AZ RU EN WEBMAIL
Xəbərlər
05.09.2019
Ağır beyin əməliyyatı keçirən qadın ana olub

6 il əvvəl ağır beyin əməlyyatı keçirən gənc qadın ana olub. Hamiləliyin planlaşdırılması, uşağın sağlam inkişafı və doğuşunda xanıma Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri kömək ediblər.

 

Klinikanın endokrinoloq-ginekoloqu Natavan Axundavanın sözlərinə görə, 26 yaşlı qadın altı il əvvəl "Açıq hipertenziyalı hidrosefaliya (periventrikulyar ödem ilə)" xəstəliyini keçirib. Bu xanım "sağ tərəfli ventrikuloperitoneal şuntlama" əməliyyatı olunub.

 

Həkim deyir ki, hidrosefaliya - beyinə mayenin toplanması nəticəsində kəllədaxili təzyiqin artması və ümumi beyin əlamətləri, görmə qabiliyyətinin pozulması ilə müşahidə olunan patologiyadır. Ventrikuloperitoneal şuntlama əməliyyatı zamanı beyin mədəciklərindən şunt vasitəsilə maye periton (qarın) boşluğuna açılır və beyin artıq maye yüklənməsinə məruz qalmır. Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyasından sonra xəstədə şiddətli baş ağrıları, baş gicəllənmə, ürək bulanma, qusma, ikigörmə (diplopiya) şikayətləri, obyektiv müayinədə göz dibində başlanğıc durğunluq əlamətləri olub.

 

Qeyri-müntəzəm aybaşı görən qadın ailə qurduqdan 5 ay sonra hamiləliyi planlaşdırmaq məqsədilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Həkim Natavan Axundova və komandasının köməyilə xəstədə hormonal fon normallaşdıqdan sonra hamilə qala bilib. Lakin xəstənin hamiləlik dövrü də rahat keçməyib.

 

“Hamiləlik zamanı erkən və gec düşük təhlükəsi, vaxtından əvvəl doğuş təhlükəsi, dölün bətndaxili inkişafının ləngiməsi, simptomsuz bakteriyauriya müşahidə olunub. Bu patologiyalar vaxtında korreksiya edilib. Hamiləlik dönəmində baş beyinlə bağlı heç bir fəsadlaşma olmayıb. Mütəmadi olaraq neyrocərrahla konsultasiyalar aparılıb”.

 

Nəhayət hamiləliyin 36-cı həftəsində qadın dölyanı mayenin vaxtından əvvəl axması diaqnozu ilə doğum şöbəsinə daxil olub və neyrocərrahın iştirakı ilə keysəriyyə kəsiyi əməliyyatı icra edilib. Qadın çəkisi 2450 qram, boyu 50 sm olan sağlam körpə dünyaya gətirib. Artıq ana və yenidoğulmuş evə yazılıblar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı