AZ RU EN
Xəbərlər
10.10.2017
Tədris Terapevtik Klinikasının nəzdində açılan "Geriatriya şöbəsi" 60 yaşından yuxarı olan insanlara xidmət edir

Ölkədə ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdində açılan "Geriatriya şöbəsi" fəaliyyətini uğurla davam etdirir. Yeni şöbə yaşlı insanların müalicəsi ilə məşğul olur. Bura əsasən, 60 yaşından yuxarı olan insanlar müraciət edir.

Şöbənin müdiri Azadə Ələkbərovanın sözlərinə görə, geriatrik tibb müəssisələri dünyanın bir çox ölkələrində var. Bu da dünyada yaşlılaşma prosesinin problem halını alması ilə bağlıdır. Bütün dünyada 60 yaşından yuxarı insanların səhhəti ilə sırf geriatrlar maraqlanır: "Çünki yaşlı insanların düçar olduqları xəstəliklərin elə xüsusiyyətləri var ki, onları dar ixtisas üzrə çalışan mütəxəssislər nəzərə almaya bilər. Üstəlik, o yaşda insanların adətən "buket xəstəliklər" problemi olur. Yəni, eyni zamanda bir neçə xəstəlikdən əziyyət çəkdikləri üçün sahə həkimlərinə müraciət edirlər. Ancaq 60-dan yuxarı olan insanlarda olan xəstəliklərin toplu şəklində üzə çıxdıqdan sonra müxtəlif mütəxəssislər tərəfindən müalicə olunması mənfi nəticə verir. Xəstə gün ərzində 20-30 həb qəbul edərək, özünü daha tez ölümə yuvarlayır. Ona görə də belə xəstələrlə geriatrlar məşğul olmalıdır. Bizim məqsədimiz sağlam yaşlanmanı təmin etməkdir".

Qeyd edək ki, yaşlı insanlarda ən çox rast gəlinən xəstəliklər arasında şəkərli diabet, ürəyin işemik xəstəliyi, hipertoniyadır ki, bunlarda xroniki hal alır. Yaşlı insanlar adətən ağrını daha az hiss edirlər. Bu səbəbdən diaqnostik nəticələr onlar üçün çox önəmlidir və xüsusi yanaşma tələb edir. Əslində bu yaş qrupuna aid insanlar mütləq ən azı 6 aydan bir çek-up keçməlidirlər.
Şöbə müdirinin sözlərinə görə, geriatr xəstəni müayinə edərək, ona yekun müalicə yazmalıdır və bu müalicə yaşlı insana zərər yetirməməlidir: "Biz geriatr kimi indi formalaşmağa başlamışıq. Geriatr yardımı göstərmək üçün böyük bir xidmət qurulmalıdır. Bu xidmət təkcə stasionar şöbədə yox, poliklinika şöbələrində də fəaliyyət göstərməlidir. Çünki xəstə bizə müraciət etdikdən və müəyyən müalicə kursu keçdikdən sonra, müalicəsini poliklinika şəraitində davam etdirilməlidir".

Qeyd edək ki, Tədris Terapevtik Klinikasının nəzdində açılan "Geriatriya şöbəsi"ndə 15 palata, 31 çarpayı var. Hazırda burada 17 həkim fəaliyyət göstərir. Noyabr ayında BMT-nın Qocalma İnstitutunun direktoru, professor Farmoza Bakıya gələcək. O, Tədris Terapevtik Klinikasında geriatriya üzrə seminar keçirəcək və mühazirə ilə çıxış edəcək: "Həmçinin digər xarici ölkələrdən professorları Bakıya dəvət etmişik. Onlar da geriatrik sindromların gedişatı, müalicəsi, yanaşma haqqında bizə mühazirə və seminarlar oxuyacaq. Seminarlara poliklinik xidmətin işçilərini də cəlb edəcəyik ki, ümumi bir xidmət qura bilək".

Bünövrəsi Tədris Terapevtik Klinikasında qoyulan "Geriatriya şöbəsi"nə rayonlardan da xəstələr qəbul olunur və gələcəkdə səyyar briqadalar təşkil olunacaq ki yerlərdə də bu xidmətin qurulması mümkün olsun.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı