AZ RU EN
UNİVERSİTET / Muzeylər / Anatomiya muzeyi

Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının anatomik tədris muzeyi 1919-1922-ci illərdə kiçik bir otaqda yerləşirdi və "Ümumi sümük muzeyi" adı altında 1919-cu ildə prof. V.İ.Razumovski tərəfindən təşkil edilmişdir. Bu muzeydə tədris əhəmiyyətinə malik olan sümük preparatları kolleksiyası, həmçinin kəllələr və müqayisəli anatomiyaya aid sümük preparatları toplanmışdı.
1923-1926-ci illərdə muzeyin "Daxili orqanlar" və "Embriologiya ilə birlikdə müqayisəli anatomiya" şöbələri yaradılmışdır. Muzeyin bu şöbələrinin yaradılmasına 1922-1926-cı illərdə Bakı Universitetinin tibb fakültəsinin normal anatomiya kafedrasına rəhbərlik etmiş professor K.N.Malinovski böyük əmək sərf etmişdir. Bir sıra preparatlar, o cümlədən müqayisəli anatomiya və embriologiya üzrə preparatlar bilavasitə prof. K.N.Malinovskinin özü tərəfindən hazırlanmışdır. Sonrakı 1926-1937-ci illərdə profesoor N.İ.Anserovun kafedraya rəhbərlik etdiyi dövrdə muzeydə heç bir preparat artımı olmayıb, əksinə azalma getmişdir.
1937-ci ildən başlayaraq professor K.Ə.Balakişiyevin rəhbərliyi altında və birbaşa iştirakı, həmçinin professor A.İ.Belenkayanın və kafedranın digər əməkdaşlarının (dosentlərdən S.Ə.Həsənovun, B.H.Əlizadənin, G.S.Hacıyevin, M.S.Abdullayevin, assistentlərdən S.M.Əfəndiyevanın, Ş.H.Rəhimovanın, R.Ə.Əsgərovun, M.Ş.Cahangirovun və b.) yaxından köməyi sayəsində anatomiya muzeyi intensiv surətdə böyüməyə başladı və çoxsaylı preparatlarla zənginləşdirildi.
Osteologiya, artrologiya ilə birlikdə sindesmologiya, miologiya, angiologiya və duyğu orqanları ilə birlikdə sinir sistemi muzeyi yaradıldı. Muzeyin daxili orqanlar və embriologiya ilə müqayisəli anatomiya şöbələri yeni preparatlarla tamamlandı. Xüsusi olaraq "Əsaslı (fundamental) muzey" təşkil edildi. Fundamental muzeydə elmi-tədqiqat işlərinin, o cümlədən dissertasiya işlərinin (preparatlar, fotoşəkillər, tablolar və diaqramlar) materialları saxlanılırdı.
İkinci Dünya Müharibəsi illərində kafedra kollektivinin qayğısı sayəsində kafedranın əmlakının əsas hissəsini, o cümlədən muzey preparatlarını qoruyub saxlamaq mümkün olmuşdur.
1973-1990-ci illərdə kafedranın o vaxtkı kafedra müdiri, professor G.Ş.Hacıyevin rəhbərliyi altında ikinci mərtəbənin dəhlizində "Stomatoloji anatomiya" şöbəsi təşkil edilmişdi. Bu şöbədəki diş-çənə sistemi preparatları indi də nümayiş etdirilir və gələcək stomatoloqların əyani vəsaitlərdən istifadə etmələrinin maddi bazasını təşkil edir.
1990-1995-ci illərdə (kafedra müdiri prof. R.Ə.Əsgərov) kafedranın interyerində estetik dəyişikliklər edilmiş, mühazirə zalının önündəki foyenin divarında bir sıra məşhur anatom-alimlərin rəsmləri həkk olunmuş panno düzədilmiş, muzeyə aid otaqlarda kosmetik təmir işləri aparılmışdır.
1995-ci ildən etibarən kafedraya rəhbərlik etməyə başlayan professor V.B.Şadlinski kafedranın əməkdaşları ilə birlikdə muzeyin yenidən qurulmasında əhəmiyyətli rol oynamışdır. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikintisi başa çatdırılan 11 mərtəbəli tədris binası istifadəyə verildikdən sonra binanın ikinci mərtəbəsinin digər yarısı da insan anatomiyası kafedrasına verilmişdir. Bu da muzeyin sahəsinin genişləndirilməsinə əlverişli imkan yaratmışdır. Muzeylərin ümumi sahəsi qeyd olunan illəri əhatə edən dövrlərdə 297 m2-dən 521 m2-ə çatdırılmışdır.
Kafedranın I mərtəbəsinin dəhlizindəki divarda ulu öndər Heydər Əliyevin portreti, II mərtəbəsinin dəhlizində isə müxtəlif illərdə kafedraya rəhbərlik etmiş şəxslərin görkəmli rəssam tərəfindən əməliyyat stolu arxasında çəkilmiş rəsmləri kafedraya gələn qonaqlarda xoş təəssürat hissi oyadır. II mərtəbənin dəhlizinin girəcəyinin sağ tərəfində Hippokratın, Aristotelin, Leonardo-Da-Vinçinin, K. Qalenin, A. Vezalinin, U. Harveyin, D.A. Jdanovun, B.A.Dolqo-Saburovun, A.N.Maksimenkovun və b. portretləri, əks tərəfdə isə əməkdar elm xadimi, professor K.Ə.Balakişiyevin portreti asılmışdır.
İkinci mərtəbədə professor V.B.Şadlinski tərəfindən kafedranın əməkdaşları ilə birlikdə "Dayaq-hərəkət aparatı muzeyi" yaradılmışdır. Bu muzey əldə edilən yeni sümük preparatları ilə zənginləşdirilmişdir. Muzeydə əsaslı təmir işləri aparılmış, bütün otaqların tavanı müasir üslubda düzəldilmiş, divarların üzlüklərinin keyfiyyətli materiallarla işlənməsi başa çatdırılmışdır. Hazırda mühazirə zalında Prezident İlham Əliyevin portreti ilə yanaşı Klavdi Qalenin, Əbu Əli İbn Sinanın, Andrey Vezalinin, İvan Piroqovun, Pyotr Lesqaftın portretləri asılmışdır.
Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının nəzdindəki elmi-tədris muzeyi təkcə elmi-tədris məqsədlərinə xidmət etmir, həm də ondan elmi-maarifləndirici müəssisə kimi də geniş istifadə edilir. Bura tez-tez tibb texnikumlarının, rəssamlıq məktəblərinin, orta məktəblərin şagirdləri ekskursiyaya gəlirlər. Anatomiya kursunu tədris edən zaman anatomiya muzeyi onlar üçün mühüm baza kimi xidmət göstərir.
Muzeyin daimi seyrciləri ATU-nun birinci və ikinci kurs tələbələridir. Onlar sərbəst vaxtda muzeydə anatomiyanın bölmələrini diqqətlə öyrənir və onlar haqqında əyani təsəvvür əldə edirlər ki, bu da keçilən dərslərin mənimsəmə keyfiyyətini artırır.
Muzeydə bütün preparatlar tədrisə müvafiq ardıcıllıqla şkaf və vitrinlərdə yerləşdirilmişdir. Belə qayda tələbələrin böyük miqdarda faktik anatomik materialı asanlıqla və şüurlu surətdə yadda saxlamalarına imkan yaradır. Belə ki, muzeyin bütün şöbələrində əyanilik dərhal nəzərə çarpır. Hər bir preparatın yanında anatomik törəmənin latın adının siyahısı, eləəcə də onların Azərbaycan və rus dillərində yazılmış qısa annotasiyaları qoyulmuşdur. Tələbələrin diqqətini cəlb edəcək bütün anatomik törəmələrin həm quru, həm də yaş preparatları onların latın adlarının siyahısına müvafiq nömrələnmişdir.
Muzeyin xidmətindən təkcə yuxarı kursların tələbələri, aspirant və rezidentlər deyil, həmçinin müxtəlif ixtisaslı həkimlər, eləcə də elmi-tədqiqat işləri aparan mütəxəssislər, dissertantlar istifadə edirlər. Bununla yanaşı, xarici ölkələrin ayrı-ayrı şəhərlərindən gəlmiş qonaqlar, müxtəlif ölkələrin səhiyyə işçiləri, dünyanın qabaqcıl universitetlərinin tibb fakültələrinin rəhbərləri və başqaları əvvəllər olduğu kimi indi də muzeyə maraqla tamaşa edir, burada gördüklərindən məmnunluq duyurlar. Belə nümayəndə heyətlərinə Almaniyadan, Türkiyədən, Rusiya Federasiyasından, İndoneziyadan, Pakistandan, Hindistandan, Malidən, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi Ştatından, Vaşinqtondan (səhiyyə, maarif, sosial təminat nazirinin xüsusi köməkçisinin rəhbərliyi altında), İrandan, Çexiyadan, İtaliyadan, Cənubi Koreyadan, Gürcüstandan, Belarusdan, digər MDB ölkələrindən və b. misal göstərmək olar. Kafedraya ünvanlanmış məktublar, anatomik muzey haqqında rəylər alınıb saxlanılır.
Azərbaycan Tibb Universitetinin anatomiya tədris muzeyi hazırda hazırda 6 mindən artıq preparata malikdir. Muzeydə sümük sistemi, oynaqlar və bağlar, eləcə də əzələ sistemləri, mərkəzi və periferik sinir sistemləri ürək-damar sistemi, düyğu orqanları, daxili sekresiya vəziləri, həmçinin müqayisəli anatomiya preparatları şöbələri, diş-çənə sisteminin anatomiyası şöbəsi, teratologiya və kafedranın tarixi şöbələri, əsaslı (fundamental) muzey fəaliyyət göstərir. Kafedranın tarixi şöbəsində müxtəlif illərdə kafedrada çalışmış alim-anatomların portretləri qalereyası yaradılmış, onların elmi-pedaqoji fəaliyyətinin qısa xarakteristikası verilmişdir. Son illər kafedrada muzeyin ekspozisiyasını daha da yaxşılaşdırmaq istiqamətində mühüm işlər görülmüş, müasir anatomik texnikadan istifadə etməklə çoxlu sayda yeni preparatlar hazırlanmışdır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı