AZ RU EN WEBMAIL
Xəbərlər
01.08.2019
ATU əməkdaşı iki beynəlxalq tibbi cəmiyyətə üzv seçildi

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı Günel Əyyubova Serbiyada baş tutan Avropa Sinir Elmləri Cəmiyyətləri Federasiyasının (FENS - Federation of European Neuroscience Societies) Regional Forumunda iştirak edib. Federasiyanın toplantısı iyulun 10-13-də Belqradda keçirilib.

 

ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasının baş müəllimi Günel Əyyubovanın sözlərinə görə, “FENS regional toplantısı Serbiya Sinir Elmləri Cəmiyyəti, Rumıniyanın Milli Sinir Elmləri Cəmiyyəti və Türkiyə Sinirbilim Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib. Forumda nevrologiyanın bütün sahələrinin inkişafına dəstək məqsədi ilə təşkil olunub:

 

“Forumda nevrologiya sahəsində elm və texnologiyanın həm akademik, həm də praktiki sahədə əldə etdiyi son nailiyyətlərini özündə əks etdirən olduqca zəngin və maraqlı proqram nümayiş etdirilib. Forumda FENS-ə üzv olan Avropa ölkələrinin Sinir Elmləri Cəmiyyətlərinin nümayəndələri də daxil olmaqla dünyanın 60-dan çox ölkəsindən, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Rusiya, Avstraliya, Çin, Yaponiya, Braziliya, Argentina və s. dövlətlərdən mütəxəssislər, alimlər iştirak ediblər. Burada sinaptik plastiklik, neyrofiziologiya, sinir sistemi xəstəliklərinin molekulyar və hüceyrə səviyyəsində aparılan təməl və klinik tədqiqatları, davranış və idrak nevrologiyası, neyrodegenerativ xəstəliklərə müasir yanaşmalar, onların tədqiqi və müalicəsi istiqamətində aparılan elmin son nailiyyətləri və digər mövzuları əhatə edən plenar sessiyalar, simpoziumlar təşkil olunub, mühazirələr dinlənilib, poster təqdimatları nümayiş etdirilib”.

 

Tədbirin açılışında Regional Forumun icraçı direktoru, Serbiya Sinir Elmləri cəmiyyətinin vitse-prezidenti Selma Kanazir, Avropa Sinir Elmləri Cəmiyyətləri Federasiyasının (FENS) prezidenti Karmen Sandi, Serbiyanın təhsil, elm və texnologiya naziri Marina Sokoviç, Belqrad universitetinin rektoru professor İvanka Popoviç, Türkiyə Sinirbilim təşkilatının prezidenti Bayram Yılmaz və başqaları çıxış etmişlər. Tədbir Serbiyanın Səhiyyə nazirliyi tərəfindən 1-ci kateqoriyalı beynəlxalq konqres kimi akkreditasiya olunub.

 

Qeyd edək ki, ATU əməkdaşı Günel Əyyubova tədbirdə poster təqdimatı ilə çıxış edib. Diskussiyalar zamanı nümayəndəmiz tərəfindən gələcək elmi işlərin müştərək həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələri qurulub.

 

G.Əyyubova Avropa və Beynəlxalq Neyrokimya cəmiyyətinin üzvü (European Society for Neurochemistry, International Society for Neurochemistry), eləcə də FENS-in üzvü seçilib.

 

Qeyd edək ki, rəsmi jurnalı – nüfuzlu European Journal of Neuroscience (EJN) olan FENS qlobal nəşriyyat şirkəti Wiley ilə əməkdaşlıq edir, həm regional, həm də beynəlxalq səviyyədə nevrologiya sahəsində tədqiqat və təhsili inkişaf etdirir, bu sahədə çalışan mütəxəssislər arasında mübadilə və şəbəkələşməni asanlaşdırır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı