AZ RU EN WEBMAIL
Xəbərlər
11.09.2019
ATU-da XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi keçirilir

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi öz işinə başlayıb. Tədbir Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin mərhum sədri, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə həsr olunub.

 

Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinə üzv olan 25 ölkədən 160 elm xadimi və tibb mütəxəssisinin, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə naziri Oqtay Şirəliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub. Nazir müavini çıxışında son 15 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb.

 

Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır.

 

Diqqətə çatdırılıb ki, sentyabrın 14-dək davam edəcək bu beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Bu isə ölkələr arasında elmin qarşılıqlı tanınmasında və əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.

 

Açılış nitqlərindən sonra Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edilib.

 

Daha sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bu gün Azərbaycan mühüm konfrans, forumların mərkəzinə çevrilib: "Bu konqres ölkəmizin səhiyyə ictimaiyyəti adına çox mühüm hadisədir. Burada dünyada tanınmış mütəxəssislər iştirak edir. Bu konqreslərin keçirilməsində akademik Böyükkişi Ağayevin böyük rolu var. Şahidiyəm ki, o bu cür mürəkkəb məsələlərə necə ciddi yanaşırdı. Təəssüflər olsun ki bugünkü konqresi Böyükkişi Ağayevsiz keçiririk. Bu konqresin də onun xatirəsinə həsr olunması onun ən böyük haqqıdır.

 

Daha sonra Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, professor Hasan Özkan çıxış edərək dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin indiyədək 17 konqresi keçirilib. Bu beynəlxalq tədbirlərin 7-nə Azərbaycan ev sahibliyi edib.

 

H.Özkan məlumat verib ki, rəhbərlik etdiyi cəmiyyətin əsası 1996-cı ildə Antalyada Avropa və Asiyanın türkdilli dövlətlərindən olan alimlərinin milli konqresindəki görüşü zamanı qoyulub. Cərrah və qastroenteroloqların ilk konqresi 1997-ci ildə Bakıda keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə keçirilən həmin konqresdə 5 ölkədən 35-ə yaxın alim iştirak edib.

 

Azərbaycan Cərrah Qostroentoloqlar İctimai Birliyinin sədri professor, konqresin sədri Rauf Ağayev çıxış edərək, bugünkü XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin əsas məqsədinin dünyada bu sahədə çalışan mütəxəssislərin yeni nailiyyətlər barədə apardıqları fikir mübadiləsinin praktikalarına tətbiq edilməsinə nail olmaq olduğunu bildirib.

 

R.Ağayev vurğulayıb ki, konqresdə qaraciyər transplantasiyasına aid olan böyük çıxış olacaq: Avstraliya, Amerika və Türkiyədən gələn mütəxəssislər öz təcrübələri haqqında danışacaqlar. Eyni zamanda dünyada ən aktual problemlərdən olan hepatit virusu, ürək-damar cərrahiyyəsi barədə də çıxışlar nəzərdə tutulub.

 

Tədbirdə Böyükkişi Ağayevin həyat və fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirilib.

 

Sonra Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi işini sessiyalarda davam etdirib.Sessiyalarda cərrahiyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, konqres sentyabrın 14-dək davam edəcək.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı