AZ RU EN
Xəbərlər
10.10.2017
ATU mütəxəssisləri Ankara Forumunda iştirak ediblər

Ankarada azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin V Türkiyə Forumu başa çatıb. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti də iştirak edib.

“Nümunəvi həkim olmağa doğru” şüarı ilə iki gün davam edən Forumda Azərbaycanda tibb elmi və səhiyyənin inkişafı, bu sahədə Türkiyə ali məktəblərinin yeri və rolu ilə bağlı müzakirələr keçirilib. Həmçinin, ölkəmizdə səhiyyə işçiləri üçün yaradılan şərait, həyata keçirilən dövlət tədbirlərinin nəticələri və s. kimi məsələlər barəsində fikir mübadiləsi təşkil edilib.

Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov, Tədris Terapevtik Klinikanın kordiologiya şöbəsinin müdiri Fərid Əliyev, rezidentura şöbəsinin müdür müavini Nigar Sediyeva da bu konfransda istirak ediblər.

Prorektor R.Bəylərov təqdimat xarakterli çıxışında ATU-nun fəaliyyəti, ölkədə tibb təhsili verən yeganə ali məktəbdəki təhsil və tədris sistemi haqqında iştirakçılara ətraflı məlumat verib. O, ATU nəzdində dörd klinikanın fəaliyyət göstərdiyini, burada tələbələrin peşəkar kadr kimi yetişməsi, həmçinin əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıb. R.Bəylərov həmçinin ATU-da aparılan islahatlar, dövlət imtahanlarının yeni üsulla aparılması və digər yeniliklər haqqında da tədbir iştirakçılarını məlumatlandırıb.

Çıxışlarda qeyd olunub ki, əhaliyə səviyyəli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi ilk olaraq tibbi təhsilin təşkilinə bağlıdır. Azərbaycanda bu məsələ dövlət səviyyəsində səhiyyə və təhsillə bağlı dövlət proqramları çərçivəsində kompleks şəkildə həllini tapıb. İndi əhaliyə nümunəvi tibbi xidmətlərin göstərilməsinin yüksəlişinin böyük bir hissəsi dövlət dəstəyi ilə tibbi təhsil alan mütəxəssislərdən, o cümlədən öz hesabına xaricdə tibbi təhsil alan soydaşlarımızdan asılıdır.

Forumda “Azərbaycandakı tibb təhsilində yeniliklər”, 
“Azərbaycanda elmi dərəcəli həkimlər üçün iş imkanları”, “Elmi dərəcəli həkimlərin Azərbaycanın səhiyyə sisteminə töhfələri” və “Ölkə xaricində mütəxəssis olmaq və tədqiqat imkanları” mövzularında panel müzakirələr də keçirilib. Yekunda təşkilatın qarşıdakı vəzifələri, perspektivdə olan məsələlər barədə geniş məlumat verilib.

Tədbirdə rəsmi şəxslər, diplomatlar, QHT və KİV təmsilçiləri, qardaş ölkədə işləyən, yaşayan və təhsil alan çoxsaylı azərbaycanlılar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin T.C. Səhiyyə Naziri Dr.Ahmet Demircanla görüşü baş tutub. Görüşdə Azərbaycan və Türkiyə arasında tibb sahəsində əməkdaşlıq, o cümlədən tibb təhsili ilə bağlı görüləcək birgə işlər haqqında səmərəli fikir mübadiləsi aparılıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı