AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
05.07.2019
Azərbaycanlı alim Türkiyədə Ginnesin Rekordlar Kitabına düşən əməliyyata rəhbərlik edənlərdən biri olub

Bu günlərdə I Cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov qardaş Türkiyə Cümhuriyyətindən xoş xəbərlə vətənə qayıdıb. Bu xoş xəbər tanınmış alimin dünyaya səs salan və  Ginnesin Rekordlar Kitabına düşən əməliyyatlara rəhbərlik, həm də ekspert kimi iştirak etməsi olub. Belə ki, Türkiyənin 27-ci şəhəri hesab edilən Malatyada fəaliyyət göstərən İnönü Universitetinin Qaraciyər Nəqli İnstitutunda böyük bir həkim briqadası tərəfindən eyni gündə və eyni saatda 5 nəfərə canlı donor qaraciyərinin köçürülməsi əməliyyatı baş tutub. Bu barədə daha geniş məlumatı professor N.Bayramov veribdir:

-  Bu ilin iyun ayının 12-də Türkiyənin Malatya şəhərində İnönü Universitetinin Qaraciyər Nəqli İnstitutunda Ginnesin Rekordlar Kitabına düşən əməliyata imza atıldı. Belə ki, eyni gündə və eyni anda 5 canlıdan qaraciyər  hissəsi çıxarılaraq 5 xəstəyə köçürüldü. Yəni 10 nəfərdə eyni anda cərrahi əməliyyat yerinə yetirildi.

 

-  Bəs bu əməliyyat nə üçün Ginnesin Rekordlar Kitabına düşdü? Dünyada bu cür əməliyyatlar necə aparılır ki?

-  Yəqin bilirsiniz ki, qaraciyər transplantasiyası bu gün dünyada ən böyük planlı əməliyyat hesab olunur. Bu səviyyədə ikinci əməliyyatı təsəvvür etmək mümkün deyil. Onu deyim ki, sağlıq üzərindən hər hansı rekord sınaqları keçirmək etik baxımdan heç də məqbul hesab olunmayıb. Lakin Türkiyənin 27-ci və dünyanın 2007-ci şəhəri hesab edilən Malatyada fəaliyyət göstərən  Qaraciyər Transplantasiya Mərkəzində olan mövcud şərait, texnoloji imkanlar və həkim personalı ona imkan verir ki, eyni anda 5 xəstəyə qaraciyər köçürülsün.  Bu əməliyyatların aparılmasının başlıca məqsədi də Qaraciyər Nəqli İnstitutunun imkanlarını dünyaya bəyan etmək idi.

 

-  Bəs dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən tibbi mərkəzlərində vəziyyət necədir? Eyni anda 5 xəstəyə donor qaraciyər köçürmək mümkün deyilmi?

-  Düzdür, dünyada xeyli qaraciyər köçürmə mərkəzləri fəaliyyət göstərir. Bunların bəziləri qaraciyəri ya meytdən köçürürlər, ya da canlıdan. Həm meyitdən, həm də canlıdan qaraciyər köçürən mərkəzlər də mövcuddur. Onu da qeyd edim ki, dünyada qaraciyər transplantasiyasını ən çox icra edən iki aktiv mərkəz fəaliyyət göstərir. Biri Koreyadadır, hansı ki, həmin mərkəzdə ildə təxminən 300-350 arası qaraciyər köçürülür. 2-cisi isə Türkiyənin Malatya şəhərindədir ki, burada ildə 250-300 qaraciyər köçürülür.  Malatyada fəaliyyət göstərən mərkəzin üstünlüyü həm də ondan ibarətdir ki, əməliyyatların əksəriyyəti  canlıdan qaraciyər nəqlidir. Ginnesin Rekortlar Kitabına düşən əməliyyatlar məhz dünyanın bu 2-ci mərkəzində qeydə alındı.

Düzdür, başqa mərkəzlərdə və o cümlədən Koreyada eyni anda uzağı 2 əməliyyat etmək mümkündür. 3-nü isə iki əməliyyatdan sonra, ardınca edə bilərlər.

 

-  Bəs belə bir addım atmaq ideyası haradan ağlınıza gəldi? Necə oldu ki, eyni anda 5 xəstəyə qaraciyər nəql etdiniz?

- İnönü Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında uzun müddətdir ki, yəni 10 ilə yaxındır ki, sıx əməkdaşlıq mövcuddur. Biz əməkdaşlıq çərçivəsində hər il konfranslar keçirir, ortaq kurslar təşkil edirik. Hər il iyun-iyul aylarında 10 gün Malatyada keçirilən ortaq kurslarımız olub və bunların hamısı nəzəri xarakter daşıyıb. Amma ötən il keçirilən kursda qərara gəldik ki, təcrübəyə yer verilsin. Yəni kursda iştirak edənlərə qaraciyər transpnatasiya əməliyyatlarında iştirak etmək şansı tanınsın. Elə də oldu. İştirakçılara eyni gündə və eyni anda 3 qaraciyər transplantasiya əməliyyatında iştirak etmək imkanı yaradıldı. Əməliyyat keçirildi və uğurla tamamlandı. O zaman əməliyyatlara dünyaşöhrətli transplantoloq, Qaraciyər Nəqli İnstitutunun direktoru, prfessor Sezai Yılmaz, Amerikada uşaq qaraciyər transplantasiyası üzrə proqram direktoru, professor Şükrü Əmrə və Azərbaycandan mən rəhbərlik etdim. Keçən ilki kursumuz uğurla başa çatdığı üçün professor Şükür Əmrə bildirdi ki, dünyanın qaraciyər transplantasiya mərkəzlərinin heç birində eyni anda 3 qaraciyər transplantasiyasını yerinə yetirə biləcək imkan yoxdur. Ona görə də bu il eyni anda 5 xəstəyə qaraciyər köçürülməsinə və mərkəzi dünyaya tanıtmağa qərar verildi. Türkiyənin rəsmi qurumlarının, tanınmış media quruluşlarının, o cümlədən Ginnessinin nümayəndələrinin iştirakı ilə əməliyyatlar uğurla baş tutdu. Türkiyənin media quruluşları bu xəbəri bütünü dünyaya çatdırdı.

 

-  Qeyd etdiniz ki, dünyada fəaliyyət göstərən digər mərkəzlərdə eyni anda xəstəyə 3 qaraciyər nəql etmək mümkün deyil? Buna səbəb nədir?

-  Əvvəla, bu cür əməliyyatı yerinə yetirmək üçün kadr potensialı,  o sayda əməliyyatxana, texniki vasitələr və köməkçi personal olmalıdır. Canlıdan bir qaraciyər köçürülməsi əməliyyatında  20-yə yaxın personal lazım olur. Təsəvvür edin, 5 xəstəyə qaraciyər  köçürülməsində, 10 əməliyyatxana otağı lazım gəldi, 100-dən çox personal iştirak etdi. Sadaladığım imkanlar isə yalnız Malatyada fəaliyyət göstərən  tibb  mərkəzində mövcuddur. Demək olar ki, burada əməliyyatlar yüksək səviyyədə aparılır. Bu əməliyyatlarda mən həm əməliyyatçı, həm də ekspert kimi iştirak etmişəm.

 

Əsas məqsəd də mərkəzin texniki, kadr və tibbi imkanlarını dünyaya duyurmaq idi ki, buna da yüksək səviyyədə nail olduq. Tibb aləmində olan bu nailiyyətin qardaş Türkiyədə qeydə alınması, Azərbaycan Tibb Universitetinin və əməkdaşlarının adlarının bu məsələdə çəkilməsi bizə qürur verdi və sevindirdi. Hesab edirəm ki, əməkdaşlıq etdiyimiz mərkəzin dünyada ön sıralara çıxmasının bizə də faydası olacaqdır. Bu məsələnin yüksək səviyyədə təşkilində və dünyaya çatdırılmasında Türkiyə hökumətinin dəstəyi ilə yanaşı, İnönü Universitetinin rektoru, professor Əhməd Kızılayın və Qaraciyər Nəqli İnstitutunun direktoru, professor Sezai Yılmazın fəaliyyətlərini xüsusilə vurğulamaq istəyirəm. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı