
Ünvan: AZ0022, Bakıxanov küç. 23. Telefon 495-43-49.
Dekan dos. İsmayılov Tariyel Mustafa oğlu.
Professor-müəllim heyəti: 2 akademik, 3 AMEA-nın müxbir üzvü, 29 elmlər doktoru-professor, 86 dosent, 159 assistent, 19 baş müəllim, 2 müəllim.
Təhsil alanlar: 1783 tələbə, 6 aspirant, 7 klinik ordinator, 16 dissertant.
Fakültədə müalicə işi ixtisası üzrə həkim kadrları hazırlanır. I-III kurslarda təbabətin təməl elmləri öyrənilir, IV-VI kurslarda isə klinik fənlər tədris olunur.
Tələbələr praktik vərdişlərə yiyələnmək üçün III kursda klinikalarda xəstələrə qulluq, IV-V kurslarda isə poliklinikalarda həkim köməkçisi vəzifəsində istehsalat təcrübəsi keçirlər. VI kursdan başlayaraq tələbələr terapiya və cərrahiyyə sikli üzrə subordinatura keçirlər. Fakültənin istedadlı tələbələri tədrislə yanaşı Universitet Tələbə-Elmi Cəmiyyətlərində təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işlərində çalışırlar.
II Müalicə-profilaktika fakültəsinin nəzdində 15 kafedra fəaliyyət göstərir. Bunlardan 2-si nəzəri, 13-ü klinik kafedralardır. Kafedralar tədrislə yanaşı təbabətin problemləri və onların həlli yollarının araşdırılması istiqamətində elmi-tədqiqat işləri də aparırlar.
Fakültənin təməl fənləri Universitetin əsas tədris bazasında, klinik fənlər isə Bakı şəhərinin əsas klinika və poliklinikalarından başqa müasir diaqnostika-müalicə avadanlıqları ilə təchiz edilmiş Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri, Elmi-Tədqiqat Pediatriya, akad. Topçubaşov adına Respublika Cərrahlıq və Klinik Təbabət, Milli Profilaktika və Tibbi Bərpa institutlarının bazalarında həyata keçirilir.
|