AZ RU EN
Tibbdə bu gün
14.11.2017
14 noyabr Ümumdünya şəkərli diabetlə mübarizə günüdür

Dünyada hər 10 saniyədən bir iki adama “şəkərli diabet” diaqnozu qoyulur, bir adam isə şəkərli diabetin fəsadlarından dünyasını dəyişir. Dünya ölkələrinin çoxunda ürək-damar və onkoloji xəstəliklərdən sonra bilavasitə ölüm səbəbləri arasında üçüncü yeri şəkərli diabet tutur. Hazırda dünyada şəkərli diabetə tutulmuş təxminən 422 milyon xəstə var. Bu xəstəlik vaxtında müalicə olunmayanda, çox ciddi fəsadlar törədir. Sürətlə inkişaf edən xəstəlik sosial-tibbi problemlər yaradır, ölkələrin iqtisadiyyatlarına və ailələrin maddi durumuna təsir göstərir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, diabetdən əziyyət çəkənlərin sayı 2040-cı ilə qədər artaraq 642 milyon nəfərə çata bilər. Statistik məlumatlar göstərir ki, təəssüf ki, dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da bu xəstəliyə tutulanların sayının artması müşahidə olunur. Belə ki, 2017-ci ilin sentyabr ayının əvvəli üçün respublikanın müalicə-profilaktika müəssisələrində qeydiyyata alınan diabet xəstələrinin sayı 241. 223 nəfər təşkil edib ki, onların da 73.367 nəfəri Bakı şəhəri sakinidir. II tip şəkərli diabetdən 29.830 adam (1683 nəfəri Bakı sakini), I tip diabetdən 211.493 adam (71.684 nəfəri Bakı sakini) əziyyət çəkir. Bundan əlavə, Azərbaycanda diabet xəstəsi olan 1543 uşaq rəsmi olaraq qeydə alınıb ki, onların da 556 nəfəri paytaxt sakinidir. II tip şəkərli diabetdən 21 uşaq (2-si Bakıda), I tip diabetdən 1522 uşaq (554-ü Bakıda) əziyyət çəkir.

Qeyd edək ki, ömür müddətinin azalmasının səbəbi olan bu xəstəliyə cəmiyyətin diqqətini cəlb etmək üçünə DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələri ilə 1991-ci ildən 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd edilir. 2006-cı il dekabrın 20-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş qətnaməyə görə, Ümumdünya Diabet Günü 2007-ci ildən BMT-nin rəsmi günü elan edilib. 14 noyabr Frederik Bantinqin doğum günüdür. Bu alim 1922-ci ildə Çarlz Best ilə birlikdə insulini kəşf edərək, bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsində yeni dövr açıb. Şəkərli diabetə qarşı ümumdünya mübarizə gününün əsas məqsədi bu xəstəlik, onu törədən səbəblər və əlamətləri barədə əhalini məlumatlandırmaqdır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı