AZ RU EN WEBMAIL
6 saylı məşğələnin PLAN-KONSPEKTİ

“Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin

Mülki Müdafiə Rəhbəri-

Rektor _______________ prof. G.Ç.Gəraybəyli

“ 05 ” yanvar 2017-ci il

  

 

MM rəhbər heyəti ilə keçiriləcək

6 saylı məşğələnin

PLAN-KONSPEKTi

Mövzu: Xəstələrin, fəhlə və qulluqçuların və onların ailə üzvlərinin köçürülməsinin təşkili. Təcili köçürülmənin yerinə yetirilmə qaydası.

 

Tədrisin məqsədi: Dinləyicilərə Fövqəladə Hallar zamanı əhaliyə köçürmənin mahiyyətini və təşkili qaydalarını öyrətmək .

 

Keçirildiyi yer: Tədris sinfi

 

Vaxt: 1 saat.

 

Tədris sualları və təxmini vaxt bölgüsü:

 

Dinləyicilərin məşğələyə hazırlığının yoxlanması – 5 dəq.

 

1-ci tədris sualı:Fövqəladə hallar zamanı köçürmənin məqsədi -10 dəq

 

2-ci tədris sualı: FH zamanı köçürmənin metod və üsulları -10 dəq

 

3-cü tədris sualı: Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili  10  dəq                  

4-cü tədris sualı: Fövqəladə hallardaköçürmə tədbirlərinin təminatı -10 dəq

 

Məşğələyə yekun vurulması 5 dəq.

 

Ədəbiyyat: 1) «Mülki Müdafiə haqqında»  Azərbaycan Respublikasının  qanunu

                    2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-cı il  

                        tarixli 193 saylı qərarı

                    3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 saylı qərarı ilətəsdiq edilmişdir “Sülh və müharibə” dövrlərindəki fövqəladə hallarda  Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında əsasnamə

Əyani vəsait:     Videoproyektor, prezentasiyalar, stendlər.

Əyani vəsait:     Videoproyektor, prezentasiyalar, stendlər.

 

1-ci tədris sualı: Fövqəladə hallar zamanı köçürmənin məqsədi             

    Köçürmə (təxliyə) – adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.

    Köçürmə tədbirləri əvvəlcədən planlaşdırılmalı və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.

    Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.

Köçürmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi tələb olunan təhlükəli rayonlara aşağıdakılar aid edilir; düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan güclü dağıntılar zonası; şəhərlərin, yaşayış məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin həndəvərində yarana biləcək radioaktiv və ya kimyəvi zəhərlənmə zonaları; ehtimal olunan təbii fəlakət, güclü istehsalat qəzası  rayonları və fəlakətli daşqın zonaları; silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlar və cəbhə ətrafı zolaqlar.

   Təhlükəsiz zona – düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.

   Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat prinsipi – fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali və orta ixtisas məktəbləri tələblərinin, texniki peşə məktəbi şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılırlar. Qalan əhali isə ərazi prinsipi üzrə – yaşayış yerlərindən köçürülür.

              

2-ci tədris sualı: FH zamanı köçürmənin metod və üsulları

   Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürülür. Qismən köçürmə zamanı isə əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində işləməyən əhali köçürülür.

   Əhalini köçürməyin əsas üsulu kombinasiyalı üsuldur; bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrində təhlükəli zonadan dərhal çıxarılır.

   Hərbi dövürdə dərəcəli şəhərlərdən, onların rayonlarından və xalq təsərrüfatı obyektlərindən köçürülən əhalinin yerləşdiriləcəyi təhlükəsiz rayonlar və ya yaşayış məntəqələri əvvəlcədən təyin edilir. Bu zaman köçürülən ərazidə işini davam etdirəcək obyektlərin fəhlə və qulluqçuların, həmçinin zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üçün qüvvə və vasitə qruplarını, mümkün qədər yaxın yaşayış məntəqələrində yerləşdirmək nəzərdə tutulmalıdır. Köçürülən əhali yerləşdiriləcək rayonlar və oraya gedən marşrutlar Azərbaycan Respublikası FHN  tərəfindən bu şəhərin (rayonların) icra hakimiyyəti başçıları ilə birlikdə dəqiqləşdirilir və hərbi komandanlıq orqanları ilə əvvəlcədən razılaşdırılır. Köçürüləcək xalq təsərrüfatı obyektlərinin və digər təşkilatların bu yaşayış məntəqələrində yerləşdirilməsi məsələsi rəsmiləşdiriləndən sonra, əhalini qəbul edəcək şəhər və rayonların icra hakimiyyəti orqanları həmin obyekt və təşkilatlara lazımi qaydada tərtib edilmiş məskunlaşma orderləri verir və əhalinin həyat təminatı məsələlərini həll edirlər.

   Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən, eləcə də ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) olarkən köçürmə işləri adətən iki mərhələdə yerinə yetirilir: əhali əvvəlcə zədələyici amillərin təsir zonasının hüdudlarına çıxarılır; sonra isə təhlükəsiz rayonlardakı yerləşdirmə məntəqələrinə aparılır. Bu dövrdə həmçinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də görülür. Qəza baş vermiş rayon ərazi polis idarələrinin əməkdaşları tərəfindən ciddi nəzarətə alınır, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi müəyyən marşrut üzrə nizama salır.

   Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər – şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.

Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:

-         müharibə dövründə – Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə – Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri;

-         sülh dövründə – ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirinə məlumat verir.

Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan və cəbhə ətraflı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onlar tabeliyi üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.

 

3-cü tədris sualı: Köçürmə tədbirlərinin planlaşdırılması və təşkil 

   Köçürmə (qəbul etmə) tədbirlərinin planlaşdırılması, təşkili və həyata keçirilməsinə görə ərazi və sahə idarəetmə orqanlarının rəhbərləri məsuliyyət daşıyırlar.

   Mülki müdafiə qərargahları, fövqəladə hallar üzrə komissiyalar köçürmə barədə müvafiq rəhbərlik tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsi üçün məsuliyyət daşıyırlar.

   Mülki müdafiə xidmətlərinə və digər orqanlara onların təyinatına uyğun olaraq, köçürmə tədbirlərinin təminatı həvalə edilir.

Təhlükəli dövrdə respublikada köçürmə işlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Dövlət Komissiyası ümumi rəhbərlik edir.

  Naxçıvan MR-də əhalinin köçürülməsinə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar üzrə komissiyası bilavasitə rəhbərlik edir.

  Şəhərlərdən, rayonlardan, kənd və qəsəbə sovetliklərindən əhalinin köçürülməsinə bu rayonların və şəhərlərin icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyaları bilavasitə rəhbərlik edirlər.

   Fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, habelə ali, orta ixtisas məktəbi tələblərinin, texniki peşə məktəbi şagirdlərinin köçürülməsinə sahələrin və obyektlərin fövqəladə hallar üzrə komissiyaları bilavasitə rəhbərlik edirlər.

   Şəhər və rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyaları yaranmış vəziyyətdən asılı olaraq həm yerli əhalinin köçürülməsi, həm də buraya köçürülən əhalinin qəbulu, yerləşdirilməsi və təminatı üzrə məsələləri həll edirlər.

   Lazımi hallarda köçürmə marşrutlarında kənd rayonlarının bazası əsasında aralıq köçürmə məntəqələri yaradıla bilər.

   Köçürülən (qəbul edilən) əhalinin uçotunu aparmaq üçün icra hakimiyyəti başçılarının və onların yerlərdəki nümayəndələrinin qərarı ilə köçkünlərin (qaçqınların) qeydiyyat məntəqələri yaradılır.

   Köçürülən əhalini mütəşəkkil surətdə yola salmaq və qarşılamaq məqsədilə köçürmə marşrutlarında nəqliyyata minmək və düşmək üçün məntəqələr müəyyən edilir.

   Əhalinin piyada köçürmək üçün əvvəlcədən piyada dəstələrin hərəkət marşrutları müəyyənləşdirilir. Hər bir marşrut üçün marşrut rəisi və idarəetmə qrupu təyin edilir.

   Köçürmə prosesini idarə etmək üçün əsasən, Azərbaycan Respublikası Rabitə Nazirliyinin,Fövqaladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və digər sahələrin bütün mövcud rabitə və xəbərdarlıq vasitələrindən istifadə olunur.

 

4-cü tədris sualı: Köçürmə tədbirlərinin təminatı

  Əhalinin normal köçürülməsini təmin etmək məqsədilə köçürmə marşrutlarında və əhalinin məskunlaşdığı yerlərdə müvafiq ərazi MM qərargahları tərəfindən kəşfiyyat, müşahidə və dozimetrik nəzarət təşkil edilir.

  Köçürülən əhalini daşımaq üçün hərbi və xüsusən vacib xalq təsərrüfatı yüklərinin daşınmasına cəlb olunmamış bütün nəqliyyatdan, o cümlədən də şəxsi nəqliyyat vasitələrindən istifadə edilir ki, bu da bilavasitə yol polisi və avtonəqliyyat MM xidməti tərəfindən müvafiq plan üzrə yerinə yetirilir.

  Köçürmə üzrə daşımaların plan-cədvəli köçürmə işləri ilə məşğul olan FHN-in regional şöbələrinin və icra hakimiyyətinin sifarişləri üzrə nəqliyyat orqanları (ictimai nəqliyyat vasitələrinin sahibləri) tərəfindən tərtib olunur.

  Əhalinin köçürülməsi dövründə şəhər sərnişin nəqliyyatının mövcud   marşrutlarda gecə-gündüz fasiləsiz işləməsi planlaşdırılır; ən gərgin işləyən marşrutlara əlavə nəqliyyat vasitələri (avtobuslar, trolleybuslar, tramvaylar) ayrılır.

  Azərbaycan Respublikası FHN-in regional şöbələrinin nəqliyyat orqanları ilə birlikdə ümumi köçürmə zamanı əhalinin daşınması planını tərtib etməklə yanaşı, qismən (əvvəlcədən) köçürülməsi üçün daşımaları da hesablayırlar. Belə hesablamalar sülh nəqliyyat növlərinin gündəlik orta daşıma imkanları nəzərə alınmaqla tərtib edilir. Bütün daşıma planları və hərəkət cədvəlləri yol polis idarəsi və ya yerli polis şöbələri ilə qabaqcadan razılaşdırılır.

  Qatarların, avtomobil dəstələrinin, gəmilərin daşımalar üzrə cədvəli pozularkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi , Nazirlər Kabinetinin Fövqəladə Hallar üzrə Dölət komissiyası, şəhərlərin və rayonların icra hakimiyyəti başçıları nəqliyyat orqanlarının təklifi üzrə nəqliyyatla manevr etmək, yaxud ehtiyatda saxlanan avtomobil nəqliyyatından istifadə olunması barədə qərar qəbul edirlər. Belə hallarda MM qərargahları və fövqəladə komissiyalar əhalinin köçürmə qeydiyyat məntəqələrinə gətirilməsi ardıcıllığını dəqiqləşdirir, həmçinin köçürmə planlarında müvafiq dəyişiklik edirlər.

   Köçürülən əhali yolda özü ilə götürdüyü ərzaq ehtiyatı qidalanır, həmçinin ona uzaq məsafəyə aparılarkən Respublikanın müvafiq icra hakimiyyət orqanları hesabına ərzaq (gündə bir dəfə isti xörək) verilməsi nəzərdə tutulur.

   Köçürmə tədbirlərinə cəlb edilən avtomobil nəqliyyatı vasiətələrinə yanacaq doldurmaq üçün yanacaqdoldurma stansiyaları şəbəkəsindən istifadə olunur və bu zaman dərəcəli şəhərlərdəki (fəlakət zonalarındakı) yanacaqsürtkü materialları ehtiyyatları ilk növbədə sərf edilir. Kifayət qədər stasionar avtomobil yanacaqdoldurma stansiyaları olmayan

marşutlarda Azərbaycan Dövlət Neft Şirkətinin qüvvəsilə səyyar avtomobil yanacaqdoldurma stansiyaları açılır.

Avtomobil dəstələrini (kolonalarını) yaradan təşkilatların qüvvələri və təmir vasitələri hesabına köçürmə marşrutlarında nəqliyyat vasitələrinə texniki xidmət (təminat) təşkil edilir. Nasaz maşınların cari təmiri – zədələnmiş maşınlar toplanan məntəqədə, yaxud stasionar təmir müəssisələrində səyyar təmir-bərpa qruplarının qüvvə və vasitələrilə yerinə yetirilir.

  Köçürmə dövründə əhaliyə tibbi xidmət respublikanın ərazi səhiyyə orqanlarına həvalə olunur.

  Çoxlu köçürülən əhali toplanan rayonlarda (yerlərdə) stasionar tibbi müəssisələri çatışmayan hallarda əlavə tibb məntəqələri açılır.

  Piyada köçürmə marşrutlarında tibb müəssisələri olmadıqda Səhiyyə nazirliyi xüsusi maşınlarda səyyar tibb məntəqələri təşkil edir.

  Güclü təsirli, radioaktiv və ya kimyəvi maddələrlə zəhərlənmiş əhalini sanitariya təmizlənməsindən keçirmək üçün əhalinin hərəkət marşrutlarında və məskunlaşması rayonlarında sanitar-yuyunma məntəqələrindən (SYM) və paltar zəhərsizləşdirmə stansiyalarından (PZS); avtomobilləri təmizləmək üçün nəqliyyatı zəhərsizləşdirmə stansiyalarından (NZS), nəqliyyat marşrutlarında zərərsizləşdirmə işləri üçün – zəhəsizləşdirmə komandalarından (qruplarından) istifadə olunur.

  Köçürmə dövründə ictimai asayişin qorunması üzrə tədbirlərin planlaşdırılması və yerinə yetirilməsi Azərbaycan Respublikası DİN ictimai asayişi mühafizə orqanlarına həvalə olunur.

Köçürmə (qəbuletmə) tədbirlərini həyata keçirən bütün orqanların vəzifəli şəxslərinin xidmət funksiyaları ərazi və sahə rəhbərləri tərəfindən müəyyən edilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı