AZ RU EN
Həkimlərimizlə müsahibələr
10.11.2017
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının kardioloqu, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, dosent Fərid Əliyev:

Statistikaya üz tutsaq, ürək xəstəliklərinin birinci sırada gəldiyini söyləmək olar. Ölüm faizinin də çox böyük əksəriyyəti həmin xəstəliyin payına düşür. Təkcə yaşlılar arasında deyil, gənclər arasında da həmin xəstəliyə mübtəla olanların sayı getdikcə artdığını nəzərə alsaq, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının kardioloqu, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, dosent Fərid Əliyevə müraciət etməyimiz təsadüfi deyil. Tanınmış həkim-cərrah əvvəlcə rəhbərlik etdiyi cəmiyyətin işi barədə məlumat verib:

-Hazırda Kardiologiya Cəmiyyətinin 21 işçi heyəti və 436 üzvü var və hər ay ölkə daxilində müxtəlif tədbirlər keçiririk. Bununla yanaşı il ərzində beynəlxalq səviyyədə 4-5 tədbirimiz olur. Bu ilin iyununda Bakıda Avropa Ürək Çatışmazlığı Assosiasiyası ilə sessiya, sentyabrda Avropa Kardiologiya Cəmiyyəti ilə birlikdə üçgünlük kurs, oktyabrda türkiyəli həmkarlarımızla birlikdə invaziv kardiologiya ilə əlaqədar müştərək konqres keçirmişik. Daimi olaraq bu cür tədbirlər həkim və rezidentlərin bilik və bacarıqlarının artırılmasına kömək edir. Dekabrın 1-3-də isə Kardiologiya Cəmiyyətinin Milli qurultayı keçiriləcək və həmin müddətdə “İpək Yolu” Aritmiya Cəmiyyəti ilə birlikdə bir gün davam edən tədbir keçirilməsini də nəzərdə tutmuşuq.

Gələn ilin iyununda Dünya Ürək Çatışmazlığı Konqresinin də Bakıda keçirilməsi dəqiqləşib.

-Ən çox rast gəlinən ürək xəstəlikləri hansılardır?

-Əslində buna poliklinikada çalışan kardioloq daha dəqiq cavab verə bilər, çünki biz daha çox ürək xəstəliklərinin üçüncü və dördüncü mərhələsində olan xəstələrlə məşğul oluruq. Bununla belə yüksək qan təzyiqi, ürək çatışmazlığı, ritm pozulmaları, ürəyin işemik xəstəliyi ilə əlaqədar müraciətlərin çoxluğunu söyləmək olar. Lakin kardioloji xəstəliklərin çoxaldığını söyləmək düzgün deyil. Əslində bunun səbəbini həmin xəstəliklərin diaqnostikasının yaxşılaşması və patologiyaların erkən mərhələdə aşkar edilib üzə çıxarılması ilə bağlamaq daha düzgün olardı. Hətta ürək xəstəliklərindən vəfat edənlərin sayında da azalma müşahidə edilir. Bu il Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, ürək xəstəliklərindən ölənlərin sayı xərçəngdən sonrakı yerdədir. Müalicə üsulları o qədər çoxalıb və inkişaf edib ki, indi kardioloji xəstəliklərdən həyatını itirənlərin sayı getdikcə azalır. Bu, bir faktdır ki, on il əvvəl nə indiki qədər diaqnostik aparat və üsullar, nə də indiki qədər peşəkar həkimlər var idi. Bütün bunların nəticəsində xəstəliyin erkən mərhələdə aşkarlanıb vaxtında müdaxilə edilməsi də ölümün qarşısını alır.

-Həkim, ölkəmizdə aritmoloji araşdırma və prosedurlara ilk dəfə siz başlamısız…

-Azərbaycanda Aritmiya Alyansı yaratmışıq və bu sahədə olan həkimləri bir mərkəzə toplayaraq aritmoloji xəstəliklərin öyrənilməsi, diaqnostikası və müalicəsini Avropa səviyyəsinə çatdırmışıq. Hətta bəzi elə aritmoloji xəstəliklər var ki, Azərbaycanda onun öyrənilməsi və müalicəsi Avropa səviyyəsindən də yüksəkdir.

“Aritmiya” ifadəsi çox işlənilsə də, əslində bir sıra xəstəliklərə şamil edilən termindir. Ürək ritminin pozulması o qədər müxtəlif səbəblərlə bağlıdır ki, növündən asılı olaraq hər biri fərqlidir və fərdi yanaşma tələb edir. Ona görə onları qətiyyən ümumiləşdirmək olmaz. Həm də bu, o dərəcədə bənzərsiz və təkrarsız bir patologiyadır ki, bəzən bir-biri ilə eyniyyət təşkil edən xəstə tapmaq çətin olur. Həkimlər arasında əbəs yerə belə bir ifadə işlənmir: “Xəstəlik yoxdur, xəstə var”. Eyni şikayətlə müraciət edən və eyni diaqnoz qoyulan xəstənin birinə stent qoymaq, digərini əməliyyat etmək, başqa birini dərman müalicəsi ilə sağaltmaq, yəni, eyni xəstəlikdə tamamilə fərqli müalicə taktikası ilə üzləşmək mümkündür.

-Fərid həkim, siz bir sıra unikal əməliyyatların müəllifi kimi də tanınırsınız…

- Biz artıq dörd ildir ki, Tibb Universitetinin Tədris Terapevtik Klinikasında çox nadir hallarda rast gəlinən, hətta bəzən tibbi praktikada rast gəlinlməyən əməliyyatlar aparırıq. Son illərin təcrübəsi göstərir ki, mədəcik mənşəli ritm pozulmaları qəfləti ölümlərin əsas səbəblərindən biri kimi çıxış edir və bu sahədə müalicə metodu işləyib hazırlamışıq. İlk vaxtlar həmin metod barədə tətbiq etdiyimiz yeni müalicə üsulunu, demək olar ki, qəbul etmirdilər, lakin ardıcıl son üç-dörd ildə iştirak etdiyimiz beynəlxalq tədbir və konqreslərdə bu barədə çıxış etdik. Nəhayət ki, həmin unikal müalicə metodu artıq mədəcik mənşəli ritm pozulmalarında yeni bir üsul kimi qəbul olunmağa başlayıb.

Keçən ilin martında Almaniya və Türkiyə klinikalarında tanınmış kardioloqların əməliyyat etdiyi və şəfa tapa bilməyən bir xəstəmiz var idi. Bizim klinikada müalicə olunduğu bir həftədə üç dəfə ürəyi dayandı və biz onu həmin vəziyyətdən çox çətinliklə çıxardıq. Xəstənin vəziyyəti həqiqətən kritik idi, onda dayanmayan ürək ritm pozulması var idi və belə halda ürək transplantasiyasından başqa bir yol qalmır. Lakin ilk dəfə olaraq onun üzərində yeni bir müalicə üsulu tətbiq etmək məcburiyyətində qaldıq. Xəstənin yaxınları ilə bu barədə danışaraq vəziyyəti onlara izah etdik, eksperimental əməliyyat barədə razılığa gəldik və onu da bildirdik ki, bu halda xəstənin yaşamaq ehtimalı 20-30 faizdən çox deyil. Lakin biz xəstə üzərində həmin eksperimental əməliyyatı icra elədik və xəstəlik barədə hər şeyin heç də elmi ədəbiyyatlarda yazıldığı kimi olmadığını göstərdik. Halbuki indiyə qədər həmin vəziyyətlə üzləşən xəstələrin problemini tamamilə başqa bir yerdə axtarırdılar və elə bunun nəticəsində də uğursuz əməliyyatlardan sonra çox nadir hallarda xəstənin yaşamaq ehtimalı olurdu. Biz həmin problemin kökünün tamamilə başqa bir yerdə olduğunu müəyyənləşdirdik və gözləntimiz özünü doğrultdu. Uğurlu əməliyyat nəticəsində xəstə həyata qayıtdı və indi normal həyatına davam edir. Ötən həftə daha bir xəstə üzərində həmin əməliyyatı yerinə yetirdik və sağalaraq evə buraxıldı. Gələn ay həmin əməliyyat barədə ABŞ-da çıxan tibbi jurnalda məqalə dərc olunacaq.

-Son vaxtlar Azərbaycanda ürək transplantasiyalarının mümkünlüyü barədə də söhbət gedir…

-Ürək transplantasiyası çox çətin və mürəkkəb bir əməliyyatdır. Buna baxmayaraq, bizim ölkəmizin klinikalarında bunun üçün hər cür şərait və kadr potensialı var, lakin həmin əməliyyat yalnız beyin ölümü baş verən donor ürəyi hesabına həyata keçirilə bilər. Lakin təəssüf ki, bizdə insanların şüuru sağlığında ikən öz orqanlarını yaxınlarının, doğmalarının və ehtiyacı olan digər xəstələrin yaşaması naminə bağışlamaq səviyyəsinə gəlib çatmayıb. Halbuki dünyada tətbiq edilən həmin əməliyyatlardan sonra xəstələrin on ilə qədər ömür sürdüyü sınaqdan çıxarılıb. Hələlik bizim ölkəmizdə ancaq süni ürək cihazları tətbiq etmək praktikası var. Beyin ölümü olan insanların donor ola biləcəyi halda onlarla ürək xəstəsi həyatını itirir və başqalarının yaşamına səbəb olan bu qiymətli orqanı özü ilə aparır…

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı