AZ RU EN WEBMAIL
Xəbərlər
28.12.2017
Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

ATU rektoru Gəray Gəraybəyli universitetin fəaliyyəti ilə bağlı çıxış edib

28 dekabr 2017-ci il tarixində Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib. İclasda Səhiyyə Nazirliyi tərəfindən 2017-ci il ərzində görülmüş işlər və barədə məruzələr dinlənilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov çıxış edib. İştirakçılara il ərzində səhiyyə sahəsində görülən işlər haqqında məlumat verən natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, möhkəm iradəsinin məntiqi nəticəsi olaraq hətta bütün dünya üçün çətin olan son illərdə də ölkəmiz inkişafı davam etdirilib.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də kollegiya iclasında hesabat xarakterli geniş çıxış edib. Bildirib ki, son illər səhiyyədə müşahidə edilən sürətli inkişaf tibb kadrları yetişdirən qurumların qarşısında tam yeni vəzifələr qoyur: “Bu baxımdan, il ərzində ölkəmizdə tibb təhsilində ən böyük tibb ocağı sayılan Azərbaycan Tibb Universitetində xeyli ishalatlar aparılıb. Azərbaycan Tibb Universitetinin 2-ci redaksiyada Nizamnaməsi qəbul edilib, univeritetin Tədris-Terapevtik, Tədris-Cərrahi, Tədris-Stomatoloji və Onkoloji Klinikaları haqqında yeni redaksiyada Əsasnamələr qəbul edilib. Eləcə də, universitetin nəzdində fəaliyyət göstərən Tədris Kliniki laboratoriyaların Əsasnamələri qəbul edilib».

G.Gəraybəyli bəyan edib ki, bu yaxınlarda Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən ATU-nun yeni 5-illik müddətə akkreditasiyası keçirilib.

Dünya tibb təhsilinə inteqrasiya etmək, eləcə də kafedraların tədris proqramlarını inkişaf etmiş ölkələrin tədris proqramlarına uyğunlaşdırmaq məqsədilə bu il ərzində Azərbaycan Tibb Universitetində “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə” qəbul edilmiş, bu vəzifələrin icrası üçün yeni “Təhsilin keyfiyyətinini təminatı və innovasiya” şöbəsi yaradılıb. Eləcə də professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün əsasnamə hazırlanaraq, işçi komissiya fəaliyyətə başlayıb.

Rektorun sözlərinə görə, ATU-da tətbiq edilən yeniliklərdən biri - tələbələrin biliklərinin qiymətləndirilməsində yeni imtahan sistemi – açıq sualların tətbiqi ilə bağlı olub: “Üzümüzə gələn sessiyadan digər imtahan qiymətləndirmə formalarının da tətbiqi nəzərdə tutulur. Tələbələrin kliniki praktiki vərdişlərinin gücləndirilməsi məqsədilə keçən ildən buraxılış Dövlət İmtahanlarında məzunlarımızın bacarıqları yeni formada – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan – OSKİ imtahanı formasında aparılıb. Yaxın gələcəkdə bu imtahan sisteminin keçid kurslarında da tətbiqi nəzərdə tutulur. İmtahanlar zamanı yarana biləcək narazılıqları dərhal və əsaslı şəkildə araşdırmaqüçün Universitetdə   Vahid apellyasiya komissiyası yaradılıb».

Universitetin və fakültələrin Elmi Şuralarının yeni tərkibləri seçilmiş və təsdiq edilib. Şəffaflığı təmin etmək və aparıcı xarici universitetlərdə olduğu kimi, tələbələri idarəetməyə aktiv cəlb etmək məqsədilə, hər fakültənin tələbə dekanları seçilmiş, fakültə və universitetin Elmi Şuralarına, rektoryanı şuraya tələbələr sırasından təmsilçilər daxil edilib. Bundan əlavə, Azərbaycan Tibb Universitetinin Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının Əsasnaməsi qəbul edilib, millət vəkili sədr olmaqla, QHT üzvləri, mətbuat nümayəndələrindən, valideyn və tələbədən ibarət tərkib formalaşdırılıb.

G.Gəraybəyli qeyd edib ki, 2017-ci ildə ATU-nun elmi fəaliyyət yönündə də kifayət qədər nailiyyətləri olub. Belə ki, ATU-nun nəzdində 19 ixtisas üzrə müdafiələr keçirən 5 Dissertasiya Şurası, 3 elmlər doktorluğu və 2 fəlsəfə doktorluğu şuraları təşkil olunub. Elmi işlərin səviyyələrinin artırılmasına kömək məqsədilə, Etika Komissiyası və Problem Komissiyası haqqında Əsasnamələr qəbul edilib.

Rezidentura təhsilinin keyfiyyətinin artırılması istiqamətində ardıcıl işlər görülmüş və hal-hazırda da davam etdirilir. Rezidenturaya qəbul planı ardıcıl olaraq artırılaraq, 2017-ci ildə 471 nəfər olmuşdur. 2011-ci ildən başlayaraq, 3255 nəfər rezidenturaya qəbul olunub. 10 ixtisas üzrə rezidentura təhsil proqramları təkmilləşdirilərək təsdiq üçün hazırlanıb: “Bu il ilk dəfə olaraq bütün bazalar üzrə dövrü və yekun atestasiyalar Azərbaycan Tibb Universitetində keçirilmişdir. Rezidentlər təcrübə keçmək və kliniki bacarıqları artırmaq üçün xarici ölkələrin qabaqcıl klinikalarına rotasiyalara göndəriliblər. 2017-ci ildə ATU REC 5 elmi konfransda  24 ixtisas üzrə 192 elmi iş çap edilib. 2017-ci ildə rezidenturada 38 ixtisas üzrə, Naxçıvan Dövlət Universiteti və ATU-nun Hərbi Tibb Fakültəsini bitirənlər də daxil olmaqla, 458 həkim-mütəxəssisin buraxılışı olub və həmin buraxılışdan 359 nəfər həkim-mütəxəssis təyinatla daha çox tələbat olan tibb müəssisələrinə göndərilib».

İl ərzində keçirilən tədbirlərə gəlincə, bu ilin noyabrında ATU-da Gənc Alimlərin IV Beynəlxalq Tibb Konqresi keçirilib. Burada dünyanın bir çox ölkələrindən, o cümlədən Türkiyə, Rusiya, Almaniya, İran, Pakistan, Özbəkistan, Meksikadan nümayəndələr iştirak etmişdir. Türkiyənin İstanbul Universitetinin Çapa Tibb fakültəsinin endoskopik-laporoskopik cərrahiyyə dərnəyinin təşkilati dəstəyilə, 6 nəfər professorun iştirakı ilə keçirilən “Güvənli laporoskopik xolesistektomiya” kursuna 80 tələbə və rezidentlər qatılıb.  

ATU-da, ehtiyacı olan tələbələr diqqətdən kənarda qalmırlar. Bu baxımdan, valideyn himayəsindən məhrum olan tələbələrin ehtiyaclarının təmin edilməsi üçün xüsusi təqaüd fondu yaradılıb

G.Gəraybəyli bildirib ki, cari ildə ATU-nun dünyanın aparıcı tibb müəssisələri ilə inteqrasiyasını təmin etmək, onlarla elmi-təcrübi-kadr mübadiləsini aparmaq məqsədilə bir sıra mütəxəssislərlə görüşlər keçirilib. Bu sıraya Amerika Tibb Kollecləri Assosiasiyasının direktoru, Böyük Britaniyanın Vestminster Universitetinin Biotibbi Elmlər şöbəsinin rəhbəri, Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidmətinin rəisi, Türkiyənin Yedditəpə Universitetinin Xəstəxanasının direktoru, Qırğızıstan Manas Universitetinin rektoru, Gürcüstan Qafqaz Universitetinin rektoru, İsrailin Benquryon Universitetinin nümayəndələri, Amerika Birləşmiş Ştatlarının Çikaqo ştatının İlinois Universitetinin nümayəndələri  ilə faydalı görüşlərı sadalamaq olar.

Hər bir inkişaf etmiş ölkənin universitetlərində olduğu kimi, ATU-da da dövrün tələbinə uyğun Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanılıb.

Qeyd etmək istərdim ki, rezidentlərin buraxılış imtahanlarında yüksək qiymətlər alması çox sevindirici hal olsa da, əslində təəssüf ki, reallığı tam əks etdirmir. Bu baxımdan, gələcək işlərimizdə bu hala xüsusi diqqət ayırmağımız gərəkdir.

Çıxışın yekununda ATU rektoru Gəray Gəraybəyli bildirib ki, əldə olunan nailiyyətlərə baxmayaraq, daha yüksək nəticələrin əldə olunması naminə islahatlar davam etdiriləcək.  

İclasın sonunda ənənəvi olaraq səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunlarına dair çıxış edib. Oqtay Şirəliyev bildirib ki, Prezident İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısı, yorulmaz səyləri nəticəsində bütün sahələrdə, o cümlədən də səhiyyə sahəsindəki inkişafı da sürətlə davam edib.

Nazir Oqtay Şirəliyev səhiyyənin ən prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət Proqramlarının uğurla tətbiqini, bu Proqramların insanların həyatındakı xüsusi əhəmiyyətini vurğuladı: «Hazırkı rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir. Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlər görülür. Bunlardan biri uşaqların icbari dispanzerizasıyasıdır. Bu tədbir sayəsində azyaşlıların ölüm göstəriciləri dəfələrlə aşağı yenib. Dispanzerizasiya imkan verir ki, gələcək üçün yeni sağlam nəsil yetişsin. Lakin əldə olunan nailiyyətlərlə yanaşı problemlər də mövcuddur. Bu gün bütün diqqət bu problemlərin həllinə səfərbər olmalıdır”.

Sonda nazir Qida Gigiyenası Agentliyinin yaradılması və fəaliyyəti eləcə də hazırda pilot layihə çərçivəsində fəaliyyət göstərən icbari tibbi sığortanın üstünlükləri habelə yeni qurumlarda inovativ idarəçilik üsullarının tətbiqdən danışdı. Nikahdan əvvəl vətəndaşların müayinəsi, kadr hazırlığı, praktiki fəaliyyətlə məşğul olan tibb işçilərinin sertifikasiyası və s. əhəmiyyətli sahələr də səhiyyə nazirin çıxışında diqqətdən kənarda qalmadı.

Cənab nazir çıxışının sonunda tibb işçilərinı qarşıdan gələn 2018-ci ildə də həvəslə, öz peşələrinə yanaşmağı tövsiyə etdi və hər kəsi “Dünya Azərbaycanlılarının Həmrəyliyi” və “Yeni il” münasibəti ilə səmimi qəlbdən təbrik etdi.

Kollegiya iclasının yekununda Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlara təqdim edildi.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı