AZ EN
RƏHBƏRLİK / Rektorun məsləhətçisi

Allahverdiyev Mübariz Qasım oğlu
Həyatı: Allahverdiyev Mübariz Qasım oğlu 1942-ci il noyabrın 19-da Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi (Stepanakert) rayonunun Xocalı kəndində anadan olub; 1957-ci ildə Xocalı 7-illik məktəbini bitirdikdən sonra tam orta təhsilinin bir hissəsini Şuşadakı 1 saylı orta məktəbin 8-ci sinfində, sonra isə Xankəndidəki Nizami Gəncəvi adına 4 saylı orta məktəbin 9-10-cu siniflərində davam etdirib, 1966-cı ildə N.Nərimanov adına ATİ-ni bitirdikdən sonra təyinatını DQMV-ya götürüb, lakin Vilayət səhiyyə şöbəsinin müdiri Atayan onu işlə təmin etməkdən imtina edib və öz yaxınları dairəsində deyib ki, Yerevandan alınan xüsusi göstərişə görə onlar türkləri (azərbaycanlıları) işə götürməməlidirlər. 1966-cı ilin oktyabr ayının 4 - də o, çətinliklə Vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə göndərilib. 1968-ci ilin yanvar ayının 4 - də onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salınıb. O, məcburən, öz doğma yurdundan didərgin düşüb. 1968-ci ildə Türkmənistana gedib. Orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun «Leninqrad» kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilib.
A.M.Allahverdiyev 1969-cu ildən indiyə qədər ATU-nun insan anatomiyası kafedrasında çalışır.

Pedaqoji fəaliyyəti
M.Q.Allahverdiyev 1969-cu ilin fevral ayının 18-də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Böyük elmi şurasının qərarı ilə normal anatomiya kafedrasının müəllimi vəzifəsinə qəbul edilib, 1970-ci ildə assistent, 1973-cü ildə baş müəllim, 1986-ci ildə dosent, 2010-cu ildə professor vəzifəsinə seçilib və hal-hazıra kimi kafedranın professoru vəzifəsində çalışır.
O, 1971-ci ildən 1990-cı ilə qədər kafedranın tədris hissə müdiri vəzifəni yerinə yetirib. 20-dən çox dərslik və dərs vəsaitlərinin, 3 monoqrafiyanın, 3 bioqrafik məlumat kitabının müəllifi, bir neçə kitabın tərtibçisi və nəşrinə məsuldur.
1975-1982-ci illərdə Azərbaycan SSR-in «Televiziya verilişləri» studiyasında təşkil edilmiş «Tədris» rubrikası üzrə silsilə verilişlərdə «Anatomiya, fiziologiya, gigiyena» adlı layihə üzrə xüsusi proqram əsasında dövlət televiziyasında orta məktəb şagirdləri üçün hər dəfədə 20 dəqiqəlik canlı dərslər aparmaq M.Q.Allahverdiyevə həvalə edilmişdir.

İctimai işlər
1991-ci ildən ATU-nun I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1993-2000-ci illərdə ATU-nun elmi katibi, 2001-2006-cı illərdə İnternatura şöbəsinin müdiri, 2006-2008-ci illərdə pediatriya fakültəsinin dekan müavini vəzifələrində çalışıb, 2008-ci ildə ATU-nun rektorunun müşaviri vəzifəsinə təyin edilib və hazırda da həmin vəzifəni yerinə yetirir.
1988-1993-cü illərdə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı elan olunmamış özünümüdafiə xarakterli müharibədə iştirak edib. Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığı tərəfindən ona «Müharibə veteranı» vəsiqəsi verilib, «Qarabağ Müharibə Veteranları Birliyi»nin, 2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Xocalı soyqırımını Tanıtma»İctimai Birliyinin Ağsaqqallar Şurasının sədridir.
Vətənhəsrətli alim 2011-ci il fevralın 24-də Azərbaycan Tibb Universiteti və Türkiyənin Qazi Universiteti rektorlarının birgə təşəbbüsü ilə Xocalı soyqırımına həsr edilmiş telekörpü verilişində çıxış edib, onun Təşkilat Komitəsinin üzvlərindən olub. 2012-ci il fevralın 20-dən 27-nə qədər İstanbula ezam edilib, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin televiziya kanallarında, ali məktəb müəssisələrində çıxışlar edib, çıxışının fraqmentləri həmin ölkənin jurnalistləri tərəfindən internetə salınaraq beynəlxalq miqyasda geniş dinləyici auditoriyasına çatdırılıb. 2012-ci ilin fevral ayının 26-da İstanbulun Taksim Meydanında Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş möhtəşəm yürüşün fəal iştirakçılarından olub.

Elmi işlər
1975-1996-cı illərdə Azərbaycan Anatom, Histoloq və Embrioloqlar elmi Cəmiyyətinin katibi, 1989-1993-cü illərdə «anatomiya», «histologiya», «patoloji anatomiya» ixtisasları üzrə İxtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 2000- 2006-cı illərdə kafedra üzrə Tələbə Elmi Cəmiyyətinin sədri vəzifələrində çalışıb, 2006-cı ildən kafedra müdirinin elmi işlər üzrə müavini vəzifəsini yerinə yetirir.
2008-ci ildən indiyə qədər Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın ATU-nun nəzdində təşkil etdiyi «biokimya», «insan anatomiyası», «patoloji fiziologiya», «farmakologiya, kliniki farmakologiya» ixtisasları üzrə FD 03.013 şifrli dissertasiya şurasının elmi katibi vəzifəsində çalışır.
1985-ci il aprelin 30-da Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik, 2008-ci il yanvar ayının 31-də Bakıda ATU-nun nəzdində doktorluq dissertasiyası müdafiə edib. O, 200-dən çox çap olunmuş elmi və elmi-kütləvi işin müəllifidir. Ölkəmizdə, eləcə də bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Rusiya Federasiyasında, digər MDB ölkələrində keçirilən elmi konqres və konfransların nümayəndəsi olub, həmin ölkələrin elmi məcmuələrində məqalələr çap etdirib.
Moskvada İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda, Sankt-Peterburqdakı Meçnikov adına Sanitariya-Gigiyena İnstitutunun müalicə-profilaktika fakültəsində, Hərbi Tibb Akademiyasında, Xarkov Dövlət Tibb İnstitutunda elmi ezamiyyətlərdə və ixtisasartırma kurslarında olub.
Sonuncu dəfə 1988-ci ildə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda elmi ezamiyyətdə olarkən professor Metelitsa mühazirə zamanı dinləyicilər qarşısında ulu öndər Heydər Əliyev haqqında qərəzli ifadələr işlətdikdə M.Q.Allahverdiyev onun sözünü kəsərək 1980-cı ildə dahi Heydər Əliyev haqqında söylədiyi həqiqətə uyğun ifadələri ona xatırlatmış və prof.Metelitsanın riyakarlığını auditoriya qarşısında ifşa etmiş, indiki ifadələrinin uydurma olduğunu onun özünə demişdir.

Təltifləri
1977-ci ildə tibb təhsili sahəsində əldə etdiyi nailiyyətlərə görə «Sosializm yarışının qalibi» döş nişanına, yüksəkixtisaslı tibb kadrları hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Fəxri Fərmanları»na, 2007-ci ildə «Qızıl Qələm» mükafatına, 2010-cu ildə Azərbaycan Respublikasının «Əməkdar müəllimi» fəxri adına layiq görülüb.
İki övladı var. Oğlu tibb üzrə fəlsəfə doktoru Qasımov Elnur ATU-nun ümumi cərrahlıq kafedrasının assistenti, qızı Qasımova Təranə insan anatomiyası kafedrasının assistentidir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana International for students Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı