji zəhərlənmə zonalarında əhalinin davranış qaydalarını və mühafizə qurğularından istifadə müddətlərini təyin edən proqnoz cədvəlləri, mühafizə rejimləri.
  12. Zədələyici ocaqlardan əhalinin köçürülməsi sxemi.
  13. Tibbi yardım üçün müraciətlərin qeydiyyat jurnalı.

 

       Mühafizə vasitələrində məşğələni keçirən zaman müəllim həmin sənədlərin nümunələrini dinləyicilərə göstərir.

       Adamların qəbulu üçün mühafizə qurğusunun hazır vəziyyətə gətirilməsi qaydası.

       Adamların daldalanması üçün mühafizə qurğusu hazırlanarkən bu işlər görülməlidir:

- mühafizə qurğusuna giriş yollarının qarşısı yığışdırılıb təmizlənir, «Giriş» işıq  

   göstəriciləri qoyulur;

-    mühafiəzə qurğusundakı otaqlardan kənar əşyalar, materiallar və s. avadanlıq   

     çıxarılıb otaqlar boşaldılır;

- otaqlara adamların yerləşdirilməsi üçün oturacaqlar, taxtlar qoyulur;

- mühafizə qurğusunun texniki şəbəkələri və avadanlığı hazır vəziyyətə gətirilir;

- qoruyucu-hermetik və hermetik qapıların, onların siyirmə tərtibatlarının sazlığı yoxlanılır;

- qəza çıxış yolunun, qoruyucu hermetik qapağın vəziyyəti yoxlanılır, çıxış yolu 

   təmizlənir;

- süzücü-ventilyasiya sisteminin, qızdırma, su, kanalizasiya, elektrik şəbəkələrinin, 

   bağlayıcı tərtibatların sazlığı yoxlanılır;

- mühafizə qurğusunun tam halda hermetikliyi yoxlanılır;

- sanitariya qovşağı açılır;

- mühafizə qurğusunda qəza su ehtiyatlarının olduğu yoxlanılır, su şəbəkəsi ümumi  

  su kəmərinə qoşulur, otaqlara içməli su çənləri qoyulur;

- mühafizə qurğusunda telefon, radioreproduktorlar qoyulur və ümumi şəbəkəyə  

  qoşulur;

- mühafizə qurğusunda lazımi cihazlar və alətlər ehtiyatı yaradılır;

- mühafizə qurğusundakı otaqların havası dəyişdirildikdən sonra giriş və çıxış  

   yolları bağlanır;

- mühafizə qurğusunda xidmət manqalarının fasiləsiz növbətçiliyi təşkil edilir;

- «Hava həyəcanı» siqnalı üzrə mühafizə qurğusunun hansı otaqlarında kimlərin  

   daldalanacağı, adamların mühafizə qurğusuna dolması və orada davranması  

   qaydaları dəqiqləşdirilir.

 

       Sığınacaqda ərzaq və dərman ehtiyatlarının yaradılması qaydası.

       Sığınacaqda, adamların qəbulu üçün hazır vəziyyətə gətirilən zaman, ərzaq və dərman ehtiyatları yaradılır.

       Ümumiyyətlə, Mülki Müdafiə sistemində belə ehtiyatların iki növü nəzərdə tutulmuşdur:

-      rayon (şəhər) icra hakimiyyəti orqanlarının ehtiyatları (əsasən, işləməyən əhalini və uşaq müəssisələrini təchiz etmək üçündür);

- təsərrüfat obyektlərinin (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) 

  ehtiyatları (bu obyektin fəhlə və qulluqçularını təmin etmək üçündür).

 

4-cü tədris sualı: Sığınacaqlarda zədələnmələrin aradan qaldırılması

       Plakatlardan istifadə edərək müəllim sığınacaqlarda baş verə bilən zədələnmələrin aradan qaldırılması barədə dinləyicilərə qısa məlumat verir.

       Uçqunlar altında qalmış sığınacaqları (daldalanacaqları) açmaq üçün görülən işlər bunlardır.

       Uçqunlar altında qalmış, xüsusən havasoran yolları zədələnmiş sığınacaq və daldalanacaqlarda orda qalan adamlar arasındakı tələfatı azaltmaq məqsədi ilə mümkün qədər tez və sürətlə açılmalıdır, çünki adamlar orada təxminən 4 saatdan artıq qala bilməzlər.

       Sığınacağa hava verilməsinin təmin edilməsi.

       Sığınacağa hava keçməsini təmin etmək üçün ilk növbədə havasoran kanalları bərpa etməyə çalışmaq lazımdır. Hava soran kanalları bərpa etmək mümkün olmadıqda (əhəmiyyətsiz uçqunlar zamanı) hava keçməsi üçün sığınacağın, daldalanacağın qapılarını aralamağa çalışmaq lazımdır. Divarları, üst örtüyü deşmək vasitəsi ilə də sığınacağa (daldalanacağa) hava vermək mümkündür.

Əsas problem sığınacağa qaz və su dolması təhlükəsinin qarşısını almaqdır.

       Yekun hissə.

       Məşğələyə yekun vurulur, dinləyicilərin suallarına cavab verilir, sonra isə keçirilən mövzu üzrə dinləyicilərin qavrama qabiliyyətini yoxlamaq üçün onlara suallar verilir, onların biliyi qiymətləndirilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı