AZ RU EN
Həkimlərimizlə müsahibələr
24.01.2018
STEROİDƏ REZİSTENT NEFROTİK SİNDROM – Ağır nefroloji patologiyaya gətirib çıxarır

Steroidə rezistent nefrotik sindromu nadir rast gəlinən xəstəlikdir. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının uşaq nefroloqu, dosent Rauf Bəylərov bu haqda verdiyi məlumatda steroidə rezistent nefrotik sindromunun müalicəyə asanlıqla tabe olmayan bir sindrom olduğunu deyib.

 

Nefroloq bildirib ki, nefrotik sindrom ayaqlarda, göz qapaqlarında ödem, sidikdə köpüklənmə, proteinuriya ilə müşahidə olunan böyrək xəstəliyidir.

 

“Ödemin səbəbi xəstəliklə əlaqədar olaraq qanda dövr edən proteinlərin azalması, mayenin damarxaricinə çıxmasıdır. Ödemin əsas əlaməti səhərlər göz ətrafından başlayaraq yayılması, yumşaq, parlaq və basdıqda iz qoymasıdır.

Xəstəliyin erkən mərhələdə aşkar olunmasında ödem və sidikdə zülal itkisinin hesablanması vacibdir. Normal halda sidikdə aşkar olunmamalıdır. Bəzi xəstəliklərdə cüzi proteinuriyanın olması da inkar edilmir".

 

Steroidə rezistent nefrotik sindromu (SRNS) haqqında danışan R. Bəylərov belə xəstələrin 50 %-də adətən 5-10 il ərzində xroniki böyrək çatışmazlığına səbəb ola biləcək ağır nefroloji patologiyaların olduğunu vurğulayıb.

 

“Bu xəstələrdə immunsupressiv müalicə ilə remissiyanın əldə olunması xəstəliyin əlverişli nəticələnməsinə şərait yaradan prediktor hesab olunur. SRNS zamanı venadaxili puls-yeridilmələr də daxil olmaqla immunsupressiv müalicənin müxtəlif növlərinin effektivliyi geniş intervalda (40-80 %) dəyişir . Siklosporin-A tərkibli dərmanlar ilə SRNS-li xəstələrin 70-80 %-də remissiya əldə olunsa da potensial nefrotoksikliyə görə xəstə uzun müddət nəzarətdə olmalıdır. Qlükokortikosteroid və sitostatiklərin uzunmüddətli təyin olunan yüksək dozasına tabe olmayaraq böyrək proqnozunu və xüsusən əməkqabiliyyətli yaş dövründə olan xəstələrin həyat keyfiyyətini pisləşdirir”.

 

Nefroloq klinikada bu sindromdan əziyyət çəkən azyaşlı ilə bağlı da məlumat verib.

 

“Azyaşlı 1.5 yaşından nefrotik sindromdan əziyyət çəkirdi. Müxtəlif ölkələrdə dəfələrlə hormon və sitostatiklərin təyin olunması ilə stasionar müalicə alıb. Böyrək biopsiyasında “fokal-seqmentar qlomeruloskleroz” aşkarlanıb və xəstədə qeyd olunan preparatlar artıq effekt vermədiyi və eyni zamanda çoxsaylı yan təsirlər meydana gəldiyi üçün müalicəyə monoklonal anticism hesab olunan dərman preparatı daxil edilib. Həmin preparat arzuolunan müsbət effekt verməklə yanaşı, remissiyanı hələ də saxlamağa kömək edib. Qlükokortikosteroid və sitostatiklərin uzunmüddətli qəbulundan sonra yaranan əlavə təsirlər isə xeyli azalıb. Xəstə hal-hazırda müşahidə altındadır”.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı