AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
23.01.2020
“Mirvari suyu” kəsik olmadan əməliyyat olunmur

2 min yaşı olan göz xəstəliyi

Mobil telefonlara çox baxmaq katarakta yaratmır

El arasında “mirvari suyu” adı ilə tanınan katarakta xəstəliyi zamanı gözün şəffaf bülluru bulanıqlaşır. Bu xəstəlik yaşın artması, və ya hansısa xəstəliklər ucbatından baş verir. Kataraktanın müayinəsi, müalicəsi, əməliyyat olunması barədə Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının dosenti, Tədric Cərrahiyyə Klinikasının oftalmoloqu Hafiz Qəhrəmanovla söhbət etmişik.

-Əvvəlcə, “mirvari suyu” kimi tanıdığımız katarakta aqqında oxucularımıza qısa məlumat verərdiniz.
-Bu, göz büllurunun bulanması, şəffaflığını itirməsidir. Xəstəlik zamanı gözə düşən işıq şüasının qarşısı alınır. Bu da son nəticədə gözün görmə qabiliyyətinin azalmasına, sonda isə görmənin itməsinə gətirib çıxarır. Başqa sözlə desək, katarakta müvəqqəti olsa da, gözdə korluq yarada bilən xəstəlikdir.

- Katarakta hansı səbəblərdən əmələ gəlir?

-Xəstəliyin yaranma səbəbləri müxtəlifdir. Bunlar arasında birinci yerdə yaşlanmanı qeyd etmək olar. Çünki adətən katarakta yaşlı insanlarda xəstəliyi sayılır. İkinci yerdə mübadilə pozğunluğu dayanır. burda da əsas səbəb şəkərli diabetin olmasıdır. Bəzən hipertoniya da dolayısı ilə kataraktanın yaranmasına səbəb ola bilər. Səbəblər arasında növbəti yerləri travmalar, anadangəlmə kataraktalar tutur.
Katarakta kifayət qədər geniş yayılıb. Statistika və oftolmoloji praktika göstərir ki, əhali arasında ən çox əməliyyat olunan xəstəlik məhz katarakta səbəbindəndir. Ümumiyyətlə, onu da deyim ki, xəstəliyin özü qocadır, çox qədim tarixi var, təxminən 2 min illik yaşı var. Hətta qədim dövrdən bilirdilər ki, xəstəliyi müalicə etmək üçün bülluru ordan çıxarmaq lazımdır.

-Bəs kataraktanın müayinəsi və müalicəsi necə aparılır? Bildiyimiz qədər bu xəstəlik yalnız əməliyyat yolu ilə müalicə olunur?

-Xəstəliyin müxtəlif müayinə üsulları var. Müasir dövrdə əməliyyat əsasən büllurun fakoemulsifikasiya üsulu ilə aparılır. Yəni, ultrasəs tətbiqi ilə kiçik kəsik vasitəsilə icra olunur. İnsanlarda belə təsəvvür var ki, əməliyyat heç bir kəsik olmadan şüa ilə aparılır, ona görə də buna bəzən lazer əməliyyatı deyirlər. Amma belə deyil. Kiçik ölçülü - 2-2,4 mm ölçülü kəsikdən gözün ortasındakı büllur parçalanır, xırdalanır və xaric olunur. Onun yerinə süni büllur implantasiya olunur.

-Süni büllur, yəni linzaların növləri nəyə görə fərqlənir?

-Linzanın seçilməsi hər öz üçün fərdidir. Əməliyyat öncəsi ultrasəs və “biomaster” adlanan cihazla gözün özəllikləri, göstəriciləri yoxlanılır. Hər gözə uyğun, şüanı sındırma qüvvəsinə uyğun süni büllur seçilir və qoyulur.
Hazırda bir çox ölkələrdə linzalar hazırlanır. Premium linzalar akril adlı materialdan hazırlanır. Bu cür linzalar çox mükəmməldir, onlar insan orqanizminə heç bir zərər vurmadan, bioloji toxumalarla yanaşı uzun illər boyu (hətta insanın ömrünün sonuna qədər) gözün içində qalır və gözün görmə funksiyalarını yüksək səviyyədə saxlayır.

-Katarakta xəstəliyinin də cavanlaşdığını deyirlər. Səbəb nədir? Və insanların daha çox işlətdiyi etelefonlar, şüalanma bu xəstəliyin yaranmasına səbəb ola bilərmi?

-Əlbəttə, 20 il öncəyə nisbətən katarakta xəstəliyinin cavanlaşdığını deyə bilərik. Xəstəlik əvvəllər yalnız 60-70 yaşdan yuxarı insanlardan müşahidə olunurdusa, indi 40-45 yaşlı insanlarda da rast gəlinir. Səbəblər çoxdur - ətraf mühit, ekologiya, qidalanma, qidaların tərkibində olan vitamin çatışmazlığı, hava çirkliliyi və s. səbəb olur. Özəlliklə havanın çirkliliyi, atmosferdə ultrabənövşəyi şüanın miqdarının artması büllurun zədələnməsinə və erkən zədələnməsinə səbəb olur.
Amma texniki vasitələr, monitorlar, telefon ekranlarının büllura birbaşa təsiri yoxdur. Monitorlar uzun müddət istifadə olunanda insan orqanizminə, xüsusilə də gözə zərər verir. Lakin bunlar gözdə spazm, yorğunluq yaradır. Bundan başqa orqanik dəyişiklik yaratmır və bunların kataraktanın əmələ gəlməsində rolu yoxdur.

Oxuculara məsləhət görərdim ki, gözlərini qorusunlar. Qaranlıqda mütaliə etməsinlər, uzanıb kitab oxumasınlar. Fasilə ilə oxumaq lazımdır. Gözü çox yormamaq üçün oxu rejiminə daha diqqətli yanaşılmalıdır. Qrip və ya digər xəstəliklər zamanı gözdə fəsadlar yaranarsa – qızartı, yaşarma, qaşınma və digər – müşahidə olunarsa, özbaşına müalicə etməsinlər, həkimə müraciət etsinlər. Özbaşına hansısa göz damcılarından istifadə etməklə, gözə daha artıq ziyan vurmaq olar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı