AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
01.10.2019
N.Pənahov: “Müasir texnologiyaların uğurla tətbiqi pasiyentlərimizin ürəyincədir”

Son dövrlər ölkənin hər sahəsində olduğu kimi, səhiyyədə, o cümlədən stomatoloji sahədə də nəzərəçarpacaq dərəcədə inkişaf və irəliləyiş hiss olunmaqdadır. Bəs hazırda üzləşdiyimiz stomatoloji problemlər nədən ibarətdir və bu problemlərin aradan qaldırılmasında mütəxəssislərimiz nəyi məsləhət görür? Bizi maraqlandıran bu və digər suaları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş stomatoloqu, Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Nazim Pənahov cavablandıraraq, ortopedik stomatologiyanın tarixinə qısa bir ekskursiya da edib.    

 

- Ortopedik sahənin tarixi çox qədimdir. Eramızdan əvvəllərə gedib çıxır. Belə ki, Qədim Misirdə aparılan qazıntılar zamanı qəbirlərdə ortopedik konstruksiyaların, yəni qızıl saplarla dişlərin bir-birlərinə bağlanmış vəziyyətdə tapılması  bu sahənin qədimliyindən xəbər verir. O dövrdə bu sahə ilə peşəkar mütəxəssislər deyil, bərbərlər, ustalar, dəmirçilər məşğul olub və material kimi fil smüyündən istifadə ediblər. Xüsusi alətlərdən istifadə etməklə dişləri yonub,  qızıl saplarla bir-birlərinə bağlayırmışlar. Əsaslı elm kimi ortopedik sahə ilk dəfə bir fransız alimi tərəfindən öyrənilib və “Uşaqlarda diş müalicəsi” adlı traktat yazıb. O, bu əsərdə indiki stomatologiyanın elmi əsaslarını işləməyə çalışıb. Bu sahə XIX əsrdə inkişaf etməyə başlayıb və XX əsrdə sürətlə inkişaf edib. İmplantologiyanın stomatologiyaya tətbiqi isə bu prosesi daha da sürətləndirib. Əvvəllər pasiyentlər kariesli  və ya bir balaca ağrıyan dişlərini çəkdirirdilərsə, hazırda ən ümidsiz dişlərin üzərində dayanır, müalicə etdirmək istəyirlər. Son həddə isə dişləri çəkdirib, yerinə implant qoydururlar.

 

- Bəs diş xəstəliklərinə səbəb olan amillər hansılardır? Bu barədə nə deyərdiniz?

- Hər bir insan uşaqlıq və yeniyetməlik dövründən dişlərin sağlamlığına fikir verməli, həkimin nəzarətində olmalıdır ki, böyüyəndə problemlə üzləməsin. Belə ki, uşaqlıq və yeniyetməlik dövründə ən çox dişin itirilməsinin səbəbləri karies, onun  ağırlaşmaları və  düzgün aparılmayan müalicədir. 30-35 yaşdan sonra bunlara paradont xəstəliklər də qoşulur.

 

- İnkişaf etmiş ölkələrdə istifadə olunan stomatoloji avadanlıqlar ölkəmizdə tam şəkildə istifadə olunurmu? Yoxsa hələ avadanlıqların müəyyən bir qismini ölkəmizə gətirmək mümkün olub?

- Sevindirici haldır ki, təkcə Bakıda deyil, əyalətlərdə də fəaliyyət göstərən stomatoloji klinikalarda Amerikada və Avropada hazırda istifadə olunan stomatoloji avadanlıqlar uğurla tətbiq olunur. Stomatoloji xidmətin keyfiyyətində xeyli irəliləyiş var. Dünyanın hər bir yerində olduğu kimi, ölkəmizdə də ağız boşluğunda müalicə mikroskopla və müxtəlif böyüdücülərlə aparılır. Həmçinin, lazer texnologiyasının tətbiqi, dişlər çəkilən kimi birbaşa implantların qoyulması, bilavasitə protezlərin hazırlanması, vinirlərlə dişlərə istənilən formanın verilməsi, dişlərin estetikası, funksiyasının tez bir zamanda bərpası və s. pasiyentin ürəyincə olan məsələlərdir. Bu uğurlar isə müasir texnologiyanın ölkəmizə gətirilərək tətbiq edilməsi ilə mümkün olub. 

 

- Pasiyentlərin müraciətləri ən çox nə ilə bağlıdır?

- Son  dövrlər pasiyentlərin zövqü əvvəlki dövrlərə nisbətən xeyli dəyişib. İmplantologiyaya maraq artıb. Çıxan protezlər artıq məhdudlaşıb və çıxmayan protezlərlə əvəz olunur.  Estetik baxımdan çoxlu müraciətlər olur. Əvvəllər qızıl dişlərin düzəldilməsi dəb idisə, artıq belə hallar demək olar ki, aradan qaldırılıb. Dişlərin üzəri farfor təbəqələrlə örtülərək forması böyüdülür, dəyişdirilir, rənglənməsinə, estetikasına fikir verilir. Dişin ağardılmasını istəyənlərin sayı da xeyli çoxalıb. Ortodontoloji problemlərlə, müxtəlif diş əyriliyi və anamoliyaları ilə bağlı da müraciət edənlər olur.

 

- Bəs müxtəlif anamoliyaların və diş əyriliyinin olmasına səbəb nədir?

- Əsaasən, bu kimi halların təzahür etməsini ekoloji vəziyyət, qidalanma, vitamin çatışmazlığı, müxtəlif dərmanların təsiri, ana südündən erkən ayrılma və s. ilə izah edirlər. Hər 3 uşaqdan 2-də üz-çənə anamoliyası bu və digər formada təzahür edir. Uşaqlar ana südündən erkən  ayrıldıda əmziklərlə qidanı rahatlıqla qəbul edirlər. Üz-çənə əzələlərinə ağırlıq düşmədiyi üçün diş-çənə sistemində düzgün inkişaf baş vermir. Əzələlərin bərkiməsi üçün aşağısı 2 il ana südü ilə qidalanmalı və dişlər çıxandan sonra alma, heyvanı bıçaqla kəsmədən, dişləməklə yemək  məsləhət görülür. Belə olduqda dişlər laxlamayacaq, daha da möhkəmlənəcək.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı