AZ RU EN WEBMAIL
Xəbərlər
12.02.2020
“Qan qazları” mövzusunda seminar keçirilib
Kliniki kafedraların rezidentləri üçün ənənəvi seminarlar davam edir. Bu gün də ATU-nun Tədris Cərrahiyyə Klinikasında Uşaq cərrahiyyəsi və Neonatologiya kafedralarının birgə seminarı keçirilib.
 
Seminarı rezidentura şöbəsinin Tədris Cərrahiyyə Klinikası üzrə məsul şəxsi, assistent  Namiq Xəlilov açaraq  ilk sözü Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlıya verib. 
Bugünkü seminarda qanın qaz tərkibi haqqında mühazirənin dinləniləcəyini söyləyən Aygün Rüstəmxanlı bu mövzünun təkcə neonatologiyada deyil, digər bölümlərdə də çox maraqlı bir mövzu olduğunu bildirib. Qeyd edib ki, reanimasiya tədbirləri, eləcə də xəstələrin süni nəfəs aparatlarında dəstəklənməsi zamanı və bir çox başqa hallarda qanın qaz tərkibinin öyrənilməsi vacibdir. 
 
Şöbə müdiri xəstə təhlillərinin də öz əksini tapdığı mühazirənin maraqla qarşılanacağını və seminarın interaktiv olacağına əminliyini vurğulayıb.
Bundan sonra IV kurs rezidenti Gülnar Seyidova “Qan qazları” mövzusunda məruzə ilə çıxış edərək kritik vəziyyətdəki xəstələrin dəyərləndirilməsi, müalicə və ağırlaşmaların qarşısının alınması üçün  günümüzdə istifadə olunan müayinələrdən söhbət açıb. Eyni zamanda qan qazında nələrin ölçülməsini, qan götürərkən diqqət edilməsi zəruri olan məqamlara toxunub. Xatırladıb ki, Qan 5 dəqiqədən çox gözlədilməməli, soyuq vəziyyətdə daşınmalı, şpris və iynə ən azı 0.1 ml heparinlə yuyulmalı, şprisdə hava qabarcığı olmamalıdır.
 
Məruzədə arterial qan qazının dəyərləndirmə üsullarına, anion açığı artmış və ya normal olan,  ya da olmayan metabolik asidozun səbəblərinə, həmçinin müalicəsinə də geniş yer ayrılıb.
 
Rezident Gülnar Seyidova seminar iştirakçılarının mövzuya dair suallarını da cavablandırıb. Bəzi mübahisə doğuran məsələlərə isə onun elmi rəhbəri Aygün Rüstəmxanlı aydınlıq gətirib.
 
Seminarı yekunlaşdıran klinikanın tədris və elmi işlər üzrə direktor müavini, professor Davud Pənahov doğrudan da maraqlı bir məruzənin dinlənildiyini diqqətə çatdıraraq rezidentimizin öz fikirlərini sərbəst ifadə edməsini müsbət hal kimi dəyərləndirib. Həmçinin, müxtəlif mənbələrdən götürülmüş terminlərin Azərbaycan dilində səsləndirilməsini tövsiyə edən direktor müavini   xəstə təhlili zamanı xəstələrin ad və soyadlarını açıqlamağa ehtiyac olmadığını, amma yaşını göstərməyin vacibliyini vurğulayıb. Çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkürünü bildirən professor D.Pənahov bütün rezidentləri bu cür seminarlarda fəallıq göstərməyə çağırıb.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı