
Ünvan: AZ 0078. Bakı, Mərdanov qardaşları küç., 98 ünvanda yerləşir. Tel. 495-59-35.
Kafedraya 1992-ci ildən tibb elmləri doktoru, professor Mirzə Ağababa oğlu Kazımov rəhbərlik edir.
Kafedra 09 dekabr 1922-ci ildə Bakı Universitetinin tibb fakultəsinin tərkibində Ümumi gigiyena adı ilə təşkil edilmişdir.
Kafedra yarandığı gündən 1926-cı ilə qədər ona professor Malenyuk Vasili Diomedoviç rəhbərlik etmişdir. Bu zaman kafedranın ştatı Cabbar İldırım və M.M.Əfəndizadədən ibarət olmuşdur.
1926-33-cü illərdə kafedra müdiri vəzifəsində professor Ömər Əliyeviç Bayraşevski çalışmışdır. Həmin dövrdə kafedraya müəllim kimi N.K.Şifrin, Y.R.Şik, A.N.Konovalov və C.R.Nuriyev cəlb edilmişdir.
1922-30-cu illərdə artıq gigiyenanın bir sıra sahələri üzrə elmi tədqiqatlar yerinə yetirməyə başlamışdır. 1930-cu ildə tibb fakultəsinin Bakı Universitetindən ayrılıb Azərbaycan Tibb İnstitutuna çevrilməsi gigiyena elminin inkişafına ciddi təsir göstərdi. 1932-ci ildə Ümumi gigiyena kafedrasının bazasında gigiyenanın digər sahələri üzrə dosent kursları şəklində ilk özəklər yaranmışdır.
1933-cü ildən 1939-cu ilə qədər kafedraya Cəfər Rəcəbəli oğlu Nuriyev rəhbərlik etmişdir. Onun elmi işlərinin əksəriyyəti Bakıda və Azərbaycanın rayonlarında su təchizatının gigiyenik məsələlərinə həsr olunmuşdur.
1939-cu ildən 1963-cü ilə qədər kafedra müdiri vəzifəsinə gigiyena üzrə ilk azərbaycanlı professor Mustafa Məmməd oğlu Əfəndizadə müsabiqə yolu ilə seçilmişdir. O, Azərbaycanda uşaq və yeniyetmələrin fiziki inkişafı, ana və uşaqların sağlamlığının qorunması problemlərinin, xarici mühitin uşaq orqanizminə təsir xüsusiyyətlərinin, atmosfer havasının sanitariya mühafizəsinin, respublikanın şəhər və kəndlərinin su təchizatı mənbələrinin və təbii iqlim amillərindən əhalinin sağlamlığının qorunması üçün istifadə olunmasının elmi əsaslarını işləyib hazırlamışdır. M.M.Əfəndizadənin kafedraya rəhbərlik etdiyi dövrdə 20-yə qədər namizədlik dissertasiyaları müdafiə olunmuşdur.
1963-cü ildən 1965-ci ilə qədər kafedra müdiri vəzifəsini kafedranın əməkdaşı dosent N.C.Bağırov icra etmişdir.
1965-ci ildən 1992-ci ilin dekabrına qədər kafedraya professor İsmayıl Hacı Rza oğlu Səmədov rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi dövrdə kafedra əməkdaşlarının elmi tədqiqatları əsasən respublikanın kənd təsərrüfatında əmək gigiyenası və zəhərli kimyəvi maddələrin tətbiqinin gigiyenasına həsr olunmuşdur.
Professor İ.H.Səmədov rəhbərliyi dövründə kafedrada 10-dan çox dərslik, dərs vəsaitləri yazılmış və tərcümə edilmiş, çoxlu sayda metodik işləmələr hazırlanmışdır.
Əməkdar elm xadimi, professor İ.H.Səmədovun elmi rəhbərliyi sayəsində respublikada gigiyena elmi sahəsində 14 tibb elmləri namizədi hazırlanmışdır.
1992-ci ilin dekabr ayından kafedra müdiri vəzifəsinə müsabiqə yolu ilə uzun müddət Moskva şəhərində böyük elmi məktəb keçmiş tibb elmləri doktoru, professor Mirzə Ağababa oğlu Kazımov seçilmişdir.
Ümumi gigiyena və ekologiya kafedrasının tarixində ilk dəfə olaraq 1999-cu ildə professor M.A.Kazımovun rəhbərliyi, həmmüəllifliyi və redaktorluğu ilə azərbaycan dilində təcrübə məşğələləri üçün «Ümumi gigiyena» dərsliyi yazılmışdır. Həmin ildə əczaçılıq fakultəsinin tələbələri üçün «Gigiyenadan mühazirələr» dərs vəsaiti, 2005-ci ildə isə «Gigiyena» dərsliyi nəşr etdirilmişdir.
1992-ci ildən kafedrada çoxprofilli tədris prosesilə yanaşı elmi-tədqiqat işlərinin aparılmasına böyük diqqət yetirilmişdir.
Bu dövrdə kafedranın fəaliyyəti «Azərbaycan Respublikası şəraitində istehsalat və ətraf mühitin metallarla çirklənməsi və bu çirklənmələrin əhali sağlamlığına təsirinin gigiyenik məsələləri» problemi sahəsinə yönəlmişdir.
1994-cü ildən indiyə qədər kafedrada professor M.A.Kazımovun elmi rəhbərliyilə 8 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Beləliklə, kafedra yarandığı gündən kafedraya rəhbərlik etmişlər:
1922-1926-cı illər – professor V.D.Malenyuk
1926-1932-ci illər – professor Ö.Ə.Bayraşevski
1933-1939-cu illər – dosent C.R.Nuriyev
1939-1963-cü illər – professor M.M.Əfəndizadə
1963-1965-ci illər – dosent N.C.Bağırov
1965-1992-ci illər – professor İ.H.Səmədov
1992-ci ildən – professor M.A.Kazımov
Kafedra əməkdaşlarının əsas əsərləri aşağıdakılardır:
1. Эфендизаде М.М. Гасан Бек Зардаби (Меликов) – основоположник и популяризатор гигиенических знаний в Азербайджане. – Москва, «Медицина» 1961. – 83 стр.
2. Kiçibəyov B.S. Gigiyenadan təcrübə məşğələləri üçün dərs vəsaiti. Radiasiya gigiyenası. – Bakı, 1978. – 78 səh.
3. Шехтман Б.А., Самедов И.Г., Мухаметова Г.М. Санитарно-гигиенические условия труда в нефтяной промышленности и их влиняие на организм. – Москва, 1979. – 272 стр.
4. Səmədov İ.H., Məmmədov A.M., Qurbanov Ə.S. Gigiyenadan praktik məşğələlərə dair dərs vəsaiti. – Bakı, 1979. 110 səh.
5. Səmədov İ.H., Qurbanov Ə.S., Əhmədov S.H. Pestisidlər, ətraf mühit və sağlamlıq. – Bakı, 1991. – 85 səh.
6. Kazımov M.A. Gigiyenada metallar problemi. – Bakı, 1997. –176 səh.
7. Əhmədov S.H., Qurbanov Ə.S. Tərəvəzçilikdə əmək gigiyenası. – Bakı, 1999. – 80 səh.
8. Kazımov M.A., Səmədov İ.H., Məmmədov A.M., Salamov D.A., Əhmədov S.H., Hüseynov E.B., Abasova E.F., Əliyev V.H. Ümumi gigiyena. – Bakı, 1999. – 532 səh.
9. Kazımov M.A., Əhmədov S.H. Gigiyenadan mühazirələr. – Bakı,1999. – 152 səh.
10. Kazımov M.A., Hüseynov E.B., Əhmədov S.H., Abasova E.F. və b. Hərbi gigiyenadan təcrübə məşğələləri. – Bakı, 1999. – 79 səh.
11. Kazımov M.A., Məmmədov A.M., Qurbanov Ə.S., Əhmədov S.H., Səmədov Ş.X. Ümumi gigiyena. – Bakı, 2005. – 690 səh.
Ümumi gigiyena kafedrası Universitetin ən böyük kafedralarından biri olub, orada zəngin elmi-pedaqoji təcrübəsi, dərin biliyi, yüksək müəllimlik qabilyyətilə seçilən əməkdaşlar çalışır:
1. Kazımov M.A., professor, tibb elmləri doktoru
2. Məmmədov A.M., dosent, tibb elmləri namizədi, «Əməkdar Ali məktəb işçisi» və «Əməkdar müəllim»
3. Əliyev Y.M., dosent, tibb elmləri namizədi
4. Hüseynov E.B., dosent, tibb elmləri namizədi
5. Qurbanov Ə.S., dosent, tibb elmləri namizədi
6. Əhmədov S.H., dosent, tibb elmləri namizədi
7. Abasova E.F., dosent, tibb elmləri namizədi
8. Səmədov Ş.X., dosent, tibb elmləri namizədi
9. Göyüşova N.C., dosent, tibb elmləri namizədi
10. Əliyev V.H., baş müəllim, tbb elmləri namizədi
11. Aslanov F.Ə., baş müəllim, tibb elmləri namizədi
12. Fətullayeva S.F., baş müəllim, tibb elmləri namizədi
13. Əliyev S.İ., baş müəllim
14. Əli F.M., baş müəllim
15. Abdullayeva A.A., assistent
16. Yəhyayeva N.O., assistent, tibb elmləri namizədi
17. Nağıyeva S.V., assistent
Bunlarla yanaşı kafedrada 1 laboratoriya müdiri – Şərifova N.N., baş laborant – həkim Əliyeva G.R., aspirant Əhmədzadə L.Ə., 2 laborant və digər texniki işçilər çalışır.
Kafedra yarandığı gündən indiyə qədər onun laboratoriyalarında 3 doktorluq və 30-a qədər namizədlik dissertasiyaları yerinə yetirilmişdir.
Kafedrada aparılan elmi tədqiqatları nəticələri 801 artıq elmi əsərlərdə, o cümlədən, 774 məqalələrdə, 10 monoqrafiyalarda, 17 kütləvə broşüralar və kitabçalarda nəşr edilmişdir.
Kafedra əməkdaşları tərəfindən 2 dərslik rus dilindən azərbaycan dilinə təcrübə edilmiş, 2 orijinal dərslik, 6 iri həcmli dərs vəsaiti, 20-dən artıq tədris-metodik vəsait və tələbələr üçün 50-yə qədər metodik işləmələr hazırlanıb nəşr etdirilmişdir.
Kafedranın tarixində ilk dəfə 1997-ci ildə Gigiyena, toksikologiya və Ekologiyadan izahlı terminlər lüğəti hazırlanıb nəşr etdirilmişdir.
Ümumi gigiyena və ekologiya kafedrasının zəngin laboratoriya bazasını və güclü intellektual potensialını nəzərə alaraq 1989-cu ildə SSRİ Səhiyyə Nazirliyinin ümumittifaq profil Problem komissiyası kafedranı gigiyenik normativlər (xüsusən zərərli maddələrin müxtəlif mühitlərdə yol verilən konsentrasiya həddi) hazırlamaq hüququ olan elmi müəssisə kimi attestasiya etmişdir.
Kafedra 1992-ci ildən başlayaraq Respublikada ağır metalların tətbiqi, emalı, ətraf mühiti çirkləndirməsi və s. kimi mühüm problem sahəsində çox ciddi elmi tədqiqatlar aparmaqdadır. Həmin tədqiqatlar nəticəsində 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 ədəd 200 səhifəlik monoqrafiya və 10-a qədər normativ sənədlər, yazılmış və nəşr etdirilmişdir.
Kafedra ümumuniversitet miqyaslı olduğuna görə burada azərbaycan, rus və ingilis dillərində universitetin bütün 6 fakultəsinin tələbələrinə gigiyena fənni tədris olunur. Fənnin fakultələrin profilinə uyğunlaşdırılması və tədrisin təkmilləşdirilməsi istiqamətində kafedrada böyük işlər görülür. 1999 və 2005-ci illərdə gigiyena üzrə bakalavr və magistr hazırlamaq üçün 2 tədris proqramı hazırlanıb nəşr etdirilmişdir.
|