AZ RU EN WEBMAIL
Xəbərlər
23.07.2018
“Təbib”in idmançıları XII yay düşərgəsi və “Varna kuboku”nda uğurla çıxış ediblər

Kyokuşin Dünya Birliyi (Kyokushin World Union) və Bolqarıstan Kyokuşin Karate Federasiyasının təşkil etdiyi XII yay düşərgəsi və “Varna kuboku” turniri uğurla başa çatıb. Düşərgədə 30 ölkədən 1500 idmançı iştirak edib. Azərbaycanı turnirdə KWU-nun ölkəmizdəki rəsmi nümayəndəsi, Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” idman klubunun məşqçi-müəllimi, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakimQələndər Aslanovun rəhbərliyi ilə 10 nəfərlik komanda heyəti təmsil edib.

 

Q. Aslanovun sözlərinə görə, düşərgənin ilk günlərində proqram üzrə hakimlik seminarları, təcrübi və test imtahanları keçirilib: “Hakimlərin təcrübi məşğələlərini yoxlamaq üçün 14 nəfərdən ibarət iki qrup hakimlə təlim keçirdim. Təcrübi və testdən uğurla keçən hakimlər turnirdə hakimlik etmək üçün lisenziya qazandılar”.

 

Qələndər Aslanovun bildirdiyinə görə, iyulun 3-də ənənəvi olaraq 18-21 yaşlı gənclər arasında “Varna kuboku” beynəlxalq turniri keçirilib. Turnirdə 18 ölkənin 140 idmançısı iştirak edib: “Ölkəmizi turnirdə 3 idmançı təmsil edirdi. İdmançılarımızın yaxşı döyüş nümayiş etdirmələrinə baxmayaraq, cəmi 1 medal əldə edə bildik. Kişilər arasında 60 kq çəki dərəcəsində Niyaməddin Əliyev final görüşündə qazaxıstanlı rəqibinə məğlub olaraq, turnirin gümüş medalına layiq görüldü”.

 

Q. Aslanov turnir zamanı ermənilər üzündən xoşagəlməz anlar yaşadıqlarını deyir: “Çempionat başlamazdan əvvəl, Ermənistan komandasının idmançılarının karate geyimlərinin arxasına qondarma Qarabağ bayrağının tikilməsi diqqətimi çəkdi. Bunu görən kimi KWU-nun Hakimlər Kollegiyasının sədrinə və təşkilat komitəsinə yaxınlaşaraq, etirazımı bildirdim. Mənim haqlı olduğumu təsdiq edərək, bütün hakimləri toplantıya dəvət etdilər. Qərar verildi ki, idmançılar tatamiyə çıxarkən, karate geyimində heç bir simvol istifadə etmədən və yalnız sağ qolunda öz ölkəsinin kiçik formatda bayrağı ilə çıxış edə bilərlər. Bu qərardan sonra Ermənistan komandası səhvlərini düzəltmək məcburiyyətində qaldı”.

 

Əməkdar məşqçinin sözlərinə görə, turnirdən sonra Yaponiyadan dəvət olunmuş böyük karate ustalarının rəhbərliyi ilə gündə 3 dəfə olmaqla ciddi təlim məşqləri olub: “Gərgin məşqlərdən sonra proqram üzrə iyulun 7-də dərəcəsini artırmaq istəyən ölkə nümayəndələri, məşqçilər və təlimatçılar üçün dan test imtahanı nəzərdə tutulmuşdu. Mən və tələbəm imtahana daxil olduq. Bütün normativləri yüksək texnikalarla yerinə yetirməklə, tələbəm Səbuhi Səfərov 1-ci dan qara kəmərinə, mən isə 4-cü dan qara kəmərinə layiq görüldük”.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı