AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
05.12.2018
ATU-nun Ftiziatriya kafedrasının müdiri, dosent Rafiq Bayramov: “Öskürəyin yaranmasının bir neçə səbəbi var”

Havaların soyuması ilə əlaqədar insanlar arasında müxtəlif xəstəliklərin, o cümlədən öskürəklə müşahidə olunan bronx-ağciyər problemlərinin artması müşahidə olunur.

 

Azərbaycan Tibb Universitetinin (ATU) Ftiziatriya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramovun sözlərinə görə, bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi var ki, bunların da 200-ə qədəri ağciyərlərin səpələnmiş xəstəlikləridir. O qeyd edir ki, bronx-ağciyər xəstəliklərinə düçar olmuş şəxslərin yarıdan çoxunda ilk 6 ayda heç bir əlamət nəzərə çarpmır.

 

Doktorun bildirdiyinə görə, tənəffüs orqanlarının xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti xəstələrin bir qismində uzun müddət ümumiyyətlə, müşahidə olunmur: “Öskürək orqanizmin müdafiə refleksi olub, hava axınının ağciyərlərdən sürətlə xaric olması və bununla da, tənəffüs yollarının yad hissəciklərdən təmizlənməsi prosesidir. Öskürək əsasən, tənəffüs orqanlarının patologiyaları üçün xas olan əlamət sayılsa da, tənəffüs orqanlarında heç bir problem olmayan şəxslərdə də öskürək müşahidə oluna bilər”.

 

R. Bayramovun sözlərinə görə, öskürək aşağıdakı səbəblərdən yarana bilər:
- Tənəffüs sistemi orqanlarının patologiyaları zamanı: kəskin respirator virus infeksiyaları - KRVİ, bronx və ağciyər parenximasının zədələnməsi ilə gedən xəstəliklər - bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), vərəm və s.
- LOR orqanların patologiyalarında: rinit, postnazal drip sindromu, sinusit, laringit, dilçəyin uzun olması və s.
- Müxtəlif qıcıqlandırıcı maddələrlə nəfəsalma zamanı: qazlar, toz, siqaret tüstüsü
- Ürək damar sisteminin ürək çatışmazlığı ilə müşahidə olunan xəstəliklərində 
- Mədə-bağırsaq xəstəlikləri zamanı: əsasən qastroezofaqial refluks xəstəliyi -QERX
- Dərman preparatlarının arzuolunmaz effekti kimi: AÇF inhibitorları, amiodaron və bəzi toz formasında olan dərman preparatlarının istifadəsi zamanı
- Psixoemosional pozğunluqlarda: psixogen oskürək
- Metabolik pozğunluqlarda: podaqra, respirator alkaloz, Şeqren sindromu, hiperterioz.
Doktor Rafiq Bayramovun bildirdiyinə görə, öskürək quru və yaş (bəlğəmli) olur, davam etmə müddətinə görə isə - kəskin (əgər 3 həftəyədək davam edərsə), yarımkəskin (3 həftədən 3 ayadək davam edərsə) və xroniki (əgər 3 aydan çox davam edərsə) olmaqla 3 qrupa bölünür. Quru öskürək yuxarı tənəffüs yollarının xəstəliklərinin başlanğıc mərhələsində, qastroezofaqial reflüks, bəzi dərman preparatlarının qəbulu, ağciyərlərin peşə-toz xəstəlikləri (pnevmokoniozlar), plevrit zamanı və s. hallarda daha çox müşahidə olunur: “Bəlğəmli öskürəyə isə əsasən bronx-ağciyər aparatının iltihabi xəstəlikləri, o cümlədən, ağciyər vərəmi zamanı rast gəlinir. Kəskin öskürək adətən yuxarı tənəffüs yollarının virus və bakteial infeksiyaları, pnevmoniya, yad cismin aspirasiyası, bronxial astma və AXOX-un kəskinləşməsi zamanı müşahidə olunur. Yarım kəskin öskürək isə keçirilmiş kəskin tənəffüs infeksiyalarından sonra, LOR orqanların xəstəliklərində, ağciyərlərin interstisial patologiyalarında, vərəm, plevrit, bronxial astma, AXOX, tənəffüs orqanlarının yeni törəmələri, tütünçəkmə və digər hallarda olur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrində qeyd olunur ki, əgər xəstə 3 həftədən çox öskürərsə, onun mütləq ağciyər vərəminə görə müayinə olunması məsləhətdir. Xroniki öskürək isə daha çox ürək qan damar sistemi (ürək çatışmazlığı), mədə-bağırsaq sistemi patologiyaları (qastroezofaqial refluks), birləşdirici toxumanın diffuz xəstəlikləri, bəzi dərman preparatlarının qəbulu (AÇF inhibitorları), tütünçəkmə, vərəm və s. zamanı müşahidə olunur”.

 

R. Bayramovun sözlərinə görə, öskürəyin qarşısını almaq və müalicə etmək üçün öncə onun yaranma səbəblərini müəyyənləşdirmək lazımdır. Daha sonra həmin səbəbə qarşı müalicə və profilaktika tədbirləri aparılmalıdır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı