Axtarış:
Kafedralar > Uşaq xəstəliklərinin propedevtikası kafedrası
     Ünvan:Az 10054 Bakı, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195, Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası.
     Kafedra müdiri – tibb e.d., prof., Respublikanın Əməkdar həkimi, İSAYEV İBRAHİM İSA oğlu. 1995-ci ildən.
     1934-cü ildə tibb insitutunda pediatriya fakultəsində Uşaq xəstəlikləri fənni tədris edilməyə başlanılmışdır. 1946-cı ilə qədər pediatriyaya aid bütün fənnlər «Uşaq xəstəlikləri kafedrasında» tədris edilmişdir. Həmin ildən pediatriya fakultəsi tələbələri üçün «Uşaq xəstəliklərinin propedevtikası» kafedrası yaradılmışdır.
     Kafedra 1946-cı ildə yaradılmış və kafedraya rəhbərlik tibb e.n. S. Hacıyevaya həvalə edilmişdir. 1948-ci ildə kafedraya rəhbərlik dos. Ə.M. Cabbarzadəyə tapşırılmışdır. Əvvəllər E.Əfəndiyev adına Klinik xəstəxanada fəaliyyət göstərən kafedra 1963-cü ildə Ə.Qarayev adına 2№-li Klinik Uşaq Xəstəxanasına köçürülmüş və burada 1981-ci ilə qədər yerləşmişdir. 1981-cı ildən kafedra Ana və uşaqların mühafizəsi Elmi tədqiqat institutunda (indiki Pediatriya institutu) fəaliyyət göstərmiş, 1986-cı ildən Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasında yerləşir. 1970-1990-cı illərdə kafedranın müdiri tibb e.d., prof. M.İ.Livanov, 1990-1995-ci illərdə tibb e.d., prof. Ə.A. Hacıyev olmuşdur. 1995-ci ildən kafedraya tibb e.d. prof. İ.İ. İsayev rəhbərlik edir.
     Kafedranın elmi problemləri.
     1. 1970 – 1990-cı ilə qədər prof. M.İ. Livanovun rəhbərliyi ilə «Revmatizm və onun fəsadlarının qarşısının alınmasında il boyu bisillin profilaktikasının səmərələliyi»nə həsr edilmiş elmi tədqiqat işləri aparılmışdır.
     2. 1990-1995-ci illərdə kafedrada prof. Ə.A.Hacıyevin rəhbərliyi ilə «Perinatal dövrdə hamiləliyin fəsadlaşması ilə doğulmuş yenidoğulmuş uşaqlarda ağırlaşmaların qarşısının alınması üsullarının təkmilləşdirilməsi» mövzusunda elmi iş yerinə yetirilmişdir.
     3. 1995-2000-ci illərdə prof. İ.İ. İsayevin rəhbərliyi ilə «Ürəyin işemik xəstəliyinə görə risk qrupuna aid edilən uşaqlarda ürək- qan-damar sistemi, onun vegetativ requlyasiyası və lipid mübadiləsinin vəziyyəti» mövzusunda elmi tədqiqat işi yerinə yetirilmişdir.
     4. 2001-2005-ci illərdə prof. İ.İ. İsayevin rəhbərliyi ilə «Ürək ritminin pozğunluğu olan uşaqlarda miokardın morfofunksional və bioelektrik fəallığının vəziyyəti» mövzusunda elmi tədqiqat işi yerinə yetirilmişdir.
     5. 2005-2010-cu illərdə prof. İ.İ. İsayevin rəhbərliyi ilə «Uşaqlarda ürək ritminin pozğunluqları zamanı ürək döyüntülərinin variabelliyinin və sol mədəciyin geometriyasının xüsusiyyətləri» mövzusunda elmi tədqiqat işinin yerinə yetirilməsi planlaşdırılmışdır.
     Kafedra əməkdaşlarının əsas əsərləri:
     1. М.И. Ливанов «Электрокардиограмма у здоровых детей».Bakı, 1970, Rus dili.
     2. M.İ. Livanov, Q.Ə. Tağıyev, Ə.M. Cabbarzadə, S.Ə. Cəfərova «Uşaq xəstəliklərinin propedevtikası» dərs vəsaiti (Tənəffüs və qan-damar sistemləri) Bakı, 1979, Azərbaycan dili.
     3. M.İ. Livanov, Q.Ə. Tağıyev, Ə.M. Cabbarzadə, S.Ə. Cəfərova «Uşaq xəstəliklərinin propedevtikası» dərs vəsaiti (Həzm sistemi və qidalanma) Bakı, 1979, Azərbaycan dili.
     4. M.İ. Livanov, Q.Ə. Tağıyev, Ş.S. Mustafayeva, V.N. Abasova «Sağlam və xəstə uşaqlara qulluq haqqında dərs vəsaiti» 1-ci hissə, Bakı, 1991, Azərbaycan dili.
     5. M.İ. Livanov, K.M. Abdullayev, Ş.S. Mustafayeva «Sağlam və xəstə uşaqlara qulluq haqqında dərs vəsaiti» 2-ci hissə (Daxili orqanlar) Bakı, 1994, Azərbaycan dili.
     6. İ.İ. İsayev, N.İ. Nağıyev «Uşaq xəstəliklərinin propedevtikasının proqramlaşdırma elementləri» (dərs vəsaiti), Bakı, 1998, Azərbaycan dili.
     7. İ.İ. İsayev, S.K. Rəfiyeva «Uşaqlarda ürək-qan damar sisteminin müayinəsi». Dərs vəsaiti, Bakı, 2003, Azərbaycan dili.
     8. İ.İ. İsayev «Uşaq xəstəliklərinin propedevtikası». Dərslik, Bakı, 2004, Azərbaycan dili.
     Kafedra əməkdaşlarının sayı: 26 nəfər
     Kafedra müdiri, tibb e .d., prof. – 1
     Professor, tibb e.d. – 2
     Dosent, tibb e.n. – 3
     Assistent – 9 (onlardan tibb e.n. – 6 nəfər)
     Aspirant – 2
     Baş laborant – 3
     Tex. laborant – 1
     Baş preparator – 3
     Preparator – 1
     Respublika Dövlət Mükafatı laureatı – 1 (prof. Ə.A.Hacıyev)
     Respublikanın Əməkdar həkimi – 1 (prof. İ.İ.İsayev)
     Respublikanın Əməkdar müəllimi – 1 (dos. N.İ.Nağıyev)
     Kafedrada 3 doktorluq, 16 namizədlik dissertasiyası yerinə yetirilmişdir.
     Kafedrada 1 monoqrafiya, 6 dərs vəsaiti, 1 dərslik, 300-dən artıq elmi məqalə dərc edilmişdir.
     Kafedrada ilk dəfə olaraq sağlam uşaqlarda elektrokardioqrafiyanın 12 müasir aparmasında göstəriciləri öyrənilmiş, revmatizmdən sonra əmələ gələn ürək qüsurlarını 7,5%-ə endirmək mümkün olmuş, bisilino-profilaktikasının kənar təsirlərini azaltmaq üçün vitamin B15 –in yüksək səmərəliliyi sübut edilmişdir.
     Limfatik diatezli uşaqlar arasında aparılan kompleks tədqiqat işləri nəticəsində ilk dəfə olaraq timomeqaliyanın patoloji hal olduğu sübut edilmiş və timomeqaliyalı uşaqlarda immunoloji reaktivliyin adekvatlığını bərpa etmək üçün kompleks müalicə tədbiri hazırlanılıb (Qlisiram, Dibazol, vit. S, B5 və B15) həyata keçirilmişdir.
     Uşaqlar arasında ilk dəfə olaraq exokardioqrafiya müayinə üsulu aparılaraq ürəyin morfometrik və hemodinamik göstəricilərinin yaş xüsusiyyətləri, kardiohemodinamik parametrlərin submaksimal fiziki yük sınağına cavab reaksiyası və fiziki yükdən sonrakı bərpa dövründə xüsusiyyətləri müəyyən edilmişdir. İlk dəfə olaraq konstitusional-ekzogen piylənməsi olan uşaqlarda ürək qan-damar sisteminin və lipid mübadiləsinin xüsusiyyətləri öyrənilmiş və müəyyən edilmişdir ki, uşaqlarda kardiovaskulyar patologiyanın əmələ gəlməsində artıq piy kütləsi deyil, daha çox aterogen lipoproteidlərin səviyyəsinin yüksəlməsi, vegetativ reaktivliyin hipersimpatikotoniya forması rol oynayır (prof. İ.İ. İsayev).
     Müəyyən olunmuşdur ki, valideyinləri ürəyin işemik xəstəliyi keçirmiş uşaqlar üçün vegetativ hemeostazın nisbi sakitlik zamanı simpatikotoniya, fiziki gərginlikdə isə hipersimpatikotoniya reaktivliyi zəminində intrakardial, mərkəzi hemodinamikanın və miokardın kontraktilliyinin müxtəlif intensivlikdə dəyişilməsi baş verir. Bu uşaqların əksərində qanda lipidlərin peroksidləşmə məhsullarının artması antioksidant fəallıqlı fermentlərin səviyyəsinin dəyişməsi ilə özünü göstərmişdir.
     2001-2005-ci illərdə prof. İ.İ. İsayevin rəhbərliyi ilə «Ürək ritminin pozğunluğu olan uşaqlarda miokardın morfofunksional və bioelektrik fəallığının vəziyyəti» mövzusunda yerinə yetirilmiş elmi tədqiqat işinin nəticələrindən müəyyən olunmuşdur ki, ürək aritmiyası olan uşaqlarda korragirə olunmuş Q-T intervalının (Q-Tc) uzanması daha qabarıq,Q-T intervalının dispersiya göstəricisinin (Q-Tp) dəyişməsi isə nisbətən az olmuşdur ki, bu miokardın elektrik heterogenliyinin artma risqinin inkişafını sübut etməklə ürəyin bioelektrik sabitliyinin pozulmasının informativ markeri hesab edilir.
     Ürək ritminin pozğunluğu olan uşaqlarda Q-T intervalının davam etmə dispersiyasının öyrənilməsi miokardın bioelektrik aktivliyinin müəyyən edilməsində əlavə informasiya verməklə uşaqlarda bir çox patoloji vəziyyətlərdə ürək əzələsinin funksional vəziyyətini təyin etməyə imkan verir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |