AZ EN
UNİVERSİTET / Ümumi məlumat / Haqqında

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

 

Ənənələr və innovasiyalar beşiyi

Səhiyyənin gələcəyi bizimlədir!

 

Azərbaycan Tibb Universiteti  - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, elmi işçilər yetişdirən təhsil və elm ocağıdır. Burada tədris prosesi elmi tədqiqatlar, peşəkar tibbi yardım və səhiyyədə əldə olunan nailiyyətlərlə sıx əlaqəlidir.

Azərbaycan Tibb Universiteti (ATU) 1930-cu ildə may ayının 9-da Bakı Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tibb fakültəsi bazası əsasında yaradılıb. Deməli, indiki BDU-nun tibb fakültəsinin varisi sayılan universitetimiz özündə təxminən 100 illik bir tarixi birləşdirir və ATU-nu kafedralarının əksəriyyətinin əsası məhz 1919-cu ildə tibb fakültəsinin yarandığı vaxtda qoyulub.

3 ildən sonra rəsmi yaranma tarixinin 90 illik yubileyini qeyd etməyə hazırlaşan  Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanaları, xəstəxana və klinikaları ilə Azərbaycanın ən iri təhsil və elm ocaqlarından biridir. Universitet elmi-tədqiqat laboratoriyaları, müasir cihazlar və avadanlıqla təchiz edilib ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan verib.

ATU-nun 4 unikal klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası  var. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2300 tələbə qəbul etmək imkanına malikdir. Burada universitetin 10 nəzəri kafedrası, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxana və "Təbib" nəşriyyatı yerləşdirilib.


ATU-nun gerbi və loqosu:

ATU-nun Böyük Elmi Şurasının 27 yanvar tarixli 6 saylı iclasının qərarına əsasən, ATU-nun yeni gerb və loqosu təsdiqlənib.

Azərbaycan Tibb Univesitetinin yeni gerbi dairəvi formadadır. Dairənin mərkəzində maarif və inkişaf rəmzi kimi açılmış kitab təsvir edilib. Kitabın üstündə Hippokrat camı, yəni ilan sarılmış cam yerləşdirilib. Məlum olduğu kimi bu simvol dünyada səhiyyə və tibbin əsas rəmzi sayılır.

Kitabın altında ərəb rəqəmləri ilə 1930 - universitetin yaranma tarixi əks olunub. Kitabı, tarixi və Hippokrat camını iki ədəd zeytun yarpağı əhatələyir. Zeytun - Azərbaycanda yetişən əsas bitkilərdən biri kimi geraldikada sülh, inkişaf, eləcə də şəfa rəmzi kimi qəbul edilib.

Gerbin kənarları boyunca “Azərbaycan Tibb Universiteti” sözləri yazılıb, sözlərin hər iki tərəfində isə səkkizgüşəli ulduz əks olunub. Gerbin alt hissəsində isə üçrəngli bayrağımızın rənglərinə uyğun olaraq göy, qırmızı və yaşıl rənglərdə üç zolaq çəkilib. Bunlar məhz Azərbaycan Respublikasına məxsusluğumuzu, milliliyimizi və dövlətimizi xarakterizə edən simvollardır.

ATU-nun yeni loqosunda isə açılmış kitabın ortasında rəmzi cam təsvir edilib. Camın ətrafına cərrahi iynə formasında ilan sarılıb. Loqoda ATU abbreviaturası, onun altında universitetin yaranma tarixi yenə də ərəb rəqəmləri ilə qeyd olunub.

 

TƏDRİS SİSTEMİ:

2006-cı ildən etibarən Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika, tibbi-biologiya, əczaçılıq fakültələrində, 2009-2010-cu tədris ilindən etibarən stomatologiya, 2010-2011-ci tədris ilindən isə müalicə-profilaktika və pediatriya fakültələrində tibb təhsilinin tədrisi kredit sistemi ilə aparılır. 2009-cu ilin iyun ayında “Təhsil qanunu”nun qəbul edilməsi təhsilin kredit sisteminə keçidinə, həmçinin diplomdansonrakı hazırlığın rezidentura sistemi ilə aparılmasına əlverişli şərait yaradır. Bu qanun elmi və pedaqoji kadrların hazırlığını yeni qaydalar üzrə aparmağa istiqamət verir.

 

ATU-nun NAİLİYYƏTLƏRİ:

1996-cı ildə Cənubi Qafqaz Respublikaları ali məktəbləri arasında ilk dəfə ATU Londonda çapdan çıxan beynəlxalq təhsil birliyinin reyestrinə daxil edilib. Universitetimiz 1998-ci ildə Qara dəniz hövzəsi ölkələrinin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilib.

 

Ötən əsrin 90-cı illərindən hal-hazıra qədər ATU-nu bitirən gənc həkim kadrları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində, o cümlədən Almaniyada, Amerika Birləşmiş Ştatlarında, Türkiyədə, Kanadada, İran İslam Respublikasında, Rusiya Federasiyasında, İsveçrədə və başqa ölkələrdə uğurla fəaliyyət göstərirlər. Hər il Tibb Universitetini bitirən yüz nəfərə yaxın məzun yuxarıda qeyd olunan ölkələr də daxil olmaqla bir çox inkişaf etmiş xarici ölkələrdə komissiya qarşısında yoxlama sorğusundan keçərək, ATU-da aldıqları diplomları təsdiq etdirir və orada işə qəbul olunurlar.

 

Doktorluq dissertasiyası müdafiə etmiş və professor elmi adına layiq görülmüş alimlərimizin əksəriyyəti uzun illər ərzində səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olublar. Onlar müxtəlif kafedraların, elmi-tədqiqat müəssisələrinin, klinikaların rəhbəri kimi respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Heyət arasında çoxsaylı elmi əsərlərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, patent və səmərələşdirici təkliflərin müəllifləri var.

 

Yataqxanalar:

Azərbaycan Tibb Universitetində tələbələrin yaşam tərzinin yaxşılaşdırılması məqsədilə inşa edilmiş 6 yataqxana binası fəaliyyət göstərir.

Onlardan 1 və 6 saylı yataqxanalarda ATU-da təhsil alan oğlan tələbələr, 2 və 3 saylı yataqxanalarda qız tələbələr, 5 saylı yataqxana da isə xarici tələbələr yerləşdirilib. 4 saylı yataqxanada müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşıb.

Hazırda ATU-nun 1 saylı yataqxanasında 172,2 saylı yataqxanasında 160,3 saylı yataqxanasında 291,5 saylı yataqxanasında 252, 6 saylı yataqxanasında isə 351 nəfər tələbə yaşayır.

Keçən əsrin 60-70-ci illərində tələbə yataqxanası kimi istifadə edilən 5 mərtəbəli bina hazırda tədris binası kimi istifadə edilir və bu bina «Latın dili korpusu» kimi tanınır.

ATU-nun tələbə yataqxanalarının tikintisinin əsası XX əsrin 30-cu illərində bu ali tibb təhsili müəssisəsinin o zamankı rektorlarından görkəmli dövlət və elm xadimi professor Əziz Əliyev tərəfindən qoyulub, sonrakı illərdə bu təşəbbüs davam etdirilmişdir. 1941-1945-ci illərdəki İkinci Dünya müharibəsi zamanı ATU-nun 1 və 2 saylı tələbə yataqxanalarından təhliyə qospitalı kimi istifadə edilib. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha 4 müasir tipli yataqxana həmçinin 12-yə yaxın nəzəri kafedra, ATU-nun əsaslı kitabxanası yerləşdirilmış 11 mərtəbəli tədris binası tikilərək tələbələrin ixtiyarına verilib. 2001-ci ildə isə ulu öndərin səyi nəticəsində ATU-nun ilk klinikası sayılan Stomatoloji Klinika təşkil edirilib. Son 10 ildə ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində yerli və xarici tələbələrin istifadə etdikləri bütün yataqxana binalarında əsaslı təmir işləri aparılıb, binalar ən yeni avadanlıqlarla təchiz edilib, tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb. 2007-2013-cü illərdə cənab Prezident İlham Əliyev və onun xanımı Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı 3 dəfə Azərbaycan Tibb Universitetində olublar. Onların göstərdikləri diqqət və qayğı sayəsində saha 3 klinika Onkoloji, Tədris Terapevtik, Tədris Cərrahiyyə Klinikaları qısa müddətdə tikilib istifadəyə verilib.

 

Klinikalar:

STOMATOLOJİ  KLİNİKA

ATU-nun Stomatoloji Klinikas 2002-ci ildə yaradılıb. Klinikanın yaradılmasında məqsəd bu sahənin inkişafına nail olmaq, xəstələrə keyfiyyətli tibbi-stomatoloji yardım göstərmək, həmçinin peşəkar stomatoloülar yetişdirməkdir. 

Stomatoloji Klinikanın nəzdində stomatoloji poliklinika həmçinin 5 stomatoloji kafedra fəaliyyət göstərir. Bu da stomatologiya fakültəsinin tələbələrinin praktiki təcrübə keçməsinə imkan yaradır. Belə ki, klinikada ixtisas fənləri yüksək səviyyədə aparılır. Bu klinikada tədris kabinetləri, rentgen diaqnostika şöbəsi və diş texniki laboratoriyaları tələbə və professor-müəllim heyətinin ixtiyarına verilib. Tələbələr müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçir və praktiki vərdişlər əldə edir, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak edirlər.

Son 5 il ərzində Stomatoloji Klinikanın nəzdində stomatologiya elminin müxtəlif sahələrini əhatə edən 72 elmi-tədqiqat işləri aparılıb.  Stomatoloji Klinikada 180-a yaxın professor-müəllim heyəti çalışır. Bununla yanaşı Stomatoloji Klinikada implantologiya, parodontologiya, ortodontiya, rentgen-diaqnostika, fizioterapiya, “Rentgen-Diaqnostika” tədris mərkəzi və stomatoloji laboratoriyalar da fəaliyyət göstər

 

ONKOLOJİ KLİNİKA

Onkoloji klinika 2007-ci ildə açılıb. Onkoloji klinika 2 stasionar şöbədən, gündüz stasionarından, poliklinika və diaqnostika şöbəsindən, əməliyyat və anestezioloji şöbədən ibarətdir.

9 mərtəbəli binada yerləşən klinikada onkologiya fənninin tədrisi, eləcə də onkoloji xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi və xəstələrin reabilitasiyası üçün ideal şərait yaradılıb. Klinikanın histoloji laboratoriyası, kompyuter tomoqrafiyası otağı, ultrasəs müayinəsi otağı, digər müalicə - diaqnostika şöbələri, elmi-tədqiqat və müalicə sektorları, ginekologiya şöbəsi, cərrahi şöbə və başqa şöbələr ən yeni cihazlarla, müasir avadanlıqlarla təchiz edilərək, tələbələrin və bu klinikaya müraciət edən xəstələrin, həmçinin müəllim və həkimlərin ixtiyarına verilib.

Klinikanın üstün cəhətlərindən biri də ondan ibarətdir ki, burada müasir tipli uşaq onkologiyası şöbəsi yaradılıb. Klinikada 24 saat ərzində fəaliyyət göstərən ekspress-laboratoriya da vardır. Klinikanın hər şöbəsində sümük iliyi, lyumbare punksiyalar və biopsiyaları üçün manipulyasiya otağı fəaliyyət göstərir.

Onkoloji klinikada dayaq-hərəkət aparatı sistemində, yumşaq toxuma şişlərinə görə, dəri törəmələri, süd vəzinin şişləri zamanı icra olunan mastektomiyalar, uşaqlığın Vertheym üsulu ilə ekstirpasiyası, vulvoektomiya və Düken əməliyyatları, həzm sisteminin onkoloji xəstəliklərinə görə radikal cərrahi əməliyyatlar: qaraciyərin şişlərinə görə qaraciyər rezeksiyası, öd kisəsi, xoledoxun, onikibarmaq bağırsağın şişlərinə, peritonarxası şişlərə görə icra olunan bütün radikal cərrahi əməliyyatlar. Ağciyər xərçəngi zamanı icra olunan radikal əməliyyatlar: pnevmonektomiya, ağciyərin lobektomiyası və s. həyata keçirilir.

Klinikada həmçinin müasir onkourologiyaya aid olan açıq və endoskopik, Qırtlaq şişləri, ağız boşluğu şişləri zamanı və s. cərrahi əməliyyatlar icra olunur. Onkoloji klinika həmçinin xəstələrin müasir kimyəvi dərman terapiyasını həyata keçirir.

Fəaliyyət göstərdiyi bir neçə il ərzində klinikaya 30 mindən yuxarı ambulator xəstə qeydiyyata alınıb, 3 minə yaxın əməliyyat həyata keçirilib. 

 

TƏDRİS TERAPEVTİK KLİNİKA:

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 2010-cu ilin sonlarında fəaliyyətə başlayıb. Klinikanın 400 çarpayılıq 6 terapiya, 3 pediatriya, 1 nevrologiya və 1 reanimasiya və intensiv terapiya şöbəsi mövcuddur.

Klinikada angioqrafiya, endoskopiya şöbələrində, kompyuter tomoqrafiya, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, densitometriya, tredmil-doppler exokardioqrafiya, elektrokardioqrafiya, ultrasonoqrafiya, elektroensefaloqrafiya ,fizioterapiya bölmələrində,klinik-diaqnostik laboratoriyada,efferent terapiya mərkəzində terapevtik, pediatrik və nevroloji yönümlü bütün xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, müalicəsi, reablitasiyası aparılır. Bunun üçün klinikada Amerikanın, Yaponiyanın, Almaniyanın, Türkiyənin, Cənubi Koreyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Klinikada respublikanın bütün şəhər və rayonlarından olan xəstələrə tibbi xidmət göstərilir.

 Klinikada xəstələrin müayinə və müalicəsi ilə 20 tibb elmləri doktoru, 126 tibb üzrə fəlsəfə doktoru, o cümlədən 19 professor, 49 dosent, 9 əməkdar elm xadimi, 9 əməkdar həkim, bütövlükdə 220 yüksək ixtisaslı həkim məşğul olur.

Klinikanın şüarı olan "Yüksək peşəkarlıq, dəqiq müayinə və keyfiyyətli müalicə" Tədris Terapevtik Klinikada tibb elminin ən son nailiyyətləri və müasir tibbi texnologiyalardan istifadə olunaraq qabaqcıl, mütərəqqi müalicə üsulları tətbiq edilir.

Klinikanın ən vacib bölmələrindən biri reanimasiya və intensiv terapiya şöbəsidir. Şöbədə uşaqlar və böyüklər üçün ayrı-ayrı reanimasiya və intensiv terapiya otaqları fəaliyyət göstərir.

 Klinikada stasionar müalicə alan xəstələrdən başqa, gündə 300-350 xəstəyə (ayda 7500-8000 xəstə) ambulator, konsultativ-diaqnostik və müalicəvi yardım göstərilməsinə şərait yaradılıb.

Klinikanın konsultativ-diaqnostik poliklinika şöbəsinin rahat müayinə otaqlarında vətəndaşlar bütün daxili xəstəliklər, uşaq xəstəlikləri, nevrologiya, endokrinologiya, nefrologiya, kardiologiya, allerqologiya,revmatologiya və digər istiqamətlərdə hərtərəfli müayinə oluna bilirlər. Azərbaycanda ilk dəfə olaraq Tədris Terapevtik klinikanın bakterioloji laboratoriyası avadanlıq və mütəxəssisləri ilə müasir dünya standartlarına uyğun fəaliyyət göstərir və bu işdə ölkənin digər klinikaları üçün mütəxəssislərin hazırlanması ilə məşğul olur.

 Klinikada müalicə işi ilə yanaşı tədris prosesi və elmi-tədqiqat işlərinin yerinə yetiriliməsi də yüksək səviyyədə təşkil olunub, burada 16 klinik kafedra yerləşdirilib. Bu tibb ocağı eyni vaxtda 640 tələbəni qəbul edə biləcək multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı,  gündə 1000-ə qədər tələbəni qəbul edə bilən, kompyuterləşdirilmiş 70-ə qədər dərs otağı var.

  

TƏDRİS-CƏRRAHİYYƏ KLİNİKASI:

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası 2013-cü ildə fəaliyyətə başlayıb. Burada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olur.

Klinikada imtahan və kompyuter zalları da müasir avadanlıqla təchiz edilib. Bu cihazlar müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam imkan verir. Müəssisədə ictimai tədbirlərin keçirilməsi üçün xüsusi akustika və müasir multimedia sistemlərinin quraşdırıldığı 250 yerlik konfrans zalı var. Ümumilikdə klinikada hər biri 100 nəfərlik olmaqla 9 mühazirə zalı, 50-dən çox praktik məşğələ üçün treninq otağı yaradılıb. Klinikanın şöbələrində quraşdırılan avadanlıq dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu cihazlar vasitəsilə qısa müddətə müayinələrin nəticələrini daha dəqiq əldə etmək mümkündür.

Laboratoriyada dünya universitetlərinin referens laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar vardır. Bu isə istənilən laborator müayinələri maksimum az vaxtda və dəqiq yerinə yetirməyə imkan verir. Laboratoriyada ölkəmizdə ilk dəfə olaraq Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi “CLSI” standartlarına uyğun biokimyəvi və immunoloji analizlər aparılacaq. Pasiyentlər dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə klinikanın saytına daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə biləcəklər.

Klinikada, həmçinin “Tesla” maqnit rezonans tomoqrafı, 128 kəsikli kompyuter tomoqrafı, iki yüksək tezlikli rəqəmsal rentgen qurğusu, universal tipli angeoqraf, 4D rejimli ultrasəs müayinəsi aparatı quraşdırılıb.

Bu tibbi mərkəzdə tələbələrin, rezidentlərin və doktorantların təhsili və biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası vardır. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB məkanında analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyantlar quraşdırılmışdır. Buradakı bir çox avadanlığın üstünlüyü ondadır ki, bu cihazlara kompyuterə yüklənmiş məlumatlarla yanaşı, xəstənin də maqnit rezonans, rentgen, kompyuter tomoqrafiyasından alınan görüntülərini yükləmək olur.

 

ATU-nun KİTABXANASI:

1933-cü ildə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılan ATU-nun kitabxanası hazırda bir milyona yaxın adda tibbi ədəbiyyata malikdir. Kitabxana tam kompyuterləşdirilib və multi-media sisteminə qoşulub. Burada tələbə və müəllimlərin rahat işləmələri üçün hər cür şərait yaradılıb.

 

ATU-nun I  MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ:

I Müalicə-profilaktika fakültəsində “müalicə işi” ixtisası üzrə müasir səviyyəli həkimlər hazırlanır. Fakültədə daxili xəstəliklər, neyrocərrahiyyə, onkologiya, mama-ginekologiya, sinir və göz xəstəlikləri kimi çox zəruri tibb sahələri üzər kadrlar yetişdirilir.

Müalicə işi ixtisasını bitirən məzunlar rezidenturada təhsil alaraq anestezioloq-reanimatoloq, ümumi cərrah, neyrocərrah, plastik cərrah, ürək-damar cərrahı, travmatoloq-ortoped, otorinolorinqoloq, oftalmoloq, onkoloq, immunoloq, allerqoloq və genetik ixtisaslarına yiyələnə bilərlər.

Hazırda I müalicə-profilaktika fakültəsində 18 kafedra və 2 kurs fəaliyyət göstərir. Fakültədə 364  professor-müəllim heyəti çalışır. Fakültə əməkdaşları arasında Azərbaycan Milli Elmlər Akademiyasının 1 həqiqi üzvü, 2 nəfəri isə müxbir üzvü, 2 nəfəri Rusiya TEA-nın həqiqi üzvü, tibb elmləri doktorları, professorlar, tibb üzrə fəlsəfə doktorları var. Onkologiya, insan anatomiyası, I cərrahi xəstəliklər, II daxili xəstəliklər kafedralarında ümumilikdə professor-müəllim heyətinin 70-80 faizi, kliniki farmakologiya  kafedrasında isə əməkdaşların hamısı elmi dərəcəlidir.

Hazırda fakültədə 1746  tələbə təhsil alır. Onlar arasında  xarici ölkə - Rusiya, Suriya, Türkiyə, İran, İraq, Əfqanıstan, Pakistan, Banqladeş vətəndaşları da var. I müalicə-profilaktika fakültəsində bir çox istiqamətlərdə, xüsusilə de aktual mövzularda elmi işlər aparılır. Fakültənin istedadlı tələbələri tədrislə yanaşı, Universitet Tələbə Elmi Cəmiyyətlərində təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işlərində çalışırlar.

Son 10 ildə fakültə əməkdaşlarının 2768 elmi işi dərc edilib. Bunlar sırasında dərsliklər, dərs vəsaiti və digər tədris-metodik işlər, jurnal məqaləsi və tezislər var. Dərc olunan işlərin əksəriyyəti müxtəlif xarici ölkələrin elmi məcmuələrində və konfrans materiallarında çap edilib.

 

ATU-nun II  MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏSİ:

II müalicə-profilaktika fakültəsində “müalicə işi” ixtisası üzrə müasir səviyyəli həkimlər hazırlanır. Fakültənin I-III kurslarında təbabətin təməl fənləri, yuxarı kurslarda isə klinik fənlər tədris olunur.

II müalicə-profilaktika fakültəsinin nəzdində 17 kafedra və 1 kurs fəaliyyət göstərir. Onlardan 3-ü nəzəri, 13-ü klinik kafedralardır. Kafedralarda tədrislə yanaşı təbabətin müxtəlif problemləri və onların həlli yollarının araşdırılması istiqamətində elmi-tədqiqat işləri də aparılır.

Fakültədə təməl fənlərinin tədrisi universitetin əsas tədris bazasında, kliniki fənnlər universitetin Onkoloji, Stomatoloji, Tədris-terapevtik və Tədris-Cərrahiyyə klnikalarında, Bakı şəhərinin əsas klinika və poliklinikalarında və müasir müalıcə-diaqnostika avadanlıqları ilə təchiz edilmiş Elmi-Tədqiqat Kardiologiya, Elmi-Tədqiqat Pediatriya, Milli Profilaktika və Tibbi Bərpa İnstitutlarının və akad. M.Topçubaşov ad. Elmi Cərrahiyə Mərkəzinin bazalarında həyata keçirilir.

Müalicə işi ıxtisasını bitirən məzunlar rezidenturada təhsil alaraq anestezioloq-reanimatoloq, ümumi cərrah, neyroçərrah, plastik çərrah, ürək-damar çərrahı, travmatoloq-ortoped, otorinolorinqoloq, oftalmoloq, onkoloq, mama-ginekoloq, uroloq, terapevt, kardioloq, nefroloq, qastroenteroloq, hematoloq, dermatoveneroloq, revmatoloq, endokrinoloq, infeksionist, nevroloq, psixiatr, narkoloq, ftiziatr, immunoloq, allerqoloq, fizioterapevt, şüa diaqnostikası, mikrobioloq, patoloqoanatom, məhkəmə-tibb eksperti və tibbi genetika ixtisaslarına yiyələnə bilərlər.

Fakültənin professor-müəllim heyəti arasında akademiklər, elmlər doktoru-professor, elmlər namizədi-dosent, elmlər namizədi - assistent və baş müəllimlər var. Hazırda fakültədə 1700-ə yaxın tələbə təhsil alır. Fakültənin istedadlı tələbələri tədrislə yanaşı Universitet Tələbə Elmi Cəmiyyətlərində təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işlərində çalışırlar.

Diplomaqədərki dövrdə təhsildə fərqlənən tələbələr bir sıra ölkələrin (Türkiyə, Almaniya, ABŞ, Bolqarıstan, Rumıniya, İtaliya və s.) qabaqcıl Universitetlərində təcrübə keçmək imkanına malikdirlər.

 

ATU-nun TİBBİ PROFİLAKTİKA FAKÜLTƏSİ:

Fakültədə tibbi-profilaktika ixtisası üzrə mikrobiologiya, epidemiologiya, parazitologiya, infektologiya, gigiyenanın müxtəlif sahələri və səhiyyənin təşkili üzrə kadrlar hazırlanır. Tibbi-biologiya ixtisası üzrə isə bioloji kimya, bioloji fizika, tibbi genetika, mikrobiologiya, virusologiya və laborator xidmət üzrə mütəxəssislər yetişdirilir.

Fakültədə 7 və elmi-tədqiqat mərkəzi kafedra fəaliyyət göstərir. Hazırda tibbi-profilaktika və tibbi-biologiya fakültəsinin professor-müəllim heyəti 175 nəfərdən ibarətdir. Bunlar arasında 18 professor, 56 dosent, 48 nəfər baş müəllim və 53 assistent fəaliyyət göstərir.

Tibbi-profilaktika fakültəsi əməkdaşlarının qarşısında duran əsas elmi problem-əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsinin əsaslarının öyrənilməsindən ibarətdir. Kafedraların əməkdaşları ölkədə ekoloji şəraiti yaxşılaşdırmağa xidmət edən elmi-tədqiqat işləri aparırlar. Ətraf mühitin istehsalat tullantıları ilə, aqrokimyəvi maddələrlə çirklənmə səviyyəsinin və əmək şəraitinin fizioloji-gigiyenik baxımdan qiymətləndirilməsinə, böyüməkdə olan gənc nəslin sağlamlıq vəziyyətinin və iş qabiliyyətinin öyrənilməsinə dair elmi-tədqiqatlar aparılır.

Həmçinin, əhaliyə tibbi yardımın təşkilinin əsasları tədqiq edilir, Bakı şəhərində iltihabi xəstəliklərin və xəstəxanadaxili yoluxmaların strukturu, Azərbaycanda bağırsaq infeksiyaları və invaziyalarının epidemiologiyası məsələləri öyrənilir. Bu tədqiqat işlərində tələbələr də iştirak edirlər.

Hazırda tibbi-profilaktika fakültəsində 400-ə yaxın tələbə təhsil alır.

Tibbi-biologiya ixtisasına aid olan kafedraların əməkdaşları respublikada çox rast gələn irsi və qazanılma xəstəliklərin patobiokimyəvi mexanizmlərinin, diaqnostika və müalicə problemlərinin tədqiqi ilə məşğuldur.

Fakültədə əməkdaşların həmkarlar təşkilatı, tələbələrin həmkarlar təşkilatı, tələbə gənclər və idman təşkilatı, tələbə elmi cəmiyyəti, müxtəlif idman və özfəaliyyət bölmələri fəaliyyət göstərir.

 

ATU-nun STOMATOLOGİYA FAKÜLTƏSİ:

Stomatologiya fakültəsində həkim-stomatoloq ixtisasları üzrə kadrlar hazırlanır. Tələbələrə təbabətin təməl fənləri ilə yanaşı stomatoloji fənlər - stomatoloji xəstəliklərin profilaktikası, terapevtik stomatologiya, ağız və üz-çənə cərrahiyyəsi, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya tədris olunur.

2002-ci ildə yaradılan universitetin stomatoloji klinikasında ixtisas fənləri yüksək səviyyədə aparılır. Bu klinikada tədris kabinetləri, rentgen diaqnostika şöbəsi və diş texniki laboratoriyaları tələbə və professor-müəllim heyətinin ixtiyarına verilib. Tələbələr müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçir və praktiki vərdişlər əldə edir, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak edirlər.

Fakültədə fəaliyyət göstərdiyi illər ərzində 9200-dən çox həkim-stomatoloq hazırlanaraq ölkəmizdə və dünyanın müxtəlif ölkələrində - Türkiyə, İran, Fransa. Almaniya, Finlandiya, İsrail, Suriya, İordaniya, Pakistan, Əfqanıstan, Rusiya, Ukrayna, Türkmənistan, Gürcüstan və digər ölkələrdə uğurla fəaliyyət göstərirlər.

Azərbaycanlı tələbələrlə yanaşı fakültədə Türkiyə, İran, Pakistan, Əfqanıstan, İsrail, İordaniya, Fələstin, Finlandiya və digər xarici ölkələrdən 500-ə yaxın tələbə təhsil alır.

Fakültədə elmi işlərin əsas istiqaməti stomatoloji xəstəliklər və onların ağırlaşmalarının, diaqnostika, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsinə yönəlmişdir.

2009-cu ildən Türkiyənin Ankara Universitetlərinin Diş Həkimliyi fakültəsi ilə müqavilə əsasında müsabiqə yolu ilə tələbə mübadiləsi aparılır və təhsillərini həmin universitetlərdə davam etdirirlər. Hazırda fakültənin  məzunları Qazi Universitetində doktorluq pilləsində təhsil alırlar

 

ATU-nun HƏRBİ TİBB FAKÜLTƏSİ:

200-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən “Hərbi tibb” fakültəsi yaradılıb. Bu fakültədə hərbi həkimlərlə birlikdə, orta tibb təhsilinə yiyələnən feldşerlər də təhsil alır.

 

ATU-nun ƏCZAÇILIQ FAKÜLTƏSİ:

Əczaçılıq fakültəsində təhsil alanlara əczaçılıq elminin əsasları öyrədilir. Tələbələrə əczaçılıq üzrə ixtisas fənnləri ilə yanaşı, nəzəri təbabətin təməl fənnləri də tədris edilir. Burada tələbələr dərmanların keyfiyyətini yoxlamaq üzrə praktik vərdişlər əldə etməklə bərabər yeni dərman preparatlarının alınması üzrə təcrübi vərdişləri və nəzəri biliklərini təkmilləşdirirlər.

Fakültənin tələbələri kimyəvi analizin müasir metodlarının həyata keçirilməsi və yeni dərman preparatlarının alınması üzrə bilik və təcrübə toplayır, dərmanların orqanizmə təsirini, eləcə də onların keyfiyyətini öyrənmək üçün ətraflı məlumatlar əldə edirlər. Tələbələr, həmçinin dərman vasitələrinin yaratmaq sahəsində aparılan elmi-tədqiqat işlərində də iştirak edirlər.

Əczaçılıq fakültəsi müxtəlif illərdə nəinki Azərbaycan, həmcinin keçmiş SSRİ-nin bir sıra respublikaları (o cümlədən Türkmənistan, Qazaxıstan, Gürcüstan və Ermənistan) üçün kadrlar hazırlayıb. Hazırda bu fakültədə Azərbaycan vətəndaşlarından başqa Türkiyə, İran, Suriya, Anqola, Nigeriya, Sudan, İraq, Əfqanıstan və b. ölkələrin gəncləri də təhsil alır. İndi Azərbaycanda 5000-dən artıq ali təhsilli əczaçı bakalavr və magistr var ki, onların demək olar ki, hamısı ATU-nun əczaçılıq fakültəsinin məzunlarıdır.

Əczaçılıq fakültəsində 8 kafedra fəaliyyət göstərir. İndiyə kimi fakültənin ixtisas kafedralarında 11 nəfər doktorluq, 44 nəfərdən artıq əməkdaş əczaçılıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. AMEA-da çalışan bir çox aparıcı kimya və biologiya elmləri doktorları bu təhsil ocağının yetirmələridir.

Hazırda fakültənin 400-ə yaxın tələbəsi var. Məzunlar arasında ən fəalları əczaçılıq texnologiyası, əczaçılıq kimyası, toksikoloji kimya və farmakoqnoziya, əczaçılıq işinin təşkili  ixtisasları üzrə magistraturada təhsillərini davam etdirirlər. Magistraturada təhsil müddəti 2 ildir.

 

BEYNƏLXALQ ƏLAQƏLƏR:

Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti əsasən müasir tələblərə cavab verən yüksək ixtisaslı tibb kadrlarının hazırlanması üçün  yaxın və uzaq xarici ölkə universitetlərin təcrübəsini öyrənmək,  ümumavropa təhsil məkanına inteqrasiya  etmək,  müasir bilik və texnologiyaların, tələbə və müəllimlərin mübadiləsini təmin etməkdən ibarətdir.

 Azərbaycan Tibb Universiteti Qafqaz Universitetlər bilrliyinin, Türk Dünyası Universitetlər Birliyinin, Qara Dəniz Universitetlər Şəbəkəsinin üzvüdür.

 Universitetimiz bir sıra xarici təhsl, elmi və tibbi müəssisələri, beynəlxalq təşkilatlar, cəmiyyətlər və assosiasiyalar ilə (USAİD, Amerika-Avstriya Fondu (AAF), Almaniya Akademik Xübadilə xidməti (DAAD), TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi rəhbərliyi), Dünya Bankı, Britaniya Şurası, s) əməkdaşlıq edir.  Universitetimizin tələbələri Tibb tələbələri assosiasiyasının beynəlxalq federasiyasının  (İFMSA) aktiv üzvləridir.

Universitetimiz  son illər ərzində xarici ali təhsil və elmi-tədqiqat müəssisələri ilə ikitərəfli müqvilələr və beynəlxalq proqramlar çərçivəsində  intensiv əməkaşlıq qurulmuşdur. Avropa Komisiyasının TEMPUS, ERASMUS MUNDUS proqramlarının 7 layihəsi, həmçinin Mevlana mübadilə proqramının  iştirakçısıdır.

Hazırda universitetimiz 33 ölkənin 135 universiteti, tədqiqat müəssisələri və klinikaları ilə sıx əməkdaşlıq edir.  Hər il onlarla müəllimimiz təcrübə mübadiləsi məqsədilə tərəfdaş universitetlərə səfər edir,  yüzlərlə tələbəmiz və rezidentimiz xarici ölkə universitetlərində və klinikalarında yay təcrübəsi və rotasiya keçirlər. Bununla yanaşı, dünyanın tanınmış alimləri, yüksəkixtisaslı mütəxəssisləri mütəmadi olaraq universitetimizə dəvət olunur, onların mühazirələri, yerli mütəxəssislərlə birgə konsiliumları, həmçinin onlayn konfranslar təşkil olunur.  

 

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ:

1947-ci ildə Azərbaycan Tibb Universitetində Tələbə Elmi Cəmiyyəti yaradılıb. Bu cəmiyyətin xətti ilə hər ilin may ayında yekun Ümumuniversitet konfransı keçirilir. Təşkilatın plenar iclaslarında və seksiyalarda dinlənilən ən yaxşı işlər həmin ilin dekabr ayında “İlin ən yaxşı tələbə elmi işi” müsabiqəsinə təqdim edilir və ən yaxşı işlər tələbələrin Ümumrespublika konfransında dinlənilərək münsiflər tərəfindən mükafatlandırılır, tələbələrin bir qrupu hər il beynəlxalq müsabiqələrdə iştirak edərək I dərəcəli diplomlara, sertifikatlara layiq görülürlər. Son 10 il ərzində Tələbə Elmi Cəmiyyətinin xətti ilə fakültələr üzrə 150, kafedralar üzrə 1500-dən artıq elmi konfrans keçirilib.

Tələbələr üçün yaradılan şərait:

ATU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Universitetin nəzdində idman-sağlamlıq kompleksi, örtülü üzgüçülük hovuzu, “Nabran” sağlamlıq-istirahət düşərgəsi, Elmi-Tədqiqat Mərkəzi, İnternet mərkəzi və s. fəaliyyət göstərir.

Universitetin nəzdində “Çinar” qızlar rəqs ansamblı, “Şən və hazırcavablar” qrupu və s. mədəni-kütləvi birliklər fəaliyyət göstərir. Hər tədris ilinin sonunda ATU-nun buraxılışına həsr edilmiş “Məzun günü” keçirilir, məzunlar həkimlik andı içir və estafeti-həkimliyin rəmzlərindən olan ağ xalatı, kalpakı və fonendoskopu birinci kurs tələbələrinə verirlər.

 

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı