AZ RU EN WEBMAIL
Xəbərlər
30.11.2019
Tədris Cərrahiyyə Klinikasında 5 şöbənin hesabatı dinlənilib

Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir. Klinikanın direktoru, professor Surxay Hadıyev ilin sonunadək bütün şöbələrin hesabat verəcəklərini və yekun olaraq klinikanın ümumi hesabatının hazırlanacağını vurğulayıb.

 

Noyabrın 29-da 5 şöbənin hesabatı dinlənilib.

 

Oftalmologiya şöbəsinin 10 aylıq hesabatını şöbə müdiri, assistent Qurban İsmayılov diqqətə çatdırıb. O, əvvəlcə şöbədə uğurla tətbiq olunan ən müasir aparatlar və cihazlar, bütövlükdə şöbənin texniki imkanları haqqında ətraflı məlumat verib.

 

Bundan sonra müayinə və müalicənin ən qabaqcıl üsullarla aparılmasından, kadr potensialından söhbət açaraq şöbədə 1 professor, 5 dosent, 9 assistent və 11 baş laborantın, 5 mütəxəssis-həkimin fəaliyyət göstərdiyini, 10 ay ərzində şöbəyə 6934 nəfərin ambulator müayinə üçün müraciət etdiyini, 1715 nəfərin əməliyyat olunduğunu söyləyib. 8 xəstədə təkrari əməliyyata ehtiyac yarandığını deyən şöbə müdiri bildirib ki, hesabat müddətində 3435 tələbə pulsuz müayinə edilib, ümummilli liderimiz H.Əliyevin ad günü münasibətilə ATU-nun 47 tələbəsi pulsuz əməliyyat olunub.

 

Uşaq cərrahiyyəsi şöbəsinin hesabatını təqdim edən Murad Əlibəyov şöbədə çarpayı məşğulluğunun 46 gün, çarpayı dövriyyəsinin 48 gün, orta çarpayı gününün 0,95 gün, cərrahi aktivliyin 92, 88 faiz olduğunu deyib. Onun sözlərinə görə, müayinələrin sayı 3110, əməliyyatların sayı isə 1064 olub ki, bunlardan da 99-u böyük, 403-ü orta, 562-si kiçik həcmli əməliyyatlardır.

 

Ginekologiya, doğuş və perinatal xidmət şöbəsinin müdiri Turab Canbaxışov şöbənin tibbi personalı haqqında qısa məlumat verdikdən sonra bu ilin 10 aylıq hesabatını təqdim edib. Hesabat dövründə şöbədə stasianar xəstə sayının 1688, ambulator xəstə sayının isə 164 olduğunu, 100 laparoskopik, 50 histereskopik, 9 abdominal, 154 vaginal əməliyyatın icra edildiyini, 731 xəstəyə doğuş, 92 xəstəyə perinatal xidmət göstərildiyini deyib.

 

Ginekologiya şöbəsinin hesabatını I Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyevə təqdim edib. O, kafedrada ümumilikdə 53 əməkdaşın, o cümlədən 38 nəfərdən ibarət professor-müəllim heyətinin çalışdığını və həmin tibbi personalın eyni zamanda ginekologiya şöbəsində də fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Daha çox praktik fəaliyyət üzərində dayanaraq şöbənin nəzdində qadın məsləhətxanasının açılmasını böyük nailiyyət kimi qiymətləndirib. Bildirib ki, Səhiyyə Nazirliyinin icazəsi ilə fəaliyyət göstərən qadın məsləhətxanasında hesabat dövründə 649 hamilə qeydiyyata alınıb. Onun sözlərinə görə, şöbədə hesabat dövrü ərzində 1004 doğuş həyata keçirilib və bunlardan 341-i təbii, 663-ü operativ doğuş olub. Ümumilikdə 1703 xəstə hospitalizasiya olunub.

 

Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı tibbi heyət haqqında qısa məlumat verdikdən sonra statistik rəqəmləri diqqətə çatdırıb. Şöbədə yenidoğulmuşların sayının 1931 olduğunu bildirərək qeyd edib ki, əkizlərin cəmi 39, üçəmlərin cəmi 1 olub. Yenidoğulmuşlardan 1057-si kişi, 874-ü isə qadın cinsinə aiddir: “Hesabat dövründə reanimasiyada 871 xəstə müalicə alıb ki, bunlardan da 70 % -i süni ventilyasiya dəstəyi almış ağır xəstələrdir. Reanimasiya şöbəsində müalicə alan cərrahi əməliyyat olunmuşların sayı 13, digər xəstəxanalardan daxil olanların sayı 35-dir”.

 

A.Rüstəmxanlı hesabat dövrü ərzində şöbənin təşkilatçılığı ilə keçirilən konfrans və seminarlar, maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı aparılmış işlər barədə də məlumat verib.

 

Hesabatların gedişində aktuallıq kəsb edən məsələlərlə bağlı suallar və təkliflər səsləndirilib. Kesar kəsiyi ilə doğuşun həddindən artıq çox olmasına dair fikirlər mübahisə doğurub və qarşılıqlı diskussiyaya səbəb olub.

 

Klinikanın baş həkimi, professor Ramiz Poluxov əvvəl inkişaf qüsurlu xəstələrin klinikaya çox az hallarda müraciət etdiyini, hazırda isə belə müraciətlərin sayının artdığını deyib və bunu neonatal xidmətin yaxşılaşdırılması ilə əlaqələndirib.

 

“Bugünkü hesabatdan da göründüyü kimi, burada ən peşəkar, ən yüksək biliyə malik tibbi heyət cəmlənmişdir” – deyən klinikanın direktoru, professor S.Hadıyev rəhbərlik adından təqdimatlarda iştirak edən əməkdaşlara, xüsusən də klinikaya doğma münasibət göstərən, bilik və bacarığını əsirgəməyən insanlara minnətdarlığımı bildirib. Həmçinin, televiziyalarda hər gün reklamı gedən bəzi həkimlərin klinikamızın mütəxəssisləri ilə hətta bir sırada durmağa layiq olmadıqlarını dilə gətirib. Həkimlərimizin tanıdılması istiqamətində ciddi addımlar atmağın vacibliyini söyləyən klinikanın direktoru gələcək hesabatların daha əhatəli hazırlanmasını da tövsiyə edib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı