Haqqında Struktur Əməkdaşlar Elektron kitabxana Elektron bazalar Elektron kataloq Yeni kitablar
Haqqında

Azərbaycan Tibb Universitetinin Əsaslı kitabxanası ilk dəfə 1930-cu ildə Bakı Dövlət Universiteti kitabxanasının tibb ədəbiyyatı bazasında Azərbaycan Tibb İnstitutunun kitabxanası kimi yaradılmışdır. Əsaslı Kitabxananın yaradılmasında, tibbi-milli ədəbiyyatla təmin olunmasında, oxucuların informasiyaya olan ehtiyaclarının ödənilməsinin təşkilində görkəmli Dövlət xadimi, professor Əziz Əliyevin zəhməti danılmazdır. Onun çoxsahəli fəaliyyəti, müstəsna xidmətləri bu gün də yad edilir.
Kitabxana Azərbaycan Tibb İnstitutunun əsas binasında, keçmiş Korqanov (indiki Rəsul Rza) küçəsindəki 11/13 nömrəli ünvanda yerləşirdi. Kitabxananın filialı isə Tibb İnstitutunun Qoqol küçəsi ilə 9-cu Dağlıq küçəsinin (indiki Mərdanov qardaşları ilə akademk Həsən Əliyev küçələrinin) kəsişdiyi yerdə yerləşən ictimai elmlər kabinəsinin nəzdində təşkil edilmişdi.
Tibb İnstitutunun kitabxanasının tələbələr və əməkdaşlar üçün iki oxu zalı fəaliyyət göstərirdi. Ana dilində dərsliklər çatışmadığından oxu zallarının iş saatı səhər saat 10-dan axşam saat 24:00-dək uzadılırdı.
Kitabxana fondunun yaradılmasında və zənginləşməsində Sabunçu xəstəxanasından verilmiş kitablar, ictimai təşkilatların, ayrı-ayrı tibb xadimlərinin və bir çox ziyalıların əvəzsiz olaraq bağışladığı töhfələr də böyük rol oynamışdır.
Yarandığı ilk illərdə ATU-nun kitabxanası cəmi 13 nəfər işçidən ibarət idi: kitabxana müdiri, 4 nəfər kitabxanaçı, 2 nəfər kitabxanaçı köməkçisi, 4 nəfər texniki işçi, tələbə lektoriyasının müdiri və onun köməkçisi. Müstəqil Tibb İnstitutu təşkil edilənədək dərslər ancaq rus dilində keçirilirdi. 1931/32-ci dərs ilindən Tibb İnstitutunda Azərbaycan bölməsi açıldı. Lakin Azərbaycan bölməsində oxuyan tələbələrin ana dilində dərslikləri yox idi.
1931-1939-cu illərdə "ATİ nəşriyyatı"nda Azərbaycan Tibb İnstitutunun tələbələri üçün Azərbaycan dilində 50 adda dərslik və dərs vəsaiti nəşr edildi. Həmin dərsliklərin bəziləri indiyədək Əsaslı Kitabxanada mühafizə olunur.
Müstəqil Azərbaycan Tibb İnstitutu təşkil olunandan sonra Əsaslı Kitabxananın kitab fondu sürətlə artmağa başladı. Əgər 1930-cu ildə Əsaslı Kitabxananın fondunda 18.066 nüsxə kitab var idisə, 1935-ci ildə onların sayı 50.347 nüsxəyə, 1940-cı ildə isə 100.048 nüsxəyə catmışdı. Kitab fondunun sayı artdıqca kitabxanaya müraciət edənlərin, kitabxana oxucularının və oxucular tərəfindən istifadə edilən kitab və jurnalların sayı da artırdı. Kitabxana fondunun zənginləşməsi və oxucu sorğularının artımı kitabxana işçiləri qarşısında yeni vəzifələr qoyur, ilk növbədə zəngin kitab fondunun məzmununu açan məlumat aparatının yaradılmasını tələb edirdi. Ona görə də kitabların kitabxana qaydasında işlənməsinə, əlifba, sistemli və predmet kataloqlarının tərtibinə başlandı. İlk illərdən kitabxana işçiləri institut əməkdaşlarının çap edilmiş əsərlərinin-məqalələrinin kartotekasını yaratdılar. İnstitut əməkdaşlarının əsərlərinin kartotekası hər il yeni əsərlərin kartoçkaları ilə zənginləşdirilir, redaktə edilir və təkmilləşdirilir.
Kitabxanaya daxil olan yeni nəşrlər haqqında müvafiq kafedralara operativ surətdə məlumat verilir. "Əsaslı Kitabxanaya yeni daxil olan nəşrlərin məlumat siyahıları" və bu siyahıların təbabətin ayrı-ayri sahələrinə aid ədəbiyyatı işıqlandıran tematik bölmələri, habelə "Məlumatın seçilmiş yayılması" sistemi üzrə tərtib edilən kitab və məqalələrin mövzu göstəriciləri müntəzəm olaraq - fərdi və kollektiv abonentlərə çatdırılır. "Məlumatın seçilmiş yayılması" sistemində ədəbiyyatın seçilməsi və mövzu siyahılarının tərtibini təmin etmək üçün təşkil olunmuş məlumat aparatı - mövzu kartotekası və abonentlərin kartotekası müntəzəm surətdə təkmilləşdirilir.
Əsaslı Kitabxana əməkdaşları tərəfindən "Tibb İnstitutu əməkdaşlarının 1920-1960-cı illərdə çap olunmuş əsərlərinin (kitab və məqalələrinin) biblioqrafik göstərici"si tərtib edilmiş, makinada yazılaraq kitabça halında cildlənmişdir. Tibb İnstitutunda 1920-1960-cı illərdə müdafiə olunmuş dissertasiyaların göstəricisi kitabça halında çap edilmişdir. 1961-ci ildən 1993-cü ilədək Universitetdə müdafiə edilmiş dissertasiyaların göstəricisi də (makinada yazılmış halda) tərtib edilmişdir. Göstəriciyə əlavə edilmiş məlumat aparatının köməyi ilə kimin, neçənci ildə, hansı mövzuda doktorluq və ya namizədlik dissertasiyasını müdafiə etmələri barədə müxtəlif suallara tez cavab tapmaq mümkündür.
Kitabxananın ştatı XX əsrin 60-cı illərinə qədər, demək olar ki, dəyişməz olaraq qalmışdır, yəni 13 nəfərdən 15 nəfərə çatdırılmışdır. Kecən əsrin 60-70-ci illərində kitabxananın ştatı 35 nəfərə çatdırılmışdır. Rəhbər işçilərə əmək haqqı verilməsinə görə kitabxana III qrupa aid edilmişdi. Lakin 8 minə yaxın tələbəyə və 2 minə yaxın müəllim və əməkdaşa xidmət edən kitabxana üçün mövcud ştat azlıq edirdi. İldə 11 min nəfərdən çox oxucuya xidmət edən kitabxana öz fəaliyyətinin əsas göstəriciləri ilə (kitab fondunun həcmi 800 minə yaxın, kitab verilişinin sayı ildə 600 mindən çox) daha çox ştata ehtiyacı olduğunu büruzə verirdi. Rəhbərliyin müraciəti və müvafiq komissiyanın tövsiyələri əsasında Əsaslı Kitabxana 1986-cı ildə III qrupdan II qrupa keçirildi və həmin ildə ştatı 42 nəfərə çatdırıldı. 1988-ci ildə isə Əsaslı Kitabxananın ştatı 68 nəfərə çatdırıldı. Kitabxanada yeni şöbələr və bölmələr yaradıldı.
Hal-hazırda kitabxananın strukturu 61 nəfərdən ibarətdir.
1980-ci illərdə Əsaslı Kitabxanaya hər il təxminən 30-35 min kitab daxil olurdu.
1990-cı illərdən başlayaraq kitabların alınmasında, tələbələrin dərsliklərlə təminatında mərkəzləşdirilmiş qayda pozulduğundan ləngimələr başlandı.
Lakin müstəqillik qazandığımız vaxtdan Azərbaycan dilində, o cümlədən tibbə dair kitabların və dərsliklərin nəşri böyük sürətlə çoxaldı.
Müstəqillik qazandığımız son 20- il ərzində elm və texnikanın bütün sahələrində olduğu kimi təbabətin bütün sahələrinə dair nəinki Azərbaycan dilində, hətta bir çox xarici dillərdə kitabların, dərsliklərin və jurnalların nəşri böyük vüsət almışdır.Universitetimizin alimlərinin əksəriyyəti də özlərinin dərs dediyi ixtisas fənlərinə dair dərslik, dərs vəsaitləri, metodik vəsaitlər nəşr etdirmiş, bunlardan xeyli sayda Əsaslı Kitabxanaya bağışlamışlar. Belə müəlliflərdən misal olaraq akademik Ə.T.Əmiraslanov, B.A.Ağayev, professorlar: R.M. Məmmədhəsənov, AMEA-nin müxbir üzvləri: Y.C.Məmmədov, S.C.Əliyev, M.Y.Nəsirov, V.B.Şadlinski, N.N.Əliyev, A.Ə.Axunbəyli, H.F.Bağirova, R.Q. Əliyeva, C. P.İsayev və onlarla başqa alimlərimizi - əməkdaşlarımızı ğöstərmək olar.
Bakı Dövlət Universitetinin biologiya fakultəsinin və Leninqrad Tibb İnistitunun məzunu olan, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz Yalçın Abdullayev bir neçə ildir ki, Əsaslı Kitabxanamıza onlarla ingilis dilində kitab, jurnal və digər informasiya daşıyıcıları göndərir.
ABŞ səfirliyindən, Soros fondundan, Bakı Dövlət Universitetindən də Əsaslı Kitabxanamıza çoxlu kitab və jurnal bağışlanmışdır.
Əsaslı Kitabxanamızın kitab fondunun zənginləşdirilməsində Heydər Əliyev Fondunun prezidenti YUNESKO - nun və İSESKO-nun xoşməramlı səfiri ,millət vəkili Mehriban xanım Əliyevanın çox böyük xidmətləri olmuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2006-cı ilin iyul ayında Heydər Əliyev Fondu tərəfindən Əsaslı Kitabxanamıza 660 adda 1250 nüsxə kitab bağışlanmışdır.
Rusiya Federasiyasında çap olunmuş bu kitablar tibbin bütün sahələrinə dair ən yeni nailiyyətləri əks etdirir, tələbə və müəllimlərimiz tərəfindən müntəzəm surətdə həvəslə oxunur. Əsaslı Kitabxanamıza göstərilən bu qayğıya görə əməkdaşlarımız oxucularımızın məmnunluqlarını duyur və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
1980-ci illərdən başlayaraq bəzi kitabxana proseslərinin avtomatlaşdırılması sahəsində müvafiq işlər görülməyə başlandı. Kitabxana işində surətçıxaran aparatların, kataloq kartoçkalarını çoxaldan rotatorların və digər texniki vasitələrin tətbiqinə başlandı.
1992-ci ildə kitabxana fondu yoxlanıldı. Yoxlama prosesində dəfələrlə köçürülmə, mühafizə tələblərinə uyğun olmaması üzündən istifadəyə yararsız hala düşmüş kitab və jurnallardan kitab fondu təmizləndi.
1994-cü ildə Əsaslı Kitabxana işçilərinin əməyinin ödənilməsinin taarif dərəcələri Respublika kitabxanaları səviyyəsində müəyyən edildi.
2003-cü ilin dekabr ayından yerli "Gələcək naminə" Qeyri-hökumət təşkilatının Elektron Kitabxana şəbəkəsi layihəsi əsasında " Kitab.orq" elektron kataloqunun tərtibinə başlandı.2009-cu ilin aprel ayında Əsaslı Kitabxananın kitab fondu , habelə, dissertasiyalar və avtoreferatların elektron kataloquna daxil edilmə işi tamamilə başa çatdırıldı. Yeni kitablar daxil olduqca onların da müntəzəm olaraq elektron kataloqda əks etdirilməsi işi davam etdirilir.
2009-cu ildən başlayaraq Əsaslı Kitabxanaya daxil olan tibbə dair 50 adda jurnal məqalələrinin analitik təsvirlərinin də elektron kataloquna daxil edilməsinə başlanmişdır. Belə ki, 2005-ci ildən bu yana kitabxanaya daxil olmuş bütün elmi- tibbi jurnalların məqalələri də elektron kataloqda öz əksini tapmışdır.
Əsaslı Kitabxana fəaliyyət göstərdiyi vaxtdan 1998-ci ilədək dəfələrlə müxtəlif ünvanlardakı binalara köçürülmüşdür. 1998-ci ildə Əsaslı Kitabxana 996-cı məhəllədəki ATU-nun yeni tikilib istifadəyə verilmiş 5 saylı tədris binasına köçürülmüşdür. Bu binanın I mərtəbəsinin şərq tərəfində dərslik fondu və tələbələrə xidmət şöbəsi (tələbə abonementi), I mərtəbənin qərb tərəfində isə əsas fond və əməkdaşlara xidmət şöbəsi yerləşdirilmişdir. 2005-ci ildə tələbə abonementində yenidənqurma işləri aparılmış, kitab qəbulu və kitab verilişi yerlərinin sayı 10-a çatdırılmışdır, yəni eyni zamanda 10 nəfərə xidmət etmək imkanı yaradılmışdır.
Əsaslı Kitabxananın II mərtəbəsində xarici ədəbiyyat fondu, jurnal fondu, qəzet fondu, avtoreferatlar və dissertasiyalar fondu, 260 nəfərlik 3 oxu zalı, oxu zalının köməkçi fondu, kitabxananın məlumat aparatı-kataloq və kartotekaları ayrıca 54 kv.m-lik 212 saylı otaqda yerləşdirilmişdir.
Bu mərtəbədə həmçinin kitabxana əməkdaşlarının iş otaqları, komplekt-ləşdirmə şöbəsi, kitabişləmə və kataloqlaşdırma şöbəsi, elmi biblioqrafiya şöbəsi, kitabxanadaxili xidmət şöbəsi, avtoreferatlar və dissertasiyalar şöbəsi, həmçinin Əsaslı Kitabxananın rəhbərliyi və avtomatlaşdirma zalı yerləşir. 3 saylı oxu zalında fərdi noutbuklar üçün 32 yer quraşdırılmışdır.
Əsaslı Kitabxana 2000-ci ildən internetə qoşulmuşdur. Kitabxananın bir əməkdaşının qazandığı fərdi qrant hesabına 2001-ci ildən 50 meqabayt həcmində "medlib.aznet.orq" saytımız açılmış, kitabxana haqqında müəyyən məlumatlar, universitetimizin görkəmli alimlərinin doktorluq dissertasiyalarının avtoreferatları bu saytda yerləşmişdir.
Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2008-ci il tarixli 3072 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş elektron kitabxanaların yaradılması, kitabxana fondlarının yeni ədəbiyyatla zənginləşdirilməsi kimi tədbirlər elmi-informasiya təminatının daha da yaxşılaşdırılmasına xidmət edir.
2010-cu ildə kitabxana proseslərini avtomatlaşdırmaq məqsədilə Universitet rəhbərliyi tərəfindən Rusiyadan «İRBİS-64» adlı elektron kitabxana layihəsi alınmışdır. Bir çox xarici dövlətlərdə istifadə olunan «İRBİS-64» Avtomatlaşdırılmış Kitabxana İnformasiya sisteminin tam paketi özündə «Kataloqlaşdırma», «Komplektləşdirmə», «Kitab verilişi», «Oxucu qeydiyyatı», «İnzibatçı» kimi avtomatlaşdırılmış işçi yerlərini, eləcə də, veb-şlüzü, Z39.50 protokolunu birləşdirir. "İRBİS-64" proqramı əsasında fondun elektron kataloquna salınması işinə başlanılıb, indi də həmin iş davam etdirilir.
Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında elektron informasiya sahəsində bir çox dəyişikliklər həyata keçirilmişdir. Kitabxananın fasiləsiz yeni internet xəttinə qoşulması, Azərbaycan KİK-in ( Kitabxana İnformasiya Konsorsiumu) yaradılmasında yaxından iştirakı, "EİFLNET" Beynəlxalq Konsorsiumun (Elektronic İnformation For Libraries) bazalarından oxucuların istifadə etməsinin təşkili də mühüm məsələlərdəndir. Bu işlə əlaqədar olaraq kitabxana əməkdaşları konsorsium tərəfindən keçirilən treyninq, seminar və təqdimatlarda yaxından iştirak edir.
2011-ci ildən Universitet rəhbərliyi tərəfindən yeni virtual oxu zalı kitabxananın nəzdində oxucuların istifadəsinə verilmişdir. Burada internetə qoşulmuş 8 kompüter, 3 noutbuk xətti fəaliyyət göstərir. Bundan başqa CD, DVD - lərdən ibarət kitabxananın yeni elektron resursları fondu yaradılmışdır. Hazırda kitabxananın kompüter bazasında www.medliter.ru elektron kitabxanasından 3000-dən çox tam mətnli kitab oxuculara təqdim olunur.
2012 -ci ildən Azərbaycan Tibb Universitetinin internet saytında
(www.amu.edu.az) kitabxana bölməsi virtual oxucuların istifadəsinə verilmişdir. İstıfadəçilər bu sayta daxil olmaqla kitabxana haqqında məlumat ala bilərlər. 2012-ci ilin yanvar ayından AzKiK çərçivəsində ödənişi Universitet rəhbərliyi tərəfindən olan http:// search.ebscohost.com saytı internet istifadəçilərinin ixtiyarına verilmişdir, əlavə olaraq http://webofknowledge.com, www.journals.cambrige.orq, www.eifl.net, www.boone.orq, www.iop.org/EJ saytlarından da Universitet daxilində internetə qoşulmuş bütün kompüterlərdə oxucuların istifadə edə bilir. Bunun davamı olaraq 2013 - ildən bazasının böyük bir hissəsi tibbə aid ədəbiyyat olan http://link.springer.com saytı da internet istifadəçilərinə təqdim olunmuşdur. Oxucular həmçinin internetdə də http://amu.edu.az saytının kitabxana linkində elektron kitabxana bolməsinə daxil olaraq bu məlumat bazalarıdan geniş şəkildə istifadə edirlər.
Kitabxanamız özünün e-mail poçtu (amu_lib@mail.ru) vasitəsilə də maraqlandığı təşkilatlar, cəmiyyətlər və şəxslərlə əlaqə saxlayır və bir çox xarici ölkə kitabxanaları ilə (Rusiya Dövlət Kitabxanası, Rusiya Dövlət Tibb Kitabxanası, Ukrayna Dövlət Kitabxanası, Ukrayna Dövlət Elmi Tibb Kitabxanası, Belorus Milli Kitabxanası, Belorus Respublika Elmi Tibb Kitabxanası ) virtual mübadilə işi həyata keçirir.
Əsaslı Kitabxanada tibbə dair kitab və jurnalların tam mətnlərini əhatə edən çoxlu sayda CD-lər və disketlər vardır. Oxucular maqnitofon kassetləri və video-kassetlər vasitəsilə insanların həyat fəaliyyətini, tibbi əməliyyatları, fızioloji prosesləri əyani şəkildə əks etdirən materiallarla tanış ola bilərlər.
Əsaslı Kitabxanamızda oxuculara 9 kompüterlə xidmət edilir. Hazırda Əsaslı Kitabxanada 61 nəfər işləyir. Onlardan 55 nəfərinin ali, o cümlədən 41 nəfərinin ali ixtısas təhsili vardır. Kitabxanada 7 şöbə və 10 bölmə fəaliyyət göstərir. Ştatımızda kitabxana direktorunun elmi işlər üzrə müavini, bir nəfər baş kitabxanaçı-metodist, o cümlədən bir nəfər baş kitabxanaçı, baş biblioqraf, elektrofotoqraf-operator yerləri də vardır. Əsaslı Kitabxananın direktoru Eminova Ziyafət Sabir qızı (01.12.2011-ci il tarixdən direktor vəzifəsinə təyin olunub) tarix elmləri üzrə fəlsəfə doktorudur.
İndiyədək kitabxanamızın əməkdaşlarından iki nəfəri "Əməkdar kitabxanaçı" (1980) və "Əməkdar mədəniyyət işçi"si (1990) fəxri adlara layiq görülmüşdür. Hazırda kitabxananın kitab fondu 805 min nüsxəyə çatmış, hər il kitabxanamızdan 10 mindən çox oxucu istifadə edir və oxuculara 600 mindən çox kitab verilir.

 

1940-2012-ci  illərdə kitabxananın əsas göstəriciləri aşağıdakı rəqəmlərlə ifadə olunur:

 İllər

 Kitab fondunun sayı

 Oxucuların sayı

 Kitab verilişi

  1940

      100.048

      3.098

    70.169

  1945

      104.050

      4.138

    75.554

  1950

      125.652

      4.941

    76.939

  1955

      166.294

      4.500

    77.118

  1960

      182.620

      3.223

    81.826

  1965

       317.000

      5.123

    85.000

  1970

       542.687

      6.143

    73.047

  1975

       577.902

      10.123

    88.639

  1980

       670.700

      10.269

    653.496

  1985

       756.874

      11.452

    797.846

  1990

       834.779

      12.734

    644.602

  1995

       812.100

      13.981

    662.242

  2000

       779.935

      12.906

    609.890

  2004

       789.414

       11.373

    603.358

  2005

       796.377

       10.873

    659.710

  2006

       801.991

       11.127

    639.565

  2007

       797.878

       13.515

    681.295

  2008

       800.439

       13.680

    675.223

  2009

       805.000

       13.700

    678.000

  2010

       804.341

       11.453

    614.931

  2011

       805.544

       11.114

    613.250

  2012

      805.292

       11.853

    626.892

Copyright © 2013-2016. Azərbaycan Tibb Universiteti. Bütün hüquqlar qorunur E - mail: amu.lib@gmail.com
Tel: (+99412) 595-59-25, 595-25-64