AZ RU EN
Xəbərlər
10.05.2017
ATU-nun Tədris Cərrahiyyə klinikasında üst dodağın rezeksiya əməliyyatı aparılıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi kafedrasının elmi-praktik istiqamətlərindən birini təşkil edən anadangəlmə və qazanılma qüsurların aradan qaldırılması tədbirləridir. Xüsusən üz-çənə nahiyəsində müxtəlif səbəblərdən (şiş götürülməsindən, travmadan sonra) yaranan toxuma qüsurlarının aradan qaldırılması yolları və bu məqsədlə istifadə olunan müxtəlif növ dilimlərlə bərpa edici əməliyyatların effektivliyi artırılır.

Tədris Cərrahiyyə klinikasının ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudovun dediyinə görə, belə əməliyyatlardan biri bu yaxınlarda onlar tərəfindən icra edilib: “ Xəstəmizdə üst dodağın törəməsi ilə əlaqədar olaraq üst dodaq tam şəkildə rezeksiya olundu. əmələ gələn qüsurun həcmini və nahiyənin funksional əhəmiyyətini nəzərə alaraq toxuma qüsurunun sərbəst damar ayaqcıqlı ön qol dilimi ilə aradan qaldırılması əməliyyatına qərar verdik. Əməliyyatımız klinikamızın həkim travmatoloqu və əl cərrahiyyəsi üzrə ixtisaslaşmış doktor Nicat Səttarovun iştirakı və dəstəyi ilə uğurla nəticələndi. Həm funksional həm də estetik baxımdan qənaətbəxş nəticə əldə olundu”.

Qeyd edək ki, ağız üz-çənə və boyun nahiyələrinin kompleks rekonstruksiyası və rekonstruksiyada istifadə olunan sərbəst dilimin alındığı donor sahə ilə əlaqəli mühüm sistemik və lokal fəsadlaşmalar ayırd edilir. Belə fəsadlaşmalar xəstələrin düzgün hazırlanması, uyğun əməliyyat növünün seçilməsi, yaraya düzgün qulluq edilməsi və yeni cərrahi prosedurların tətbiqi ilə azaldıla bilər. Bir sıra kliniki faktorlar bu kimi fəsadlaşmaların araşdırılmasında çətinliklər yaradırlar. Nəticələri düzgün qiymətləndirmək və ədəbiyyatla müqayisə etməklə yaraya qulluq proseduralarını təkmilləşdirmək olar.

Üz-çənə nahiyyəsinin şişləri zamanı icra edilən cərrahi əməliyyatlar ilə əlaqəli diqqətə alınacaq dərəcədə fəsadlaşmalar vardır. Ümumi fəsadlaşmalar orqanizmin çoxsaylı sistemlərinə təsir etdiyi halda, spesifik fəsadlaşmalar dilimin alındığı və yerləşdirildiyi sahələrdə özünü biruzə verir. Buna rəğmən, danışıq və udqunma başda olmaqla,oral funksiyaları optimallaşdırmaq və deformasiyaların qarşısını almaq məqsədilə ağız boşluğu, üz və çənələrin rekonstruksiyası mühümdür. 1980 – ci illərdə ayaqcıqlı dilimlərin, xüsusilə böyük pektoral dilimin tətbiqi nəticəsində geniş həcmli defektlər daha təhlükəsiz şəkildə bərpa edilirdi. Bu innovasiyanın ardınca qolönü radial sərbəst dilim başda olmaqla sərbəst toxuma transferi geniş yayılmağa başladı. Radial dilim tətbiq edildiyi sahədə geniş həcmdə yumşaq, nazik, elastik və nisbətən tüksüz örtük rolunu oynayır ki, bu da estetika və funksionallığın əldə olunması ilə nəticələnir.

Radial dilim həm yumşaq toxuma, həm də sümük və yumşaq toxumadan təşkil oluna bilər. Donor sahənin hər iki tipində 3 faktor sağalmada çətinlik törədir: itirilən (kənarlaşdırılan) dəri qrefti, üzəri açılan fleksor vətərlər və gecikmiş sağalma. Bu kimi fəsadlar biləyin və ya əlin funksiyalarının itirilməsinə gətirib çıxara bilir. Osteokutanoz donor sahəsində həmçinin qırıqlar yarana bilir ki, bu də əhəmiyyətli dərəcədə deformasiyaya və funksional itkiyə və nəticə etibarilə bu növ dilimin istifadəsinin azalmasına səbəb olur. Yumşaq toxuma və dəri-fassiya-sümük sərbəst dilim texnikalarının inkişafı sayəsində ağız boşluğu və üz skeletinin kompleks defektlərinin müalicəsində rekonstruktiv seçimlər daha da çoxalmışdır. Eyni zamanda bu uzun çəkən kompleks cərrahi əməliyyat ilə əlaqəli fəsadların minimuma endirilməsi sahəsindəki maraq dairəsi də genişlənir.

Ağız boşluğu xərçəng xəstəliyi həm xəstələrə həmdə həkimlərə əhəmiyyətli dərəcədə təsir göstərən adi olmayan bədxassəli şişdir. Hal-hazırda mövcud olan müalicə standartlarına cərrahi üsul və xarici adyuvant şüa terapiyası daxildir. Rekonstruksiya və reabilitasiya üsullarının yaxşılaşdırılmasında böyük nailiyyətlər xəstəliyin xüsusi nəticəsinə və həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərib.

Uğurlu rekonstruksiyanın məqsədlərinə ağız boşluğunun normal funksiyasını yenidən bərpa etmək, qənaətbəxş edən kosmetik nəticə və tez və diqqətli müşahidə daxildir. Ağız boşluğu şişləri bir neçə kritik sahələri əhatə edə bildiyindən (məsələn, alt çənə, paranazal sinuslar, orbita və almacıq sümüyünün əsası nahiyyəsini) və əhəmiyyətli dərəcədə hava yolları, danışma, udma vəya çeynəmə proseslərində funksional pozulmalara səbəb olduğundan bu çətin ola bilər.

Belə çətin problemlərlə üzləşən xəstələr isə ixtisaslaşmış, yüksək maddi-texniki bazaya malik klinikalarda müalicə olunurlar və xəstələrin müalicəsində isə multidissiplinar yanaşma müasir protokol qaydalarına uyğundur.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı