AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
17.12.2018
Tədris Cərrahiyyə Klinikasında “Miasteniya Gravis” xəstələri endoskopik üsulla əməliyyat olunur

Azərbaycan Tibb Universitetində (ATU) “Miasteniya Gravis” xəstəliyindən əziyyət çəkən 14 xəstə son 3 ildə tam müalicə olunub. Azərbaycanda ilk dəfə olaraq məhz ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu xəstələr əməliyyat yolu ilə sağlamlıqlarına qovuşublar, illərlə dərman mülicə almaqdan qurtulublar. Bu haqda ATU-nun Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı Arif Ağayev məlumat verib.

 

-Arif həkim, əvvəlcə xəstəliyin özü haqqında məlumat verək. Xəstəlik nədən yaranır, əsas əlamətləri nədir?

-Miasteniya xəstəliyinin səbəbi tam bəlli deyil. Lakin timus vəzi ilə bağlılığı artıq sübut olunub. Xəstələr əzələ zəifliyi olduğu üçün tez yorulma baş verir. Bəzən xəstəlik inkişaf etdikcə, pasiyentlər danışmaq, udmaq, çeynəməkdə çətinlik çəkirlər. Belə insanlar pilləkən çıxarkən yorulur, qollarını yuxarı qaldıra bilmir, bir neçə əl barmağını bir müddət qaldıra bilmirlər. Xəstəlik əsasən orta yaşlardan sonrakı dövrdə özünü göstərir. Lakin daha gənc yaşda da xəstələnmə olur. Son illər “Miasteniya Gravis”in rast gəlmə tezliyi artmaqdadır. İndiki statistikaya görə, bu xəstəliyə yüz mindən 5 nəfərdə rast gəlinir.

 

-Bəs bu xəstəliyin müalicə üsulu nədir? Tam müalicə olunurmu?

“Miasteniya Gravis” xəstəliyinin standart müalicə üsulu yoxdur. Lakin müxtəlif müalicə variantlari və onların kombinasiyası vasitəsilə yaxşılaşma və tamami ilə sağalamaq mümkündür. Bunlar arasında cərrahi yol tam radikal üsul sayılır. Təəssüf ki, digər müalicə üsullarında miasteniya xəstəliyi tam sağalmır, sadəcə müəyyən müddətliyinə remissiya, yəni sakitlik dövrünə keçir. 
Tibbi ədəbiyyatda da, dünya praktikasında, həmçinin bizim öz praktikamızda da sübut olunur ki, cərrahi müalicə yolu daha effektivdir. Əməliyyat zamanı timus vəzi çıxardılır. Müxtəlif klinikalardan verilən məlumatlara istinadən Timektomiya- timus vəzinin çıxarılması hər 100 xəstədən 60-80-nində tamamilə xəstəliyin sönməsinə gətirib çıxarır. Ümumi statistikaya görə, əməliyyat olunan xəstələrin 80-90 faizi miasteniyadan tamamilə yaxa qurtarmış olur. Yerdə qalanların sağalması xəstəliyin fərdi inkişafı və digər faktorlardan asılı olur.

 

-Bəzən pasiyentlər illərlə müalicəyə razı olurlar, amma əməliyyatdan qorxub çəkinirlər. Bu xəstəliklə bağlı hansı metod daha məsləhətlidir?

- Təəssüf ki, xəstələr əməliyyatın üstünlüyü barədə məlumatsız olduqlarından, həyatlarını daimi müalicələrdə keçirirlər. Bu xəstəlik uzun illər ərzində xroniki xəstəlik adı altında bəzi klinikalarda sadəcə konservativ üsullarla müalicə olunub. Bu xəstələr davamlı plazmaforez alır, mütəmadi olaraq hormonal müalicə olunur, daim dərman qəbul edirlər. Onlar hər zaman “miastenik krizis” adlandırılan ağırlaşmalarla üzləşə bilirlər. Bu tip xəstələrin böyük bir qismi miastenik böhran ucbatından ara-sıra reanimasiyalara yerləşdirilir. Bəzilərinin vəziyyəti ağırlaşır, bəzilərində traxestoiya açılır və s”.

 

-Azərbaycanda Miasteniya Gravis xəstəliyi ilə bağlı əməliyyatlar icra olunurmu?

- Son bir neçə ildə Azərbaycanda bu xəstələr yalnız açıq yolla əməliyyat olunurdu. ATU-nun Tədris Cərrahiyyə Klinikasında isə “Miasteniya Gravis” xəstələri Azərbaycanda ilk dəfə olaraq endoskopik üsulla əməliyyat olunur. Bu əməliyyat növün üstünlüyü ondadır ki, xəstədə döş sümüyü kəsilmir, döş qəfəsi açılmır. Əməliyyatdan sonrakı dövrdə ağrılar daha az, yaralar daha tez sağalır, baş verə biləcək fəsadlar daha az müşahidə olunur. Buna görə də xəstə sonrakı sağalma müddətini qısa müddətli və daha rahat keçirir. Açıq əməliyyat zamanı isə bu dövr daha çətin və riskli keçir. Odur ki, miasteniyadan əziyyət çəkənlərə əməliyyat olunumağı, endoskopik üsulla əməliyyatı seçməyi məsləhət görərdim.

 

Qeyd edim ki, son 3 il ərzində klinikamıza müraciət edən 14 belə xəstənin hər biri əməliyyatın köməyilə artıq xəstəlikdən tam qurtulub.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı