AZ RU EN WEBMAIL
İbrahim Isa oğlu İsayev - 60
Arzuların işığında yaşayan ömür
Yüksək insani keyfiyyətləri ilə seçilmək, dost-tanışların, ictimaiyyətin qəlbində özünə yer qazanmaq, haqqında həmişə böyük hörmət və ehtiramla söhbət açılan insan olmaq yalnız peşəsinə, sənətinə qırılmaz tellərlə bağlananların qismətinə düşür. Belə insanlardan biri də bu günlərdə 60 yaşı tamam olan alim, ATU-nun elmi işlər üzrə prorektoru, «Terapevtik və pediatrik propedevtika» kafedrasının müdiri, tibb elmləri doktoru, əməkdar həkim, əməkdar elm xadimi, professor İbrahim İsa oğlu İsayevdir.
İbrahim İsa oğlu İsayev 1954-cü il fevral ayının 10-da Qərbi Azərbaycanın (Ermənistan SSR) Hamamlı rayonunun (Spitak) Saral kəndində anadan olmuşdur. 1961-1971-ci illər ərzində Saral kənd orta məktəbində oxumuş, 1972-ci ildə ali təhsil almaq arzusu ilə Bakıya gələrək N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki ATU) pediatriya fakültəsinə daxil olmuşdur. 1978-ci ildə ali təhsilini başa vurduqdan sonra bir neçə il Əzizbəyov (Xəzər) rayonunun tibb müssisələrində praktiki səhiyyə sahəsində çalışmış və təcrübə qazanmışdır.
Həyat göstərir ki, elm və biliyindən ağılla davranmağı bacaran insanlar səhv etmirlər. Bu mənada professor İ.İsayev çoxlarına örnək olası bir ziyalıdır. Məqsədə doğru gedərək 1983-cü ildə Azərbaycan Tibb Universitetinin «Uşaq xəstəliklərinin propedevtikası» kafedrasında aspiranturaya daxil olmuşdur. Aspiranturanı birdikdən sonra ardıcıl olaraq həmin kafedrada baş laborant, assistent, dosent kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində öz işində pilə-pillə irəliləyib 1987-ci ildə «Poliklinikada dispanser nəzarətində olan revmatizmlə xəstə uşaqların ürəyinin klinik-exokardioqrafik xüsusiyyətləri» mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 1995-ci ildə isə «Konstitutsional-ekzogen piylənməsi olan uşaq və yeniyetmələrdə karidiohemodinamikanın, onun vegetativ tənzimlənməsi və lipid mübadiləsinin vəziyyəti» adlı doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. Belə bir insanın 1995-ci ilin iyun ayında müsabiqə yolu ilə «Uşaq xəstəliklərinin propedevtikası» kafedrasına müdir seçilməsi təmamilə təbii və qanunauyğun idi. O, eyni zamanda 2000-2013- cü illər ərzində ATU-nun elmi katibi vəzifəsində çalışmış, 2013-cü ildən universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmışdir.
Professor İ.İsayevin Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında öz yeri, öz dəsti xətti vardır. Elmi metodiki kitabları, məqalələri, fundamental tədqiqatları ilə tanınan alimin elmi fəaliyyəti çoxşaxəli və genişdir. Elmi fəaliyyətinin əsas istiqaməti uşaq kardiorevmatologiyasının aktual problemlərinə həsr edilmişdir. O ilk dəfə olaraq praktiki sağlam uşaqlarda exokardioqrammanın tam parametrlərini yaşdan və cinsdən asılı olaraq müəyyən etmiş, submaksimal fiziki yük sınağı zamanı və ondan sonrakı bərpa dövründə intrakardial, mərkəzi hemodinamikanın və miokardın funksional göstəricilərinin xüsusiyyətlərini öyrənmişdir. Revmatik kardit keçirmiş uşaqlarda mitral qapaqların çatmamazılığının erkən exokardioqrafik meyarlarının təyin edilməsi, belə xəstələrdə və idiopatik mitral qapaqların prolapsı zamanı ürək mədəciklərinin remodelləşmə hallarının təyini də onun adı ilə baglıdır. Konstitusional ekzogen piylənməsi olan uşaqlarda kardiovaskulyar sistemin vəziyyətinin artıq piy kütləsinin dərəcəsindən daha çox, onların qanında olan dislipidemiyanın səciyyəsindən və vegetativ tənzimlənmənin variantından asılı oldugunu göstərməklə, sonrakı illərdə tədqiqatçılar tərəfindən metabolik sindrom adlandırılan patolojı halın ilkin meyarlarını vermişdir. Bununla yanaşı uşaqlarda ürək ritminin müxtəlif pozulmaları, birləşdirici toxumanın displaziyası sindromu zamanı miokardın bioelektrik sabitliyinin, mədəciklərin gec potensiallarının, kardiohemodinamikanın və ürəyin geometriyasının vəziyyətinin öyrənilməsi istiqamətində elmi tədqiqat işlərini hal-hazırda davam etdirir.
Təqdirəlayiq haldır ki, professor İ.İsayev fəaliyyət göstərdiyi səhiyyə ocağına da öz şəxsi töhfəsini vermiş, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin Qrand Layihələri Müsabiqəsinin qalibi olmuşdur. Bu qalibiyyət onun tükənməz enerji və möhkəm iradə sahibi olduğunun daha bir göstəricisidir. Məlumdur ki, son illər uşaqlar arasında ürəyin anadangəlmə anomaliyaları ən çox yayılmış problemlərdən biridir və onun erkən aşkarlanmasının və müalicəsinin təkmilləşdirilməsi qarşıda duran məsələlərdən biri kimi öz həllini tapmalı idi. Məhz bu məqsədlə, ilk dəfə olaraq о, «Azərbaycanda uşaqlar arasında ürəyin anadangəlmə kiçik inkişaf anomaliyalarının erkən aşkarlanması meyarları» mövzusunda layihə təqdim etmiş, hal-hazırda onu öz əməkdaşları ilə yerinə yetirir. Bu da öz növbəsində gələcəyimiz olan uşaqlara və onların sağlam böyüməsinə göstərilən layiqli bir xidmətdir.
Tədris - metodiki iş professor İ.İsayevin yaradıcı fəaliyyətinin mühüm hissəsidir. O, 250-dən artıq elmi məqalə, 2 dərs vəsaiti, 6 tədris-metodik vəsait, 2 ixtira, 4 səmərələşdirici təklifin müəllifidir. Prof. İ.İsayev ilk dəfə olaraq tibb universitetinin tələbələri üçün Azərbaycan dilində «Uşaq xəstəliklərinin propedevtikası» (574 səh.) fənnindən dərslik hazırlayaraq tələbə və gənc həkimlərin istifadəsinə vermişdir.
Zəngin biliyə və təcrübəyə malik olan görkəmli alim yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə 10 nəfər tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Eyni zamanda hal-hazırda 4 nəfər tibb üzrə fəlsəfə doktoru, 2 nəfər isə tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün tədqiqatlarını davam etdirirlər.
Professor İ.İsayev səhiyyənin, tibb elminin və tədrisinin inkişafındakı nailiyyətlərinə görə Azərbaycan Dövlətinin diqqət və qayğısından kənarda qalmamışdır. Belə ki, o, 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə «Əməkdar həkim», 2010-cu ildə isə «Əməkdar elm xadimi» fəxri adlarına layiq görülmüşdür. O həm də, işlədiyi Azərbaycan Tibb Universiteti rəhbərliyi tərəfindən müxtəlif təltif və təşəkkürlərlə mükafatlandırılmışdır.
Hazırda fəaliyyətinin məhsuldar dövrünü yaşayan, dərin elmi - nəzəri və praktiki biliyi ilə, mühazirə və seminarları ilə öyündüyümüz alim dəfələrlə Almaniya, Türkiyə, Kipr, Rusiya, Qazaxstan, Qırğızıstan və s. ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, məruzələri ilə respublikamızı layiqincə təmsil etmişdir.
Önəmli yaradıcılıq axtarışları, elmi fəaliyyəti, aparıdığı tədqiqatların mövzu dairəsinin genişliyi ilə seçilən görkəmli alim kollektiv və cəmiyyətin etibar etdiyi şəxsiyyət olaraq Azərbaycan Tibb Universitetinin Elmi Şurasının, AMEA-nın «Biologiya elmləri» bölməsinin Əlaqələndirmə Şurasının, «Tibb» üzrə Problem Şurasının elmi katibi, o cümlədən ATU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, MDB ölkələri Kardiorevmatoloqlar Assosiasiyasının, Azərbaycan Respublikası Kardioloqlar Assosiasiyasının, Türkdilli ölkələrin, Pediatriya Assossiasiyasının üzvüdür.
Hansı yaşda olursan ol, insanı yaşadan onun sabahki fərəhli günləridir. Sabahki fərəhli günlər üçün stimul isə əgər bir tərəfdən insanın özünün şəxsi fəaliyyətidirsə, digər tərəfdən onun övladlarıdır. Bu mənada İbrahim müəllimi xoşbəxt insan hesab etmək olar. Çünki o, həyatda bir mütəxəssis kimi öz sözlərini deyə bilən üç gözəl övladın atasıdır.
Əlbəttə, biz bu siyahını bir qədər də uzada bilərdik. Düşünürük ki, maraqlı bir insanın həyatını təkcə quru faktlara sığışdırmaq doğru deyil. Amma onu da unutmamalıyıq ki, əslində bu faktların arxasında yaradıcı bir insan, işıqlı bir həkim ömrü dayanır. Həkim ömrü isə, necə deyərlər, ömürlərə ömür qatan bir ömürdür. Ömrünüz uzun olsun, İbrahim müəlim!
Bütün varlığı ilə öz işinə bağlanan və peşəsini sonsuz məhəbbətlə sevən insan üçün 60 yaş nədir ki? Elmin, biliyin, kamilliyin və müdrikliyin bundan sonrakı axarı hələ indi-indi başlayır. Deyirlər dərin çaylar sakit axar. Bizə elə gəlir ki, bu gözəl kəlam Sizin həm bir alim kimi böyüklüyünüzə, həm də bir insan kimi təvazökarlığınıza və kamilliyinizə çox yaraşır. Dərin və sakit axarınızdan heç vaxt qalmayasınız, professor!
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı