AZ RU EN WEBMAIL
4 saylı məşğələnin PLAN-KONSPEKTİ

“Təsdiq edirəm”

Azərbaycan Tibb Universitetinin

Mülki Müdafiə Rəhbəri-

Rektor  _______________ prof. G.Ç.Gəraybəyli

“ 05 ” yanvar 2017-ci il

 

 

MM rəhbər heyəti ilə keçiriləcək

4 saylı məşğələnin

PLAN-KONSPEKTİ

Mövzu: Təbii fəlakətlər və qəzalar zamanı obyektdə yarana biləcək vəziyyətin qiymətləndirilməsi. Xidmət etdiyi ərazidə yaranmış qəza və fəlakətlərin nəticələrini aradan qaldırmaqda obyektin rolu və yeri.

 

Tədrisin məqsədi: Dinləyiciləri fövqəladə hadisələr zamanı obyektdə yarana biləcək vəziyyətin qiymətləndirilməsi üçün MM kəşfiyyatının əsas vəzifələri, zədələnmə ocaqlarında və fəlakət rayonlarında aparılan xilasetmə işlərinin növləri, xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları, zədələnmə və yoluxma ocaqlarında aparılan xilasetmə işlərinin xüsusiyyətləri ilə tanış etmək.

 

Keçirildiyi yer:         Tədris sinfi.

 

Vaxt: 2 saat.

 

Tədris sualları və təxmini vaxt bölgüsü:

 

Dinləyicilərin məşğələyə hazırlığının yoxlanması – 5 dəq.

 

1-ci tədris sualı: Dinc və müharibə dövrlərində MM kəşfiyyatının əsas vəzifələri-20 dəq.

 

2-ci tədris sualı: Zədələnmə ocaqlarında və fəlakət rayonlarında aparılan xilasetmə işlərinin növləri-20 dəq.

 

3-cü tədris sualı: Xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları-20 dəq.

 

4-cü tədris sualı: Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin xüsusiyyətləri-20 dəq.

Məşğələyə yekün vurulması 5 dəq.

 

Ədəbiyyat:   1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublika- sının  qanunu

                     2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci  

                     il tarixli 193 saylı qərarı

 

Əyani vəsait:Videoproyektor, prezentasiyalar, stendlər.

  

1-ci tədris sualı:Dinc və müharibə dövrlərində

MM kəşfiyyatının əsas vəzifələri

       Kəşfiyyat mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir. MM sistemində aparılan kəşfiyyatdan məqsəd – güclü istehsalat qəzasından, təbii fəlakətdən və ya düşmən basqınından sonra yaranmış vəziyyət barədə dəqiq məlumatlar toplamaqdır. Bunlar MM rəhbərlərinə əhalinin mühafizəsini və xilasetmə işlərini təşkil etmək barədə düzgün qərara gəlmək üçün lazımdır.

       MM kəşfiyyatının əsas vəzifələri dinc (əmin-amanlıq) dövründə :

1)    ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;

2)    yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizoodik vəziyyətə müntəzəm nəzarət etmək;

3)    güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyəti aşkar etməkdir.

       Müharibə dövründə düşmən basqınından sonra kəşfiyyatın vəzifələri aşağıdakılar barədə məlumatlar əldə etməkdir:

1)    işlədilmiş silahın növü, zərbənin nə vaxt haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;

2)    radiasiyanın səviyyələri, zəhərləyici maddənin konsentrasiyası, zəhərli hava buludunun yayılma sitiqaməti;

3)    zədələnmə ocağının hüdudları;

4)    xilasetmə və digər işlər aparılan rayonlarda zəhərlənmə şəraitinin necə dəyişdiyi;

5)    mühafizə qurğularının, oradakı adamların vəziyyəti, onlara yardım göstərməyin yolları;

6)    kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların vəziyyəti;

7)    yanğın yerləri, onların yayılması istiqaməti;

8)    hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonaları yaranıb-yranmadığı və s.

       Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəşfiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət laboratoriyaları və s.) əvvəlcədən komlektləşdirilib işə hazırlamaq, onların fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəşfiyyatın müxtəlif növlərindən, üsullarından, qüvvə və vasitələrdən istifadə etmək lazımdır.

       Hansı qüvvələr və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, həvadan kəşfiyyat və dənizdən kəşfiyyat növləri müəyyən edilmişdir.

       Yerüstü kəşfiyyat – ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.

       Havadan kəşfiyyat – zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etəmk üçün təyyarələr, vertolyotlardan aparılır. Belə kəşfiyyatı adətən respublika MM qərargahı təşkil edir.

       Dənizdən (çaydan) kəşfiyyat – sahillərdə, limanlarda, buradakı qurğularda vəziyyəti öyrənmək məqsədi güdür, yüksək sürətli gəmilər, katerlər vasitəsilə icra edilir.

       Yerinə yetirdiyi vəzifələrin xarakterinə görə, ymümi və xüsusi kəşfiyyat növləri olur.

       Ümumi kəşfiyyat fövqəladə hallar baş vermiş sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək üçündür. Belə işlərə MM qoşun hissələrinin, hərbiləşdirilməmiş dəstələrin, habelə rayonların, obyektlərin kəşfiyyat qrupları, manqaları, müşahidə və laboratoriya nəzarəti şəbəkəsi cəlb olunur.

       Xüsusi kəşfiyyat adətən MM xidmətləri təşkil edir, radiasiya və kimya müşahidəsi postlarının, mühəndis və epidemioloji kəşfiyyat qruplarının, baytar və fitopatoloji manqaların və s. qüvvələri yerinə yetirirlər. Bu zaman kəşfiyyat yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır.

 

Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və aparılması qaydaları.

       Kəşfiyyatı təşkil etmək bütün MM rəhbərlərinin, qərargahlarının və komandirlərin vacib vəzifələrindəndir.

       Kəşfiyyatın konkret məqsədlərinin, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini, bunun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri müəyyənləşdirilir.

       Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün MM qərargahının rəisi tam məsuliyyət daşıyır; bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir. Fəlakət rayonlarında, yaxud zədələnmə ocaqlarında vəziyyət barədəki bu məlumatlar dərhal MM rəhbərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin tabelikdəki qərargahlara, dəstə komandirlərinə çatdırılır.

       Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Plan müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarıqərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir.

       Məşğələ rəhbəri (müəllim) kəşfiyyat planının variantını, yaxud sənədlərin formalarını dinləyicilərə nümayiş etdirərək göstərir ki, bu planda kəşfiyyatın konkret vəzifələri: kəşfiyyat üçün ayrılan qüvvə və vasitələr, onların hazır vəziyyətə gətirilməsi müddəti və fəaliyyəti sahələri; məlumatların çatdırılması qaydaları və s. müəyyən olunur.

       Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrin konkret fəaliyyət marşrutları, vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə münasibətlə aparıldığı, onun konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir. Kəşfiyyat bölmələri radioaktiv zəhərlənmə ocaqlarına göndərilən hallarda isə, həmçinin şəxsi heyətin yolverilən şüalanma dozası da müəyyən edilir.

       Məşğələ rəhbəri kəşfiyyat sxeminin variantını nümayiş etdirir və bu variant əsasında kəşfiyyat üçün şifahi sərəncam verməyi 1-2 dinləyiciyə təklif edir. Bunun üçün vaxt olmadıqda sərəncamın variantını özü də elan edə bilər.

Şəhərdə, rayonda və obyeklərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidəsi postları, MM kəşfiyyat qrupları, xidmətlərin və dəstələrin kəşfiyyat manqaları (bölmələri), habelə müşahidə və laboratoriya nəzarəti şəbəkəsinin (MLŞ) müəssisləri cəlb edilirlər.

 

2-ci tədris sualı:Zədələnmə ocaqlarında və fəlakət rayonlarında

aparılan xilasetmə işlərinin növləri

       Mülki müdafiənin ən mürəkkəb və məsul vəzifələrindən biri – dinc və müharibə dövrlərindəki fövqəladə halların nəticələri aradan qaldılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsidir. Bu işlər düşmən basqını nəticəsində yaranan zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət və güclü qəza rayonlarında adamları xilas etmək, onlara yardım gösətrmək və qəzaları məhdudlaşdırmaq məqsədilə görülür. Bunlardan xilasetmə işlərinə – adamlara bilavasitə yardım göstəriməsilə əlaqədar olan işlər – fəlakət yerlərində və orya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyat aparılması; həmin sahələrdə işə girişmək mümkün olsun deyə, yanğınları söndürmək, yaxud məhdudlaşdırmaq; zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uçqunlar altından adamların tapılıb çıxarılması; üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularının açılıb oradan adamların xilas edilməsi; süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi; zədəlilərə ilk tibbi yardım göstərilməsi və onların müalicə müəssisələrinə köçürülməsi; adamların təhlükəli sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zəhərsizləşdirilməsi aid edilir.

       Digər təxirəsalınmaz işlər isə, xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək, habelə fəlakətin genişlənməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə deyilir. Bunlara: uçqunlarda və zəhərlənmə baş vermiş sahərlərdə maşın yolu və keçidlərin düzəldilməsi; qaz, elektrik, texnoloji şəbəkələrdə, su, kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması; xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğü və konstruksiyaların bərkidilməsi, yaxud dağıdılması zədələnmiş rabitə, işıq, su xətlərinin müvəqqəti bərpa edilməsi və s. kimi işləri aid etmək olar. Bütün bu işlər eyni zamanda yerinə yetirilir.

       Hər bir konkret halda görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi və növü bu dağıntı (zədələnmə) ocağını törədən fəlakətin xarakterindən asılı olur. Nüvə zədələnməsi ocağında və zəlzələrayonlarında daha çətin və ağır işləri icra etmək lazım gələ bilər. Bu işlərin ehtimal olunan səciyəsini və həcmini müəyyənləşdirmək üçün zərbə dalğasının ön xəttindəki izafi təzyiqin kəmiyyətinə görə nüvə zədələnməsi ocağını, yə’ni izafi təzyiq 0,1 kqq/sm2-dən artıq olan sahələri şərti olaraq dörd zonaya ayırırlar. Bunlar: tam, güclü, orta dərəcəli və zəif dağıntı zonalarıdır.

       Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da burudakı bina və qurğuların zədələnməsinin xaoakterinə görə nüvə zədələnməsi ocaqı ilə müqayisə etmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin balla maksimal fəallığı götürülür. Mə’lum olduğu kimi, maqnitudası 4-ə bərabər (M=4), yəni təxminən 4 ballıq zəlzələnin gücü trotil ekvivalenti 5 ton olan nüvə döyüş sursatının; 5 ballı zəlzələninki – 200 ton; 5,5 bal – 1000 ton; 8,5 ballı zəlzələninki isə trotil ekvivalenti təxminən 32 milyon ton olan nüvə sursatının gücünə bərabərdir. Buna görə də 6-7,5 bal güclü zəlzələ nüvə zərbə dalğasının 0,1-0,3 kq/sm2 izafi təzyiqinə oxşar tə’sir göstərir, nəticədə bina və qurğuların zəif və qismən zədələnməsi baş verir. 7,5-9 bal zəlzələnin tə’siri 0,3-1 kq/ sm2 izafi təzyiqinki kimindir; bunlar orta dərəcəli və güclü dağıntılar törədir.

       9 baldan güclü zəlzələ, eləcə də 1 kq/ sm2-dən artıq izafi təzyiqə malik zərbə dalğası isə tam və güclü dağıntılar zonası yaradır, xüsusən, seysmik tə’sirə hesablanmış tikililərin tamamilə dağılmasına səbəb olurlar.

       Zəlzələnin dağıdıcı təsirini təhlil edərkən aydın surətdə nəzərə çarpır ki, onun məhvedici nəticələri nüvə partlayışının zərbə dalğasında olduğu kimidir. Bununla belə, onların arasında fərqlər də var. Zəlzələ zamanı işıq şüalanması, nüfuzedici radiasiya, ərazinin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu mövcud olmur; uçulan binaların qırıntılarını, daş-kəsəyi və yerli əşyaları kənara atan qüvvə meydana çıxmır, bunun sayəsində də belə binalardan bir qədər uzaqda açıq sahələrdəki adamlar zədələnmələrə məruz qalmırlar. Zəlzələ yerində dağıdılan tikililərin hissələri kənara atılmadan aşağı çöküb qalaqlanır, yəni yerli uçqunlar yaradır, nəticədə onların sahəsi nüvə zədələnmə ocağındakına nisbətən az olur. Bu zaman adətən küçələrin orta hissəsi uçqun qalaqları ilə tutulmur, burada nəqliyyat vasitələri, xilasetmə işlərinə cəlb edilən digər texnika hərəkət edə bilir.

       Aydındır ki, bütün bu oxşarlıq və fərqlər zədələnmə ocaqlarında aparılan xilasetmə və digər təxirəsalınmaz işlərin nəinki növlərini, həcmini və ardıcıllığını, eləcə də ümumiyyətlə onların təşkili və icrası qaydalarını da xeyli dərəcədə müəyyən edəcəkdir.

 

3-cü tədris sualı: Xilasetmə işlərinin təşkili və yerinə

yetirilməsi qaydaları

       Nüvə zədələnməsi və zəhərlənmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili mülki müdafiəni idarə etmək prosesinin tərkib hissəsidir. Bu işlər dinc və ya müharibə dövrlərində fəaliyyət üçün əvvəlcədən tərtib olunmuş müvafiq mülki müdafiə planları əsasında təşkil edilir. Belə planlarda xilasetmə işlərinin təşkili üzrə bütün tədbirlər – MM qüvvə və vasitələrinin qruplaşdırılması, hazır vəziyyətə gətirilməsi, dəstələrin iş yerlərinə çıxarılması, onların fəaliyyətinin hərtərəfli təminatı və digər məsələlər öz əksini tapmışdır. Bunların həlli qaydaları, eləcə də tədbirlərin həyata keəirilməsinə başçılıq etmək üzrə MM rəhbərlərinin, qərargahının, dəstə komandirinin fəaliyyəti demək olar ki, bütün hallarda prinsipcə eynididir. Bu məsələlər MM-in idarə edilməsinə dair mövzularda nəzərdən keçirildiyinə görə onların üzərində dayanmadan, müxtəlif xəsarət ocaqlarında xilasetmə işlərinin icrası üsullarına diqqət yetirək.

       Ən əvvəl qeyd edək ki, bütün xəsarət ocaqlarında xilasetmə işlərinə mümkün qədər tez başlamaq, onları hər cür şəraitdə gecə-gündüz, bütün işlər sona çatanadəkfasiləsiz davam etdirmək lazımdır. Bu isə MM rəhbərliyindən, qərargahlarından və dəstələrindən böyük mütəşəkkillik, şəhsi hey’ətdən isə yüksək mənavi-psixoloji dəyanət, fiziki dözüm və bütün qüvvələrin səfərblər olunmasını tələb edir.

       Dağıntı ocağında xilasetmə işlərini təşkil edən şəxs yaranmış vəziyyəti şəxsən öyrənir, adamları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını tə’min edir, dəstələrə tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir.

       Dəstə komandirləri xilasetmə işlərinin aparılması haqqında sərəncamı alıb tabeliyindəki şəxsi heyəti göstərilən iş yerlərinə (uçqun altında qalmış sığınacaqların, daldalanacaqların yanına, çoxlu zədəlilər olan digər sahələrə) aparırlar. Xilasedici dəstələrin iş qabiliyyətini artırmaq üçün onlara xüsusi texnika (buldozer, avtokran və s.) verilir, həmçinin sanitar drujinaları və kommunal-energetika qurğularında qəzaları aradan qaldıra biləcək mütəxəssislər təhkim edilir.    

       Lazımi hallarda yanğınsöndürən və zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım göstərirlər.

a) Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsi.

       Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işləri aparılarkən ilk növbədə mühafizə qurğularına, uçqun altında, yanan binalarda adamlar qalmış sahələrə, digər tə’xirəsalınmaz iş yerlərinə getmək üçün maşın yolları və keçidlər düzəldilir. 

       Bu məqsədlə mexanikləşdirilmiş MM dəstələrinin qüvvələrindən istifadə edilir.

       Keçid yollarının düzəldilməsi ysulları uçqunların növündən və ölçüsündən asılı olur. Az və qismən uçqunlar olan sahələrdə küçələrin maşın işləyən hissələrini və məhəllə daxilandəki keçidləri uçqunların üzərində düzəltmək daha asan başa gələr. Bu məqsədlə uçqunun üst səthini buldozer vasitəsilə təmizləyir, hamarlayır və basıb bərkidirlər.

       Üçqunlarda texnikanın birtərəfli hərəkəti üçün 3-3,5 m, ikitərəfli hərəkəti üçün 6-6,5 m enində keçid düzəldirlər. Birtərəfli hərəkət üçün keçidlərdə hər 150-200 m-dən bir 15-20 m uzunluğunda yol ayrıcıları (ayırımlar) düzəldilməlidir.

       İş yerinə keçidlərdə yanğınları ilk növbədə söndürür, yaxud məhdudlaşdırırlar. Hərəkət və iş vaxtı uçub tökülmək qorxusu yaradan yaxınlıqdakı zədələnmiş bina və qurğuları ya dayaqlarla, dirəklərlə bərkidir, ya da texnika vasitəsilə tamamilə dağıdıb təhlükəsiz vəziyyətə salırlar.

       Xilasedici dəstələrə təhkim edilmiş müvafiq mütəxəssislər qaz və elektrik qurğularında və şəbəkələrində, kanalizasiya və su xətlərində qəzaları məhdudlaşdırır, yaxud bu şəbəkə və xətləri müvəqqəti bərpa edərək maşın yollarında, keçidlərdə və xilasetmə işləri aparılan sahələrdə təhlükəsiz şərait yaradırlar. Bütün bu tədbirlər zədələnmiş adailara yardım göstərilməsi ilə birlikdə aparılır.

       b) Uçqun altında qalmış sığınacağın açılması və adamların oradan çıxarılması.

Adamlar özləri sığınacaqlardan çıxa bilmirlərsə, belə sığınacaq uçqun altında qalmış qurğu hesab edilir. Onları qazıyıb açmaqa başlamazdan əvvəl içəriyə qaz, su dolub-dolmadığını, ümumiyyətlə oradakı vəziyyəti öyrənirlər. Xilasetmə işlərinin aparılması ardıcıllığı bundan asılı olacaqdır.

       Məsələn, aşkar edilsə ki, sığınacağı açmağa xeyli vaxt lazım gələcək, içəriyə isə hava verilmir, onda dərhal sığınacağa hava keçməsini tə’min etmək lazımdır. Bu məqsədlə ilk növbədə hava kanallarının ağzı uçqun qırıltılarından, daş-kəsəkdən təmizlənməli və ya qəza çıxış yolunun qapağını aralamağa cəhd göstərilməlidir. Bu mümkün olmadıqda sığınacağın üst örtüyündə, yaxud divarında pnevmatik cihaz, burğu və ya əl alətləri işlətməklə baca açmaq lazımdır. Zəruri hallarda bu bacadan boru keçirib kompressor, səyyar ventilyator, körük vasitəsilə içəriyə hava vurulmalıdır. Sığınacağın su kəməri, kanalizasiya və elektrik xətləri zədələnən hallarda suyu müvvəqəti arxlar qazmaqla kənara axıdır, elektrik xəttini bağlayırlar. Bundan sonra qurğunu açmağa başlayırlar.

       Birinci növbədə yanğın zonasında, qaz və su basan sahələrdəki sığınacaqları açmaq lazımdır. Qaz dolmuş sığınacaqları-içəriyə hava vurmaqla təmizləyir, suyu-nasoslar vasitəsilə çölə vururlar.

       Müəllim, diafilmin kadrlarından, plakatlardan istifadə etməklə, imkan olan hallarda isə yerində göstərməklə izah edir ki, üstündəki uçqunların hündürlüyündən, zədələnmə dərəcəsindən, işlədilən texnika və mexanizmlərin imkanlarından və s. asılı olaraq sığınacaqları bu üsullarda açmaq mümkündür: giriş, yaxud qəza çıxış yolunun üzərindəki uçqunu təmizləyib qapını açmaqla; üst örtüyün bir hissəsini uçqundan təmizləyib baca açmaqla; divarın dibini uçqundan təmizləyib çala qazaraq buradan sığınacağın divarını deşməklə; qonşu zirzəmidən sığınacağın divarını deşməklə və s.

       c) Uçqunların altından, zədələnmiş və yanan binalardan adamlarınxilas edilməsi, daha mürəkkəb və çətin işdir. Bu işə dağıdılmış obyektin bütün sahələrini nəzərdən keçirib adamlar qalmış yerləri tapmaqdan başlayırlar. Dağıntı ocağında zədələnmiş tapmağın əsas üsulu – uçqunlar yaranan sahədə başdan-başa axtarış aparmaqdır. Bu zaman xilasedicilər elə məsafədə hərəkət etməlidirlər ki, biri digərini görüb-eşidə bilsin, habelə bütün sahəni diqqətlə nəzərdən keçirmək mümkün olsun.

Axtarış zamanı adamların qala biləcəyi daha çox ehtimal edilən yerlərə: zirzəmilərə, binaların divarlarının dibinə, pilləkən yerlərinə və s. xüsusi diqqət yetirilməlidir. Üçqunlarda nəzərə çarpan paltar hissələri, ayaqqabı, bədənin bir qismi, habelə uçqun altından gələn hənirti – orada adam qaldığını göstərən əlamət ola bilər.

       Həmişə çoxlu adam toplaşan yerlərdəki (bazar, mağaza, vağzal, tamaşa müəssisələri, məktəb) uçqunlar xüsusən diqqətlə yoxlanmalıdır. Yanan, tüstü bürümüş binalarda yaralıları tapmaq daha çətindir. Belə binalar sür’ətlə lakin təhlükəsizlik qaydaları dəqiq gözlənilməklə araşdırılmalıdır. Tüstü çulğalamış otağın qapılarını ehtiyatla və tədricən açmaq lazımdır, çünki içəriyə birdən-birə çoxlu hava keçməsi alovlanmaya səbəb ola bilər. Belə binalarda adətən aşağı əyilərək hərəkət edir, adamları səsləməklə axtarırlar, xüsusən uşaqları diqqətlə axtarmaq tələb olunur, onlar qorxudan ən gözlənilməz yerlərdə gizlənə bilərlər.

Uçqun altında qalmış, yaxud yanan binalardan adamları, xilas etmək üçün konkret şəraitdən asılı olaraq elə üsul seçirlər ki, işin sür’ətlə, təhlükəsiz aparılmasına imkan yaratsın.

       Adam uçqunun üstünə yaxın yerdə qalıbsa – uçqunu üstdən, yaxud kənardan çox ehtiyatla sökməyə başlayırlar. İri hissələri qaldırıb kənara atmaq üçün avtomobil kranından, digər yükqaldırıcı mexanizmlərdən istifadə etmək olar.

       Uçulmuş binanın zirzəmisndə və divarın dibində qalmış adamı arakəsmə divarda baca açaraq oradan çıxarmaq lazımdır.

Bu üsullardan istifadə etmək mümkün olmayan hallarda uçqunun üstündən onun içərisinə doğru üfüqi, yaxud şaquli lağım-keçid düzəldirlər. Lağımın en kəsimi adətən 1x1 metr olur: uçqun hissələri sürüşməsin və çökməsin deyə, çökə biləcək hissələrin altına dirək qoyur, lağımın üst və yan divarlarının içəridən dayaqlarla bərkidirlər.

       Uçqunda adam aşkar ediləndə əvvəlcə onun başının və döşünün üstünə düşmüş qırıntıları ehtiyatla kənar edir, ilk tibbi yardım göstərir və yararıları toplama məntəqəsinə aparırlar.

       Pilləkənləri az dağılmış binanın üst mərtəbələrindən zədəlilər müvəqqəti taxta altlıq vasitəsilə düşürülürlər. Pilləkənlər tamamilə dağındılan hallarda belə binaların daxili divarını hər hansı üsulla deşərək oradan adamları qonşu binaya keçirmək, söykəmə nərdivan vasitəsilə pəncərədən çıxarmaq olar.

       Yuxarı mərtəbələrdən adamları asma beşiklər və s. vasitəsilə də düşürmək mükündür.

       Yanan binalardakı adamları ilk növbədə xilas etmək lazımdır. Bu işi xilasedici dəstələr yanğınsöndürücülərlə birlikdə yerinə yetirirlər.

       Dağıntı ocaqlarında yaralılara ilk tibbi yardımı isə sanitar drujinaların şəxsi heyəti göstərir. Belə yardım zədəli tapılan yerlərdəcə bilavasitə yerinə yetirilir.  

       Drujinanın yzvləri xilasedici dəstələr birgə işləyirlər. Onlar tapılıb xilas edilmiş yaralılarda qanaxmaları müvəqqəti dafandırır, yaraya sarğı qoyur, sınmış sümükləri tərpənməz hala salır, lazımi hallarda süni nəfəs verir, şok halına qarşı ən sadə tədbir görürlər. Bundan sonra xilasedici manqalar yaralıları toplanış, yaxud nəqliyyata mindirmə məntəqəsinə aparırlar.

 

4-cü tədris sualı: Zədələnmə və yoluxma ocaqlarından aparılan

xilasetmə işlərinin xüsusiyyətləri

       Yuxarıda deyildiyi kimi, xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, prinsipləri və ümumi qaydaları bütün xəsarət ocaqlarında eyni cürdür. İşlərin məzmunu, xüsusiyyətləri və ardıcıllığı isə xəsərət ocaqlarını yaradan amillərin növündən və buradakı konkret şəraitdən asılı olur.

Düşmənin zəhərləyici və bakterial maddələr işlətməsi nəticəsində törəyən kimyəvi zəhərlənmə, yaxud bakterial yoluxma ocaqlarında adətən dağıntılar və yanğınlar baş vermir. Burada xilasetmə işləri – zədəlilərə ilk yardım göstərib tibb məntəqəsinə köçürməkdən, yoluxma ocaqlarının hündudlarını müəyyənləşdirib çəpərləməkdən (giriş-çıxışı məhdudlaşdırmaq üçün), ərazini, avadanlığı zərərsizləşdirmək və adamları sanitar təmizlənməsindən keçirməkdən ibarətdir.

Kimyəvi zəhərlənmə ocağında işləyəcək dəstələrin şəxsi hey’əti əleyhqazlarla, mühafizə paltarları, fərdi kimyəvi paket və antidotlarla təchiz edilməli, bu vasitələrdən dəqiq istifadə qaydaları onlara öyrədilməlidir.

Zəhərlənmə ocağında kəşfiyyat bölmələrinin ardınca ilk növbədə adətən sanitar drujinaları, radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə və zərərsizləşdirmə dəstələri, ictimai asayişi mühafizə bölmələri göndərilir. Mühafizə və zərərsizləşdirmə dəstələri drujinaların iş yerlərinə girməsi, adamların zəhələrdən çıxarılması üçün yolları, keçidləri təmizləyir; asayişin mühafizə bölmələri müvafiq qayda-qanunların gözlənilməsini təmin edir; tibb dəstələri zədəlilərə yardım göstərir: yleyhqaz geyidir, zəhər əleyhinə dərman vurur, onları zədələnmənin ağırlığına görə qruplaşdırıb tibb müəssisələrinə aparırlar. Bundan sonra zəhərlənməyə məruz qalmış ərazi, qurğular, texnika və avadanlıq deqazasiya edilir və dəstələrin şəxsi hey’əti xüsusi təmizləmə məntəqələrində tam sanitar təmizlənməsində keçirilir.

Müəllim izah edir ki, yoluxma ocağında görülən əsas tədbirlər bunlardan ibarət olur: bakterioloji kəşfiyyat və yoluxmanı törədən bakterial vasitələrin aşkara çıxarılması; respublika orqanlarının göstərişi üzrə karantin və ya observasiya rejiminin qoyulması; ərzağın, suyun, yoluxmasına nəzarət və onların zərərsizləşdirilməsi; epidemiya əleyhinə tədbirlərin, sanitariya-gigiyena, xüsusi profilaktika və müalicə-köçürmə tədbirlərinin həyata keçiriməsi, habelə əhali arasında geniş sanitariya izahat işlərinin aparılması.

       Yoluxma baş vermiş rayonda ancaq sonuncu xəstənin sağalmasından sonra xəstəliyin gizli inkişaf dövründə bərabər müddət keçdikdə yoluxma ocağı ləğv olunmuş hesab edilir.

       Güclü təsirli zəhərli maddələrin törətdiyi zəhərlənmə ocağında dağıntılar, yanğınlar da ola bilər, çünki bu maddələrin ətrafa axması adətən istehsalat qəzaları nəticəsində tutumlar, texnoloji avadanlıq sıradan çıxarkən baş verir. Belə hallarda xilasetmə işləri aparmaq üçün daha çox saylı yanğınsöndürmə qüvvələri və vasitələrini, zəhərli buludun yayılmasını məhdudlaşdıran xüsusi texnika və avadanlığı, eləcə də, texnoloji xətləri bağlamağı, neytrallaşdırıcı maddələrlə işləməyə bacaran hey’ətləri cəlb etmək lazım gəlir. Bütün bu hey’ətlər əleyhqazlarla, ya da müxtəlif markalı xüsusi sənaye əleyhqazları ilə təchiz edilməlidir.

       Xilasetmə işləri aparılarkən əsas səylər zədələnmiş aldamlara tibbi yardım göstərilməsinə, onların, habelə digər şəxslərin təhlükəsiz sahələrə çıxarılmasına, həmçinin yanğınların, qəza yerlərinin məhdudlaşdırılmasına yönəldilir. Özü də qəzaların məhdudlaşdırılması işlərini əsasən mütəxəssislər, xüsusi hazırlığı operatorlar yerinə yetirirlər. Hər bir sahədə belə işlərə sahənin texnologiyasını yaxşı bilən mütəxəssislər, sex, qurğu rəisləri, rəhbərlik etməlidirlər.

       Məşğələni yekunlaşdıraraq müəllim qeyd edir ki, zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Bunlar əsasən aşağıdakılardır:

-         işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin xilasetmə işləri aparılan sahələrdə qalmasına icazə verilmir;

-         icraya başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən keçirmək, yenidən zədələnmə qorxusu olan sahələrə nişanlar qoymaq, iş vaxtıdivarların və s. hissələrin uçulması təhlükəsi olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya bərkidib təhlükəsiz etmək lazımdır;

-         binaların müxtəlif mərtəbələrində eyni zamanda iş aparılmasına yol verilmir;

-         xüsusi ehtiyac olmadan zədələnmiş binalara, xüsusən də tək başına girmək məsləhət görülmür;

-         qaz dolmuş binalarda iş aparılarkən kibritdən və digər açıq alovdan istifadə etmək, maşın və mexanizmlərin mühərriklərini işə salmaq olmaz, işdən əvvəl binalar küləyə verilməklə qazdan təmizlənməli, lazımi hallarda yalnız 12 voltluq akkumulyator-əl fənərlərindən istifadə olunmalı, qığılcım çıxarmayan metaldan düzəldilmiş, yaxud qalın yağlanmış alətlər işlədilməlidir;

-         uçqunlardakı elektrik məftilləri ilə əlaqədar bütün işlər rezin əlcəklər, çəkmələr geyəndən sonra aparılmalıdır; mümkün olan hallarda işə başlamazdan əvvəl elektrik enerjisini kəsmək lazımdır;

-         zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə vasitələrində aparılmalıdır. Burada icazəsiz əleyhqazı çıxarmaq, papiros çəkmək, su içmək, çörək yemək olmaz; radioaktiv zəhərlənmə sahələrində işləyən adamları şüalanması dozalarına ciddi nəzarət edilməlidir;

-         deqazasiya və dezaktivasiya işləri mühafizə vasitələrini çıxarmadan və bu işlər üçün ayrılmış yerlərdə yerinə yetirilməlidir.

       Təhlükəsiz iş qaydalarına düzgün əməl etməklə zədələnmə ocaqlarında əlavə bədbəxt hadisələrin qarşısına almaq olar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı