
Ünvan: AZ 0022, Bakı, Bakıxanov küçəsi 21, telefon: 494-50-68.
Kafedraya həmin kafedrada doktorluq dissertasiya işi hazırlamış əczaçılıq elmləri doktoru, professor İsgəndərov Qayıbverdi Bəşir oğlu 1995-ci ildən rəhbərlik edir
Kafedranın yaranma tarixi 1989-cu ildən hesablanır, çünki əvvəllər sərbəst fəaliyyət göstərmiş 2 kafedra (ümumi kimya kafedrası və toksikoloji kimya kafedrası) həmin ildə birləşdirilmişdir. Kafedranın tarixindən bəhs edərkən onun əsasını təşkil etmiş hər iki kafedra haqqında məlumat vermək lazım gəlir.
Ümumi kimya kafedrası 1920-ci ildə Bakı Universitetinin tərkibində fəaliyyət göstərən tibb fakültəsində yaradılmış, kafedranın ilk müdiri prof. A.Q. Qurviç olmuşdur (1924-cü ilə qədər). Sonrakı illərdə kafedraya P.İ. Kuznetsov (1924-1932), S.C. Hüseynov (1932-1940), İ.M. Novruzlu (1940-1941), Q.B. Şahtaxtinski (1941-1942), F.M. Əfəndiyev (1942-1945), S.C. Hüseynov (1946-1952), S.X. Dzosoti (1952-1954), F.M. Əfəndiyev (1954-1965), A.Z. Babayev (1965-1966), N.İ. Əlimərdanov (1966-1968), Z.Ş. Qarayev (1969-1989) rəhbərlik etmişdir. 1989-cu ildə yaradılmış ümumi və toksikoloji kimya kafedrasının rəhbəri pensiyaya çıxana qədər (1995-ci il) prof. Z.Ş. Qarayev olmuşdur.
Toksikoloji kimya kafedrası 1940-cı ildə Azərbaycan Əczaçılıq İnstitutunun nəzdində «məhkəmə kimyası» kafedrası kimi fəaliyyətə başlamışdır. Kafedraya dos. T.L. Avaliani (1940-1947), prof. İ.K. Qolberq (1947-1949), dos. V.V. Malenyuk (1949-1950), prof. A.Z. Babayev (1950-1967), prof. D. Y. Hüseynov (1968-1982), 1982-1986-cı illər ərzində yenidən prof. A.Z. Babayev rəhbərlik etmişdir. Sonrakı bir il ərzində kafedraya rəhbərlik dos. Q.B. İsgəndərova həvalə edilmişdir. İki il ərzində (1987-1989) isə toksikoloji kimyanın tədrisi AMEA-nın müxbir üzvü, prof. R.Ə. Babaxanovun rəhbərlik etdiyi bioüzvi kimya kafedrasında aparılmışdır. 1989-cu ildə isə yuxarıda göstərildiyi kimi ümumi kimya kafedrası ilə birləşdirilmişdir.
Hazırda kafedra əməkdaşları saponinli bitki xammalı, dərman preparatları və onların müvafiq metabolitlərinin kimyəvi-toksikoloji analiz üsullarının işlənib hazırlanması və təkmilləşdirilməsi məsələləri ilə məşğul olur. Toksikoloji kimyanın digər sahələri də tədqiq edilir.
Kafedra əməkdaşlarından prof. Q.B. İsgəndərovun şəxsi iştirakı və rəhbər-liyi altında «Kationların vəsfi analizi» (2003), «Kimyəvi miqdari analiz» (2005) dərs vəsaitləri, 20-ə qədər tədris-metodik vəsaitlər, dos. F.P. Həsənovun «Üzvi kimya praktikumu» (1983), «Bioüzvi kimya» (2002) dərslikləri, dos. N.Ş. Rəsu-lov və Ü.Ə. Həsənova tərəfindən «Bəzi azotlu, fosforlu, kükürdlü üzvi birləşmələr» (2003), «Oksobirləşmələr» (2005) dərs vəsaitləri çap edilmişdir. Göstərilən vəsaitlər azərbaycan dilində nəşr olunmuşdur.
Hazırda kafedrada 14 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir (1 professor, 7 dosent, 4 baş müəllim, elmlər namizədləri, 2 assistent).
Kafedrada 4 doktorluq və 17 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Kafedra əməkdaşlarının 350-dən çox elmi məqaləsi çapdan çıxmışdır.
1993-cü ildə Rusiya Federasiyasının bir patenti alınmışdır.
|