AZ RU EN WEBMAIL
Xəbərlər
09.07.2018
"Horizon 2020” Qrant proqramı üzrə seminar

İyulun 6-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında Avropa İttifaqının elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə səkkizinci çərçivə “HORİZON 2020” qrant proqramı üzrə seminar keçirildi.

 

Seminarı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov Avropa İttifaqının elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə 8-ci çərçivə “HORİZON 2020” proqramının Avropa İttifaqı tarixində ən böyük qrant proqramı olduğunu bildirdi. Prorektor 2014-2020-ci illəri əhatə edən və büdcəsi 80 milyard avro olan bu qrant proqramından Azərbaycan alimlərinin kifayət qədər bəhrələnmədiyini təəssüflə qeyd etdi: “Ona görə də bugünkü seminarımızın əsas məqsədi dissertant və doktorantların, kafedra müdirlərinin, eləcə də kafedralarda elmə cavabdeh olan nümayəndələrin diqqətini bu layihələrə yönəltməkdir. Gələcəkdə proqramlarımızı, elmi işlərimizi, elmi istiqamətlərimizi elə qurmalıyıq ki, bu qrantlardan yetərincə bəhrələnə bilək”.

 

Hər bir ali təhsil müəssisəsinin fəaliyyətini qiymətləndirərkən onun qrant layihələrində iştirakının və impakt faktorlu jurnallarda çap olunan elmi məqalələrin sayının mütləq nəzərə alındığını vurğulayan R.Bəylərov diqqətə çatdırdı ki, iki il öncə Azərbaycan Tibb Universitetindən impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı 33 idisə, 2016-cı ildə 65-ə çatdı: “Sonuncu ilin hesabatına görə isə belə məqalələrin sayı 107-dir. Ancaq bizim potensialımızla müqayisədə bu göstərici yenə də çox azdır. Bütün bunları nəzərə alaraq qeyd etmək istərdim ki, bu qrant layihələrində iştirak bizim üçün çox vacibdir”.

 

Bundan sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun xarici əlaqələr və innovasiya şöbəsinin rəhbəri, “HORİZON 2020” proqramının qanunvericilik və maliyyə aspekti üzrə milli təmsilçisi (Legal&Financial NCP HORIZON 2020) Tofiq Babayev Avropa Komissiyasının elmi tədqiqat və innovasiya çərçivə proqramı haqqında, o cümlədən AB-nin Çərçivə Proqramlarının tarixı, yeni strategiyası və “HORİZON 2020” Çərçivə proqramı barədə geniş məlumat verdi. O, Azərbaycan alimlərinin Avropa Birliyinin ən böyük qrant proqramı olan elmi tədqiqatların texnoloji inkişaf və innovasiya proqramında iştirak edə bilməsinin reallığını xüsusiqeyd etdi.

 

Azərbaycan –Avropa İttifaqını nümayəndəliyinin əməliyyat şöbəsinin beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi Pərviz Bağırov, proqramın milli koordinatorları İlham Hümbətov və Zaur Həsənov da çıxış edərək bu proqramı müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlığı təşviq etmək üçün əvəzsiz proqram kimi dəyərləndirdilər.

 

“HORİZON 2020” proqramının səhiyyə, demoqrafik dəyişikliklər və rifah üzrə milli koordinatoru Rəhimə Qabulova 6 aydır ki, reallaşdırmağa çalışdıqları seminarın baş tutmasından məmnunluğunu söylədi. Bütün iştirakçılara təşəkkürünü bildirərək “Səhiyyə, demoqrafik dəyişikliklər və rifah” bölməsinin hansı problemləri həll etmək üçün yaradılmasına da aydınlıq gətirdi: “İlk növbədə sağlamlıq, yaşlanma və xəstəlik anlayışları, sağlam həyat tərzinin effektiv təbliği, xəstəliklərin profilaktikası, diaqnostikanın təkmilləşdirilməsi məsələləri diqqət mərkəzindədir. Eyni zamanda innovativ müalicələr, texnologiyalar, aktiv və sağlam uzunömürlülüyün təmin olunması, vətəndaşlar üçün davamlı tibbi yardım - yəni bizim işlədiyimiz sahələrin hər biri burada öz əksini tapmışdır. Bu proqram hər birinizin maraq dairənizdədir”.

 

İştirakçıları proqramın informasiya mənbələri ilə də tanış edən R.Qabulova layihənin 4 ilinin artıq başa çatdığını vurğulayaraq aktual çağırışlara qoşulmaqla qrant alma imkanları, bununla əlaqədar gözlənilən qaydalar və şərtlər barədə ətraflı məlumat verdi.

 

Seminarın sonunda ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bütün tədbir iştirakçılarına, qonaqlara, təşkilatçılara bir daha təşəkkürünü bildirdi, özünə güvənərək bu vacib layihədə iştirak edən maraqlı ideya müəlliflərinin uğur qazanacağına əminliyini vurğuladı.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı