Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin nəzərinə.
Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin dil biliyinin qiymətləndirilməsinin ikinci mərhələsi 22 iyun - 02 iyul tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat
Bağla
AZ RU EN WEBMAIL
Tibbdə bu gün
14.06.2018
14 İyun – Ümumdünya Qan Donoru Günüdür

Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasında 2005-ci ilin mayında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi qeyd olunması qərara alınıb. Bu günün keçirilməsində əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluq ənənəsinin genişləndirilməsidir. Ümumdünya Qan Donoru Gününün 2016-cı ildəki şüarı da buna sübutdur: “Qan bizim hamımızı birləşdirir!”.

 

Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları, irsi qan xəstəliklərindən əziyyət çəkənləri ölümdən xilas etməyə kömək edir.

 

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qana ehtiyac duyulur. Bu səbəbdən də qan xidmətinin təkmilləşdirilməsi məqsədi ilə Milli Məclisin qəbul etdiyi “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanun Azərbaycan Prezidenti tərəfindən 2005-ci ildə təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nı 2006-cı ildə təsdiq edib. Hazırda donor qanının tədarükü, işlənilməsi, saxlanılması və bölüşdürülməsi B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının filiallarında həyata keçirilir. Bundan əlavə, idarə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil edilir. Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində tibb işçilərinin iştirakı ilə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə 2010-cu ildə 46 530 nəfər donorluq edərək qan veribsə, 2014-cü ildə bu rəqəm 56,2 faiz artaraq 72 697 nəfər olub. Eyni zamanda, donorların sayının çoxalması nəticəsində tədarük edilən qan və qan komponentlərinin miqdarı da artıb. Belə ki, 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilibsə, 2014-cü ildə bu rəqəm 71,2 faiz artaraq 36 ton 193 litr təşkil edib. Ötən il respublika üzrə keçirilən qanvermə aksiyalarında 75184 nəfər iştirak edib, 36 ton 597 litr qan tədarük olunub. Bu ilin yanvar-may ayı ərzində 19524 min könüllü qan verib və nəticədə 9 min 600 litr qan və onun komponentləri tədarük olunub. 18-65 yaşında olan istənilən sağlam insan könüllü qan donoru ola bilər. Qanvermə arasında interval isə ən azı 60 gün təşkil etməli və il ərzində 5 dəfədən artıq olmamalıdır.

 

Bu gün donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir. Donorların və onlardan qan analizinin alınması, müayinəsi və donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda "Vahid Qan Bankı" sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.

 

Görülmüş tədbirlər nəticəsində ölkəmizdə tədarük olunan donor qanının həcmi artıb, qanın komponentlərə bölünməsi işi yaxşılaşdırılıb, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarət gücləndirilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı