AZ RU EN WEBMAIL
Xəbərlər
09.02.2019
ATU-nun Tədris Cərrahiyyə klinikasınında uşaq cərrahiyyəsi üzrə elmi-praktiki konfrans keçirilib

“Uşaq cərrahlığı kafedrasının təxminən 1 əsrə yaxın yaşı var”

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATU-nun Uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş uşaq cərrahiyyəsi üzrə elmi-praktiki konfrans keçirilir. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti tərəfindən təşkil olunub. Azərbaycanın dövlət himni səsləndikdən sonra konfransın işinə start verilib.

 

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov konfrans iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Uşaq cərrahlığı kafedrası 1938-ci ildə hazırkı ATU-nun tərkibində yaranıb: “Uşaq cərrahlığı kafedrasının təxminən 1 əsrə yaxın yaşı var və bu kafedrada çalışan insanlar, onların yetişdirdiyi mütəxəssislər daimi olaraq Azərbaycan xalqının xidmətində dayanıb. Bu konfransda iştirak edən uşaq cərrahlarının böyük hissəsi də məhz uşaq cərrahlığı kafedrasının yetirmələridir. Bu mütəxəssislər gənc nəslin sağlam böyüməsində öz bilik və bacarıqlarını əsirgəməyiblər”.

 

Daha sonra çıxış edən Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev uşaq cərrahiyyəsinin çox geniş sahəni əhatə etdiyini bildirib. Onun sözlərinə görə, uşaq cərrahları baş-boyun nahiyyəsi, döş qəfəsi, qarın boşluğu, sidik-cinsiyyət sistemi və hətta neonatal dövrdə cərrahi müdaxilələr icra edən həkimlərdir: “Bu baxımdan uşaq cərrahları çox böyük elmi potensiala sahib olmalıdırlar ki, həm uşaqlarda anadangəlmə patologiyaların, həm də qazanılma patologiyaların diaqnostikasını və müalicəsini mükəmməl bilsinlər. Hesab edirəm ki, konfrans bu baxımdan bizə çox böyük töhvə vermiş olacaq. Konfransda həm Azərbaycanda, həm də xarici ölkələrdə ixtisaslaşmış mütəxəssislər uşaq cərrahlığının ayrı-ayrı bölmələri haqda danışacaqlar. Burada neonatal cərrahiyyəyə, uşaq onkologiyasına, uşaq urologiyasına, uşaq travmotologiya-ortopediyasına, baş-boyun cərrahiyyəsinə, abdominal cərrahiyyəyə, antenatal dövrdə döldə olan cərrahi patologiyaların diaqnostikasına və s. aid maraqlı çıxışlar yer alıb”.

 

Klinikanın baş həkimi, uşaq cərrahlığı kafedrasının müdiri Ramiz Poluxov konfransın əhəmiyyətindən söz açdı. O, uşaq cərrahiyyəsi mövzusunda konfransın Azərbaycanda ilk dəfədir ki, keçirildiyini müsbət hadisə adlandırdı: “Belə elmi-praktiki konfransların keçirilməsinin yetişməkdə olan gənc kadrların peşəkar mütəxəssis kimi formalaşmasında da böyük rolu var”.

 

Azərbaycan Uşaq Cərrahlar Assosiasiyasının sədri, professor Çingiz Quliyev isə uşaq cərrahlığı kafedrasının fəaliyyəti, nəzdindəki əməliyyatlar, aparılan elmi işlər haqqında geniş məlumat verdi.

 

Elmi-praktiki konfransda tanınmış tibb mütəxəssisləri “Uşaqlarda Hirşprunq xəstəliyinin diaqnostika və müalicəsi”, “Uşaqlarda qasıq yırtığının endocərrahi müalicəsi”, “Anadangəlmə əyripəncəliyin müasir müalicə metodları”, “Hamiləlik zamanı ana bətnində aparılan invaziv prosedurlar”, “Koxlear implant əməliyyatından sonra nitqin inkişafı” və s. mövzularda müzakirələr apardılar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı