AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
29.10.2019
Ortopedik stomatologiya kafedrasının assistenti Elmira Əliyeva: “Parodont nədir?”

Son dövrlərdə tibbin digər sahələrində olduğu kimi stomatoloji sahədə də kifayət qədər problemlər mövcuddur. ATU-nun mütəxəssisləri bu problemləri daim diqqətdə saxlayırlar.

 

Ortopedik stomatologiya kafedrasının assistenti Elmira xanım Əliyeva hazırda əhali arasında geniş yayılan parodontit, parodontoz və gingivit kimi stomatoloji xəstəliklərin etiologiyası, yeni müayinə və müalicə üsulları haqqında fikirlərini bizimlə bölüşüb:

 

Parodont nədir? Parodont – dişin boyunətrafını əhatə edən və dişi alveolda saxlayan toxumaların kompleksidir. Parodontun tərkibinə diş əti, periodont, dişin sementi, sümüküstlüyü və alveolyar çıxıntılar daxildir.
Parodontun toxumalarını xarici yuxu arteriyasının şaxəsi olan çənə arteriyası qanla təchiz edir. Parodontun innervasiyası üçlü sinirin ikinci və üçüncü şaxələrinin hesabına baş verir.
Parodont dişlərin “dayaq-saxlayıcı”aparatını təşkil edir.
Ağız boşluğuna baxış apararkən, parodonta diqqət yetirilməlidir, çünki parodontla ortopedik stomatologiya bir-birilə sıx əlaqədədir.

 

Əgər biz ağız boşluğuna baxış zamanı parodontun vəziyyətini nəzərə almasaq, gələcəkdə ortopedik konstruksiyalarda baş verən problemlərlə üzləşə bilərik.

 

Parodont - dişi saxlayan dayağıdır. Əgər pasiyentdə parodontit kimi patologiya mövcud olarsa və müayinə zamanı həkim diqqət yetirməyib bu problemi müalicə planına daxil etməzsə, onda yaxın gələcəkdə pasiyent həkimin yanına geri dönəcək, yenidən müalicə almalı olacaq və artıq hazırlanmış ortopedik konstruksiyaların yenilərilə əvəz olunması məcburiyyəti yaranacaq.

 

Parodont xəstəliklərilə parodontologiya məşğul olur. Parodontologiyada tez-tez rast gəlinən patologiyalar parodontoz, parodontit və gingivitdir.
Parodontoz və parodontit xəstəliklərini bir-birilə çox vaxt səhv salırlar.

 

Parodontit dişətinin hiperemiyası və qanaxması, dişlərin həssaslığı və laxlaması, diş ərpinin (daşı) toplanması, patoloji ciblərin əmələ gəlməsilə müşayiət olunan iltihabi xəstəlikdir.
Parodontitin kliniki diaqnostikasında 3 forması ayırd edilir: yüngül dərəcə, orta dərəcə və ağır dərəcə.

 

Yüngül dərəcədə ÜST zondunun köməyinə 3 mm dərinliyində patoloji cilər aşkar edilir, dişlərin laxlaması olmur. Orta dərəcədə ÜST zondunun köməyinə 5-6 mm dərinliyində patoloji cilər, dişlərin I-II dərəcəli laxlaması, ağır dərəcədə isə ÜST zondunun köməyinə 6 mm-dən artıq dərinliyində patoloji cilər, dişlərin II -III dərəcəli laxlaması aşkar edilir.
Bu xəstəliyi törədən əsas səbəblər ağız boşluğunun qeyri-qənaətbəxş və ya pis gigiyenası, siqaret çəkmə, qeyri-tarazlı qidalanma, irsi faktoru, dərin dişləm və hiposalivasiyadır.

 

Müalicəsində ilk növbədə ağız boşluğunun düzgün gigiyenası zəruridir. Mikrob faktoru (AIR FLO), diş çöküntüləri kənar edilməli, patoloji ciblərin küretajı aparılmalıdır. Metilurasil məlhəmi, həmçinin trixopol+metilurasil+askorutin (həmçinin parafinin altında onun tozu məlhəmlə birgə iltihabı yaxsı götürür), heparin məlhəmindən istifadə edilir.
Fizioterapiya, kvant terapiyası toxumaların bərpasını təmin edir, parodontun mikrosirkulyasiyasını bərpa edir. Düzgün aparılmış sanasiya və küretaj müvəffəqiyyətin 80%-ni təşkil edir.

 

Dişlərin laxlaması olduqda şinləmə aparılır, xəstəliyin ağır dərəcəsində isə sonrakı ortopedik müalicəsi aparılmaqla dişlər çəkilir.

 

Parodontoz stomatoloqun praktikasında rast gəlinən parodontun qeyri-iltihabi, distrofik xəstəliyidir.
Rentgenoloji müayinə zamanı sümük toxumasının bərabər kiçilməsi aşkar edilir. Parodontozun səbəbləri bu günə qədər dəqiq aşkar edilməyib. Lakin dəqiqliklə demək olar ki, ağır sistem xəstəlikləri (ateroskleroz, şəkərli diabet, hormonal pozulmalar, həmçinin irsi faktor) parodontozun əmələ gəlməsinə səbəb ola bilər.

 

Parodontozun müalicəsində əsasən cərrahi müdaxiləyə üstünlük verilir. Yəni dişlər çəkilir, sonradan sümük unu qoyulmaqla və konstruksiyalar hazırlanmaqla ortopedik müalicə aparılır. Dişlərin boyunları açıldlqda və nəticədə onlar həssas olduqda, flüortərkibli laklar və həssas dişlər üçün Sensitive kimi diş məcunlarından istifadə olunur.

 

Gingivit diş ətinin tamlığı pozulmadan onun iltihabıdır. Əgər vaxtında müalicə aparılmazsa, gingivitin parodontitə keçmək ehtimalı böyükdür.

 

Hiperplastik Gingivit və ya Hipertrofik Gingivit orqanizmdə endokrin xəstəliklərlə bağlıdır. Gingivitin bu formasına əsasən yeniyetmələr, hamilələr və şəkərli diabetdən əziyyət çəkən insanlarda rast gəlinir. Bu formada dişəti məməciklərin həcmi böyüyür. Diş ətinin qanaması, ödem aşkar edilir. Diş əti tünd qirmızı, göyümtül çalar alır, ağızdan pis qoxu gəlir, diş çöküntüləri və yalançı patoloji ciblərin əmələ gəlməsi aşkar edilir.

 

Xəstəliyin ağır və ləng sürən formalarında antibiotiklər (tronidazol, doksisiklin, tetrasiklin) təyin edilir. Müalicə zamanı Antiseptik məhlullar, Fermentlər, Trixopol, Biseptol məlhəmilə aplikasiya sarğılarından da istifadə olunur.
Nəzərdə saxlamaq lazımdır ki, bütün bu sadalanan xəstəliklərin xroniki gedişatı olduğuna görə, hər altı aydan bir profilaktik baxış və AİR FLO ilə dişlərin təmizlənməsi vacibdir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı