AZ RU EN
Xəbərlər
08.05.2017
ATU-nun dosenti Rəhimə Qabulova: "Peşəkar həkim, unudulmaz müəllim"

Ölkəmizdə tibb kadrlarının yetişməsində misilsiz rolu olan, ömrünün təxminən 60 ilik dövrünü gənc həkimlərin təliminə, onların layıqli vətəndaş kimi tərbiyə olunmasına həsr etmiş ATU-nun Daxili xəstəliklərin propedevtikası kafedrasının dosenti Fatimat xanım Adıgözəlova bu gün həyatda olmasa da yaxınları, həmkarları və tələbələri doğum günü ərəfəsində onun əziz xatirəsini  yad edirlər.

Universitetimizin  qocaman müəllimlərindən biri, vicdanlı və fədakar həkim,  Fatimat Yəhya qızı Adıgözəlova 1928-ci ilin may ayında Göyçay şəhərində anadan olub.

Orta təhsilini 1944-cü ildə başa vurduqdan sonra Fatimat xanım Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1949-cu ildə ali məktəbi müvəffəqiyyətlə bitirərək  anadan olduğu Göyçay rayonunda həkim kimi fəliyyətə başlayıb. Beş il müddətində təcrübi təbabət sahəsində çalışaraq klinik təcrübə toplayıb  və 1955-ci ildə Azərbaycan Dövlət Tibb institutunun Daxili xəstəliklərin propedevtikası kafedrasının ordinaturasına daxil olub. Fatimat xanım həmin kafedrada 1957-66 ci illərdə baş laborant, 1966-69-cu illərdə assistent kimi fəaliyyət göstərib.

O, kafedranın baş laborantı kimi fəaliyyət göstərdiyi illərdə tədqiqat işini müvəffəqiyyətlə başa çatdırıb və 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi alıb. 1969-cu ildə ona Dosent elmi adı verilib və ömrünün sonunadək əvvəllər Azərbaycan Dövlət Tibb İnstitutu, sonralar Azərbaycan Tibb Universitetində dosent vəzifəsində fəaliyyət göstərib.

Fatimat xanım uzun illər ərzində  görkəmli alim, Azərbaycanda klinik təbabətin banilərindən biri professor Məmməd Əmin Əfəndiyevin rəhbərlik etdiyi, sabahın həkimləri üçün sözün əsl mənasında bilik məbədi və məktəb olmuş Daxili xəstəliklərin propedevtikası kafedrasında  öz dövrünün tanınmış peşəkar mütəxəssisləri ilə çiyin-çiyinə çalışıb. O, ömrünün sonunadək həmin  məktəbin ənənələrinə sadiq qalaraq gənc həmkarları üçün əvəzolunmaz  örnək olub.

 On ildən artıq bir dövrdə Fatimat xanım ilə bir kafedrada çalışmaq, həmin illər ərzində onun şəxsi və professional keyfiyyətlərindən, məsləhət və nəsihətlərindən bəhrələnmək mənə də nəsib olub.    

Fatimat xanım seçdiyi çətin, lakin nəcib peşənin sirləri, zəngin həyat və pedaqoji təcrübəsi ilə gənclərlə bölüşməkdən xüsusi zövq alar, çətin anlarda qayğı və dəstəyini onlardan əsirgəməzdi. O, özünə və həmkarlarına qarşı çox tələbkar idi. Təbabət və tibb təhsili sahəsində  çoxillik fəaliyyətinə baxmayaraq, daim mütaliə edər, öz üzərində yorulmadan çalışardı.  O, məşğələ və mühazirələrində şahidi olduğu klinik hadisələrdən maraqlı misallar gətirər, tələbələrinin klinik dünyagörüşünü inkişaf etdirməyə çalışardı.

Fatimat xanım tələbələrinə qarşı həmişə həssas və qayğıkeş münasibət göstərərdi. Gözəl diaqnost, yüksək professionallıq xüsusiyyətlərinə malik olan Fatimat xanım xəstələri ilə də səmimi münasibət qurar, onların müalicəsinə böyük diqqət və məsuliyyətlə yanaşardı. Heç də təsadüfi deyil ki, Tibb universitetində çalışdığı illər ərzində Fatimat xanım məhz bu xüsusiyyətlərinə görə onunla təmasda olmuş yüzlərlə insanın hörmətini və məhəbbətini qazanmışdı. 

Böyük bir məktəbin yetişdirməsi və davamçısı olan Fatimat xanım Adıgözəlova artıq bir ilə yaxındır ki, aramızda yoxdur. Öz ömrünü, biliyini, bacarığını gənc həkimlərin təlim-tərbiyəsinə həsr etmiş peşəkar müəllim, səmimi insan Fatimat xanımın  əziz xatirəsi   həmkarları və tələbələrinin qəlbində daim yaşayacaq. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı