
Ünvan: Az 1065, Bakı, Qasım Məcidov küçəsi 17, tel : 494 – 70 – 87
Kafedranın əsas bazası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutudur. 2-ci baza Ş.Ələsgərova adına 5 saylı klinik doğum evində və 3-cü baza isə Elmi Tədqiqat Mama – Ginekologiya İnstitutunda yerləşir.
Kafedra müdiri Tağıyev Nadir Əmir oğlu tibb elmləri doktoru, professor, Respublikanın Əməkdar Həkimidir. Kafedra onun təşəbbüsü və iştirakı ilə yaradılmışdır və hal – hazırki dövrə qədər ona rəhbərlik edir.
Kafedra 1989 – cu ildən 1991-ci ilə qədər kurs, 1991-ci ildən isə kafedra kimi fəaliyyət göstərir. Həmin vaxtdan kafedra pediatriya fakultəsinin VI kurs tələbələrinə - subordinatorlarına neonatologiya fənnini tədris edir.
Hal-hazırda kafedrada 2 professor, 3 dosent, 9 assistent, 2 baş laborant, 1 aspirant, 1 klinik ordinator fəaliyyət göstərir.
Kafedrada VI kurs subordinatorlarına nəzərdə tutulmuş və vaxtaşırı yeniləşdirilən proqramma müvafiq oalraq neonatologiya fənni 4 bölmədə tədris edilir:
1. Doğum evində yenidoğulmuşlara tibbi xidmətin təşkili (reanimasiya və intensiv müalicə daxil olmaqla).
2. Vaxtından əvvəl doğulmuş uşaqlara tibbi yardım, onların bəslənməsi, müalicəsinin təşkili (I mərhələ - doğum evi, II mərhələ – ixtisaslaşdırılmış şöbə).
3. Yenidoğulmuşlara reanimasiya və intensiv müalicənin II mərhələdə təşkili.
4. Vaxtında yenidoğulmuşların müxtəlif xəstəliklərinin etiopatogenezi, diferensial diaqnostikası, müalicəsi və profilaktikası.
Bu bölmələr üzrə tədris hər qrupda 245 saat təcrübə məşğələsi, 10 saat mühazirə şəklində aparılır.
Kafedra yarandığı vaxtdan aşağıdakı elmi problemlərlə məşğul olmuşdur.
1991 – 1995 – ci illərdə «Pnevmoniya və pnevmopatiyalı yenidoğulan uşaqlarda immunferment statusu» mövzusunda elmi iş aparmışdır.
Bu beşillik ərzində tənəffüs pozğunluğu olan yarımçıqdoğulmuşlarda, əkiz yarımçıq doğulmuşlarda klinik-metabolik dəyişikliklər öyrənilmişdir.
Bu problemdən əlavə bizim region üçün ölkə patologiyalarından hesab olunan qlükoza-6 fosfat dehidrogenaza fermentinin defisiti olan uşaqlarda irinli-iltihabi proseslərin gediş xüsusiyyətləri, keysər kəsiyi ilə çıxarılmış yenidoğulmuşlarda mərkəzi sinir sisteminin vəziyyəti klinik-neyro-elektrofizioloji müayinələr əsasında araşdırılmışdır.
1996 – 2000 – ci illərdə - «Perinatal dövrdə müxtəlif mənşəli hipoksiya şəraitində dölün və yenidoğulanların funksional vəziyyətinin qiymətləndirilməsi» mövzusunda elmi iş yerinə yetirilmiş və tədqiqatın əsas istiqaməti aşağılakı kimi olmuşdur:
• keysər kəsiyi ilə çıxarılmış uşaqların hüceyrədaxili metabolizminin xüsusiyyətliri, klinik adaptasiyası, inkişaf etmiş dəyişikliklərin korreksiyası
• vaxtından gec doğulmuş uşaqların hüceyrədaxili metabolizminin xüsusiyyətliri, klinik adaptasiyası, inkişaf etmiş dəyişikliklərin korreksiyası
• mərkəzi sinir sisteminin perinatal-hipoksik zədələnməsi olan uşaqlarda sepsis zamanı həzm sisteminin funksional vəziyyəti
2001 – 2005 – ci illərdə - «Hamiləliyin müxtəlif fəsadları zamanı dölün və yenidoğulmuşların vəziyyətinin qiymətləndirilməsi» mövzusunda elmi iş aparılmış və tədqiqatın əsas istiqamətləri aşağıdakılar olmuşdur:
• hamiləliyi antifosfolipid sindromla müşayiət olunan hamilə qadınlardan doğulan uşaqların erkən neonatal adaptasiyası
• antifosfolipid sindromu olan qadınlardan bətndaxili inkişafdan qalma ilə doğulşan uşaqların klinik - metabolik adaptasiyası
• anemiyalı hamilə qadınlardan bətndaxili inkişafın ləngiməsi ilə doğulan uşaqların neonatal dövrünün gedişi
• yenidoğulmuşlarda sitokin statusundan asılı olaraq mərkəzi sinir siteminin vəziyyətinin qiymətləndirilməsi
• hamiləliyin pozulma təhlükəsi olan analardan olan uşaqlarda intraleykositar mikrobisid sitemin vəziyyəti
• erkən neonatal dövrdə hüceyrədaxili metabolizmin bioritmoloji xüsusiyyətləri
2006 – 2010 – cu illər üçün planlaşdırılmış elmi tədqiqat işinin mövzusu – «Yenidoğulmuşlarda sinir sisteminin perinatal patologiyalarının erkən diaqnostika, müalicə və profilaktikası» olmuşdur.
Elmi tədqiqat işlərinin nəticələri mütəmadi olaraq tədris və müalicə işlərində tətbiq olunmuşdur.
1995 - ci ildə Neonatologiya kafedrası təşkilinin 5 illik yubileyinə həsr edilmiş «Neonatologiyanın aktual məsələləri » mövzusunda elmi praktik konfrans keçirilmişdir. Konfransın materialları toplu şəklində çap edilmişdir.
Kafedra əməkdaşları respublikada və xarici ölkələrdə (Moskva, Daşkənd, Berlin, Ankara, Sankt-Peterburq və s.) keçirilmiş müxtəlif konqress və simpoziumlarda iştirak etmişlər.
Kafedra yarandığı vaxtdan indiyə qədər 200 elmi iş çap olunmuşdur. Onların 66-sı jurnal məqaləsi şəklindədir, 120-si respublika daxilində, 80-i isə respublikadan xaricdə çap olunmuşdur.
Bundan əlavə 13 tədris-metodik vəsait, 4 elmi – metodik vəsait çap edilmişdir.
Kafedrada 3 dərs vəsaiti - kitab tərtib edilmişdir.
1) Neonatologiyadan testlər toplusu Tağıyev Nadir Əmir oğlu, Musayev İsa Musa oğlu, Azərbaycan dilində, Bakı, 2000.
2) Yarımçıq doğulmuş uşaq. Tağıyev Nadir Əmir oğlu. Azərbaycan dilində , Bakı, 2004.
3) Yenidoğulmuşlarda reanimasiya və intensiv terapiya. Həsənov Səfixan Şamil oğlu, Mirzəyev Knyaz Balabəy oğlu.Azərbaycan dilində, Bakı, 2005.
Yarandığı vaxtdan indiyə qədər kafedrada 1 doktorluq, 13 namizədlik dissertasiyası müdafiə edilmiş, 6 klinik ordinator, 2 aspirant hazırlanmışdır.
|