AZ RU EN
Xəbərlər
09.09.2017
“Heç kim intihardan sığortalanmayıb”

Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov: “Ətrafdakıların davranışına diqqətli olmaq lazımdır”

Həyatımız yalnız xoş və sakit günlərdən ibarət deyil. İnsan həyatı boyunca müxtəlif çətinliklər və problemlərlə üzləşir. Əksəriyyəti özünü toplayıb problemlərin həllinə çalışır. Lakin çətinliklər qarşısında özünü itirən, geri çəkilənlər də olur. Təəssüf ki, problem qarşısında çıxış yolu görməyənlər intihara əl atırlar.

Hər il dünyada 800 min insan intihar nəticəsində dünyasını dəyişir. 10 sentyabr- Dünya İntiharların Qarşısının Alınması Günü kimi qeyd olunur. İntiharların əsas səbəbləri, özünəqəsdə meylli olan insanlara yardım etməyin yolları və s barədə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, ATU-nun psixiatriya kafedrasının professoru Fuad İsmayılovla söhbət etmişik.

Professor F.İsmayılovun sözlərinə görə, intiharların 4 əsas səbəbi var. Bunlardan birincisi də reallıqdan qaçmaqdır.

-Bəzən, insanlar müəyyən böhran keçirirlər reallıq onlara həddən artıq qəddar görünür. Reallıq onlara o qədər ağır görünür ki, problemin hansısa həlli yolunu görə bilmirlər. Belə olanda da, həyatlarına qəsd edirlər. Məsələn, bu günlərdə 80 yaşlı bir kişi özünü öldürməsi haqqında xəbər yayıldı. O, xəstə idi, tək yaşayırdı, qulluq edəni yox idi, ağrıları çox olurdu. Bu reallığa dözə bilmədiyinə görə, intihar edib.

İkinci səbəb insanın özünə qarşı aqressiv olmasıdır. Buna misal kimi xəstələrimdən birini göstərə bilərəm. Bu gənc mərc oyunlarında xeyli pul uduzub. Atası evini və maşınını satıb oğlunun uduzduğu pulu ödəməli olub. Amma bu gənc yenə borca pul tapıb, oynayıb və uduzub. Bundan sonra gənc özünə nifrət etməyə başlayıb və intihara cəhd edib. İndi bu oğlan atası və qardaşı ilə bura müalicəyə gəlir.

-Bəs intihar üçün digər hansı səbəblər var?

-Bəzən insan cəzalandırma məqsədilə də intihara əl atır. Məsələn, kimsə iş yerində ədalətsizliklə üzləşir. Üsyan etmək üçünsə özünə qəsd planlaşdırır. Belə hallar az olsa da, rast gəlinir.

Özünəqəsdin dördüncü səbəbi köməyə çağırışdır. Bu hala dair növbəti nümunə çəkim. 19 yaşlı bir xəstəmiz var. Bu qızı 16 yaşında ikən ailəsi ərə verib, həyat yoldaşı işləmir, əhlikef həyat təri sürür, hələ bir qızı da tez-tez döyür. Qız da dərman içərək intihara əl atıb. Qız deyir ki, mən ancaq bu addımla köməyə ehtiyacım olduğumu göstərmək istəyirdim. Amma bundan sonra qızın atası yenə də onun boşanmasına razı deyil.

–Bəzən çox sakit, xüsusi bir problemi olmayan, xoşbəxt görünən adamlar da intihar edirlər. Belə hallarda səbəb nə ilə əlaqədar ola bilər?

-İntihardan heç kim sığortalanmayıb. Hər bir insanın həyatında maddi, yaxud mənəvi böhran yaşana bilər. yaranmış çətin durumdan çıxmaq üçün insanın resursları çatmayanda, o, kritik halda intihara əl ata bilər. Bəzən özünü tənha hiss edən insanlara özünüqəsdə əl atır. Onların özlərini digərlərinə yük kimi hiss edirlər.

-Bəs ətrafdakı insanlar bu cür kritik durumda olan tanışlarına necə kömək edə bilərlər? İntihara meylli insanlar bunu necə büruzə verir?

-Bilirsiz, çoxları elə düşünür ki, kimsə özünü öldürəcəyini deyirsə, demək bunu etməyəcək. Fikirləşirlər ki, boş-boş danışır, heç vaxt eləməz. Əslində, belə adamlar bu sözü işlədirlər, fikirlərini bildirirlər, bezdiklərini deyirlər, “yaşamaq istəmirəm”, “yatım, heç durmayım” kimi ifadələr işlədirlər. Belə insanlara qarşı ətrafındakılar diqqətli olmalıdırlar.

Digər miflərdən biri də budur ki, əgər insan özünü öldürmək qərarı veribsə, o, bunu mütləq edəcək və öz qərarıdır. Belə deyil. İnsan çətin duruma düşəndə, bu addımı atmaq haqqında düşünür. Amma onla bir tərəfdən normal həyat sürmək istəyirlər digər tərəfdən özünü öldürmək. Belə ikitərəfli fikirlərlə üzləşən insanlar mütəxəssisə müraciət etsələr, yaxşı olardı.

Bəzən deyirlər ki, filankəs özünü öldürməkdən çox danışır, onun yanında bu mövzunu açıb-ağartmayın. Bu, çox yanlış yanaşmadır. Əksinə, bu barədə onunla danışsanız, ona məsləhət versəniz, bu adama ürəyini boşaltmağa imkan versəniz, ona kömək etmiş olarsız.

-Təəssüf ki, bəzən yeniyetmələr və uşaqlar arasında da intiharlar haqqında eşidirik. Bu cür halların səbəbi nə olur və valideynlər bu cür halları önləmək üçün nələrə diqqət yetirməlidirlər?

-Dünya üzrə statistikaya baxdıqda, intihar edənlər arasında yeniyetmə və uşaqların sayı az olur. Dünyadakı tendensiya Azərbaycanda da mövcuddur. Lakin təbii, belə hallar da olur. Yeniyetmə və gənclik dövründə də insan çox sınaqlardan keçir – məktəb bitirir, universitetə daxil olur, işə girir, evlənir. Bunların hamısı stress yaradan faktorlardır.

-Professor, deyirlər ki, intiharların əksəriyyəti depressiya nəticəsində yaranır. Bəs depressiya niyə belə geniş yayılıb?

-Əksər hallara depressiyaya səbəbi stresslə əlaqəlidir. Stress olmadan həyat mümkün deyil. Amma stressin miqyası böyük olanda, həyat keyfiyyəti aşağı düşür. 
Stressin növləri müxtəlif olur. İnanın yaxını həlak olanda, yaxud qəzaya düşəndə kəskin stress keçirir. Amma bizdə əksəriyyət qorxu hissi ilə stressi səhv salır. Deyirlər ki, filankəsin işi bağlandı, borca düşdü, çox qorxu. Bu, qorxu deyil, stressdir. Ona görə çalışıb belə stressli situasiyaları sakit şəkildə həll etmək, öhdəsindən gəlmədikdə isə yardım üçün mütəxəssislərə müraciət etmək lazımdır. 
Mən hər kəsə məsləhət görərdim ki, ətrafındakı insanlara, ailə üzvlərinə qarşı diqqətli olsunlar. Yaxınlarının davranışında qəribə hallar müşahidə edəndə onların mütəxəssisə yönləndirsinlər.

Onu da qeyd edim ki, Psixi Sağlamlıq Mərkəzinin nəzdində “İnam telefonu” adlandırdığımız Qaynar xətt nömrəsi fəaliyyət göstərir. Bəzən insanların böhran anında başqa çarəsi olmur və problemi bölüşəcək birilərini axtarır. Mərkəz daxilində yaradılmış “İnam telefonu” məhz bu zaman köməyə çatır və insana bir qədər sakitləşmək və hadisələrə daha sakit tərzdə başqa bir prizmada baxmağa kömək edir. Hər gün çoxlu sayda müxtəlif problemlər səbəbindən bizə zənglər daxil olur və mütəxəssislərimiz həmin insanlara psixoloji yardım göstərir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı