Axtarış:
Kafedralar > Pediatriya fakültəsinin cərrahi xəstəliklər kafedrası
     Ünvanı: AZ1014, Bakı, Füzuli küç.61. Tel:495-93-31kafedra 4 saylı Şəhər klinik xəstəxanasınınbazasında yerləşir.
     Kafedra müdiri: Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Məmməd Yəhya oğlu Nəsirov 1991-ci ildən kafedraya başçılıq edir.
     Kafedranın əsası 1944-cü ildə qoyulmuşdur.
     Kafedranın yaranması və inkişafı tarixi.
     Hələ keçən əsrin ortalarında Azərbaycan Dövlət Tibb İnstitutunda tələbələrin sayının artması ilə əlaqədar olaraq yeni kafedraların yaradılması ehtiyacı duyulduğundan 1944-cü il oktyabr ayında yeni cərrahiyyə kafedrası yaradılmışdır.
     Akademik M.A.Topçubaşovun rəhbərlik etdiyi cərrahiyyə kafedrasından ayrılaraq təşkil edilmiş yeni kafedraya rəhbərlik M.A.Topçubaşovun ən bacarıqlı tələbələrindən biri olan 33 yaşlı tibb elmləri doktoru Fuad Ələddin oğlu Əfəndiyevə tapşırılmışdır.
     1944-cü ildən 1949-cu ilə qədər kafedra Semaşko adına 1saylı şəhər klinik xəstəxanasının 60 çarpayılıq 14a korpusunda yerləşdirilmiş və orada fəaliyyət göstərmişdir.
     1949-cu ildən etibarən isə kafedra 4 saylı şəhər klinik xəstəxanasının 90 çarpayılıq cərrahi klinikasına köçürülmüşdür.
     Klinikaya 1944-cü ildən 1963-cü ilə qədər professor F.Ə.Əfəndiyev, 1963-71-ci illərdə professor A.N.Tahirov, 1971-80-cı illərdə professor X.C.Quliyeva, 1981-1990-cı illərdə professor Ş.B.Quliyev rəhbərlik etmişdir. 1991-ci ildən hal-hazıra qədər kafedraya əməkdar elm xadimi, professor M.Y.Nəsirov rəhbərlik edir.
     Professor F.Ə.Əfəndiyev kafedrada köks qəfəsi cərrahiyyəsinin əsasını qoyur və burada təkcə yaralanmaların fəsadları ilə deyil, həm də ağ ciyər vərəminin cərrahi müalicəsi, plevranın empieması və ağ ciyərin irinli-iltihablı proseslərinin müalicəsi ilə də məşğul olur.
     Professor F.Ə.Əfəndiyevin bilavasitə rəhbərliyi altında kafedrada demək olar ki, ilk dəfə ürək cərrahiyyəsinin, cərrahi hematologiyanın əsası qoyulmuş və sonradan bu sahələr ayrı-ayrı elmi-tədqiqat institutları kimi inkişaf etmişdir.
     Kafedrada ilk dəfə ürək və magistral damarlar üzərində rekonstruktiv cərrahi əməliyyatlar aparılmış, müasir anesteziologiyanın və eksperimental cərrahiyyənin əsasları qoyulmuşdur.
     Professor F.Ə.Əfəndiyev öz əməkdaşları X.C.Quliyeva, N.M.Rzayev, H.M.Kərimov, M.Ə.Qarayev, A.Purjini, C.C.Zəkircayev, N.M.Xanəliyev, M.Məlikova, S.İ.Qiyasbəyova və başqaları ilə birlikdə cərrahiyyənin müxtəlif sahələrinə həsr olunmuş elmi əsərlərlə çıxış etmişdir (köks qəfəsi cərrahiyyəsi, ftizio-cərrahiyyə, cərrahi hematologiya, portal hipertenziya, ürək-damar cərrahiyyəsi və s.).
     Professor F.Ə.Əfəndiyev elmi fəaliyyəti dövründə 200-dən artıq elmi əsər, 3 monoqrafiya, 3 metodik vəsait yazmışdır, 2 səmərələşdirici təklif vermişdir. 9 tibb elmləri doktoru, 14 tibb elmləri namizədi hazırlamışdır.
     Professor F.Ə.Əfəndiyevin ölümündən sonra 1964-1973-cü illərdə kafedraya professor Tahirov Aslan Nəzər oğlu rəhbərlik etmişdir.
     1964-cü ildə köks qəfəsi cərrahiyyəsi şöbəsi kafedranın tərkibindən ayrılaraq Azərbaycan Elmlər Akademiyasının nəzdində sərbəst elmi-tədqiqat Klinik və Eksperimental Təbabət İnstitutu kimi formalaşır.
     1970-1980-cı illərdə kafedraya rəhbərlik edən professor X.C.Quliyeva professor F.Ə.Əfəndiyevin və professor A.N.Tahirovun başlayıb apardıqları elmi-metodik istiqamətləri davam etdirərək kafedranın elmi tematikasını cərrahi endokrinologiyaya aid elmi axtarışlarla zənginləşdirir.
     Professor X.C.Quliyeva 100-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiyaları yerinə yetirilmişdir. Professor X.C.Quliyeva hal-hazırda kafedranın professoru kimi öz fəaliyyətini davam etdirir.
     Sonrakı 10 il müddətində (1980-1991-ci illər) kafedraya professor Quliyev Şamil Bəşir oğlu rəhbərlik etmişdir. bu dövrdə kafedranın ümumi problemləri (periferik damarların patologiyası, onların şəkər xəstəliyi fonunda ağırlaşmaları, qaraciyər və öd yollarının patologiyası, mədəaltı vəzin cərrahi patologiyası və i.a.) öyrənilməkdə davam etdirilir.
     Hal-hazırda kafedranın professoru kimi fəaliyyət göstərən Ş.Quliyev 120-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 3 metodik vəsaitin müəllifidir.
     1991-ci ildə professor Nəsirov Məmməd Yəhya oğlu kafedranın rəhbəri seçilir. Professor M.Nəsirovun bilavasitə iştirakı və rəhbərliyi altında klinikada əsas problem kimi mədə və 12 barmaq bağırsaq xoralarının cərrahi müalicəsində mütərəqqi üsulların tətbiqi və eləcə də cərrahi əməliyyatın texnikası sahəsində bir sıra metodiki və səmərələşdirici təkliflər işlənib hazırlanmışdır ki, bu da cərrahi əməliyyatdan sonrakı dövrdə fəsadlaşmaları və ölüm faizini minimuma endirmişdir.
     Bu məqsədlə Azərbaycan Elmlər Akademiyasının fiziologiya institutu ilə muştərək aparılan elmi axtarışlar mədə və 12 barmaq bağırsağın xora xəstəliyinin patogenezinə yeni baxışlar və münasibətlərin meydana gəlməsinə, Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi və farmakologiya kafedrasının əməkdaşları ilə aparılan axtarışlar isə cərrahi əməliyyatlardan sonra xəstələrin optimal qidalanması üçün yeni müalicə üsulları və preparatları işlənib hazırlanmışdır.
     Bundan əlavə kafedra əməkdaşlarının elmi fəaliyyəti praktik cərrahiyyənin geniş aspektlərini - damar cərrahiyyəsinin, şəkərli diabetin irinli-nekrotik ağırlaşmalarının, qaraciyər və öd yolları cərrahiyyəsinin, endokrin cərrahiyyəsinin, hərbi-səhra cərrahiyyəsinin problemlərini əhatə edir.
     Hazırda kafedrada aparılan elmi-tədqiqat işləri akad. M.Topçubaşov adına ET Klinik Təbabət institutu və eləcə də ATU-nun Elmi-Tədqiqat Mərkəzi, Epidemiologiya, Histologiya, sitologiya və embrinologiya kafedraları ilə birgə kompleksli şəkildə tədqiqat işləri kimi davam etdirilir.
     Əməkdar elm xadimi, prof. M.Y Nəsirovun rəhbərliyi altında 11 namizədlik, 5 doktorluq dissertasiyası hazırlanmış, 14 səmərələşdirici təklif, 12 metodik tövsiyyələr, 6 monoqrafiya toplum və dərsliklər dərc edilmişdir, 1 ixtira üçün Patent alınmışdır.
     Beləliklə, başlanğıcda (1944) 2 nəfər əməkdaşı olan kafedra 60 ildən artıq mürəkkəb yol keçərək hazırda pedaqoji, elmi praktiki və mənəvi nöqteyi-nəzərdən möhkəm və sağlam ailə şəklində formalaşaraq hazırda 35 nəfərlik bir kollektivi birləşdirir, o cümlədən 5 professor, (M.Y.Nəsirov, X.C.Quliyeva, Ş.B.Quliyev, S.İ.İbrahimli, D.M.Pənahov), 3 dosent (İ.T.Axundov, S.H.Hacıyev, N.H.Məmmədov), 12 assistent, baş laborantlar, aspirantlar, kliniki ordinatorlar və s.
     Mövcud olduğu illər ərzində kafedrada 22 tibb elmləri doktoru, 28-dən artıq tibb elmləri namizədi yetişmişdir. Kafedranın əməkdaşları tərəfindən 2000-dən artıq elmi əsər nəşr etdirilmiş, 1 ixtira üçün patent alınmış, 15 monoqrafiya işıq üzü görmüş, 18 səmərələşdirici təklif və 50-dən artıq metodik vəsait dərc olunmuşdur.
     Son 10 il ərzində kafedra əməkdaşları tərəfinndən aşağıdakı dərslik, monoqrafiya və kitablar dərc edilmişdir:
     1. "Hərbi-səhra cərrahlığı" (dərslik) 1998-ci il, 280 səh., azərb. dilində. Müəlliflər: M,Y.Nəsirov, Z.Ə.Salahov. Kitab hərbi-səhra cərrahlığının muasir problemlərinə həsr olunmuş azərbaycan dilində yazılmış ilk orijinal dərslikdir.
     2. "Cərrahi xəstəliklər". 2005-ci il, 760 səh., azər. dilində. Müəllif Ş.B.Quliyev. Dərslik tələbələr, cərrahlar, sahə və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur.
     3. "Azərbaycanca-ingiliscə-rusca tibbi danışıq kitabı". 2002-ci il, 312 səh. Müəlliflər: M.Y.Nəsirov, Z.Ə.Salahov. Kitab müxtəlif sahədə çalışan həkimlər, tibb universitetinin tələbələri, xüsusən Respublikamızda təhsil alan xarici ölkə tələbələri və ölkəmizdən kənarda çalışan həkimlərimiz üçün yararlıdır.
     4. "Azərbaycanca-fransızca tibbi danışıq kitabı".2005-ci il, 274 səh. Müəlliflər M.Y.Nəsirov, Z.Ə.Salahov. Kitab müxtəlif sahədə çalışan həkimlər və tələbələr üçün, xarici tələbələr və ölkəmizdən kənarda çalışan həkimlərimiz üçün faydalıdır.
     5. "Ödün in vivo təyin edilməsinin intraoperasion xromatik ekspress reaksiyası". İxtira, Patent. № İ 20030045. Dövlət reyestrində qeyd olunub 14.03.2003. Müəlliflər: M.Y.Nəsirov, Q.X.Əhmədov, E.R.Ələkbərov
     6. "Limfoloqiçeskie me Togh leçeniə xirurqiçeskoqo gndotoksikoza vsledstvie peritonita". 1998-ci il, 210 səh., rus dilində.Müəllif t.e.d. dos. Axundov İ.T. Monoqrafiya cərrahlar, reanimatoloqlar və digər mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
     Mövcud olduğu müddət ərzində kafedrada 50 mindən artıq tələbə öz təhsilini müvəffəqiyyətlə davam etdirmişdir.
     Kafedrada bir qayda olaraq daim tələbə elmi cəmiyyəti fəaliyyət göstərir ki, bu da tələbələrdə elmi-tədqiqat işlərinə maraq oyadaraq onları gələcək elmi axtarışlara ruhlandırır.
     Hazırda kafedranın bütün əməkdaşları sağlam bir kollektivdə birləşərək mətinlik göstərir, bütün bacarıq və imkanlarından istifadə edərək tədrisin keyfiyyətcə yaxşılaşması, hazırkı dövrdə tələbələrin mənəvi saflığının formalaşması, Azərbaycan tibb elminin daha da zənginləşməsi və yüksəlməsi üçün səylə çalışırlar.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |